Məhkəmə qərarları › İş №2-1(112)-2569/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2569/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2569/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1960-ci ilin 11 iyun tarixində anadan olmuşdur. 1978-ci ildə Çingiz İldırım adına poltexnik (indiki Texniki) Univeristerə qəbul olaraq, 1978-ci il tarixdə bitirmişdir. 1983-cü ilin 12 avqust ayından etibarən əmək fəaliyyətinə başlamış və xx.xx.1989-cü il tarixə qədər işləmişdir. Bundan sonra isə xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixinə qədər işləmişdir. Bundan başqa xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinə qədər Nəsimi rayonu, 162 nömrəli körpələr evi uşaq baxçasında işləmişdir. Bunla bağlı o, müvafiq stajının 25 ildən çox olduğu əsası ilə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilatdan verilən 26 iyul 2024-cü il tarixli pensiyanın təyin olunmasından imtina edilməsi haqqında məktubla bildirilmişdir ki, onun 25 il sığorta stajı olmamış və 2014 və 2015-ci illər üçün təqdim edilən məcburi dövlət sosial sığorta stajı haqqı üzrə sığortaolunanlar haqqında hesablarında iddiaçının məlumatları qeyd olunmadığı müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, həmin imtina tam qanunsuz və əsassızdır. Hazırkı iş üzrə mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. Cavabdehin imtinasında və məzmun baxımından ona əsaslanır ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək iş stajının yoxlanılması zamanı sosial sığorta haqlarının ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən həmin dövrləri əhatə edən müddət iddiaçının sosial sığorta stajına hesablana və iddiaçıya tələb olunan əmək pensiyası təyin edilə bilməz. Bununla bağlı qanunverciliyin yuxarıda qeyd ediən tələblərinə əsasən, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və buna görə iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin yuxarıda göstərilən normaya görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Nəzərə almaq lazımdır ki, məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə qanunverici tərəfindən silinməsi iddiaçının işlədiyi müəssisəyə münasibətdə də qüvvədədir və ona da şamil olunmalıdır. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, sosial sığorta ödəyiciləri də həmin tənzimləmənin təsir dairəsi ilə əhatə olunur və bu baxımdan qeyd edilən dövrə aid sosial sığorta haqları üzrə borclar sığorta ödəyicilərinə münasibətdə də silinmiş sayılmalıdır. Beləliklə, iddiaçının 1992-ci ildən 2000cı il tarixədək işlədiyi illərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi səbəbi ilə sığorta stajına daxil edilməsindən cavabdehin imtinası qanunaziddir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin qanunla tələb olunana sosial sığorta stajı olmadığından müraciəti müsbət həll etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixinədək qadınların pensiya yaş həddi 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.İddiaçı təqdim etdiyi sənədlərin surətində əks edilmiş məlumatlara əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı illərdə nəzərə alınmaqla onun 22 il 04 ay 17 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunur ki, İddiaçı əmək kitabçasında xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək əmək fəaliyyətinin olduğu qeyd edilsə də, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvraın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək pensiyalarına keçirilməsinə yol verilmir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə (xx.xx.2014-cü il tarixdə xx.xx.2015-ci il tarixədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı əks olunacağı halda) avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq xidməti məktubuna əsasən bildiririk ki, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində İdarənin 2014 və 2015-ci illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı adının qeyd olunmadığı müəyyən olunmuşdur. Məlumat üçün bildiririk ki, sığortaedən Bakı Şəhər İcra Hakimiyyətinə (SUN: **********5) xx.xx.2024-cü il tarixdə 3-17-1/2-42168/2024 nömrəli məktub göndərilmiş, Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli 3-17-1/1-82076/2024 nömrəli cavab məktubunda hüquqi varisi olduğu İdarənin 2014 və 2015-ci illərə dair əmr kitablarında yalnız “müdir” vəzifəsində işləyənlərin adının qeyd olunduğu üçün iddiaçının məlumatlarının sözügedən illərə dair əmr kitablarında qeyd olunmadığını və fərdi şəxsi hesabımda müvafiq düzəlişlərin edilməsi üçün tələb olunan sənədləri təqdim edə bilməyəcəklərini bildirmişdir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçıya məxsus AA******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 106 ünvanında qeydiyyatdadır. -ИТ – İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək mexanik, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək təlimi müəllimi vəzifəsində; xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 162 №-li uşaq bağçasında aşbaz vəzifəsində işləmişdir. -Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 3-52/2-S-154-112/2023 saylı, xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sənədləri arasında Nəsimi rayonu, 162 saylı uşaq bağçasında aşbaz vəzifəsində işləyən İddiaçı adına 2014 (oktyabr, noyabr və dekabr) və 2015 (yanvar-sentyabr) illəri üzrə maaş hesablanmışdır. Beləliklə, işin faktiki hallarından və məhkəmə iclaslarında tərəflərin izahatlarından müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun ümumi iş stajının 22 il 4 ay 17 gün olmasını və avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığına istinad etmişdir. İddiaçı isə cavabdehin imtinası ilə razılaşmır və iddia ərizəsinin əsaslandırılmasında qeyd edir ki, onun ümumiş iş stajı 25 ildən çox təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, qadınların yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Məhkəmə qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023 qadınların pensiya yaşı 63 yaş müyyən edilmişdir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğundan onun xx.xx.2023-cü il tarixdə 63 yaşı tamam olmuşdur. Göründüyü kimi yaş şərti ilə bağlı hər hansı mübahisə yoxdur. Ümumi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı dövr nəzərə alınmaqla ümumi iş stajı 22 il 4 ay 17 gün təşkil edir. Cavabdeh iddiaçının 2014 və 2015-ci illərdə işlədiyi müddəti sığorta stajına daxil etmir və bu halı onunla əsaslandırır ki, iddiaçının işlədiyi həmin müddət üzrə məcburi sosial sığorta haqları ödənilməmişdir. Həmin dövrün sığorta stajına daxil edilməsi isə istisna olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Sosial sığorta haqqında” Qanunla hər üç subyektin hüquq və vəzifələri müəyyən edilmişdir. Hazırkı mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən dövrlər üzrə iddiaçıya, yəni sığortaolunana münasibətdə onun işəgötürəni tərəfindən əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları sığortaçıya, yəni cavabdehə köçürülməmiş və bunun üzərindən onun fərdi hesabında qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır. Məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, yuxarıda istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Məhkəmə hesab edir ki, iddiaçının 2014 və 2015-ci illər üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmadığından, həmin dövrün sığorta stajına daxil edilməsi istisna olunur. Bundan başqa Məhkəmə, işin halları üzrə hüquqi mövqeyini ifadə edərək, iddiaçının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinin təsiri altına düşmədiyini də vurğulayır. Belə ki, qeyd olunan Qanunun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1dək "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq surətdə təyin edilmiş sosial müavinətlərin həmin Qanunun 22-1.2-ci maddəsinin tətbiqi ilə əmək pensiyasına keçirilməsinə yol verilmir. Bu norma, sosial müavinətlərin əmək pensiyası ilə əvəz olunması hallarını məhdudlaşdırmaqla, müavinət və pensiya institutlarının fərqli hüquqi təbiətini qorumağa xidmət edir. Məhkəmə müəyyən edir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, İddiaçı 11 iyun 2017-ci il tarixdən etibarən, üç və daha çox övlad dünyaya gətirib onları səkkiz yaşına qədər tərbiyə etmiş və 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunan müavinət növü, əmək pensiyasına keçid üçün əsas yaratmadığından, "Əmək pensiyaları haqqında" Qanunun 22-1.2-ci maddəsinin tətbiq edilməsi, yəni avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə hüququn olmadığı halda isə iddiaçıya bu formada pensiyanın təyini istisna olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar