Məhkəmə qərarları › İş №2-1(112)-2564/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2564/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2564/2022 03.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli yaşayış sahəsi uzun müddətdir ki iddiaçının istifadəsindədir. Həmin yaşayış sahəsinə münasibətdə “Azərneftyağ” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli qərar mövcuddur. İddiaçı adıçəkilən qərarı hüquqmüəyyənedici sənəd qismində hesab edərək, yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir.İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianın etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi, 19 saylı evin, 14 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, mənzilin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 40 kv.m, faktiki isə 59,2 kv.m təşkil edir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən mənzil üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qərar (X1 xx.xx.2000-ci il tarixli 24 saylı) yuxarıda adıçəkilən qanunla siyahısı konkret olaraq müəyyən edilmiş hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Belə ki, Qanunun 8.0.11-ci maddəsinin tələbindən də göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verilmiş o sənədlərd (sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi) mülkiyyət hüququnun qeydiyyata alınması əsası qismində çıxış edə bilər ki, həmin sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş olsun. Müvafiq icra hakimiyyəti orqanı dedikdə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azrbaycan Respublikası Prezidentinin 2014-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları başa düşülür. Hazırkı iş üzrə qərar iddiaçıya müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilməmiş, “Azərneftyağ” İB-ni müdiriyyəti və 4 saylı Mənzil İstismar Kontorunun rəsmiləşdirilmiş 25 sentyabr 2000-ci il tarixli birgə qərarına əsasən müəssisənin özü tərəfindən verilmişdir. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlər konkret olaraq müəyyən edilmişdir ki, müəssisə tərəfindən verilən sənədlər yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş orderi, sərəncamı və ya bağlanılmış kirayə müqaviləsini əvəz etmədiyindən yuxarıda adıçəkilən qanunun tələbləri baxımından mülkiyyət hüququ yaradan sənəd hesab edilə bilməz. Yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order, sərəncam və ya kirayə müqaviləsi maddənin məqsədləri baxımından mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order, sərəncam və ya kirayə müqaviləsi maddənin məqsədləri baxımından mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməsi barədə mövqeyi həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-488/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Bundan başqa Məhkəmə qeyd edir ki, X1 xx.xx.2000-ci il tarixli 24 saylı qərarının ikinci hissəsində görünür ki, həmin qərar mübahisəli yaşayış sahəsinə münasibətdə İddiaçı ilə 4 saylı Mənzil İstismar Kontoru arasında kirayə müqaviləsinin bağlanılmasını nəzərdə tutmuşdur. Məhkəmə araşdırılması zamanı isə müəyyən olunmuşdur ki, iddiaçı ilə Mənzil Komunal İstismar Sahəsi arasında hazırki gündə kirayə müqavilə bağlanılmamışdır. Məhkəmə diqqətə çatdırır ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin vətəndaşların istifadəsinə verilməsi qaydası konkret olaraq müəyyən olunmuşdur. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):

31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər.SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. 36.Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: -yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən; -iş yerində uçota götürülmüş vətəndaşlar barəsində,—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. Birinci növbədə və növbədənkənar yaşayış sahəsi almaq hüququ olan vətəndaşlar ayrıca siyahılara daxil edilirlər. Yaşayış sahəsi almaq üçün növbəlilik əmək intizamını qəsdən pozan şəxs barəsində, sərxoşluğa və ya xuliqanlığa görə dəfələrlə inzibati tənbeh yaxud ictimai təsir tədbirləri görülmüş vətəndaş barəsində, habelə törətdiyi cinayətə görə məhkum edilmiş şəxs barəsində, əkər bununla əlaqədar olaraq bu Məcəllənin 35-ci maddəsinin 5-ci bəndinə uyğun surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılmamalıdırsa, daha sonrakı müddətlərə keçirilə bilər.

45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. 51.Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. (1-ci hissə) 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; Göründüyü kimi istər dövlət, istər ictimai mənzil fondu evində yaşayış sahəsinin verilməsi haqqında qərar əsasında order vermək və həmin order əsasında vətəndaş ilə kirayə müqaviləsi bağlamaq səlahiyyəti müvafiq inzibati orqana aid hesab edilmişdir ki, yaşayış sahəsinə köçmək və ya istifadə etmək üçün sənədlərin müəssisənin özü tərəfindən verilməsi nəzərdə tutulmamışdır. Əksinə hüquq münasibətləri mövcud olduğu dövrdə qüvvədə olan qanunvericilik dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərarın mərhələli şəkildə orderin verilməsi, bundan sonra isə kirayə müqaviləsinin bağlanılması ilə şərtləndirmişdir ki, təkcə müəssisəsinin qərarı şəxsin yaşayış sahəsinə köçməsi üçün hesab edilir. Şəxsin yaşayış sahəsinə köçməsinə dair sənəd olmadığı təqdirdə isə, şəxsin həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından söhbət gedə bilməz. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi müəssisəsinin qərarı qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququnun qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd hesab edilmir. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərə malik olmamış, bununla da əmlak üzərində mülkiyyət hüquqları yaranmamışdır. Məhkəmə cavabdehin etirazda göstərdiyi mənzilin faktiki ölçülərinin hüquqmüəyyənedici sənəddə olan ölçülər ilə fərqlilik təşkil etməsinə münasibətdə bildirir ki, iddiaçının mənzil ilə bağlı hüquqmüəyyənedici sənədlərə malik olmadığından, mənzilin ölçüləri ilə bağlı əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Məhkəmə son olaraq onu da vurğulamağı zəruri hesab edir ki, mübahisəli mənzilin yerləşdiyi binada digər mənzillər üzərində fiziki şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması hazırki mübahisə üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının əsasları mülki əqdlərin mövcudluğu ilə bağlı olmuşdur. Bu səbəbdən mübahisəli mənzilin yerləşdiyi binada digər mənzillər üzərində fiziki şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması hazırki mübahisə üzrə hər hansı əhəmiyyət kəsb etmir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati orqanın hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə bağlı irəli sürdüyü faktiki şərtlə bağlı imtinası qanuni və əsaslıdır. Odur ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar