Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2553/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakları olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı 01 may 2019-cu il tarixdən bugünədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının yenidən hesablanaraq düzgün pensiya məbləğinin təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 20 iyun 1978-ci il tarixdə Bakı Baş Tikinti idarəsində “fəhlə” vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan ayrı-ayrı müəssisələrdə işləmişdir. xx.xx.1996-cı il tarixdə isə işlədiyi müəssisədən başqa iş yerinə keçirilməklə “28 May” NQÇİ-də işləməyə başlamışdır. Hal-hazırda da həmin müəssisədə maşinist vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixdən əmək pensiyası yaşına çatdığı üçün pensiyaya çıxmışdır. xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək pensiya yaşına çatmaqla yanaşı işlədiyi üçün əlavə pensiya kapitalı toplamışdır. 2019-cu ilin may ayında qanunvericiliyin tələbinə uyğun olaraq onun topladığı pensiya kapitalı düzgün hesablanaraq aldığı pensiyaya əlavə edilməli idi. O, aidiyyəti üzrə yaranmış vəziyyətlə əlaqədar DSMF-nin Pirallahı rayon şöbəsinə və bilavasitə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etsə də, müraciətlərindən sonra qarşılaşdığı problem öz həllini tapmamışdır. Belə ki, onun sonuncu müraciətinə cavab olaraq xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək yığım kapitalının 10526,01 manat təşkil etdiyi, topladığı kapital əsasında hesablanmış (10526,01/144=73,10) məbləğ pensiyanın yığım hissəsinə əlavə olunmaqla ümumi pensiyanın xx.xx.2019-cu ildən cəmi 338,56 manata çatdırıldığı qeyd edilmişdir. İddiaçı özü elektron hökumət portalı vasitəsilə pensiya çıxdıqdan sonrakı 6 illik dövr ərzində yığılmış sığorta kapitalının məbləği ilə tanış olmuş və hesablamalarına görə hazırda ona verilmiş artımla həmin məbləğ arasında çox böyük ziddiyət vardır. Hesab edir ki, hesablama düzgün aparılmamış, pensiyaya çıxdığı dövrdən indiyədək topladığı pensiya kapitalı məbləği yəni, 35967,74 manat qanunvericiliklə nəzərdə tutulmuş gözlənilən pensiya ödənişi müddəti aylarının miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyasına yenidən tam məbləğ əlavə edilməmişdir.İnzibati orqanın təqdim etdiyi yenidən hesablama aparmaqla əmək pensiyasının təyin edilməsindən imtina etməsi barədə məktubu qanunsuzdur. Cavabdeh iddiaya dair yazılı münasibətində bildirmişdir ki, Əmək pensiyası haqqında Azərbaycan Respublikası qanunun 37.3.1 maddəsinə əsasən pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələri müvafiq aylar sayına bölünüb pensiyanın əsas məbləğinin üzərinə əlavə olunur. Hal-hazırda pensiyanın əsas məbləği 265.46 manatdır. Vətəndaş İddiaçı müraciəti əsasında 01 aprel 2013-cü ildən 01 may 2019-cu ilə qədər pensiya kapitalı - 10526-00 manat olduğu üçün həmin məbləğ 144-ə bölünür və beləliklə onun pensiyasının məbləği 01 may 2019-cu il tarixindən 10526 - 00 :144=73-10 manat artaraq 338- 56 manat təşkil edir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarından görünür ki, xx.xx.1978-ci il tarixli Əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Dəniz qazma idarəsində, xx.xx.1996-cı il tarixdən hal-hazıradək “28 May” Neft Qazçıxarma İdarəsində işləyir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Pirallahı rayon şöbəsi iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, 01 04.2013-ci ildən xx.xx.2019-cu ilə qədər yığım kapitalı 10526,01 manat təşkil edir. Onun topladığı kapital əsasında hesablanmış (10526.01/144= 73,10) məbləğ pensiyasının yığım hissəsinə əlavə olunmaqla ümumi pensiyası xx.xx.2019-cu ildən(195,96 manat sığorta hissəsi) (142,60 manat yığım hissəsi) cəmi: 338,56 manata çatdırılmışdır. Məhkəmə aşağıda qeyd edilənərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Həmin Qanunun 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir:4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonra, iddiaçının mübahisələndirdiyi dövr, yəni xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dövr üzrə topladığı kapital əsasında hesablanmış məbləğ (10526.01/144= 73,10) pensiyasının yığım hissəsinə əlavə olunmaqla ümumi pensiyası xx.xx.2019-cu ildən (195,96 manat sığorta hissəsi və 142,60 manat yığım hissəsi) cəmi 338,56 manata çatdırılmaqla, yəni düzgün olaraq hesablanıb ödənildiyindən hazırkı iddia əsassızdır və təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı 01 may 2019-cu il tarixdən bugünədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının yenidən hesablanaraq düzgün pensiya məbləğinin təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-2553/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2553/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver