Məhkəmə qərarları › İş №2-1(112)-2568/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2568/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2568/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ masivində yerləşən “263” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X2 xx.xx.1987-ci il tarixli, 17/310 saylı qərarı ilə Bakı Şin Zavodunun 358 nəfər işçisinə bağçılıq təsərrüfatının inkişafı üzrə Zirə qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Bakı Şin Zavodu müdiriyyətinin, zavod HİK və “Şinçi” Bağçılıq Cəmiyyəti İdarə Heyəti ilə birlikdə keçirdiyi iclasın xx.xx.1988-ci il tarixli, 02 saylı protokolundan görünür ki, ona 6 sot ölçüsü olan 263 nömrəli bağ sahəsi ayrılmışdır. Bakı Şin Zavodunun Həmkarlar Komitəsinin “Şinçi” Bağçılıq Cəmiyyəti İdarəsinin tərtib etdiyi siyahıda 263 nömrə ilə qeyd edilmiş və müvafiq olaraq bağçılıq üzvünün kitabçası verilmişdir. Uzun müddət onun sahiblik və istifadəsində olan 6 sot bağ sahəsinə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən İdarənin arxivində olan məlumatlara əsasən bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adının aşkar olunmamasına istinad edilməklə imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, bağ sahəsi Bakı şəhər XKSİK-nin xx.xx.1987-ci il tarixli qərarı ilə Bakı Şin Zavodunun işçiləri üçün ayrılmış və o cümlədən də, ona Şin Zavodunun işçisi kimi 236 saylı, sahəsi 6 sot olan torpaq sahəsi ayrılmış və üzvlük kitabçası verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən “263” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş **********78 saylı, xx.xx.2024 tarixli, cavab məktubla ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin bir hissəsindən yüksək gərginlikli elektrik xətti keçir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətindən təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-29978/2024 nömrəli məktubla imtina edilmişdir.

9. Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2016-cı il tarixli **********56 nömrəli məktubla “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin arxiv qovluğunda saxlanılan 01 mart 1999-cu il tarixli siyahının təsdiq edilmiş surəti göndərilmişdir. Həmin siyahıdan müəyyən edilmişdir ki, “263” nömrəli bağ sahəsinin sahibinin adının qarşısında iddiaçının adı “İddiaçı” əvəzinə “X3” qeyd edilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə ona məxsus əmək kitabçasının surəti, “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyətinin sxematik xəritəsi, Bakı Şəhər İcraiyyə Komitəsinin 17/310 nömrəli, 7 avqust 1987-ci il tarixli qərarı, Bakı Şin Zavodu Müdiriyyətinin zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi iclasın 02 saylı 25 noyabr 1988ci il tarixli protokolundan çıxarış və üzvlük kitabçası təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X1 ailəsinə püşk əsasında Zirə qəsəbəsi, şosse yolundan 1300 m qərbə, Türkan tərəfdə yerləşən, “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyətində sahəsi 600 kv.m olan 263 nömrəli bağ sahəsi ayrılmışdır. Bağ sahəsinə dair iddiaçının adına üzvlük kitabçası verilmiş, o cümlədən, həmin bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmışdır.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-43951/2024 **********51 nömrəli məktubla “Şinçi” bağçılıq-yoldaşlığına aid arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən təkrarən müəyyən edilmişdir ki, “Şinçi” bağçılıqyoldaşlıq cəmiyyəti üzvlərinin arxiv qovluğunda saxlanılan 01 mart 1999-cu il tarixli siyahıda “263” nömrəli bağ sahəsinin sahibinin adının qarşısında iddiaçının adı “İddiaçı” əvəzinə “X3” qeyd edilmişdir.

12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən müəyyən edilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahəsi isə 0.0762 ha-dır (162 kv.m artıqdır). Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb, darvaza var. Bağ sahəsində A- 2 mərtəbəli bağ evi, köməkçi və həyət tikililəri var. Cənub tərəfdən bağ sahəsindən 7.4-7.6 metr məsafədən yüksək gərginlikli elektrik xətti keçir – 6 kV. Artıq torpaq sahəsinin bir hissəsi mühafizəyə düşür, lakin 600 kv.m mühafizə zonasına düşmür.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 12-ci maddəsinə əsasən (Bərabərlik prinsipi). 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. İşin hallarından göründüyü kimi, Bakı Şəhər İcraiyyə Komitəsinin 17/310 nömrəli, 7 avqust 1987-ci il tarixli qərarı ilə Bakı Şin Zavodunun 358 nəfər işçisinə bağçılıq təsərrüfatının inkişafı üzrə Zirə qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Bakı Şin Zavodu Müdiriyyətinin zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi iclasın 02 saylı 25 noyabr 1988-ci il tarixli protokolundan çıxarışa əsasən iddiaçıya püşk əsasında Zirə qəsəbəsi, şosse yolundan 1300 metr qərbə, Türkan tərəfdə yerləşən, “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyətində sahəsi 600 kv.m olan 263 nömrəli bağ sahəsi ayrılmışdır. Bağ sahəsinə dair iddiaçının adına üzvlük kitabçası verilmiş, o cümlədən, həmin bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmışdır. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyətin üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmadığına istinad etməklə imtina edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş etiraz ərizəsində əlavə olaraq iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsindən yüksək gərginlikli elektrik xəttinin keçməsinə istinad etmişdir.

23. Məhkəmə cavabdehin imtinasının və etirazının dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İlk öncə iddiaçıya mübahisəli bağ sahəsinin ayrılmasına dair Bakı Şin Zavodu Müdiriyyətinin zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə keçirdiyi iclasın 02 saylı 25 noyabr 1988-ci il tarixli protokolundan çıxarış mövcuddur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin tələblərinə əsasən həmin protokoldan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır və normada protokoldan çıxarışın bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsi ilə bağlı hansı bir imperativ tələb mövcud deyildir. - Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçıya bağ sahəsinin ayrılması barədə protokoldan çıxarış mövcud olmasa idi belə, “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən həmin bağ sahəsinə dair iddiaçıya bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlük kitabçası verilmişdir və qanunun tələblərinə əsasən həmin sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Belə ki, cavabdehin dəlilinin əksinə, iş materiallarında olan, cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısına keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adı həmin siyahıda mövcuddur. Lakin, siyahıda bağ sahəsinin nömrəsinin qarşısında iddiaçının adı yanlışlığa yol verilməklə “Ağazər” deyil, “Azər” şəklində qeyd edilmişdir. Məhkəmə hesab edir ki, siyahıda iddiaçının adında yol verilmiş texniki səhv onun iradə ifadəsindən asılı olmayaraq baş verdiyindən iddiaçının ziyanına şərh edilə bilməz. - Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasında yerləməsinə istinad edilsə də, iş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən müəyyən edilmişdir ki,torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahəsi isə 0.0762 ha-dır (162 kv.m artıqdır). Cənub tərəfdən bağ sahəsindən 7.4-7.6 metr məsafədən yüksək gərginlikli (6 kV) elektrik xətti keçir. Artıq torpaq sahəsinin bir hissəsi mühafizəyə düşür, lakin 600 kv.m mühafizə zonasına düşmür.

24. Göründüyü kimi, cavabdehin imtinasının və etirazının dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.

25. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən iddiaçının sözügedən bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ masivində yerləşən, sahəsi 600 kv.m təşkil edən “263” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestridən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar