Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2554/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Ağazadə (Qafarova) Nigar Saleh qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı təhsil müəssisəsinə bərpa edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağazadə (Qafarova) Nigar Saleh qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı təhsil müəssisəsinə bərpa edilmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ididaçı 2009-2013-cü il tarixlərdə Bakı Asiya Universitetində Tarix müəllimliyi üzrə əyani formada təhsil almışdır. 2015-ci il tarixdə universitet fəaliyətini dayandırmış və tələblərin digər təhsil müəssisələrinə yerləşdirilməsini xahiş etmiş, Nazirlik tərəfindən xahiş təmin edilmiş və 270 tələbə digər universitetlərə yerləşdirilmişdir. 2012-2013-cü il tarixdə ailə həyatı qurduğuna görə iddiaçının iki akademik borcu və dövlət imtahanın kəsri qaldığına görə Bakı Asiya Universitetindən xaric edilmişdir. Nazirliyə bərpa ilə bağlı müraciət etsə də məsələ müsbət həllini tapmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək onun regionlarda (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsinin cavabdeh Təhsil Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı ilə Bakı Asiya Universiteti arasında iddiaçının tələbə qismində qəbulu ilə bağlı müqavilə bağlanılmış, iddiaçı tərəfindən təhsil haqqı ödənilmiş, həmin şəxs tələbə bileti ilə təmin edilmişdir. İddiaçı X2 tərəfindən keçirilmiş qəbul imtahanında iştirak etmiş, 212 bal toplamışdır. Bakı Asiya Universiteti məhkəmə sorğusuna cavab məktubunda qeyd etmişdir ki, iddiaçının şəxsi işi Təhsil Nazirliyinə təhvil verilmişdir. Nazirlik tərəfindən məhkəməyə iddiaçının şəxsi işinə dair materiallardan müəyyən edilmişdir ki, 1991-ci il təvəllüdlü iddiaçı filologiya fakultəsi tarix və ictimaiyyət ixtisası üzrə bakalavr təhsili almış, eyni zamanda iddiaçı Beynəlxalq Universitetdə əyani şöbədə təhsil almış, 2009-cu il tarixli əmrlə xarici dil fakultəsindən tarix və ictimaiyyət fakultəsi 2 kursa köçürülmüşdür. Eyni zamanda, X1 verilən sorğuya cavabdan müəyyən edilir ki, iddiaçı fəaliyyəti dayandırılmış Bakı Asiya Universiteti tərəfindən 21 yanvar 2013-cü il tarixdə “Tələbə - Məzun” məlumat sistemində daxil edilmiş, həmin məlumatlara əsasən Azərbaycan Beynəlxalq Universitetin Moskva Filialınını “Xarici dil” ixtisasına daxili əmrlə qəbul edilmiş, 10 sentyabr 2009-cu il tarili M/75 nömrəli əmrlə xarici təhsil müəssisəsindən tədris forması əyani olmaqla ödənişi əsaslarla Azərbaycan Beynəlxalq Universitetinin “Tarix və ictimaiyyət” ixtisasına köçürülmüş, 02 sentyabr 2010-cu il tarixli 1200 nömrəli əmrlə təhsil müəssisəsi fəaliyyətini dayandırdığına görə oradan xaric edilmiş, 15 sentyabr 2011-ci il tarixli 105 nömrəli əmrlə ixtisasını dəyişərək tədris forması əyani olmaqla ödənişli əsaslarla Bakı Asiya Universiteti Tarix müəllimliyi ixtisasına köçürülmüş, 06 mart 2013-cü il tarixli 141 nömrəli əmrlə Bakı Asiya Universitetindən akademik borca görə xaric edilmişdir. Hazırkı inzibati mübahisənin yaranma əsası onunla bağlıdır ki, iddiaçı ali təhsil müəssisəsinə bərpa ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.3-cü bəndinə istinad edərək ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə bərpası, təhsil alma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Məhkəmə ilkin olaraq onun qeyd edilməsini zəruri hesab edir iddianın təmini istisna edən yeganə faktiki şərt kimi cavabdehin imtinası əsassız olmaqla iddiaçının təhsil almaq hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdehin istinad etdiyi Kollegiya qərarı ilə təsdiq edilmiş Qaydaların 2.3cü bəndində “ölkə daxilində bakalavriat səviyyəsində, əsas tibb təhsilində tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzər minimal keçid balından az olmasın” formasıda müddəa öz əksini tapsa da, həmin qaydanın şamil edilmədiyi hallar da həmin Qaydalarla tənzimlənmişdir. Belə ki, Qaydaların 2.4.1-ci yarımbəndinə görə Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürülmə, eyni zamanda 2.4.2-ci yarımbəndinə görə ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionunda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürülmə hallarında 2.4-cü bəndin tələblərinə əsasən bakalavriat səviyyəsində tələbənin köçürülmə DİM tərəfindən keçirilən imtahanlarda toplanan baln nəzərə alınmadan aparılır. Hazırkı halda da iddiaçı Bakıda yerləşən təhsil müəssisəsindən Bakı və Sumqayıt şəhərlərinə aidiyyəti olmayan regionda yerləşən təhsil müəssisələrindən birinin tələbələr sırasına keçirilməsini xahiş edir ki, qeyd olunan səbəbdən imtinada göstərilən toplanan keçid balı ilə bağlı şərtin tətbiqi hazırkı halda yolverilməzdir. Belə ki, Qaydalar konkret olaraq regionda yerləşən təhsil müəssisəsinə keçirilmə ilə bağlı toplanan balın müvafiq ixtisas üzrə minimal keçid balından az olması ilə bağlı şərtin tətbiqini istisna etmişdir ki, cavabdehin imtinasının yeganə əsasının Qaydaların tələbinə zidd olması aşkar müəyyən edilmişdir. İddiaçı isə 212 bal toplamışdır ki, onun topladığı balın nəzərə alınmalı olmaması ilə bağlı hallar işin hazırkı faktiki halları ilə uyğunluq təşkil edir və topladığı balın keçid balından az olması iddiaçının regionda yerləşən təhsil müəssisəsinə bərpa olunma barədə müraciət etməsi səbəbindən hazırkı iddianın rədd edilməsindən mütləq imtina əsası kimi qiymətləndirilmir. Lakin, məhkəmə iddianın təmini ilə bağlı aşağıdakı digər halların da müzakirəsini əsas hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: Maddə 42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu tə`min edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətindən asılı olmayaraq iste`dadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Təhsil haqqında Qanunun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Yuxarıda adıçəkilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların: 4.1 ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Göründüyü kimi akademik borca görə universitetdən xaric edilmiş iddiaçının xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququ mövcuddur ki, hazırkı halda həmin hüququn reallaşdırılmasını həyata keçirə bilmir. Bu zaman, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhsil müəssisəsinin fəaliyyətinin olmaması da iddiaçının konstitusion hüququn reallaşdırılmasına əngəl törətmir. Belə ki, adıçəkilən Qaydalarda müxtəlif səbəblərdən, eləcə də müəssisənin fəaliyyətinin dayandırılması zamanı təhsil müəssisəsinə köçürülmə və bərpa olunma ilə bağlı səlahiyyətli qurum kimi Təhsil Nazirliyi tanınmışdır ki, hazırkı halda iddiaçının tədris aldığı təhsil müəssisəsinin mövcud olmaması səbəbindən onun bərpa və keçirilmə ilə bağlı kompleks tədbirləri də məhz cavabdeh həyata keçirməli, halhazırda xaric olunduğu təhsil müəssisəsi mövcud olmadığından onun birbaşa təhsil müəssisəsinə bərpası da Nazirlik tərəfindən həyata keçirilməlidir. Əks yanaşma iddiaçı ilə eyni universitetdə təhsil almış və başqa təhsil müəssisələrinə köçürülmüş və diplomla təmin edilmiş şəxslərlə eyni səviyyədə təhsil almada bərabərlik hüququnun təmininə zidd hesab edilər ki, iddiaçının digər şəxslərdən fərqli olaraq akademik borca görə xaric olunması da bərabərlik hüququnun mahiyyətinə münasibətdə vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçını həmin şəxslərdən yeganə ayıran xüsusiyyət tələbələrin köçürülməsi zamanı onun müəssisədən xaric olunması olmuşdur ki, 15 il müddətində reallaşdırılması mümkün olan hüququn mövcudluğu həmin fərqi aradan qaldırmaqla iddiaçının təhsil alma hüququnu davam etdirməsinə imkan yaradır. Göründüyü kimi, iddiaçı mahiyyət etibarı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə təsbit olunmuş bərabərlik prinsipinin icrasında maraqlıdır. Maddənin tələbindən də göründüyü kimi hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qanunvericiliyin tələbindən də göründüyü kimi eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Hazırkı halda da iddiaçı ilə oxşar vəziyyətdə olan şəxslər barəsində təhsil hüququnun həyata keçirilməsinə imkan yaradılması, iddiaçının da həmin hüququnun bərpasına münasibətdə müraciətə sövq etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi akademik borca görə müəssisədən xaric edilmə özlüyündə təhsil hüququnun realizəsinə münasibətdə fərq yaratmır. Məhkəmə, həmçinin iddiaçının iddia tələbində adıçəkilən faktiki halla bağlı əlavənin araşdırmanın aparılmasına, həmin şəxslər barəsində təhsil müəssisəsinə köçürülməyə dair sənədlərin tədqiq edilməsinə də zərurət müəyyən etməmişdir. Belə ki, cavabdeh həmin şəxslərə münasibətdə köçürülmə hallarını mübahisələndirməmiş, imtina yuxarıda qeyd olunan halla əlaqələndirilmişdir. Bununla əlaqədar əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının ilkin olaraq təhsil müəssisəsinə qəbul olunması da əvvəldən mübahisələndirilməmiş, iddiaçı barəsində təhsil sahəsində qəbul edilmiş əmrlər ləğv edilməmiş, X2 tərəfindən isə iddiaçı barəsində məlumatlar “Tələbə-Məzun” məlumat sisteminə daxil edilmişdir ki, qeyd olunan hallar dövlətin iddiaçının tələbə qismində tanındığının məhkəmə hesab edir ki, təzahürüdür. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Ağazadə (Qafarova) Nigar Saleh qızı regionlarda (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisələrindən birinin tələbələr sırasına bərpa edilməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2554/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2554/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver