Məhkəmə qərarları › İş №2-1(112)-257/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-257/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-257/2020 06.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə «kompensasiya alacaq şəxslərin siyahısına salınma və kompensasiyanın ödənilməsi» tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi (məlumatlarda düzəliş edilməsi) və Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli, ********** nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə penya) üzrə təsdiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlər görülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 10 dekabr 2019-cu il tarixli məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasını əsl cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı ilə əvəz edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3876/2019 saylı, 10.12.2019-cu il tarixli qərardadı ilə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır. 06 mart 2020-ci il tarixdə iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 23.07.2015-ci il tarixli, 01 saylı “Kredit müqaviləsi” üzrə 21.12.2015-ci il tarixə ikinci devalvasiya baş verən anadək əsas kredit borcunun 8.924,3 6 ABŞ dolları məbləğində müəyyən edilməsi; İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər” haqqında 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona qeyd edilən müqavilə üzrə Fərmanın 1.2-ci bəndinə uyğun olaraq müvafiq qaydada kompensasiya hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-257/2020 saylı qərardadı ilə, iddiaçının iddianın dəyişdirilməsi ilə bağlı ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 01 nömrəli, 23.07.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən, İddiaçı illik 16% ödəmək şərtilə 24 ay müddətinə şəxsi istehlak məqsədilə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş “Ödəniş cədvəlinə” əsasən, iddiaçı ayda 969,73 dolları ödməklə, faizi ilə birlikdə Banka cəmi 23.273,59 ABŞ dolları məbləğində pul ödəməli idi. İddiaçı, kredit götürdüldən sonra 11.08.2015-ci ildə 1.000 ABŞ dolları, 08.09.2015-ci ildə 1.150 ABŞ dolları, 04.11.2015+ci ildə 500 ABŞ dolları, 16.11.2015-ci ildə 1.000 ABŞ dolları, 02.12.2015-ci ildə 400 ABŞ dolları, 14.12.2015-ci ildə 850 ABŞ dolları olmaqla, həmin vaxta qədər ümumilikdə 12.100 ABŞ dolları məbləğində Banka ödəniş edilmişdir. Bu ödənişləri təsdiq edən qəbzləri iddia ərizəsinə əlavə edilmişdir. Bu ödənişlər edildikdən sonra, 21.12.2015-ci il tarixdə 2-ci devalvasiya baş vermişdir. İddiaçı tərəfindən edilən ödənişlər nəzərə alınarsa devalvasiya baş verən günədək iddiaçının Banka olan əsas qalıq borcu 10.000 ABŞ dollarından az olmuşdur. İddiaçının kredit məsələsi sözügedən Fərmanın təsiri altına düşmüş və dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Lakin Fərmanın icrası üçün nəzərdə tutulan müddətin keçməsinə baxmayaraq iddiaçının adı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompensasiya veriləcək şəxslərin adları olan sistemdə yerləşdirilməmişdir. Bunun səbələrinin aydınlaşdırılması üçün iddiaçı 24.04.2019-cu il tarixdə Palataya elektron qaydada müraciət etmiş, lakin Palata iddiaçının müraciətinə mənfi müsbət verərək, imtina etmişdir. İmtinanın əsası kimi isə göstərilmişdir ki, iddiaçının ümumi qalıq borcu 10.000 ABŞ dollarından artıq olduğuna görə Fərmanın əhatəsinə düşmür. Sonradan iddiaçı "xxxx" ASC-yə müraciət edərək, kredit üzrə tarixlər göstərilməklə hər bir ödənişin, həmin ödənişlərin borcun əsas məbləğinin və faizlərinin ödənilmsinə yönəldilməsi tarixləri, hər bir ödənişdən sonra əsas borcun faizlərin qalıq məbləği, 2015-ci ilin dekabr ayının 14-dək olan ödənişlərin bir hissəsinin (müqaviləyə uyğun bankın əməkdaşları ilə artıq ödənişlərinin dərhal tam olaraq əsas borcun və faizlərin azaldılmasına yönəldilməsini razılaşdırdığıma baxmyaraq) dekabr ayının 21-dən sonra nəzərə alındığının səbəblərinə də aydınlıq gətirilməsi xahiş olunmuşdur. Bu müraciətə cavab olaraq Bank tərəfindən verilmiş 20 avqust 2019-cu il tarixli “Arayışda” göstərilmişdir ki, qeyd olunan kredit üzrə 19.10.2015-ci ildə 1.150 ABŞ dolları, 04.11.2015-ci ildə 500 ABŞ dolları, 16.11.2015-ci ildə 1.000 ABŞ dolları, 02.12.2015-ci ildə 400 ABŞ dolları, 14.12.2015-ci ildə 850 ABŞ dolları məbləğində kredit ödənişləri üzrə silinmə aparılmadığı üçün 21.12.2015-ci il tarixinə ümumi qalıq borc 12.624,36 ABŞ dolları, cari hesab qalığı isə 3.700 ABŞ dolları təşkil etmişdir.Adi hesablama nəticəsində aydın olur ki, Bank tərəfindən 3.900 ABŞ dolları vaxtında silinməmişdir. Əgər həmin ödənişlər üzrə vaxtında silinmə aparılsa idi iddiaçının devalvasiya tarixinə 8.724, 36 ABŞ dolları borcu qalacaqdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası 06 mart 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili E.Əzizov iddia ərizəsinə və iddia tələbinin dəyişdirilmasə barədə ərizənin məzmununa izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 iddia tələbinə münasibət bildirərək öz izahatında qeyd etmişdir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq kredit təşkilatlarının təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. İddiaçı barəsində məlumat bazasında mövcud olan məlumatlar əsasında, ona kompensasiya ödənilməsindən imtina edilmişdir. Belə ki, onun 21.12.2015ci il tarixə olan əsas kredit borcunun 10.000 ABŞ dolları məbləğindən yüksək olduğu göstərildiyi halda, ona kompensasiya ödənilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı 21.12.2015-ci il tarixinə əsas kredit borcunun 10.000 ABŞ dollardan az olması öz təsdiqini tapdığı halda, o, kompensasiya almaq hüququna malik olur. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında 3-cü şəxs qismində iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Ə.Axundov iddia ərizəsinə öz münasibətini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan № 01 saylı, 23 iyul 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik 15% faiz (faktiki illik faiz dərəcəsi:16.03) olmaqla 20.000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan № 01 saylı, 23 iyul 2015-ci il tarixli kredit müqaviləsinə edilmiş 1 saylı əlavədən görünür ki, İddiaçı 23.08.2015-ci il tarixdən 23.07.2017-ci il tarixədək 20.000 ABŞ dolları əsas borc və 3.273,59 ABŞ dolları faiz məbləği olmaqla, ümumilikdə 23.273,59 ABŞ dolları ödəniş etməsi müəyyən edilmişdir. İş materiallarında olan Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasının İddiaçı elektron qaydada ünvanlanmş qərarından görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixlli Fərmanı ilə fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalvasiyaların baş verdiyi günə (21.02.2015-ci və ya 21.12.2015-ci il tarixlərə) banklar və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10.000 ABŞ dollaradək (və ya ekvivalentində digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. İddiaçı kredit üzrə həmin tarixlərə ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. İş materiallarında əlavə olunmuş 20 avqust 2019-cu il tarixli "xxxx" ASC-nin İddiaçı ünvanlanmış məktubdan görünür ki, "xxxx" ASC-nin Bakı filialı ilə İddiaçı arasında imzalanmış 23 iyul 2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən 20.000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit üzrə 19 oktyabr 2015-ci il tarixində 1.150 ABŞ dolları, 04 noyabr 2015-ci il tarixində 500 ABŞ dolları, 16 noyabr 2015-ci il tarixində 1.000 ABŞ dolları, 02 dekabr 2015-ci il tarixində 400 ABŞ dolları, 14 dekabr 2015-ci il tarixində 850 ABŞ dolları məbləğində kredit ödənişləri üzrə silinmə aparılmadığı üçün 21 dekabr 2015-ci il tarixinə ümumi qalıq borcu 12.624,36 ABŞ dolları, cari hesab qalığı isə 3.700 ABŞ dolları təşkil etmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, 11.08.2015-14.12.2015-ci il tarixədək 23 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 11.08.2015-ci il tarixdə - 1.000 ABŞ, 08.09.2015-ci il tarixdə 5.000 ABŞ, 21.09.2015-ci il tarixdə - 2.100 ABŞ, 19.10.2015-ci il tarixdə - 1.150 ABŞ, 04.11.2015-ci il tarixdə - 500 ABŞ, 16.11.2015-ci il tarixdə - 1.000 ABŞ, 02.12.2015ci il tarixdə 400 ABŞ, 14.12.2015-ci il tarixdə isə 850 ABŞ dolları məbləğində İddiaçı tərəfindən "xxxx" ASC-yə pul vəsaitləri ödənilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, iddiaçı tərəfindən 19.10.2015-ci , 04.11.2015-ci , 16.11.2015-ci , 02.12.2015-ci və 14.12.2015-ci il tarixlərində edilmiş ödənişlərin əsasında kredit borcu üzrə 3.700 ABŞ dolları məbləğində silinmə yalnız 21 dekabr 2015-ci il tarixində həyata keçirilmişdir. Məhkəmə tədqiqatı zamanı "xxxx" ASC tərəfindən Məhkəməyə ünvanlanmış 12 dekabr 2019-cu il tarixli, 05/05-5149 saylı və 06 mart 2020-ci il tarixli, 01/F-06/339 saylı məktubların məzmunundan görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 23 iyul 2015-ci il tarixli, 01 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödənişlərin aparılmasına 11 avqust 2015-ci il tarixində başlanılmışdır. Bank əməliyyat sistemi üzrə aparılan əməliyyatların həyata keçirilməsini təmin edən proqram məhsulu 05 oktyabr 2015-ci il tarixindən etibarən yenisi ilə əvəz edilmişdir. Bu proses həyata keçirilən zaman sistem üzrə baş vermiş texniki səhvlərin nəticəsi olaraq Bank tərəfindən təqdim olunan kredit hesabından çıxarışda kredit üzrə aparılan ödənişin tarixi və kredit üzrə olan qalıq borcun məbləği düzgün əks etdirilməmişdir. Müvafiq müqavilə üzrə borcalan tərəfindən 11 avqust 2015-ci il tarixində 1.000 USD, 08 sentyabr 2015-ci il tarixində 5000 USD, 21 sentyabr 2015-ci il tarixində isə 2.100 USD məbləğində ödənişlər edilmişdir. Bundan əlavə 19 oktyabr 2015-ci il ilə 14 dekabr 2015-ci il tarixləri aralığında olan müddət ərzində kredit üzrə borc məbləğinin ödənişi həyata keçirmək məqsədi ilə borcalan tərəfindən müvafiq hesaba cəmi 3.900 USD məbləğini təşkil edən vəsait mədaxil edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi bank əməliyyat sistemi üzrə baş vermiş texniki səhvlərin nəticəsi olaraq müqavilə üzrə tərtib edilmiş qrafikə əsasən silinmələr aparıldıqdan sonra hesabda 3.700 USD məbləğini təşkil edən vəsait qalmışdır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 23 iyul 2015-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə 21 dekabr 2015-ci il tarixində yuxarıda qeyd edilənlərə əsasən sistemdə baş vermiş texniki səhv nəticəsində günün əvvəlinə qalıq əsas borc 12.478,77 USD, faiz borcu 145.59 USD, 21 dekabr 2015-ci il tarixdə müvafiq silinmə aparıldıqdan sonra bank gününün sonuna əsas borc qalığı 8.924,36 USD təşkil etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli Fərman imzalamış və bu Fərman 01.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.1-ci bənd); 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır (3.1.2-ci bənd). Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq Məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. 3-cü şəxs qismində çıxış edən "xxxx" ASC-nin nümayəndəsidə İddiaçı ilə bağlanan kredit müqaviləsinin qeyd edilən Fərmanın təsiri altına düşməsini təsdiq etmiş, eləcə də, bildirmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında 23.07.2015-ci il tarixində bağlanmış 01 saylı kredit müqaviləsinə əsasən sonuncuya 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclunun 21.12.2015-ci il tarixində günün əvvəlinə qalıq əsas borcu 12.478,77 USD, həmin günün sonuna isə silinmələr həyata keçirildikdən sonra kredit borcu üzrə əsas borc məbləği 8.924,36 USD təşkil etmişdir. Beləliklə, Fərmanın 1.1-ci, 1.2-ci bəndləri və 2-ci hissəsi nəzərə alınmaqla, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona "xxxx" ASC ilə aralarında bağlanmış 23.07.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə kompensasiyanın hesablanmasına etiraz edilmir. Göründüyü kimi, İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxi edilməməsinin əsaslı səbəbi odur ki, onun əsas kredit borcunun devalvasiya tarixinə 10.000 ABŞ dollardan çox olmasıdır. Halbuki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edildiyi təqdirdə, bank əməliyyat sistemində baş vermiş texniki səhvlər nəticəsində bank tərəfindən əməliyyatlar (silinmələr) yalnız 21.12.2015-ci il tarixində günün sonunda həyata keçirilmişdir. Belə halın yaranması isə, şəxsin kompensasiya almaq hüququndan məhrum etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə əsas kredit borcu son devalvasiya tarixinə 8.92,36 ABŞ dolları təşkil etdiyi sənədlərdə (arayış, hesabdan çıxarı və qəbzlərdə) öz əksini tapdığından, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələrdə baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. . Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka qarşı "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə «kompensasiya alacaq şəxslərin siyahısına salınma və kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası əsaslıdır, təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 23.07.2015-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixinə əsas kredit borcu 8.924,36 ABŞ dolları məbləğində müəyyən edilməklə, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 23.07.2015-ci il tarixli, 01 nömrəli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar