Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2562/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4 ünvanında yerləşən 1 saylı qeyri - yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə, 17 mərtəbəli müasir iş mərkəzində yerləşən A bloku, 5-ci mərtəbə, 3 nömrəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə, 17 mərtəbəli müasir iş mərkəzində yerləşən A blok, 5-ci mərtəbə, 3 nömrəli qeyri-yaşayış sahəsini onunla "xxxx" Mənzil Tikinti Koorperativi arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli müqavilə əsasında əldə etmişdir. 03 oktyabr 2019-cu il tarixli "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı ilə qeyd olunan daşınmaz əmlakın dəyərinin onun tərəfindən ödənilməsi və MTK- ya heç bir borcunun olmadığı bildirilmişdir. Müvafiq qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə yazılı müraciət etsə də, müraciəti təmin edilməmiş və ona xx.xx.2023-cü il tarixli, **********11 qeydiyyat nömrəli imtina məktubu verilmişdir. Məktuba əsasən qeyd edilmişdir ki, binanın istismarına icazə sənədi idarəyə təqdim edilməmiş, eyni zamanda Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 184,2 m2, faktiki isə 169,7 m2 təşkil edir. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmasına münasibətdə isə bildirir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A məhəlləsində yerləşən yaşayış binasınında yerləşən mənzillərin qeydiyyatı üçün müraciət zamanı İdarə tərəfindən bildirilmiş və məhkəmə tərəfindən imtina əsası kimi qiymət verilməmişdir. Bundan əlavə, “Babək- İnşaat” Mənzil Tikinti Koorperativi arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli müqavilə hüquq müəyyənedici sənəd kimi müəyyən edilməli və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün sənəd üzrə ölçüsündən az olmasının imtina kimi qeyd olunması isə İdarə tərəfindən göstərilmiş formal əsasdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 27 sentyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrlə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi sözügedən qeyri-yaşayış sahəsinə dair "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı və müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin binanın istismarına icazə sənədi İdarəyə təqdim edilməmiş, eyni zamanda Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Təqdim edilən "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilən müqavilə və maliyyə arayışı Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, 1131 -ci məhəllə, 17 mərtəbəli müasir iş mərkəzinin A blok, 5-ci mərtəbə ünvanında yerləşən 3 nömrəli qeyri-yaşayış sahəsi ilə bağlı verilmişdir. Qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 184,2 kv. metr, faktiki isə 169,7 kv. metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddiaçının İddiaçı və onun vəkili Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MTK üzvlərinin xx.xx.2020-ci il tarixli yığıncağının 34 saylı protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı kooperativə üzv qəbul olunmaqla, "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında inşa etdiyi 17 mərtəbəli iş mərkəzi binasının A blokunun 5-ci mərətəbəsində yerləşən, ümumi sahəsi 184.2 kv.m olan 3 nömrəli qeyriyaşayış sahəsi düşməsi təsdiq edilmiş, sənədlərin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilməsi qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, bu müqavilənin predmeti “MTK”nın müvafiq sənədləşmələrə əsasən ünvan 4 ünvanda tikintisi həyata keçirdiyi 17 mərtəbəli müasir iş mərkəzinin A Blok, 5-ci mərtəbə, 3 №-li, 184,2 kv.m qeyri-yaşayış sahəsindən ibarətdir (bənd 1). “MTK”-nın “Alıcı” ilə tikintisi razılşadırdığı sahə binanın A Blok 5-ci mərtəbə, 3 №-li, 184,2 kv.m qeyri-yaşayış sahəsi, çöl divarın yarısı, iç divarın tamamı olmaq şərti ilə Sahənin ümumi sahəsi 184,2 kv.m-dən ibarətdir. Sahə ümumi dəyəri 100 faiz olaraq “Alıcı” tərəfindən ödənilir (bənd 2). “MTK” aşağıdakıları öhdəsinə götürür: “Alıcı” Sahənin dəyərini tam ödədikdən snra Sahəyə giriş qapısından açarlarını ona təhvil vermək (bənd 3.1). "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MTK-da 17 mərtəbəli müasir iş mərkəzinin A Blok, 5-ci mərtəbə, 3 №-li, 184.2 kv.m sahəsi olan ofisin dəyərini tam ödəyib və onun "xxxx" MTK-ya heç bir borcu yoxdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2019 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş: - 8(005)-173/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadın surətindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon icra və probasiya şöbəsinin icra məmuru Zaur Həmzəyev borclu "xxxx" MTK-nın mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə (AR İXM-nin 271-ci maddəsinə əsasən "xxxx" MTK-ya tətbiq olunmuş 6.500 manat məbləğində cərimə növündə inzibati tənbehin icrası ilə bağlı verilmiş icra sənədinin icrasının təmin olunması məqsədilə) təqdimatla məhkəməyə müraciət etmişdir. - 8(005)-173/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadla təqdimatın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2073/2018 nömrəli,17 oktyabr 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MTK-nın mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsində yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. - 8(005)-175/2019 saylı xx.xx.2021-ci il tarixli qərardadla Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin ərizəsinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2019-cu il tarixli 8(005)-173/2019 nömrəli qərardadda yol verilmiş yalnışlığın aradan qaldırılması, borclu "xxxx" MTK-nın mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Ələddin Quliyev küçəsində yerləşən torpaq sahəsinin sahəsi 0,012 ha kimi oxunması qərara alınmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********32 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, Ə.Quliyev küçəsi ünvanında yerləşən Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə sahəsi 184,2 kv.m, faktiki sahəsi 169,7 kv.m; icazəsiz tikililər - X=404317; Y=4471501; Qeyri yaşayış sahəsi 17 mərtəbəli binanın 5-ci mərtəbəsinin bir hissəsində yerləşir. Faktiki vəziyyətə uyğun eskiz tərtib edilərək rəyə əlavə olunduğu qeyd olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 3- 35-2/2-486/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli müasir iş mərkəzinin istismara qəbul olunub-olunmamasına dair məlumatın, olduğu təqdirdə istismara qəbul aktının təsdiq edilmiş surətinin verilməsi barədə müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd ediləm məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********11 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən qeyri- yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Binanın istismarına icazə sənədi idarəyə təqdim edilməmiş, eyni zamanda Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan əlavə, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 184,2 kv m., faktiki isə 169,7 kv. m təşkil edir. Tətbiq edilən hüquq. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); .... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə.
3. Xidmətin vəzifələri. ... 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək.
İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Normanın (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsi) məzmunundan göründüyü kimi, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsi həmin yaşayış (qeyri-yaşayış) sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının əsası kimi təsbit olunmuşdur. "xxxx" MTK üzvlərinin xx.xx.2020-ci il tarixli yığıncağının 34 saylı protokolundan çıxarışa əsasən İddiaçı kooperativə üzv qəbul olunmuş, MTK-nın Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında inşa etdiyi 17 mərtəbəli iş mərkəzi binasının A blokunun 5-ci mərətəbəsində yerləşən, ümumi sahəsi 184.2 kv.m olan 3 nömrəli qeyri-yaşayış sahəsinin payçısı olması təsdiq edilmiş və həmin qeyri-yaşayış sahəsinin tam pay dəyəri ödənilmişdir. Cavabdehin imtinasının əsasları ondan ibarətdir ki: 1) Binanın istismarına icazə sənədi idarəyə təqdim edilməmişdir; 2) Məhkəmə qərardadı ilə qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur; 3) Bundan əlavə, qeyri-yaşayış sahəsinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. 4) Qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsü 184,2 kv. m, faktiki isə 169,7 kv. m təşkil edir. Məhkəmə cavabdehin dəlillərini əsaslı hesab etmir. Belə ki, işin araşdırılan hallarından görünür ki, mübahisəli daşınmaz əmlakın aid olduğu binanın yerləşdiyi torpaq sahəsinin üzərinə məhkəmə qərardadı ilə həbsin qoyulmasına əsas "xxxx" MTK-ya AR İXM-nin 271-ci maddəsinə əsasən tətbiq olunmuş 6.500 manat məbləğində cərimə növündə inzibati tənbehin icrası ilə bağlı verilmiş icra sənədinin icrasının təmin olunması olmuşdur ki, qeyd olunan hal həmin binanın və ya binanın yerləşdiyi torpağın mübahisəli olması anlamına gəlmir. Mübahisəli qeyri-yaşayış sahəsinə dair mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin sənəd üzrə ölçüsünün faktiki ölçüsü ilə fərqli olmasına gəldikdə isə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestri aparılan və daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirən zaman daşınmaz əmlakla bağlı inventarlaşdırma işlərini aparmaq (o cümlədən daşınmaz əmlakın sahəsini müəyyən etmək) və texniki sənədləri hazırlamaq cavabdeh orqanın vəzifələrinə aid edilmişdir. Binanın istismarına icazə sənədinin idarəyə təqdim edilməməsi əsasına gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən Çıxarış”lardan müəyyən edilmişdir ki, sözügedən binada digər ayrı-ayrı hüquqi şəxslərə məxsus qeyri - yaşayış sahələrinə dair xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə, 17 mərtəbəli müasir iş mərkəzinin, A blokunda, 5-ci mərtəbədə yerləşən 169,7 kv. metrdən ibarət 3 nömrəli qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev