Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2557/2021 22.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Musayev Xəqani oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi ticarət cərgəsində inşa olunmuş 1 mərtəbəli qeyri-yaşayış sahəsinə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "Q" yaşayış sahəsində yerləşən qeyri-yaşayış sahəsi Suraxanı Rayon İcra Başçısının 21 oktyabr 1996-cı il tarixli, 1135 nömrəli və 21 iyun 1998-ci il tarixli, 1184 nömrəli sərəncamları əsasında inşa olunmuşdur. İdarəyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq müraciət etsə də, İdarənin 06.05.2020-ci il tarixli, **********960 saylı cavab məktubu ilə imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, qeyri-yaşayış binasının və torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan ərazi elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bu barədə İddiaçı **********60 qeydiyyat nömrəli, 06.05.2020-cİ il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Musayev Xəqani iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya etriazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının “Yeni Günəşli, Seyhan- Baxça küçəsi, ev 2, mənzil 7-də yaşayan vət. İddiaçı alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün metal-konstruksiyalı köşkün qoyulmasına icazə verilməsi haqqında” 21 oktyabr 1996-cı il tarixli, 1135 nömrəli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, vət. İddiaçı alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Yeni Günəşli, “B” massivində təşkil olunmuş ticarət cərgəsində 2mx3m ölçüdə metal-konstruksiyalı köşkün qoyulmasına icazə verilmişdir. - Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının “Yeni Günəşli, Seyhan- Baxça küçəsi, ev 2, mənzil 7-də yaşayan vət. İddiaçı alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün mövcud köşkün tikintisinə icazə verilməsi haqqında” 21 iyul 1998-ci il tarixli, 1184 nömrəli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, vət. İddiaçı rayon icra aparatına müraciət edərək işlətdiyi köşkün daşdan tikintisinə icazə verilməsini xahiş etmişdir. Təşkil olunmuş ticarət cərgəsində Bakı İHB-nın 10 iyun 1996-cı il tarixli, 741 saylı sərəncamı ilə köşklərin tikintisi nəzərdə tutulduğuna görə vət. İddiaçı alqı-satqı fəaliyyəti ilə məşğul olmaq üçün Yeni Günəşli, “Q” yaşayış sahəsində təşkil olunmuş ticarət cərgəsində yerləşən 3mx4m ölçüdə tikintisinə icazə verilmişdir. - Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “Q” yaşayış sahəsi, ticarət cərgəsində İddiaçı istifadəsində olan 1 mərtəbəli qeyri-yaşayış obyektinin eskiz layihəsindən görünür ki, ümumi sahəsi 32,6 kvm. olan qeyri-yaşayış sahəsinin layihəsi tərtib edilmişdir. - İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubov və icarəçi İddiaçı arasında bağlanmış “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 489 №-li, 11.06.2021-ci il tarixli müqavilədən görünür ki, icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “Q” yaşayış sahəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 42.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********60 №-li, 06.05.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “Q” yaşayış sahəsində yerləşən qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, qeyri-yaşayış binasının və torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan ərazi elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********82 №-li, 23.06.2021-ci il tarixli məktubdan görünür ki, müraciətlə bağlı idarənin mühəndisi tərəfindən göstərilən əraziyə texniki baxış keçirilmişdir. Təqdim olunmuş Bakı şəhəri, Sm axam rayonu Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “Q” yaşayış sahəsi, ticarət cərgəsində İddiaçı istifadəsində olan 1mərtəbəli qeyri-yaşayış obyektinin yerləşmə cizgisi faktiki vəziyyətə uyğundur. İdarənin elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********37 №-li, 22.07.2021-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisəndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırma aparılmış və ölçülmüş ərazinin koordinatlarını, ərazidə olan tikililərin naturada və elektron bazada yerləşmə mövqeyini və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elekron kadastr baza məlumatlarına əsasən çıxarış verilməsi iddia edilən 1-mərtəbəlı qeyri-yaşayış obyektinin naturada koordinatları müəyyən edilib, tikilinin yerləşdiyi torpaq sahəsinə və sözügedən tikiliyə hər hansı hüquqi və fiziki şəxsə hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat yoxdur, əlavə edilmiş sxemdə qeyd edildiyi kimi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir, müraciətə əlavə edilmiş qeyriyaşayış obyektinin yerləşmə cizgisi faktiki vəziyyətə uyğundur, habelə onun yerləşmə mövqeyində hər hansı uyğunsuzluq yoxdur. Ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 28 aprel 2015-ci il tarixli 1262-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilmişdir: - “80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1.400 kvadratmetrdən və tikinti sahəsi 1.000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 16 may 2017-ci il tarixli 673-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində 80.1-1-ci maddə ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.12-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək səlahiyyəti mövcuddur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Suraxanı Rayon İcra Başçısının 21 oktyabr 1996-cı il tarixli 1135 nömrəli və 21 iyun 1998-ci il tarixli 1184 nömrəli sərəncamları əsasında iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "Q" yaşayış sahəsində yerləşən qeyri-yaşayış sahəsi inşa edilmişdir. İddiaçı layihəyə uyğun inşa etdiyi qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilməməsini, həmçinin qeyd olunan ərazinin elektron kadastr məlumatına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı layihəyə uyğun inşa etdiyi qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir və ona həmin qeyri-yaşayış sahəsinin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun icazə verilmişdir. Bundan əlavə qeyri-yaşayış sahəsinin yerləşmə cizgisinin faktiki vəziyyətinə uyğun olması, habelə onun yerləşmə mövqeyində hər hansı uyğunsuzluq olmaması səlahiyyətli orqan tərəfindən müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mövcud qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərinin mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Bundan əlavə mübahisəli daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini istisna edən hallara dair, həmçinin həmin tikilinin İİİ məsuliyyət səviyyəli binaya aid olmamasını istisna edən hallar müəyyən edilmədiyindən, bununla bağlı məhkəmə icraatında cavabdeh tərəfindən başqa sübutlar təqdim edilmədiyindən, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyatı qanuna zidd deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsi ticarət cərgəsində inşa olunmuş 1 mərtəbəli qeyriyaşayış sahəsinə mülkiyyət hüquqları əldə etmişdir və onun müvafiq qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarış verilməli idi. Belə olan halda məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsi ticarət cərgəsində inşa olunmuş 1 mərtəbəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli qəsəbəsi “Q” yaşayış sahəsi ticarət cərgəsində inşa olunmuş 1 mərtəbəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2557/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2557/2021
22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver