Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2565/2021 03.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndələri X6, X2, X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «istifadə edilməyən məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «istifadə edilməyən məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi 21 il müddətdə xidmət etmiş, Göytəpə sərhəd dəstəsindən hərbi hissə komandirinin müvafiq əmri illə bölmə rəisi vəzifəsindən azad olmaqla 19 yanvar 2015-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla X10 Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsinin 1-ci maddəsinin axrıncı abzasına və «Hərbi qulluqçuların statusu haqqında» AR Qanunun 11-ci maddəsinin axrıncı abzasına uyğun olaraq hərbi hissədən tərxis olunarkən ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün müəyyən olunmuş növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı iddiaçı AR Dövlət Sərhəd Xidmətinə (ünvana çatma 9 sentyabr 2020-ci il) ərizə təqdim etmişdir. Bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət (45 gündən artıq) keçməsinə baxmayaraq, ərizəyə cavab verilməmişdir. Ona görə də bu fakt (ərizənin cavablandırılmaması) inzibati orqanın imtinası hesab edilir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 1.3-cü maddəsində göstərilmişdir ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçular və onların ailə üzvlərini Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və onların hüquqlarını məhdudlaşdırsın, buna yalnız Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarına müvafiq surətdə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 25, 149-cu maddələrinə, İPM-in 2, 12.1, 33, 68 – 73-cü maddələrinə, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinə, «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 120, 121, 124-cü maddələrinə, AR Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli qərarının müddəalarına əsaslanaraq, iddiaçıya istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının AR Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh AR Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin səlahiyyətli nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı iddiasında Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun müvafiq maddələrinə istinad edərək ona növbəti məzuniyyətin verilmədiyini və buna görə də kompensasiyanın birdəfəlik ödənilməsini göstərmişdir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsində və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin Vİİİ fəslinin (Məzuniyyətlər) 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: a) növbəti məzuniyyət; b) qısa müddətli məzuniyyət; v) xəstəliyə görə məzuniyyət; q) tədris-təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) tədris məzuniyyəti; y) yaradıcılıq məzuniyyəti; z) qadın hərbi qulluqçulara hamiləliyə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; i) əlavə məzuniyyət. Həmin Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Sözügedən Əsasnamənin 120-ci maddəsində növbəti məzuniyyətin aşağıdakılara verilməsi göstərilmişdir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına müddətli həqiqi hərbi xidmət ərzində bir dəfə 10 gün; b) müddətdən artıq həiqiq hərbi xidmət hərbi qulluqçularına hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara hər təqdim ili üçün 35 gün q) zabitlərə hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyət 3 ay müddətində verilir. Qeyd olunan əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı sonuncu xidmət yeri olan hərbi hissəyə göndərilmiş sorğuya cavab olaraq sonuncunun hərbi xidmətdən ehtiyata buraxılarkən 2015-ci ilin hesabına növbəti məzuniyyətdən istifadə etməsi, həmçinin ona təqvim ili ərzində birdəfəlik pul müavinətinin tam həcmdə ödənilməsi bildirilmişdir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların dairəsi müəyyən edilmişdir: Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3) xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7) məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X3»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla); (41.0.9) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Sabiq hərbi qulluqçu İddiaçı sözügedən Qanunun 41.0.9-cu maddəsinə uyğun olaraq (öz arzusu ilə) Dövlət Sərhəd Xidməti rəisinin 19 yanvar 2015-ci il tarixli 36 ş/h nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bundan başqa o, Silahlı Qüvvələrin ehtiyatına buraxılan zaman qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə xidmət etmiş hərbi hissəyə müraciət etməmişdir. İddiaçının tələbinə Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsində baxılmış və sonuncunun Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən aidiyyəti hərbi hissə komandirinin müvafiq əmrində heç bir qeydiyyat aparılmadığı üçün ona hər tıansı bir ödəniş olunmamışdır. Göstərilənlərə və “«Əmək pensiyası haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 15 may 2020-ci il tarixli qərarına əsaslanaraq, iddia tələbi əsassız hesab edilir və iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiay qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 2-ci maddəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinin birinci abzasında göstərilmişdir ki, hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında qeyd olunmuşdur ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 114-cü maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət; b) qısa müddətli məzuniyyət; v) xəstəliyə görə məzuniyyət; q) tədris-təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) tədris məzuniyyəti; y) yaradıcılıq məzuniyyəti; z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; i) əlavə məzuniyyət. Əsasnamənin 120-ci maddəsinə görə növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına – müddətli həqiqi hərbi xidmət ərzində – bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına – hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara – hər təqvim ili üçün 35 gün; q) zabitlərə – hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Əsasnamənin 121-ci maddəsinə görə növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Əsasnamənin 124-cü maddəsinə görə ştatlı vəzifə tutmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət verilərkən növbəti məzuniyyətin müddəti hərbi qulluqçuların müvafiq komandirlərin (rəislərin) sərəncamında olduğu ümumi müddətdən çıxılır. Buraxılma zamanı növbəti məzuniyyət verilən hərbi qulluqçuların (həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata, yaxud istefaya göndərilməklə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması növbəti məzuniyyət bitdikdən sonra işlərin və vəzifənin təhvil-təsliminə zəruri olan müddət hesaba alınmaqla həyata keçirilir. AR Nazirlər Kabineti «Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə edilməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə hərbi xidmətdə olduğunu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 2012-ci il 28 sentyabr tarixdə 217 nömrəli Qərar qəbul etmişdir. Qərarda aşağıdakılar göstərilmişdir: - (1-ci bənd) Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur; - (2-ci bənd) Müəyyən edilsin ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına «Nağdsız hesablaşmalar haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı AR Dövlət Sərhəd Xidmətində xidmətdən 21 ildən artıq qulluq etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılmşdır. Ehtiyata buraxılan ərəfədə ona 45 təqvim günü müddətinə məzuniyyət verilmişdir. İddiaçı ona «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 120-ci maddəsində nəzərdə tutulmuş 3 aylıq məzuniyyət müddətinin qalan 45 gününü istifadə etmədiyini bildirərək, ona həmin məzuniyyət günlərinin əvəzi kimi kompensasiya ödənilməsi xahişi ilə cavabdeh AR Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina olunla əsaslandırılır ki, iddiaçı qaldırılan məsələ ilə bağlı ehtiyata buraxılan zaman aidiyyəti üzrə xidmət etdiyi hərbi hissəyə müraciət etməmişdir, onun ehtiyata buraxılması barədə əmrdə ödənişlə bağlı heç bir qeydiyyat aparılmamışdır. İddiaçı hazırkı inzibati məhkəmə icraatında cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdeh AR Dövlət Sərhəd Xidmətinin dəlilləri ilə razılaşmır və aşağıdakıları vurğulayır: - iddiaçının 20 təqvim ilindən artıq xidmət etmiş hərbi qulluqçu kimi ehtiyata buraxılan zaman müvafiq ödənişin alınması ilə bağlı müraciət etməməsi, onun xidmət keçdiyi orqanı “məzuniyyət günlərinə görə kompensasiya” ödənilməsi öhdəliyindən azad etmir; - iddiaçıya 45 günlük məzuniyyət verilməsi halı, onun ehtiyata buraxılan hərbi qulluqçu kimi ümumilikdə 3 aylıq məzuniyyətə çıxmaq imkanına malik olmasını bəyan edən inzibati orqanın mövcud inzibati praktikasına münasibətini formalaşdırır; - iddiaçının ehtiyata buraxılması barədə əmrdə göstərilb-göstərilməməsi onun qanunla müəyyən edilmiş məzuniyyət hüququnu, habelə hər hansı ödəniş almaq imkanını məhdudlaşdıra bilməz; - AR Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli qərarı hərbi qulluqçulara istənilən səbəbdən istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini istisnasız mümkün sayır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh AR Dövlət Sərhəd Xidmətinin “iddiaçıya istifadə edilməmiş məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli qərarının tələblərinə müvafiq ödənilməsi”ndən imtinası formal mülahizələrə əsaslanmaqla qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının AR Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh AR Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı istifadə etmədiyi növbəti məzuniyyət günlərinin əvəzinə pul kompensasiyasının AR Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh AR Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2565/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2565/2021
03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver