Məhkəmə qərarları › İş №2-1(112)-2560/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2560/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2560/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 10.02.1964-cü il tarixində Bakı şəhərində anadan olması barədə Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbə icra nümayəndəliyində 22.02.1964-cü il tarixində tərtib olunmuş 28 nömrəli doğum haqqında akt qeydi əsasında ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, 10.02.1964-cü il tarixində Bakı şəhəri Kürdəxanı qəsəbəsində anadan olmuş və doğulması Sabunçu rayon Kürdəxanı qəsəbə icra nümayəndəliyində 22.02.1964-cü il tarixli, 28 nömrəli doğum haqqında akt qeydi ilə qeydə alınmışdır. Onun atası X3 1978-ci ildə, anası X5 isə 2005-ci ildə vəfat etmişdir. O, 1982-ci ilin oktyabr ayından 1984-cü ilin noyabr ayınadək Belarusiyada hərbi xidmətdə olmuş və Sabunçu rayon Hərbi Komissarlığında hərbi uçota alınmışdır. Bu günədək şəxsiyyətini təsdiq edən SSRİ pasportunu təhvil vermiş, şəxsiyyət vəsiqəsi almamışdır, SSRİ pasportunu isə itirmişdir. Bundan əlavə həmçinin doğum haqqında şəhadətnaməsini də itirmişdir. O, şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmət Mərkəzinə müraciət etmiş, lakin ona ilk öncə qeydiyyat şöbəsinə müraciət edərək təkrar şəhadətnamə almalı olduğunu bildirmişlər. O, doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etsə də, bu dəfə də şəxsiyyət vəsiqəsi olmadığından ona təkrar doğum haqqında şəhadətnamə verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23.10.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin- özünü İddiaçı Mirzəli oğlu kimi təqdim edən şəxsin Sabunçu rayon qeydiyyat şöbəsində doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı müraciətinə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cu il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın təsdiq edilməsi haqqında Qərarının 9.7 bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, şəxsiyyət vəsiqənizin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra müvafiq şəhadətnamə ilə təmin olunacaqsınız. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02.02.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 12.02.2021-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə hazıradək daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmin məktubla məhkəməyə təqdim edilmiş İddiaçı məxsus 28 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10.02.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası X4, milliyyəti azərbaycanlı, anası isə X5, milliyyəti azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26.04.2021-ci il tarixli məktubdan görünür ki, 10.02.1964-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 03.05.2021-ci il tarixli məktubdan görünür ki, Əliyev X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 01.10.2013-cü ildə - çıxış Rusiya, 28.03.2015-ci ildə - giriş Rusiya. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 09.12.2021-ci il tarixli məktubdan görünür ki, Əliyev X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 01.03.2013-cü ildə - çıxış Rusiya, vətəndaşlıq Rusiya, 28.03.2015-ci ildə - giriş Rusiya, vətəndaşlıq Rusiya. İddiaçı vətəndaşlığı - Rusiya, pasportunun nömrəsi – ********* qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09.12.2021-ci il tarixli 2783 saylı məktubdan görünür ki, 10 fevral 1964-cü il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsindəki mövcud arxiv-uçot sənədlərində müddətli həqiqi hərbi xidmətə çağırılması, hərbi xidmət keçməsi və ordu sıralarından tərxis olunması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı iddia ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında onun SSRİ pasportunun olduğunu, həmin pasportu itirdiyini, həmin pasporta əsasən şəxsiyyət vəsiqəsi almadığını, şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilmədiyini bildirmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 09.12.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı Əliyev X2 dəfə dövlət sərhədindən 01.03.2013-cü ildə Rusiyaya getmiş, 28.03.2015-ci ildə Rusiyadan gəlmişdir, Rusiya Feredasiyasının vətəndaşıdır və dövlət sərhəddini Rusiya Federasiyası vətəndaşının pasportu vasitəsilə keçmişdir. Göründüyü kimi, iddiaçı şəxsiyyəti təsdiq edən sənədə malikdir və qeyd olunan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Lakin iddiaçı şəxsiyyətini təsdiq edən sənədə malik olduğu halda, həmin sənədi cavabdeh inzibati orqana təqdim etməmiş, şəxsiyyətini təsdiq edən sənədi olmadığını bildirməklə ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün şəxsiyyətini təsdiq edən sənədi cavabdeh inzibati orqana təqdim etməli idi. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar