Məhkəmə qərarları › İş №2-1(112)-257/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-257/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-257/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X5 bağlar sahəsindəki 205 saylı kooperativinin 27 saylı orderinə əsasən sahəsi 0,12 ha olan 1209b saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1209 b saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X5 bağlar sahəsindəki 205 saylı kooperativinin 27 saylı orderinə əsasən İddiaçı sahəsi 0.12 ha olan 1209 b saylı bağ sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İlkin imtinanın əsası kimi sözügedən ünvanda yerləşən bağ sahəsinə dair çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmaması, son imtinanın əsası kimi isə qeyd olunan torpaq sahəsinə dair sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmaması və həmin torpaq sahəsinin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının altına düşməsini göstərilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi torpaq sahəsinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir. Bu səbəbdən iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 18.03.2020-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən 1209b saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 14.02.2020-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən ünvanda yerləşən bağ sahəsinə dair çöl ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 18.05.2020-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1209 “B” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ********** nömrəli, 06.04.2020-ci il tarixli ərizənizə və sənədlərin surətinə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, bağ sahəsinin Sizin adınıza daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməmişdir. Həmçinin tərəfinizdən göstərilən hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının 20-25 metrlik zolağının altında olan dövlətin mülkiyyətində olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 05.06.2018-ci il tarixli, 1535 nömrəli iddiaçıya ünvanlanmış məktubla təqdim edilmiş Bakı şəhər X7 İcraiyyə Komitəsinin 25.09.1990-cı il tarixli, 6/290 saylı qərarının arxiv çıxarışından görünür ki, 205 nömrəli bağtikinti kooperativi üzvlərinin tərkibi təsdiq edilmiş və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və İstismar Birliyinin (Nardaran bağlar sahəsindəki 205 saylı kooperativ) 27 saylı orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 25.09.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1209b saylı bağ ayrılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 01.06.2021-ci il tarixli məktubla təqdim arayışdan görünür ki, müraciətdə qeyd edilən tarixdə iddia edilən torpaq sahəsinə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Mübahisəli ərazinin naturada müəyyən edilmiş koordinatlarına əsasən “Kadastr və Yerquruluşlu Layihə-Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırma aparılmış, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatlarını, baza məlumatlarını və digər parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxem məktuba əlavə edilmişdir). İş materiallarında olan “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 06.12.2021-ci il tarixli 86 nömrəli məktubla məhkəməyə təqdim edilmiş 06.12.2021-ci il tarixli 83 nömrəli mütəxəssis rəyində qeyd olunur: Bakı şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) 25.09.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış (Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakmiyyəti X1 İnkişafı və X3 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı order) Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar naturaya uyğundur və rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Qeyd olunan torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağına düşmür. Qeyd olunan torpaq sahəsi digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2022-ci il tarixli, 10/1444 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) 25.09.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış (Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X3 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı order) Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağına düşmədiyi, eyni zamanda həmin torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (eyni zamanda rəyin əsaslandırıcı hissəsində qeyd edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.06.2021-ci il tarixli mütəxəssis arayışına əlavə edilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağına düşmür). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 25.09.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən 205 nömrəli Nardaran massivində bağtikinti kooperativi üzvlərinə bağ sahələri ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X5 bağlar sahəsindəki 205 saylı kooperativi tərəfindən verilmiş 27 saylı orderə əsasən İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin 25.09.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1209b saylı bağ ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabdehə müraciət etsə də, hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi əsas gətirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2022-ci il tarixli, 10/1444 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin (Bakı şəhər Soveti İcraiyyə Komitəsi) 25.09.1990-cı il tarixli, 6/290 saylı qərarına əsasən İddiaçı ayrılmış (Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X3 bağlar sahəsindəki 205 saylı kooperativi, 27 saylı order) Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 ha sahəsi olan 1209b saylı bağ sahəsinin koordinatları müəyyən edilmişdir və qeyd olunan torpaq sahəsinin yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağına düşmədiyi, eyni zamanda həmin torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Eyni zamanda rəyin əsaslandırıcı hissəsində qeyd edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.06.2021-ci il tarixli mütəxəssis arayışına əlavə edilmiş mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, torpaq sahəsi yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə Xəzər dənizinin 0-50 metrlik mühafizə zolağına düşmür. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən orderin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin order ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Həmin order «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 1209 b saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar