Məhkəmə qərarları › İş №2-1(112)-2551/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2551/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2551/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2934/2016 saylı iş üzrə 5 iyul 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 4 saylı evə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-680/2017 saylı iş üzrə 11 aprel 2017-ci il tarixli qərardadı ilə 3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 5 iyul 2016-cı il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1389/2017 saylı iş üzrə 23 iyun 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı qismində X5, X6 və X8 cavabdeh qismində X2 və İddiaçı (3-cü şəxs Bakı şəhəri Binəqədi RİH başçısının Rəsulzadə qəsəbəsi üzrə Hümayəndəliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və digər şəxslərin zəbt etdikləri, iddiaçıların istifadələrində olan ünvan 1 ünvanında yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması, həmin sahələrin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmislər. İddiaçı və X9 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək həmin iddia tələbinin rədd olunması, X5, X6 və X8 tərəfindən ünvan 2 ünvanında yerləşən və ünvan 3ixli qətnaməsi ilə hazırkı iddiaçının qardaşı X3 istifadəsinə verilmiş (iki yaşayış otağı – 20 kv.m. və 18 kv.m, veranda 18 kv.m. olan) və ölümündən sonra hazırda iddiaçının yaşadığı yaşayış sahəsi üzərində hüquqları məhdudlaşdıran və qanuni qüvvəyə minmiş məhkşrnə qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəktlərə son qoyulması, hazırkı iddiaçıya aid yaşayış sahəsindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması və törədilmiş deliktə görə müştərəfk qayda hər birinə 10.000 manat miqdarında mənəvi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-3650/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələblərinin rədd olunması qət edilmişdir. Qətnamədən həm iddiaçılar, həm də cavabdehlər apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı iş üzrə 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X5, X6 və X1 apellyasiya şikayətinin təmin edilməməsi, X9 və İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3650/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsinin qismən, yəni qarşlıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 4 ünvanda yerləşən mübahisəli yaşayış sahəsi üzərində X9 və İddiaçı hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 2405/2000 saylı iş üzrə 2 may 2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn X5. X6 və X1 hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, X9 və İddiaçı aid yaşayış sahəsindən istifadə etmə qaydalarına X5, X6 və X8 tərəfindən edilən müdaxilələrin aradan qaldırılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1084/2020 saylı 3 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı həmin yaşayış sahəsindən orada yaşamaqla istifadə hüququ artıq məhkəmə qərarı əsasında müəyyən edilmişdir. İddiaçı həmin evdən istifadə etmə hüquqları müəyyən edildikdən və yaşayış sahəsindən istifadə etmə qaydalarına müdaxilələrin aradan qaldırıldıqdan sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-680/2017 saylı iş üzrə 25 avqust 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «qeydiyyata alınma» tələbinə dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2012/2020 saylı iş üzrə 14 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.09.2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının 03.03.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmiş müddəaları yeni əsas götürməklə onun məhkəməyə iddia ilə müraciət etmək hüququna malik olması izah edilməlidir.”. Bundan sonra, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 4 saylı evə qeydiyyata alınması üçün cavabdehə müraciət olunmuş, lakin cavabdeh Binəqədi Rayon Polis İdarəsinin 13 avqust 2021-ci il tarixli (poçt konvertinə əsasən 23 avqust 2021-ci il tarixdə təqdim olunmuş) məktubu ilə imtina edilmişdir. Eləcə də, bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Odur ki, məhkəməyə müraciət edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 13-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, o cümlədən preambulasına, 1.2, 11.1, 71.2-ci maddələrinə, İPM-in 14.2-ci maddəsinə, eləcə də «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 4 saylı evə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişlər. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işn faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 4 saylı evə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin onun həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri və ya imtinası qanuna zidd sayıla bilməz. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X4 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar