Məhkəmə qərarları › İş №2-1(112)-2566/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2566/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2566/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müvafiq sənədlərin təqdim edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4əşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı olan sənədlərin - 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqaviləyə 29 yanvar 2004-cü il tarixində xitam verilməsi və həmin müqavilə ilə bağlı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 838/1-248 nömrəli qətnaməsi qəbul olunanadək ödənilən icarə haqqı ilə bağlı bütün sənədlərin, həmin tarixə kimi iş üzrə olan bütün sənədlərin; ünvan 4əşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı 429 nömrəli, xx.xx.1997-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 21 nömrəli sərəncamının və Bakı şəhəri, ünvan 1 ünvanında olan 995,7 kv.m. (Çevik İKF-nin icarəsində olmuş sahə də daxil olmaqla) qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanan 2711 nömrəli, 14 mart 2005-ci il tarixli icarə müqaviləsinin və 20 may 2005-ci il tarixli özəlləşdirmə ilə bağlı bütün sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı X4 ilə nikaha daxil olmuşdur. Nikahda olduqları dövrdə Abbasov Bala tərəfindən “Çevik” İKF təsis edilmişdir. Daha sonra 2005-ci ildə Abbasov Bala vəfat etdiyindən “Çevik” İKF-də olan təsis payı da 1-ci dərəcəli vərəsə olaraq iddiaçının mülkiyyətinə keçmişdir. Hazırki ərizəyə əlavə olunan sənədlərdən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən 560 kv.m. qeyri-yaşayış sahəsi 01 may 1995-ci il tarixli icarə müqaviləsinə əsasən “Çevik” İKF-yə verilmişdir. Həmin məsələ ilə bağlı vəkili və nümayəndəsi Vəkil tərəfindən xx.xx.2022-ci il tarixli 337/22 saylı vəkil sorğusu ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunduqda, həmin orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********22 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müqavilə ilə bağlı keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Çevik” firmasına qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbi barədə iddia qaldırılmış və 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 838/1-248 nömrəli qətnaməsi ilə iddia təmin olunmuşdur. Lakin qətnamə təqdim edilməmişdir. Qeyd edir ki, həmin məktub ilə bildirilir ki, “müqavilə müddətinin başa çatmasını nəzərə alaraq müqaviləyə xx.xx.2004-cü il tarixdən xitam verilmişdir. Beləliklə, 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqavilə üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 95329 manat 16 qəpik icarə haqqı borcu vardır.” Buna görə də, qeyd olunan məsələ ilə bağlı hal-hazırda 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqaviləyə xitam verilmə və qətnamə qəbul olunanadək ödənilən icarə haqqı ilə bağlı bütün sənədlərin tərəfindən əldə olunması zərurəti yaranmışdır. Bununla bağlı Vəkil tərəfindən 19 may 2023-cü ildə 176/23 saylı vəkil sorğusu ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Həmin sorğuya 07 iyun 2023-cü il tarixli, 3-21-3/2- 7783/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan sənədlərin surətinin məhkəmənin sorğusu əsasında aidiyyəti üzrə təqdim ediləcəkdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 17 may 2023-ci il tarixli, **********68 sayılı məktubunda isə mübahisə predmeti olan torpaq sahəsinin 20 may 2005-ci il tarixində başqa şəxs tərəfindən özəlləşdirildiyi qeyd edilmişdir. Buna görə də, həmin şəxslə bağlanan bütün müqavilələrin, sənədlərin surətinin tərəfindən əldə edilməsi zərurəti vardır. Çünki vərəsə olaraq maraqlarına toxunur. Bundan əlavə, tərəfindən daha öncəki vəkil sorğuları ilə (xx.xx.2022-ci il tarixli, 278/22 nömrəli; xx.xx.2022-ci il tarixli, 337/22 nömrəli; xx.xx.2023-cü il tarixli, 88/23 və 89/23 nömrəli) ünvan 4əşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı 429 nömrəli, xx.xx.1997-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 21 nömrəli sərəncamın surətinin göndərilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, həmin sənədin də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmə sorğusu əsasında təqdim ediləcəyi bildirilmişdir. Həmçinin 25 iyul 2023-cü ildə tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvan 4əşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün məktubla müraciət olunmuşdur. Həmin müraciətə 22 avqust 2023-cü il tarixli, 3-21-3/2-A- 0932- 8/2023 nömrəli cavab məktubu ilə tələb olunan sənədlərin verilməsində imtina olunmuşdur və sənədlərin yalnız məhkəmənin sorğusu əsasında aidiyyəti üzrə təqdim ediləcəyi bildirilmişdir. Halbuki heç bir qanun normasında tələb etdiyi sənədlərin yalnız məhkəmə sorğusu əsasında verilməsi ilə bağlı tələb yoxdur. Təəssüf ki, Əmlak Məsələləri Dövlət Xidmətində belə bir yalnış təcrübə formalaşdırılmışdır. Aşağıda qeyd olunan hüquq normalarına əsasən, hesab edir ki, tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvan 4əşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı zəruri sənədləri almaq üçün tam hüququ vardır. Buna görə də, hazırda həmin sənədlərin ona təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul olunması zərurəti yaranmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçı “Çevik” firması ilə bağlanmış yuxarıda qeyd olunan icarə müqaviləsindən irəli gələn sənədlərin məhkəməyə təqdim edilməsini xahiş etsə də, "Çevik” firmasının adından və ya mərhum əri Bala Abbasovun hüquq varisi olaraq mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 15.6-cı maddəsinə əsasən yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Eldar və Abdulla Əlibəyov qardaşları (keçmiş Timçenko) 2 ünvanında yerləşən 995.7 kv.m. qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi “Çevik” firması ilə bağlanmışdır. Hazırda iddiaçı mərhum əri Bala Abbasovun “Çevik" firmasının təsisçilərindən olduğunu qeyd etsə də, onun tərəfindən mərhum əri Bala Abbasovun hüquq varisi olaraq mirasın qəbul olunmasına dair sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, Komitə ilə “Çevik” firması arasında bağlanmış icarə müqaviləsindən irəli gələn sənədlərin iddiaçı ilə hər hansı bağlılığı olmadığından, onun həmin sənədlərin təqdim olunmasına dair tələbi əsassızdır. Bundan əlavə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, şəxsin yalnız üzərində hüquqlara malik olduğu əmlak barəsində məlumatın alınması üçün müraciət etmək hüququ nəzərdə tutulduğu halda, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Eldar və Abdulla Əlibəyov qardaşları (keçmiş Timçenko) 2 ünvanında yerləşən 995.7 kv.m. qeyriyaşayış sahəsinə dair cavabdeh qurum tərəfindən üçüncü şəxslərlə bağlanmış icarə və özəlləşdirməyə dair sənədlərin təqdim olunması xahiş olunmuşdur ki, qanunvericiliyə əsasən qeyd olunan sənədlər yalnız onların bilavasitə aid olduğu şəxslərə təqdim oluna bilər. Əlavə olaraq bildirilir ki, iddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "Bakı şəhəri, Səbail rayonu, Eldar və Abdulla Əlibəyov qardaşları (keçmiş Timçenko) 2 ünvanında yerləşən 995.7 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməklə ləğv edilməsi” barədə iddiası, onun tərəfindən müvafiq tələblə məhkəməyə müraciət etmək hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməməsi səbəbindən, Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərardadı ilə geri qaytarılmışdır. Belə ki, bundan əvvəl Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının müraciətinə 06 avqust 2008-ci il tarixli məktubla cavab verilərək, qeyd olunan qeyri-yaşayış sahəsinin Komitə tərəfindən özəlləşdirildiyi qeyd olunmuşdur (qeyd olunan hər iki sənəd hazırki məsələ ilə bağlı Xidmətə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 337/22 saylı vəkil sorğusuna əlavə olunmuşdur). Beləliklə iddiaçı Bakı şəhəri, Səbail rayonu, Eldar və Abdulla Əlibəyov qardaşları (keçmiş Timçenko) 2 ünvanında yerləşən 995.7 kv.m. qeyri-yaşayış sahəsi ilə hər hansı bağlılığı olmadığından, onu hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilmiş, iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ ilə bağlı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun çıxış edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. lk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddiaçı ünvan 4əşən “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdehin imtinasına görə “Çevik” firması arasında bağlanmış icarə müqaviləsindən irəli gələn sənədlərin iddiaçı ilə hər hansı bağlılığı olmadığından ona müvafiq sənədlərin verilməsindən imtina edilmişdir. İddiaçı hazırda cavabdehin bu cavabını mübahisələndirərək onun sorğusuna cavab verilməsini xahiş edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillər aşağıdakı hüquqlara malikdirlər: öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: maddə 3.0.1. informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; maddə 3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər; maddə 3.0.6. informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət; maddə 7.1. Maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya (bundan sonra sənəd) hesab olunur. maddə 15.1. Yazılı informasiya sorğusunda aşağıdakılar göstərilməlidir: 15.1.1. sorğuçunun adı və soyadı; 15.1.2. sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı; 15.1.3. informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi); 15.1.4. sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri; 15.1.5. informasiyanın təqdim edilmə forması. İddiaçının cavabdehə ünvanladığı sorğudan görünür ki, o ünvan 4əşən 587.61 kv.m. olan “Çevik” firmasına məxsus qeyri-yaşayış sahəsi ilə bağlı olan sənədlərin:

1. 429 nömrəli, 04 dekabr 1997-ci il tarixli müqaviləyə 29 yanvar 2004-cü il tarixində xitam verilməsi və həmin müqavilə ilə bağlı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 838/1-248 nömrəli qətnaməsi qəbul olunanadək ödənilən icarə haqqı ilə bağlı bütün sənədlərin, həmin tarixə kimi iş üzrə olan bütün sənədlərin;

2. 429 nömrəli, xx.xx.1997-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004-cü il tarixli, 21 nömrəli sərəncamının;

3. həmin ünvanda olan 995,7 kv.m. (Çevik İKF-nin icarəsində olmuş sahə də daxil olmaqla) qeyri-yaşayış sahəsi ilə bağlı başqa şəxslə bağlanan 2711 nömrəli, 14 mart 2005-ci il tarixli icarə müqaviləsinin və 20 may 2005-ci il tarixli özəlləşdirmə ilə bağlı bütün sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. Yəni informasiya sahibi müəyyən bir fəaliyyət həyata keçirir və bunun nəticəsində müəyyən bir informasiya hasil edir. Bundan əlavə iddiaçının sorğusundan görünür ki, o qeyri-müəyyən adda və sayda sənədin ona təqdim edilməsini xahiş edir. Halbuki informasiya sorğusunda sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri göstərilməlidir. İddiaçı “bütün sənədlər” ifadəsindən istifadə etməklə, informasiya sahibini həmin informasiyanın növünü (açıq və alınması məhdudlaşdırılan informasiya olub olmaması, xidməti istifadə üçün nəzərdə tutulub tutulmaması) müəyyən etmək və tələb olunan informasiyanı qiymətləndirmək imkanından da məhrum edir. İddiaçının vəkilinin peşəkar hüquqi yardım fəaliyyətini həyata keçirən şəxs olması nəzərə alındıqda, onun müvafiq hüquqi yardım göstərmək üçün hansı məlumatları tələb etdiyini bilməsi gözlənilir və hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək hüququna malik olması onun qeyri-müəyyən sayda və dairədə məlumat əldə etmək hüququna malik olması kimi qiymətləndirilə bilməz. Belə ki, informasiya əldə etmək hüququ mütləq hüquq olmamaqla, müəyyən məhdudiyyətləri ehtiva edir və bu hüququn həyata keçirilməsi hər bir halda qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla informasiya sahibinin üzərinə həddən artıq yük qoymamalıdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21. İnformasiya sorğusunun icra edilməsindən imtina 21.1. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: 21.1.1. sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; 21.1.2. informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; 21.1.3. sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda. Maddə 23. İnformasiya sorğusunun aidiyyəti üzrə göndərilməsi 23.1. Sorğu edilən informasiya informasiya sahibində yoxdursa, o, aidiyyəti informasiya sahibini müəyyənləşdirməli və informasiya sorğusunu ləngitmədən, lakin 5 iş günündən gec olmayaraq ona göndərməli, bu barədə sorğuçuya məlumat verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir. İddiaçının hüquqi marağına görə o, ölmüş şəxsə məxsus olduğunu iddia etdiyi firmaya dair gələcəkdə müvafiq orqanın üzərinə müəyyən öhdəliklərin qoyulmasını tələb edəcək. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianın irəli sürülməsi üçün subyektiv hüquq daşıyıcısı deyildir. Belə ki, iddiaçı mərhum əri Bala Abbasovun “Çevik" firmasının təsisçisi olduğunu qeyd etsə də, iddiaçının “Çevik" firması ilə bağlılığını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə sorğusu ilə Dövlət Vergi Xidmətindən alınmış məlumata görə isə “Çevik" firmasının təsisçisinin X3 olduğu bildirilmişdir. Göründüyü kimi, cavabdehlə “Çevik” firması arasında bağlanmış icarə müqaviləsindən irəli gələn sənədlərin iddiaçı ilə hər hansı bağlılığı olmadığından, onun həmin sənədlərin təqdim olunmasına dair tələbi mümkünsüzdür. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda qeyd olunan hallarla bağlı hazırki iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ olmadığı üçün o, cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz. Odur ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar