Məhkəmə qərarları › İş №2-1(112)-2562/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2562/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2562/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı sayğacın quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sayğacın quraşdırılması barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. İşıq sayğacının quraşdırılması üçün 17.08.2020-ci il tarixdə cavabdehə müraciət edərək (müraciət nömrəsi: ATC**********3160), uzun süründürməçilikdən sonra 15.10.2020-ci ildə, AXM-20/1848 nömrəli imtina məktubu verərək heç bir hüquqi sənədə əsaslanmadan ona imtina cavabı veriblər. O, məcbur qalıb qonşudan işıq qoşub 11 qəpiklə pulu ödəyir, hansı ki, 0.7 qəpik ödəyə bilər. İşıq İdarəsinin işçiləri ona sayğacı başqa adamın adına çəkib, 600 manata təklif ediblər. Sayğacın dövlət rüsumu 167 AZN-dir. Bölgü sxemini də, təqdim etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, məhkəməyə şikayət edəndən sonra, “xxxx”-dan ayrı-ayrı vaxtlarda, 17.11.2020, 15.10.2020, 23.10.2020-ci il tarixlərində bir-birinə zidd olan cavab məktubunda, oun evində 070009109C002 nömrəli kodla işıq sayğacının olması bildirilir. Bu kod həmin ünvanda 15 küçə aralıda, keçmişdə onun satdığı evdə olub. O, bu sənədləri əldə etmək və faktları yığmaq üçün qəbulda ümumilikdə 12 dəfə olmuşdur və çoxlu sayda maddi və mənəvi əziyyət çəkmişdir. İşığın 1 kv.saatı 7 qəpik ola-ola, o, 11 qəpik ödəyir. 4-cü aydır ki, o, evinə işıq çəkdirə bilmir. Onlar bildirmişlər ki, işıq sayğacı onlara limitlə verilir, əgər çoxlu sayda sayğac quraşdırsalar, bu halda işıq pulu 11 qəpik yox 7 qəpik olar. Bu isə “xxxx” ASC-yə sərf edir (limit 300 kv.saat). Dörd aydır ki, o, evinə işıq çəkdirmək üçün ASAN, “xxxx” ASC-yə, “xxxx” ASC-nin X2, “xxxx” ASC-nin hüquq idarəsinə dəfələrlə germişdir. Sonda ayın olmuşdur ki, işıq idarəsinin məsuliyyətsiz işçiləri vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı, ona qarşı qərəzli və aqresiv mövqe tutaraq İdarəyə bilərəkdən səhv məlumat verərək nəticədə ona maddi və mənəvi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən yaşadığı Ş.Abdullayev küçəsi, ev 17 ünvanına işıq sayğacının quraşdırılması vəzifəsinin “xxxx” ASC-nin üzərinə (pulu ödətdirməklə) öhdəlik kimi qoyulması, ona dəymiş 250 AZN maddi ziyanın, 1000 AZN mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2562/2021 saylı, 28 yanvar 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan bölgü sxemindən görünür ki, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin bölgü sxemi Nəsimi rayonu 52 saylı saylı Mənzil Kommunal İstismarı Sahəsinin rəisi tərəfindən təsdiq edilmişdir. İşdə olan 52 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 184 nömrəli, 17.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır və qeydiyyatdadır. İşdə olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış AXM-20/1848 nömrəli, 15.10.2020ci il tarixli məktubdan görünür ki, iddiaçının ATS**********3160 saylı müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 17 ünvanında yerləşən fərdi yaşayış evinin (çoxmənzilli yaşayış kompleksində yerləşdiyindən) enerji təchizat şəbəkəsinə qoşulması üçü ünvana baxış keçirilən zaman qeyd olunan evin enerji təchizat şəbəkəsinə qoşulduğu məlum olmuşdur. Bu səbəbdən də, Azərbaycan Respulikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq etibarlılıq kateqoriyası 3 (üç) olan tikinti obyektlərinə ikinci uçot sayğacının quraşdırılmasına icazə verilmir. Odur ki, tərəfindən mülkiyyət sənədi (çıxarış), əmlakın notarial qaydada təsdiq edilmiş bölgü sənədi “Asan xidmət” Mərkəzinə təqdim edildikdən sonra tələb olunan gücə görə qoşulma haqqı məbləği “xxxx” ASC-nin bank hesabına ödənildikdən sonra layihə sənədləri hazırlanaraq tikinti-quraşdırma işləri yerinə yetiriləcək və fərdi yaşayış evi enerji təchizat şəbəkəsinə qoşulacaqdır. İşdə olan “xxxx” ASC tərəfindən verilmiş, 17.08.2020-ci il müraciət tarixli bildirişdən görünür ki, əhali abonentinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə qoşulma haqqı 160 AZN tələb edilmişdir və bununla bağlı İddiaçı bildiriş təqdim olunmuşdur. İşdə olan “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 0199/M-828/1/6087 nömrəli, 11.12.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının M-828/1 saylı, 08.12.2020-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 17 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizat şəbəkəsinə qoşulması üçün ünvana baxış keçirilən zaman qeyd olunan evin enerji təchizat şəbəkəsinə qoşulduğu və İddiaçı adına **********C0002 nömrəli abunə kodunun olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq etibarlılıq kateqoriyası 3 (üç) olan tikinti obyektlərinə ikinci uçot sayğacının quraşdırılmaısna icazə verilmir. Odur ki, tərəfindən daşınmaz əmlakın hissələrlə özgəninkiləşdirilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi “Asan xidmət” mərkəzinə təqdim edildikdən və tələb olunan gücə görə qoşulma haqqı məbləği “xxxx” ASC-nin bank hesabına ödənildikdən sonra layihə sənədləri hazırlanaraq tikinti-quraşdırma işləri yerinə yetiriləcək və fərdi yaşayış evi enerji təchizat şəbəkəsinə qoşulacaqdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı qeydiyyatda olmaqla yaşadığı, ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün “xxxx” ASC-yə müraciət etmiş, “xxxx” ASC tərəfindən iddiaçıya məxsus sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin enerji təchizat şəbəkəsinə qoşulması üçün ünvana baxış keçirilən zaman evin enerji təchizat şəbəkəsinə qoşulduğu və İddiaçı adına 070009109C0002 nömrəli abuna kodunun olduğu məlum olmuş, bundan əlavə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq etibarlılıq kateqoriyası 3 (üç) olan tikinti obyektlərinə ikinci uçot sayğacının quraşdırılmasına icazə verilməməsi əsas gətirilərək, əmlakın notarial qaydada təsdiq edilmiş bölgü sənədinin və tələb olunan gücə görə qoşulma haqqının məbləğinin “xxxx” ASC-nin bank hesabına ödənildikdən sonra layihə sənədlərinin hazırlanaraq tikint-quraşdırma işlərinin yerinə yetirilməsi və fərdi yaşayış evinin enerji təchizatı şəbəkəsinə qoşulacağı bildirilmişdir. İddiaçı tərəfindən sözügedən fərdi yaşayış evinin bölgü sxemi təqdim edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya məxsus mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi enerji təchizat şəbəkəsinə qoşularaq İddiaçı adına **********C0002 nömrəli abunə kodu verildiyindən, hazırda həmin tikinti obyekti əlavə güc alınması tələb olunan tikinti obyekti olduğundan, iddiaçı tərəfindən həmin ünvana dair bölgü sxemi tərtib edilərək cavabdehə təqdim edildiyindən, iddia tələbi sayğacın quraşdırılması hissəsində (əlavə gücə uyğun qoşulma haqqı ödənilməklə) təmin edilməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alğı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisi təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2018-ci il tarixli, 326 nömrəli “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0.4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoyulması Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarının 1.9-cu bəndinə əsasən məişət abonentlərinin tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən, sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqq ödəyir. Həmin Qərarın 1.10-cu bəndinə əsasən qoşulma haqqının məbləğini sifarişçilərin tələb olunan elektrik enerjisinin gücünə mütənasib olaraq diferensiallaşdırılmış qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edir. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin ETŞyə qoşulmasının 24 (iyirmi dörd) gün müddətində və daha az müddətdə həyata keçirilməsinə görə fərqli məbləğlərdə müəyyən edir. Məhkəmə eləcə də, iddia tələbinin maddi və mənəvi ziyana görə müvafiq olaraq 250 AZN və 1000 AZN ödənilməsi hissələri ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən hər-hansı bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də, iddia həmin hissələrdə təmin edilməməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X3 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə (əlavə güc alınması tələb olunan tikinti obyekti kimi) işıq sayğacının quraşdırılması öhdəliyi cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar