Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2567/2020 02.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə X2rşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2019-cu il tarixli, **********4 nömərli imtinasının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 X6 X12 ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinadən 25 il ümumi sosial stajının tamam olduğu və həmin müddətin 12 il 6 ayını qaynaqçı kimi işlədiyini nəzərə alaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2015-ci il tarixdən hal-hazıradək ödənilməli pensiyanın birdəfəlik ödənilmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli, **********4 nömrəli məktubla bundan imtina etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla ona bildirilmişdir ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli, **********4 nömrəli məktubunda onun 25 il stajı olmadığını və güzəştli iş stajının 12 il 6 ayından azının təşkil etdiyini qeyd etsə də bunu əsaslandırmamışdır. Belə ki, tərəfindən cavabdeh inzibati orqana təqdim edilmiş əmək kitabçasından da görünmüşdür ki, onun 31 il iş stajı var. O, xx.xx.1988-ci il tarixdə xxxx Birliyinin baş mexanika şöbəsinin mexaniki təmir sexinə barama istehsalatı üzrə 3-cü dərəcəli çilingər qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə “xxxx” ATSC-nin baş mexanika şöbəsinə müvəqqəti qaynaqçı qəbul edilmişdir. xx.xx.2015-ci il tarixdə onun işlədiyi peşə elektrik və qaz qaynaqçısı adlandırılmışdır. xx.xx.2018-ci il tarixdə öz ərizəsi əsasında işdən azad edilərək elə həmin tarixdə energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. Beləliklə göründüyü kimi onun hal-hazıradək 31 il iş stajı var. Həmçinin onun iş stajının 12 il 6 ayından çoxu güzəştli iş stajina aiddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına görə çilingər və elektrik və qaz qaynaqçısı Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısındadırlar. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il siğorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçının x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq şifahi məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilib iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Şəki şəhərində doğulmuşdur. - Şəki şəhər İcra Hakimiyyətinin “Dağ Dibi” məhəllə nümayəndəliyinin 214 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Şəki şəhər, N.Nərimanov küçəsi 82 saylı evdə yaşayır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilə qədər xxxx birliyinin baş mexanika şöbəsinin mexaniki təmir sexinə barama istehsalatı üzrə 3,4,5 və 6-cı dərəcəli çilingər, xx.xx.2001-ci ildən xx.xx.2018-ci ilə qədər “xxxx” baş mexanika şöbəsinə müvəqqəti qaynaqçı, 6-cı dərəcəli elektrik və qaz qaynaqçısı vəzifələrində işləmiş, xx.xx.2017-ci ildən hal-hazıra qədər “xxxx” MMC-də energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı vəzifəsində işləyir. - “xxxx” ASC-nin 67 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli fermanının 1.3.-cü yarım bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş istehsalatın sexlərində və istehsalatında işləyib. Energetika və mexanika sahəsində elektrik qaz qaynaqçısı xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2003-cü ildən halhazıradək işləyir. Qeyd: 2015-ci ilin X-Xİİ, 2016-cı ilin İ-İİİ aylarında əmək haqqı almamışdır. - “xxxx” ASC-nin 68 №-li, xx.xx.2019-cu il tarixli arayışlarından görünür ki, İddiaçı həqiqətən “xxxx” ASC-nin (Şəki “xxxx” Şirkətinin) baş mexanika şöbəsinin mexaniki təmir sexində baramaaçan istehsalatı üzrə çilingər, “xxxx” MMC-nin Energetika və mexanika sahəsində elektrik və qaz qaynaqçısı, “xxxx” ASC-nin Baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı vəzifələrində işləməklə müvafiq olaraq 1991-ci ildən 2019-cu il tarixədək əmək haqları almışdır. - “xxxx” ASC-nin 09 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlanan məktubundan və ona əlavə edilmiş arayışlardan görünür ki, müəssisədə elektrik və qaz qaynaqçısı işləmiş X3 adına 2018-ci ilin avqust ayına kimi verilmiş hesablanmış əmək haqqına dair arayışlarda göstərilmiş əmək haqqılarına hesablanmış və əmək haqqından tutulmuş DSMF-yə sığorta haqqları tam ödənilmişdir. “xxxx” ASC-nin DSMF-yə olan borcu 2018-ci ilin avqust ayından sonra hesablanan borclardan ibarətdir. İddiaçı 1991-ci ilin yanvar ayından 2001-ci ilin may ayına qədər “xxxx” ASC-nin baş mexanika şöbəsinin mexaniki təmir sexində baramaaçan istehsalatı üzrə çilingər, 2002-ci ilin avqust ayından 2015-ci ilin sentyabr ayına qədər “xxxx” ASC-nin baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı, 2016-cı ilin aprel ayından 2018-ci ilin avqust ayına qədər “xxxx” ASC-nin Baş mexanika və Baş energetika şöbəsində elektrik və qaz qaynaqçısı peşələrində işləmiş və qeyd olunan tarixlər üzrə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondunun Sosial Sığorta və Fərdi uçot X12 tərəfindən məhkəməyə ünvanlanmış **********5 №-li, xx.xx.2020-ci il tarixli məktubdan və ona əlavə olunmuş sığortaolunanın hesabından görünür ki, "xxxx" ASC-nin (SUN: **********9, VÖEN: **********) 2006-2018-ci illər üzrə “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə İddiaçı (SSN: **********039) xx.xx.2006xx.xx.2015, xx.xx.2016-xx.xx.2018-ci illər üzrə hesablanmış əmək haqqı 33945,22 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları 8394,03 manat olmuşdur. Məlumat üçün bildirilmişdir ki, “xxxx” ASC tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi’nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesablan” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Qeyd: xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığortası üzrə hesabat “X1 Sistemi”nə köçürülməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********4 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2017-ci il tarixə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2017-cı ilə qədər 57 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2017-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının işlədiyi «qaz qaynaqçısı» peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının «Ümumi peşələr» adlanan 35-ci Bölməsinin «qaz qaynaqçısı» peşəsinə uyğun olmaqla 28 il 9 ay 20 gün ümumi və 14 il 5 ay 4 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi hər üç hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “xx.xx.2015-ci il tarixdən ödənilməli pensiyanın birdəfəlik ödənilməsi hissəsində rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2019-cu il tarixdə müraciət edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı ildən etibarən keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı ildən etibarən keçmiş dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 X6 X9 həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova