Məhkəmə qərarları › İş №2-1(112)-2554/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2554/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2554/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Cinayət işi başlanmasının rədd edilməsi haqqında 14 sentyabr 2017-ci il tarixli qərarın surətinin təqdim edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Cinayət işi başlanmasının rədd edilməsi haqqında 14 sentyabr 2017-ci il tarixli qərarın surətinin təqdim edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 09 fevral 2021-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verilməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan iddianın mümkünlük məsələsinin araşdırılmasını mümkün hesab etmişdir. 12 noyabr 2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanmasına baxmayaraq iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə ilk növbədə iddianın ümumiyyətlə, inzibati mübahisə kimi baxılmasının yolverilənliyini yoxlamalıdır. Bu isə iddia növünün düzgün müəyyən edilməsi ilə şərtlənir. Buna görə də, qaldırılan iddianın İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində və XV-XVİİİ fəsillərində nəzərdə tutulmuş iddia növlərindən məhz hansına aid olduğu müəyyən edilməlidir. İddianın inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməyən iddia olduğunu müəyyən etdikdə məhkəmə onun mümkün sayılmaması barədə qərardad çıxarmalıdır. Nəzərə alınmalıdır ki, İPM-nin 8.2-ci maddəsində nəzərdə tutulmuş qaydada işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-nin müddəalparına uyğun olaraq baxmağa səlahiyyətli olan məhkəmə nəzərdə tutulur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. (15.1-ci bənd) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. (15.2-ci bənd) Həmin qərarın 15.3-cü bəndinə əsasən “bu səbəbdən mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iş materiallarından göründüyü kimi, İddiaçı barəsində verilmiş şikayətin araşdırılması nəticəsində qərar qəbul edilməsinə və tutduğu vəzifədən azad edilməsinə, gömrük orqanlarından xaric edilməsinə, gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair əmrlərin qəbul qəbul edilməsində əhəmiyyətli rol oynamasına istinad edərək Baş Prokurorluq tərəfindən onun müraciətininin təmin ediməsindən imtina etməsini hərəkətsizlik olaraq qiymətləndirərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 sentyabr 2017-ci il tarixli qərarın surətinin ona verilməsi öhdəliyinin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulmasına dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 7.0.3-cü maddəsinə əsasən, cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur. Azərbaycan Respublikası CPM-nin 7.0.5-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. Azərbaycan Respublikası CPM-nin 7.0.43-cü maddəsinə əsasən, prosessual qərar – cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədibirdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən, bu qanun cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, törədilən və ya hazırlanan cinayətlərə dair verilmiş məlumatlar əsasında qəbul edilən qərar inzibati akt, yəni inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olmayıb; prosessual qararın qəbul edilməsi və ya cinayət prosesi tərəfinin hərəkət və hərəkətsizliyindən ibarətdir. Belə olan halda isə prosessual qərardan və ya cinayət prosesi tərəfinin hərəkət və hərəkətsizliyindən istintaqa prosessual nəzarəti həyata keçirən prokurora və ya Azərbaycan Respublikası CPM-nin Lİİ fəslində nəzərdə tutulmuş qaydada məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər. Odur ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1ci maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçının iddiası mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar