Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2552/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndələri X4 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və onun xx.xx.1974-cü ildən etibarən xx.xx.2005-ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, 2018-ci il tarixindən etibarən yaşa görə əmək pensiaysının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1974-cü ildən, xx.xx.2005-ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizə ilə cavabdehə müraciət edimişdir. İddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericiliyə uyğun olaraq qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildən etibarən xx.xx.2005ci il tarixinədək işləmişdir. İşlədiyi illər müxtəlif müəssisələri əhatə edir. Bu barədə əmək kitabçasında işə daxil olma və işdən azad olma qeydləri aparılmışdır. xx.xx.1974-cü il tarixində 1 saylı əmrə əsasən Orjenikidze Rayonu Fəhlə gənclərin 114 saylı məktəbində təsərrüfat müdiri vəzifəsinə işə daxil olmuşdur. xx.xx.1978-ci il tarixində 21 saylı əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1978-ci il tarixində faktiki olaraq Oktyabr rayonunun Qida Ticarəti İdarəsində 13 saylı mağazaya fəhlə kimi qəbul edilmişdir. İşə qəbul olunması barədə 15 saylı əmr xx.xx.1979-cu il tarixində verilmişdir. xx.xx.1979cu ildə 13 saylı mağazada kiçik satıcı vəzifəsinə keçirilmişdir. Bu barədə 246 saylı əmr xx.xx.1979-cu ildə verilmişdir. xx.xx.1982-ci ildə həmin mağazada satıcı vəzifəsinə keçirilmişdir. Bu barədə xx.xx.1982-ci ildə 289 saylı əmr verilmişdir. xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Bu barədə xx.xx.1982-ci ildə 518 saylı əmr verilmişdir. xx.xx.1982-ci il tarixində 26 Bakı Komissarı adına rayonun Qida Ticarəti İdarəsinin 58 saylı mağazasına satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Bu barədə xx.xx.1982-ci il tarixli, 311/c saylı əmr verilmişdir. xx.xx.1983-cü il tarixində 98 K saylı əmrə əsasən 70 saylı mağazaya satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə isə 18 saylı mağazaya eyni vəzifəyə təyin olunmuşdur. xx.xx.1985-ci il tarixində, xx.xx.1985-ci il tarixli, 264-ok saylı əmrə əsasən işdən azad olunmuşdur. xx.xx.1985-ci il tarixli, 267-ok saylı əmrə əsasən, 264-ok saylı əmr ləğv edilmişdir. xx.xx.1985-ci il tarixində xx.xx.1985-ci il tarixli, 279-ok saylı əmrə əsasən 18 № -li mağazada müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı ildə 117-ok saylı əmrə əsasən öz razılığı ilə həmin mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1987-ci ildə 117-ok saylı əmrə əsasən həmin dükanın satıcı vəzifəsində saxlanılmaqla müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə, xx.xx.1989-cu il tarixli, 106-ok saylı əmrə əsasən 3-cü kateqoriyalı satıcı vəzifəsindən azad edilməməklə müdir ixtisaslaşması almışdır (İ kateqoriyalı satıcı). xx.xx.1993-cü ildə, 18 saylı mağazaya mağaza müdiri vəzifəsinə təyin edilmişdir. Bu barədə xx.xx.1993-cü il tarixli, 124-k saylı əmr verilmişdir. xx.xx.1995-ci ildə Baş İdarənin 04 saylı əmrinə əsasən Səbail rayonu Yeyinti Ticarəti İdarəsi ləğv olunaraq Səbail rayon Ticarət və İctimai İaşə İdarəsi yaradılmışdır. xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 24 saylı əmrin əsasən bu İdarə də ləğv edilərək DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilib. xx.xx.1999-cu ildə 01 saylı əmrə əsasən DƏN-in Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin tabeliyinə keçirilmiş, xx.xx.2001-ci il tarixində 475 saylı Fərmanla isə həmin Mərkəzin təsisçisi dəyişdirilərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. xx.xx.2004-cü ildən 03 saylı əmrə əsasən “Ticarət-xidmət və istehsalat müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkrəzi” adı ilə fəaliyyət göstərən müəssisədəki vəzifəsindən xx.xx.2005-ci ildə 387 M saylı əmrə əsasən öz xahişi ilə azad olunmuşdur. Göründüyü kimi, işlədiyi illər əmək pensiyasının alınması üçün kifayət qədər əsaslı olduğundan, cavabdehə xx.xx.2019-cu il tarixində rəsmi müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1995-ci ildə işdən azad olunmasının və xx.xx.2005-ci il tarixinədək olan əmək haqqlarının hesablanmadığının aşkar olunması və nəticədə nə tələb olunan 25 il sığorta stajı, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ərizəsini təmin etmək mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Onun işlədiyi bütün illər və xüsusilə də, cavabdehin göstərdiyi xx.xx.1995-xx.xx.2005-ci illər arasında vəzifələrini icra etdiyi müəssisənin bütün qeydləri əmək kitabçasında öz əksini tapmışdır və təbii ki, bunun məntiqi nəticəsi olaraq həmin illər işləməsinə dair vergi və sığorta tutmaları da aparılmışdır. Bundan əlavə olaraq bildirir ki, xx.xx.1995-ci ildə işdən azad olunması barədə heç bir əmr əmək kitabçasında qeyd olunmamış və mövcud olmamışdır. Qeyd olunan 18 №-li mağazadakı vəzifələrinə xitam verən 387 M saylı əmr, xx.xx.2005-ci il tarixinə aid olmuşdur. Lakin, cavabdeh bununla bağlı mövqeyini yalnız əmək haqqı cədvəlləri ilə əsaslandırmış, rəsmi əmr barədə mövqe bildirilməmişdir. Buna görə də, yoxlama iş stajının müddətinin həqiqiliyini əks etdirməyib, natamam xarakter daşıyır. Bundan başqa əmək pensiyası yaşa görə 2018-ci il tarixdən hesablanmalıdır. Bütün bunlara əsasən o, bir tək ədalət mühakiməsini yerinə yetirən, qanunun aliliyini üstün tutan məhkəməyə müraciət etmək və hüquqlarının bərpasını tələb etmək qərarına gəlmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Həmin Qaydaların 3.1.1-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığrtaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhə xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək kitabçasında imza və möhürün olmamasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.11-ci madəsinə əsasən “Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir”. İş stajının düzgünlüyünün yerində qarşılıqlı yoxlanması zamanı xx.xx.1995-ci ildən işdən azad olunduğu, xx.xx.2005-ci il tarixədək əmək haqqının hesablanmadığı aşkar olunmuşdur. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********37 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, arayış əmək haqqı cədvəli tərtib edilir. Həmçinin arayışın qeyd hissəsində bildirilmişdir ki, İddiaçı iyun-dekabr 1995-1999-cü illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. İddiaçı əmək kitabçasında imza və möhürün olmaması və həmçinin arxiv arayışında bu illərin öz əksini tapmaması vətəndaşın nə azı 25 il sığorta stajına malik olduğuna, nə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə görə DSMF 1 saylı Bakı Ərazi Şöbəsi ərizəsini təmin edə bilməz. Həmçinin, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnu məmzununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyası hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 01 dekabr 2010-cu vil tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi akların hüququna və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətdə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimlənmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İskəndərovT İdris oğlu xx.xx.1955-ci il tarixdə Füzuli rayonu, Əhmədalar kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının və həmin əmək kitabçasının tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdə (xx.xx.1974-cü il tarixli, 1 nömrəli əmrə əsasən) Ordjenikidze Rayonu Fəhlə Gənclərin 114 №-li məktəbinə təsərrüfat müdiri təyin edilib, xx.xx.1978-ci il tarixdə (xx.xx.1978-ci il tarixli, 21 nömrəli əmrə əsasən) öz xahişi ilə işdən azad edilib. xx.xx.1978-ci il tarixdə (xx.xx.1979-cu il tarixli, 15 nömrəli əmrə əsasən) Oktyabr rayon Qida Ticarəti 13 №-li mağazaya fəhlə təyin edilib, xx.xx.1979-cü il tarixdə (xx.xx.1979-cu il tarixli, 246 nömrəli əmrə əsasən) həmin mağazaya kiçik satıcı keçirilib, xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 289 nömrəli əmrə əsasən) həmin mağazada satıcı vəzifəsinə keçirilib. xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 518 nömrəli əmrə əsasən) Azərbaycan SSR ƏHQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə (xx.xx.1982-ci il tarixli, 311/c saylə əmrə əsasən) 26 Bakı Komissarı adına Qida Ticarəti 58 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilib. xx.xx.1983cü il tarixdə (xx.xx.1983-cü il tarixli, 98K saylı əmrə əsasən) 70 №-li mağazaya satıcı keçirilib. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 196-ok saylı əmrə əsasən) 18 №-li mağazaya eyni vəzifəyə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 264-ok nömrəli əmrə əsasən) Oktyabr RQT keçirilməsi ilə əlaqədar Azərbaycan SSR ƏHQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixli, 267-ok nömrəli əmrə əsasən xx.xx.1985-ci il tarixli, 264-ok saylı əmr ləğv edilmişdir. xx.xx.1985-ci il tarixdə (xx.xx.1985-ci il tarixli, 279-ok nömrəli əmrə əsasən) 18 №-li mağazaya müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə (xx.xx.1986-cı il tarixli, 117-ok nörməli əmrə əsasən) öz razılığına əsasən həmin mağazaya satıcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə (xx.xx.1987-ci il tarixli, 117-ok nömrəli əmrə əsasən) həmin dükanın satıcısı vəzifəsində saxlanılmaqla müdir vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixdə ( xx.xx.1989-cu il tarixli, 106-ok saylı əmrə əsasən) 3-cü kateqoriyalı satıcı vəzifəsindən azad edilməməklə müdir ixtisaslaşması verilmiş (İ kateqoriyalı satıcı), xx.xx.1993-cü il tarixdən (xx.xx.1993-cü il tarixli, 124-k saylı əmrə əsasən) 18 saylı mağazaya müdir vəzifəsinə təyin edilmişdir. xx.xx.1995-ci il tarixdə (Baş İdarənin xx.xx.1995-ci il tarixli, 04 saylı əmrinə əsasən) Səbail rayonu Yeyinti Ticarəti İdarəsi ləğv olunaraq Səbail rayon Ticarət və İctimai İaşə İdarəsi yaradılmışdır. xx.xx.1999-cu il tarixində Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 24 saylı əmrinə əsasən bu İdarə də ləğv edilərək DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilib. xx.xx.1999-cu ildə, 01 saylı əmrə əsasən DƏK-in İstehsalat və Təsərrüfat İdarəsi ləğv edilib, DƏN-in Ticarət və Xidmət Müəssisə və Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin tabeliyinə keçirilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 475 saylı Fərmanına əsasən DƏN-in Ticarət və Xidmət Müəssisəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzinin təsisçisi dəyişərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi təyin edilmişdir. xx.xx.2004-cü ildən İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2004-cü il, 03 saylı əmrinə əsasən Mərkəzin adı dəyişdirilərək “Ticarət-xidmət və istehsalat müəssiəsi və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzi müəyyən edilmişdir. xx.xx.2005-ci il tarixdə (xx.xx.2005-ci il tarixli, 387 a saylı əmrə əsasən) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş **********37 nömrəli, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri Səbail rayonu Yeyinti Ticarəti 18 №-li mağazasında müdir vəzifəsində işləmiş İddiaçı gəlirinin 1995-ci il üzrə məbləği-136480 AZM təşkil etmişdir. İddiaçı iyun-dekabr 1995-1999-cu illər üzrə əmək haqqı cədvəlləri yoxdur. 1999-2005-ci illər üzrə isə əmək haqqı hesablanmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05 sentyabr 2019-cu il tarixli “Əmək pensiyasının təyin edilməsi barədə” bildirişin surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iş stajının düzgünlüyünün yerində qarşılıqlı yoxlanması zamanı iddiaçının xx.xx.1995-ci ildən işdən azad olunduğu xx.xx.2005-ci il tarixədək ona əmək haqqları hesablanmadığı aşkar olunmuşdur. Bu səbəbdən də, qeyd edilən dövr tərəflərindən sığorta stajına daxil edilməmişdir və nəticədə nə tələb olunan azı 25 il sığorta stajı, nə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ərizəsini təmin etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən dövrləri iddiaçının sosial sığorta stajına daxil etməməsi və bunun nəticəsində ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassız olmuşdur. Belə ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının mübahisəli dövrdə işlədiyi zaman qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilirdi. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, iddiaçının işlədiyi mübahisəli dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1995-2005-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də, iddiaçının həmin dövrlərdə işlədiyi, iş materiallarında olan əmək kitabçası və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Eləcə də, məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1955-ci il 10 iyun tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərində ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasına qeyd olunan dövrləri və hazırda mübahisəli iş stajını topladıqda iddiaçının yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya 64 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1974-cü ildən, xx.xx.2005-ci il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, ona 64 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2552/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2552/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver