Məhkəmə qərarları › İş №2-1(112)-2565/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2565/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2565/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiya hesablanması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mərhum həyat yoldaşı X2 həqiqi hərbi xidmət dövründə istifadə edilməmiş növbəti məzuniyyət əvəzi kompensasiyanın hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-2385/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mərhum həyat yoldaşı X2 həqiqi hərbi xidmət dövründə istifadə edilməmiş növbəti məzuniyyət əvəzi 250 manat məbləğində kompensasiyanın ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən 13 iyun 2018-ci il tarixli, 9/2052 nömrəli məktubuna əsasən mərhum həyat yoldaşı X2 həqiqi hərbi xidmət dövründə (1994-cü ildən 2001-ci ilə qədər) istifadə edilməmiş növbəti məzuniyyət əvəzi kompensasiyası hərbi hissələrdən alınmış arayışlar əsasında hesablanaraq 189 gün, hər gün üçün 15 manat 30 qəpik olmaqla, təyin edilmişdir. Hesbalanmış 2890 manat, 95 qəpik (iki min səkkiz yüz doxsan manat, doxsan beş qəpik) xx.xx.2017-ci il tarixdə bankda açılmış hesaba köçürülmüşdür. Nazirliyin məktubunda 1996-cı il üçün məzuniyyət 45 gün istifadə olunmuş, 1997-ci ildə 4 gün məzuniyyət istifadə olunmadığı yazılmışdır. Sorğu nəticəsində N saylı hərbi hissədən alınmış arayışa əsasən İbrahimovun 1996-cı ildə istifadə olunmuş məzuniyyət günlərinin sayı 7, 1997-ci ildə isə 18 gün göstərilmişdir. Sənədlər arasında uyğunsuzluğa görə istifadə olunmamış məzuniyyət 61 gün olmaqla ödənilməmişdir. Əgər bir gün üçün 15 manat 30 qəpik hesablanıbsa, onda məbləğ 933 manat 30 qəpik (doqquz yüz otuz üç manat otuz qəpik) təşkil edir. Məsələni araşdırmaq üçün xx.xx.2018-ci il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsinə göndərilmiş ərizəyə xx.xx.2018-ci il tarixdə, 9/3617 nörməli məktubla cavab verilmişdir. Məktubda deyilir ki, sənədlər yenidən araşdırılması üçün N saylı hərbi hissəyə göndərilmişdir. Bu haqda məlumat veriləcəkdir.N saylı hərbi hissədən heç bir məlumat almadığı üçün xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Nəhayət xx.xx.2019-cu il tarixdə hərbi hissədən zəng edib, ona bildirilmişdir ki, bankda hesab açmalıdır. Bankda yenidən açılmış hesaba xx.xx.2019-cu ildə 673 manat olmaqla pul köçürülmüşdür. Məhkəmədən xahiş edir ki, yerdə qalan 260 manatın ona ödənilməsi barədə qərar qəbul edilsin. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli “Həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətin təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanmasına dair” protokoldan çıxarışdan görünür ki, X2 1994cü il tarixdə 36 gün, 1995-ci il tarixdə N gün, 1996-cı il tarixdə 15 gün, 1997-ci il tarixdə 22 gün, 1998-ci il tarixdə 27 gün, 1999-cu il tarixdə 30 gün, 2000-ci il tarixə 45 gün, 2001-ci il tarixdə 26 gün istifadə edilməmiş məzuniyyət müddəti olmuşdur. Həmin günlərə əsasən iddiaçıya mərhum əri X3 görə 3564.90 manat məbləğində kompensasiya hesablanmışdır. Həmin kompensasiya məbləğindən 2890.95 manat məbləğində kompensasiya məbləği ödənilmiş, 673.95 manatı isə ödənilməli olan məbləğ olmuşdur. İşdə olan iddiaçının müracəti ilə əlaqədar N nömrəli hərbi hissə tərəfindən aparılan araşdırma nəticəsində Müdafiə Nazirliyi Hüquq İdarəsinə ünvanlanmış 12 mart 2020-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, iddiaçının əri, mərhum hərbi qulluqçu X2 1994-2001-ci illərdə hərbi xidmət zamanı istifadə etmədiyi növbəti məzuniyyət günlərini müəyyən etmək üçün N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə, N və N nömrəli hərbi hissələrə müvafiq sorğular göndərilmiş və Mərkəzi Arxivin xx.xx.2017-ci il tarixli, 9/2-7N nömrəli, N nömrəli hərbi hissənin xx.xx.2016-cı il tarixli, N nömrəli, N nömrəli hərbi hissənin xx.xx.2016-cı il tarixli, 775 nömrəli arayışları əsasında kompensasiya məbləği müəyyən edilərək ödəniş protokolu tərtib edilmiş,vətəndaşın müraciətləri nəzərə alınaraq kompensasiyanın ödənilmləsi məqsədi ilə birbaşa Müdafiə Nazirliyinin İşlər İdarəsinə göndərilmişdir. Müdafiə Nazirliyi İşlər İdarəsi tərəfindən 2890 (iki min səkkiz yüz doxsan) manat 95 qəpik məbləğində kompensasiya məbləği X1 vətəndaşın adına açılmış xüsusi hesaba köçürülmüşdür. Lakin, vətəndaş İddiaçı ödənilən kompensasiya məbləği ilə razılaşmayaraq özü müstəqil şəkildə Müdafiə Nazirliyinə və hərbi hissələrə sorğular ünvanlamışdır. Kompensasiya ödənişindən sonra N nömrəli hərbi hissə tərəfindən vətəndaşa verilmiş xx.xx.2017-ci il tarixli, 1349 nörməli tam yeni məzmunlu arayışda göstərilən istifadə edilmiş məzuniyyət günlərinin sayı onun haqlı narazılığına səbəb olmuşdur. Belə ki, N nömrəli hərbi hissəyə təqdim olunan arayışda mərhum hərbi qulluqçunun 1996-1997-ci illər üçün növbəti məzuniyyətdən demək olar ki, tam istifadə etdiyi göstərildiyi halda, vətəndaşa verilən arayışda həmin günlərin sayı azaldılmış, birinci arayışda göstərilən uzun müddətli məzuniyyət dövründən çıxılaraq mərhum hərbi qulluqçunun həmin günlərdə hərbi hissə üzrə fərari olması göstərilmişdir. N nömrəli hərbi hissə tərəfindən həm N nömrəli hərbi hissəyə, həm də vətəndaşa verilmiş 1998-1999-cu illər üçün arayışlarda məzuniyyətə getmə və qayıtma tarixləri eyni olduğu halda, N nömrəli hərbi hissəyə təqdim olunan xx.xx.2016-cı il tarixli, 775 nömrəli arayışda istifadə edilmiş məzuniyyət günlərinin sayı düzgün olaraq 30 gün, vətəndaşa təqdim olunan xx.xx.2017-ci il tarixli, A-1988 nömrəli arayışda isə səhvən N gün göstərilmişdir. Vətəndaş V.R.X4 ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində 1995-ci il üçün göstərdiyi 13 gün fərq isə əsassızdır. Belə ki, Mərkəzi Arxivin xx.xx.2017-ci il tarixli, 9/2-7955 nömrəli arayışında mərhum hərbi qulluqçu R.Ş.İbrahimovun 1995-ci il üçün 13 gün məzuniyyətdən istifadə etdiyi göstərilmiş, qalan N gün isə N nömrəli hərbi hissənin tərtib etdiyi ödəniş protokolunda nəzərə alınaraq hesbalanmışdır. İddiaçı şikayət ərizəsinin təmin edilməsi məqsədi ilə yekun qərar qəbul edilməsi üçün N və N nömrəli hərbi hissələr üzrə mərhum hərbi qulluqçunun istifadə etdiyi məzuniyyət günləri barədə N nömrəli hərbi hissəyə sorğu göndərilmiş və həmin hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3311 nömrəli arayışı əsasında, həmçinin N nömrəli hərbi hissənin komissiyasının təcrübəsizliyi nəticəsində 2000-ci il üçün nəzərə alınmış 14 günlük ailə vəziyyəti ilə əlaqədar istifadə etdiyi məzuniyyət müddətinin də əvəzinə kompensasiya məbləği yenidən müəyyən edilərək ödəniş protokolu tərtib edilmiş və 673 (altı yüz yetmiş üç) manat 95 qəpik məbləğində yaranmış fərq 31 oktyabr 2019-cu il tarixdə İddiaçı Azərbaycan Beynəlxalq Bankının Nizami filialında adına açılmış xüsusi hesaba köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının istifadə etmədiyi məzuniyyət günləri düzgün hesablanmış və bununla bağlı iddiaçıya müvafiq kompensasiya məbləği tam şəkildə ödənilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi hallar isə N nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlamış məktubda öz əksini taparaq müəyyən edilmişdir ki, iddiaçıya təqdim edilmiş arayışlarda hərbi hissənin komissiyasının təcrübəsizliyi nəticəsində iddiaçının mərhum həyat yoldaşının istifadə etdiyi məzuniyyət müddətinin hesablanmasında səhvə yol verilmişdir. Lakin, N nömrəli hərbi hissə tərəfindən xx.xx.2019-cu il tarixdə protokol tərtib edilərək, iddiaçının mərhum həyat yoldaşının istifadə etmədiyi məzuniyyət müddəti və həmin məzuniyyət müddətlərinə əsasən kompensasiya məbləği yenidən hesablanaraq, iddiaçıya ödənilməli olan kompensasiya məbləği tam şəkildə ödənilmişdir. “Hərbi Qulluqçuların Statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən, ildə bir dəfə gizirlərə 35 günlük növbəti məzuniyət verilir. Hərbi qulluqçu təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinə əsasən, hərbi qulluqçu (müddətli həqiqi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar