Məhkəmə qərarları › İş №2-1(112)-2568/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2568/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2568/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (bundan sonra – Nizami RPİ) qarşı «iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra iddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirir ki, o (İddiaçı), cavabdeh Bakı şəhəri Nizami RPİ-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının ünvan 1 ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda iddiaçının irəli sürdüyü tələbin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evi özbaşına tikili olsa da, iddiaçı hazırda həmin evi öz adına rəsmilləşdirilməsi proseduruna başlamaq niyyətindədir. Həmin evin layihəsinin hazırlanması barədə iddiaçı “xxxx” MMC-yə sifariş vermişdir. “xxxx” MMC isə iddiaçının sifarişi əsasında həmin evin layihəsini hazırlamış və təsdiq etmişdir. MMC-nin təqdim etdiyi həmin layihəsində də qeyd olunmuşdur ki, ünvan 2 ünvanda inşa edilmiş fərdi yaşayış evi hazırki iş üzrə İddiaçı məxsusdur, iddiaçı həmin fərdi yaşayış evində yaşamış və yaşamaqda da davam edir. Sözügedən ünvan üzrə göstərilən kommunal xidmətlərə görə haqq da İddiaçı tərəfindən ödənilir. İddiaçı yaşadığı yer üzrə heç bir əsas olmadan qeydiyyatdan çıxarılmasının qanunsuz olması və yenidən həmin ünvana qeydiyyata alınması ilə bağlı cavabdeh Bakı şəhəri Nizamı RPİ-yə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 24 iyun 2020-ci il tarixli məktubunda iddiaçının müraciətinin müsbət həllindən imtina edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, iddiaçının ərizədə göstərilən ünvana qeydiyyata alınması üçün «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən qeydiyyat üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və müikiyvətçinin razılıq ərizəsi inzibatı orqana təqdim olunmalıdır. Hesab olunur ki, cavabdeh inzibati orqanın iddiaçının həm qeydiyyatdan çıxarılması, hazırda isə eyni ünvan üzrə qeydiyyatının bərpasından imtinası əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçı yaşadığı həmin ünvan üzrə qeydiyyatda olmuşdur. Lakin sonradan cavabdeh inzibati orqan buna heç bir qanuni əsas olmadan, iddiaçının məlumatı və razılığı olmadan onu həmin ünvandan qeydiyyatdan çıxarmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İddiaçı yaşadığı və qeydiyyatda olduğu ünvan 2 ünvan barədə məlumatı müxtəlif dövlət və qeyridövlət orqanlarına vermiş və həmin orqanlardan iddiaçıya gələn yazışmalar sözügedən ünvan üzrə iddiaçıya çatdırılmışdır. Lakin sonradan cavabdeh inzibati orqanın iddiaçını həmin ünvandan qanunsuz olaraq qeydiyyatdan çıxarması, iddiaçını başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinin qarşısını almışdır. Qeyd olunanlara əsaslanaraq hesab edilir ki, iddiaçının ünvan 2 ünvandan yaşayış yeri üzrə cavabdeh inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması qanunsuz hesab edilməli, iddiaçının həmin ünvan üzrə qeydiyyata alınması (qeydiyyatının bərpa edilməsi) öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» AR Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə, İPM-in 2.2.2, 4.1, 12.1, 73.1-ci maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Nizami RPİ-nin iddiaçının ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması hərəkətlərinin qanunsuz sayılması və onun həmin ünvana qeydiyyata alınması (qeydiyyatının bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdeh Bakı şəhəri Nizami RPİ-nin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır, qurumun məhkəməyə ünvanlanmış 4 dekabr 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, məhkəmənin qəbul edəcəyi qərar icraya yönəldikdən sonra RPİ tərəfindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı X5 cavabdeh Bakı şəhəri Nizami RPİ-yə və üçüncü şəxs İddiaçı qarşı üçüncü şəxsin ünvan 4 ünvanda yerləşən evdən qeydiyyatdan çıxarılmasından imtinanın qanunsuz sayılması və həmin şəxsin sözügedən ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3587/2019 saylı iş üzrə 10 dekabr 2019-cu il tarixli qərarı ilə X3 iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-688/2020 saylı iş üzrə 10 mart 2020-ci il tarixli qərardadı ilə X3 apellyasiya şikayəti qismən təmin edilərək, 2 sylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3587/2019 saylı iş üzrə 10 dekabr 2019cu il tarixli qərarı ləığv edilmiş və iddia mümkün sayılmamışdır. İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı ünvan 5 ünvanındakı evdə qeydiyyatda olmuşdur. X5 onun həmin evdən qeydiyatdan çıxarılması tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmənin yekun aktı ilə məhkəmə iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəlmiş və iddianın mümkün saymamışdır. Bunda sonra İddiaçı cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RPİ tərəfindən qeydiyyatda olduöu həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir və sözügedən ünvana özünün qeydiyyatının bərpa olunmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. AR Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: - 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - 3) ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; - 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; - 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» AR Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Məhkəmə qeyd edir ki, hazırkı işin hallarına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, 4/23a saylı evdən qeydiyyatdan çıxarılması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığı halda, cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RPİ onu həmin eüvdən qeydiyyatdan çıxarmaqla qanunsuz hərəkətlərə yol vermişdir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatında iddiaçının həmin ünvana qeydiyyata düşməsinin əsasının mövcudluğundan asılı olmayaraq, qeydiyyata alınması üçün əsas olmuş sənəd və məıumatların həqəqətə uyğun olmaması və bununla bağlı qanunsuz hərəkətlərə yol verilməsinə dair qanuni qüvvəyə minmiiş məhkəmə aktının, habelə onun qeydiyyatdan çıxarılması üçün əsas olan digər sənəd və dəlillərlə əlaqədar cavabdeh Bakı şəhəri Nizami RPİ heç bir sübut və arqument təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının qeydiyyatda olduğu ünvana qeydiyyatının bərpa olunması barədə tələbi əsaslı sayılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Nizami RPİ-nin İddiaçı ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması hərəkətləri qanunsuz sayılmalı və İddiaçı Telman qızının həmin ünvana qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nizami RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 16.2, 23.1, 58.7, 75, 78–79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Nizami RPİ-nin İddiaçı ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması hərəkətləri qanunsuz sayılsın. İddiaçı Telman qızının ünvan 2 ünvanına qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nizami RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar