Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2567/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Valideyinləriylə - atası X16, X3yla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yaşamışdır. 1974-cü il tarixindən 1976-cı il tarixinədək Azərbaycan Respublikası keçmiş (Azərbaycan SSR) - hərbi xidmətində olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra 12.07.1984-cü il tarixində X6 ilə nikaha girmiş və həmin qeydiyyat şöbəsinin kitabında 475 saylı qeyd aparılmışdır. Həmin nikahdan iki qız övladı olmuşdur. Anası X1 ürək-damar çatışmazlığından 18 avqust 1998-ci il tarixində Bakı şəhəri, keçmiş Əzizbəyov rayonu, Binə qəsəbəsində dünyasını dəyişmişdir. Anasının ölümündən sonra o, Rusiya Federasiyasına işləmək qərarı ilə yola düşmüşdür. Uzun müddət orada işləməyinə baxmayaraq hər dəfə ailəsini görmək məqsədi ilə Bakıya gəlir və bir müddət sonra yenidən Rusiya Federasiyasına qayıdırmış. İddiaçı Rusiya Federasiyasında uzun müddət işlədiyinə görə ona Rusiya vətəndaşlığı verilmişdir. 02.02.2003-cü il tarixində atası X16 KÜDÇ səbəbindən dünyasını dəyişmişdir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə doğum haqqında şəhadətnamənin yenidən verilməsi ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin 21 aprel 2021-ci il tarixində № 05/15-375 saylı doğum haqqında şəhadətnamənin verilməsi şöbədə mümkün olmayacağı bildirilmişdir. Halbuki, iddiaçı Azərbaycan Respublikasında doğulmuş və uzun müddət ailəsiylə birlikdə yaşamışdır. Odur ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı 26.02.2022-ci il tarixli, 05/13-250 nömrəli məktubunda məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 19 dekabr 2013-cü il tarixdə verilmiş AZ-İ № 636502 nömrəli ölüm haqqında şəhadətnamənin (təkrar) surətindən görünür ki, X16 02.02.2003-cü ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.02.2003-cü ildə 150 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsi tərəfindən 18 avqust 1998-ci il tarixdə verilmiş V-ЖГ № 292810 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25.07.1998-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18.08.1998-ci ildə 98 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 12.07.1984-cü il tarixdə verilmiş İİİ-ЖГ № 394410 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 12.07.1984-cü ildə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12.07.1984-cü ildə 475 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əkbərov, arvada Əkbərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 23.01.1986-cı il tarixdə verilmiş Xİ-ЖГ № 348218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 05.01.1986-cı il tarixdə doğulmuş X10 atası İddiaçı, anası isə X2r. İş materiallarına əlavə edilmiş 26.07.1991-ci il tarixdə verilmiş XVİ-ЖГ № 274134 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.07.1991-ci il tarixdə doğulmuş X12 atası İddiaçı, anası isə X5r. İş materiallarına əlavə edilmiş 21.01.1988-ci il tarixdə verilmiş Xİİİ-ЖГ № 288264 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 29.07.1987-ci il tarixdə doğulmuş X13 atası İddiaçı, anası isə X5r. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 09.05.1976-cı ildə hərbi xidmətə çağırılmış, 28.06.1978-ci ildən tərxis edilmişdir. İş materiallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş İddiaçı 27.09.1993-cü il tarixli, 42 № ******* nömrəli SSR pasportu verilmişdir. İş materiallarından görünür ki, 08.03.1957-ci il təvəllüdlü Azərbaycan SSR Bakı şəhərində doğulmuş İddiaçı Rusiya Federasiyasının 28.10.2002-ci il tarixli, 372-004 nömrəli pasportu verilmişdir. İş materiallarından görünür ki, xx.xx.1957-ci ildə Azərbaycanda doğulmuş İddiaçı Rusiya Federasiyasının 27.06.2005-ci il tarixli, 62 № ******* nömrəli pasportu verilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin 26.01.2022-ci il tarixli, 05/13-1484 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı məxsus doğum haqqında akt qeydindən müəyyən edilir ki, İddiaçı - doğulduğu tarix xx.xx.1957, doğulduğu yer Bakı şəhəri, atası X16, X3dır. Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanlandığı 21.04.2021-ci il tarixli, 05/15-375 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydaların 1.14cü bəndinə əsasən şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göstərilənlərlə əlaqədar bildirilir ki, sizin şəxsiyyətinizi təsdiq edən şəxsiyyət vəsiqəniz olmadığından doğumunuz haqqında təkrar şəhadətnamənin verilməsi şöbədə mümkün deyildir. Müvafiq sənədin verilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqında təkrar şəhadətnamə ilə təmin olunacaqsınız. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin sadalanan hallarından görünür ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərini rəhbər tutmaqla iddiaçının şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından müraciətin təminindən imtina etmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: -1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. -9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. -9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. İşin hallarından müəyyən olur ki, iddiaçının doğumu barədə akt qeydi mövcuddur, akt qeydinə əsasən İddiaçı, atası X16, X3 olmaqla Bakı şəhərində doğulmuşdur. Akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir. Eyni zamanda iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən digər qeydiyyat sənədləri - nikah haqqında şəhadətnamə, hərbi bilet, SSR, RF pasportları, X8 ilə birgə nikahından doğulmuş uşaqların doğum haqqında şəhadətnamələrində qeydlər mövcuddur. Bir dəfə doğum haqqında şəhadətnamə verilmiş, lakin iddiaçı həmin şəhadətnaməni itirdiyini bildirir. Qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməmiş, ölüm haqqında akt qeydi tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını da nəzərə almamışdır. Belə ki, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir və yaxud iddiaçını təmsil edən şəxsə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkündür ki, təmsil etmə üçün tələb olunan etibarnamə özü də şəxsiyyət vəsiqəsi əsasında verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2567/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2567/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver