Məhkəmə qərarları › İş №2-1(112)-2555/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2555/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2555/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişlərinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişlərinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1949-cu il təvəllüdlüdür. İddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının 3-17-1/3-3-11054/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı ilə iiddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır. Cavabdehin 17 iyul 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “...sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılıb... Araşdırma zamanı, sizə pensiya təyin edilərkən təqdim etdiyiniz “Bayıl Limanı” NQÇİ-nin sizə dair xx.xx.2008-ci il tarixli 10-05/05 nömrəli arayışında xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.1998-xx.xx.2003-cü il və xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində sex rəisi, sex rəisinin müavini və mexanik vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən SOCAR-ın “X4” trestinə aidiyyəti üzrə sorğu göndərilib. Sorğumuza cavab olaraq həmin dövlərin deyil, yalnız çilingər vəzifəsində çalışdığınız xx.xx.1987-xx.xx.1988ci il tarixləri arasındakı dövrün güzəştli iş stajına aid olduğu bildirilib. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az (1 il 3 ay 15 gün (xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə xx.xx.2006-cı il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib”. İddia tələbi və tələbin əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əmək pensiyanın dayandırılması haqqında 31 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasında onun işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. İddiaçının Neft sahəsində işlədiyi bütün vəzifələr həyat və sağlamlıq üçün təhlükəli olmuşdur. Çünki iddiaçı sex rəisi, sex rəisinin müavini və mexanik işlədiyi dövrlərdə də bilavasitə neft buruqları ilə işləmişdir. Əsas vəzifəsi buruqları sınaqdan keçirib, qazmaçılara təhvil vermək olub. Göründüyü kimi, vəzifənin adının nə qeyd edilməsindən asılı olmayaraq güzəştli pensiya hüququ verən işlər görmüşdür. Bayıl Limanı isə NQÇİ deyil, X5 İşlər İdarəsidir. İddiaçının əsas iş yerləri X6 İşlər İdarəsi (Sənqəçal Quyularının əsaslı təmir idarəsi) və Üzən qurğularla kəşfiyyat qazma idarəsi olmuşdur. “SOCAR" X4 tresti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışı iddiaçının işi və vəzifələri barədə dolğun məlumat əks etdirmir. Eyni zamanda, iddiaçının güzəşli iş stajının mübahisələndirildiyi dövrlər deyil 2009-2013-cü illərə dair əmək haqqı məlumatları təqdim edilmişdir. Nəticə etibarilə kifayət qədər güzəştli iş stajı və ümumi iş stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən əmək pensiyası ilə bağlı hüquqları pozulmuşdur. İddiaçıya pensiyanın dayandırılması ilə bağlı qərar təqdim edilməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi “Bayıl Limam" NQÇİ-nin ona dair xx.xx.2008-ci il tarixli 10-05/05 nömrəli arayışında xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.1998-xx.xx.2003-cü il və xx.xx.2007xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində sex rəisi, sex rəisinin müavini və mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən SOCAR-ın “X4" trestinə aidiyyəti üzrə sorğu göndərilib. Sorğumuza cavab olaraq həmin dövrlərin deyil, yalnız çilingər vəzifəsində çalışdığı xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövrün güzəştli iş stajına aid olduğu bildirilib. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 10 ildən az (1 il 3 ay 15 gün (xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı cavabdehin qəbul etdiyi qərarlarınıın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərarlar iddiaçı barəsində qəbul edilməklə ona təyin edilmiş pensiyanın ləğv edilməsi ilə nəticələndiyindən onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən xx.xx.2006cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin 3-17-1/3-3-11054/2024 nömrəli, xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının dayandırılması haqqında” Qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır. İddiaçı cavabdehin əmək pensiyanın dayandırılması haqqında 31 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2007-ci ilədək qüvvədə olmuş “X2 haqqında” Qanunun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən maddələrin məzmunundan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: İddiaçının yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; Azı 20 il sığorta stajına malik olmalı və bu müddətin azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının ümumi iş stajı 20 ildən artıqdır. Hazırkı işin mübahisəli halı iddiaçının 10 il xüsusi (güzəştli) stajının olmasıdır. İddiaçının xx.xx.1989-xx.xx.1996, xx.xx.1998-xx.xx.2003 və xx.xx.2007-xx.xx.2008-ci illərdə işlədiyi dövrlər cavabdeh tərəfindən mübahisələndirilir və cavabdeh qeyd edir ki, SOCAR-ın “X4” tresti həmin dövrlərin deyil, yalnız çilingər vəzifəsində çalışdığı xx.xx.1987xx.xx.1988-ci il tarixləri arasındakı dövrün güzəştli iş stajına aid olduğunu bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-dan məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçının işlədiyi xx.xx.1987-xx.xx.2012-ci illərdə 21 il 06 ay17 gün ümumi, 04 il 02 ay 289 gün güzəştli iş stajı vardır. Göründüyü kimi iş materialllarına əsasən müəyyən edilir ki, iddiaçının güzəştli iş stajı 10 ildən azdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. İddiaçıya güzəştli stajı qanunvericiliyin tələblərinə əsasən 10 ildən az olduğu üçün cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişlərini dayandırmaqda haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respunlikası Qanunu: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: ... 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişlərinin bərpa edilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar