Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-257/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “Azneft” İstehsalat Birliyi) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 21 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********64 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən ünvanda yerləşən bağ sahəsi digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, göstərilən torpaq ayrıc aktından kənar yerləşir. Bundan əlavə, bağ sahəsinin sənədləşməsi ilə bağlı onun adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İddiaçı daha sonra yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək xx.xx.2021-ci il tarixli, **********49 nömrəli məktubla bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********64 nömrəli xx.xx.2020-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən, ARDNŞ-nin N.Nərimanov adına NQÇİ-nin “Dəniz Neftçisi” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş, kadastr planı və ayrıc aktı olan, 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın veilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ARDNŞ-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində işləyir. ARDNŞ-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin müdiriyyətinin, “Dəniz Neftçisi" bağçılıq-yoldaşlıq təsərrüfatının və HİK-in birgə iclasının qərarı ilə xx.xx.1999-cu ildə ona 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilmişdir. Sözügedən torpaq sahəsində ümumi sahəsi 100 kv.metr olan 1 mərtəbəli, 3 otaqlı bağ evi tikmişdir. Həmin ərazi, o cümlədən onun bağ sahəsi elektrik enerjisi, su, qaz, telefon və s. kommunal xidmətlərlə təmin edilmişdir ki, onların istifadəsinə görə xərclər daima tərəfindən vaxtlı-vaxtında ödənilir. Sözügedən sahəyə “Çıxarış” almaq məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin İdarə ilkin sənəd kimi X2 tərəfindən verilmiş bağçılıq kitabçasını tələb etmişdir. O, kitabçanı itirmişdir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli məktubunda özü də təsdiq edir ki, onun adı NQÇİ-nin “Dəniz Neftçisi" bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında vardır. “Dəniz Neftçisi" bağçılıq-yoldaşlıq təsərrüfatı 2008-ci ildən ləğv edilmişdir. Onu sənədləri ilə eyni vəziyyətdə olan sənədlər əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən ərazilərin əksəriyyətinə İdarə tərəfindən çıxarış verilmişdir. Ona torpaq sahəsi ARDNŞ-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin müdiriyyətinin, “Dəniz Neftçisi" bağçılıq-yoldaşlıq təsərrüfatının və HİK-in birgə iclasının xx.xx.1999-cu il tarixli qərarı ilə ayrılmışdır. Həmin qərarın qəbul edildiyi iclasın rəsmiləşdirildiyi sənədlərin təkcə HİK-in qərarı ilə möhürlənməsi onun günahı ucbatından baş verməmişdir. Eləcə də o zaman bağ sahələrinin paylanılmasında HİK-lərin qərarları həlledici əhəmiyyətə malik olmuşdur. Digər tərəfdən o zaman bu sənədlər səlahiyyətli dövlət orqanlarına göndərilmiş və qəbul edilərək onların əsasında “Torpaq sahəsinin planı və ölçüsü" (kadastr planı) verilmişdir. Göstərilən torpaq sahəsi naturada ona təhvil verilmiş və 2005-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin 05/438 saylı ayrıc aktı ilə rəsmiləşdirilmişdir. Faktiki olaraq 15 ildən artıq bir müddətdə bu sahə istifadəsində olmuş, orada yaşayış evi tikmiş, ağaclar əkmiş, abadlıq işləri aparmış və heç zaman kimsə ona etiraz etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Habelə, eyni bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisində yerləşən 21 və 21/45 saylı bağ sahələri digər fiziki şəxslərin adına-X4 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********64 və **********49 tarixli cavab məktubları ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunan: - Bakı şəhər X6 İcraiyyə Komitəsinin torpaq sahəsi ayrılması haqqında xx.xx.1990cı il tarixli, 7/437 nömrəli və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarlarından görünür ki, N.Nərimanov adına X11 İdarəsinə Qaradağ rayonu, Səngəçal qəsəbəsinin cənub-şərq hissəsində müvafiq olaraq yoldaşlığın əlavə 60 və 30 nəfər üzvü üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - 10.11.2005-ci il tarixli 05/438 saylı ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1990-ci il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı sərəncamları ilə “Nəriman Nərimanov adına neft və qazçıxarma idarəsinə yoldaşlıq bağçılıqla məşğul olmaq üçün 60 nəfərə və əlavə olaraq 30 nəfərə Qaradağ rayonu, Səngəçal qəsəbəsinin cənub-şərqində ayrılmış 8.8000 ha torpaq sahəsinin ayrıc aktı tərtib edilmişdir. - N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi X2nın üzvlərinin xx.xx.1999-cu il tarixli 56 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı ərizəsinə əsasən X2 üzvlüyünə qəbul edilmiş və Səngəçal bağ massivində sahəsi 800 kv.metr olan 21 saylı bağ sahəsi ona təhkim edilmişdir. - Məhkəmə icraatı zamanı baxış keçirilmiş və surəti çıxarılmaqla iş materiallarına əlavə edilmiş cavabdehə təhvil verilən N.Nərimanov adına X11 İdarəsinə dair arxiv sənədlərindən görünür ki, xx.xx.2012-ci il tarixdə İdarənin işçilərinin 385 nəfərdən ibarət siyahısı təsdiq edilmiş və iddiaçının adı həmin siyahıda 276-cı sırada qeyd olunmuşdur. - Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 7/437 saylı Qərarı və N.Nərimanov adına NQÇİ Həmkarlar İttifaqı Komitəsi b/y-nın xx.xx.1999-cu il tarixli 56 saylı protokolu ilə İddiaçı 21 saylı bağ evinin tikintisi üçün ayrılmış Qaradağ rayonu, Səngəçal qəsəbəsi ünvanda yerləşən 800 kv. metr torpaq sahəsi ilə bağlı xx.xx.2012-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A№415052 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. İddiaçı hazırda onun istifadəsində olan həmin 800 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Göründüyü kimi, qanunverici vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların qeydə alınması əsası kimi aşağıdakı sənədlərdən birinin təqdim edilməsini müəyyən etmişdir:
1. bağ sahələrinə dair verilən icarə müqavilələri;
2. bağ sahələrinə dair verilən sərəncamlar;
3. bağ sahələrinə dair verilən orderlər;
4. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası;
5. kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarış; İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçı qeyd olunan sənədlərdən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlərin iclasının protokolundan çıxarışı təqdim etsə də, bu sənədlər Qanunun tələblərinə müvafiq olmamışdır. Belə ki, cavabdeh iddiaçıya ünvanladığı məktubda iddiaçıya ayrılmış torpaq sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının Ayrıc Aktından kənarda yerləşdiyini və sözügedən bağ sahəsinin ARDNŞ-nin “Qobustan Əməliyyat” şirkətinin ərazisi oduğunu bildirmiş, bu hal məhkəmə araşdırması ilə də öz təsdiqini tapmışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinə mütəxəssis tərəfindən baxış keçirilmişdir. Baxış nəticəsində tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, bağ sahəsi sənəd üzrə 800,0 kv.metr olsa da, faktiki olaraq hasar daxili sahə 884,0 kv.metr təşkil edir. Bağ sahəsinin üzərinə 1 (bir) mərtəbəli bağ evi və köməkçi həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının Ayrıc Aktından kənarda yerləşir. Rəydə həmçinin sözügedən bağ sahəsinin ARDNŞ-nin “Qobustan Əməliyyat” şirkətinin ərazisi olması barədə qeyd olduğu göstərilmişdir. Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinə sorğu ünvanlanmış, şirkət tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar əsasında müvafiq araşdırma aparılmış, nəticədə müəyyən olunmuşdur ki, həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «Qərbi Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, X9 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir, hal-hazırda isə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istifadəsində olan sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. İddiaçının iddia etdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının 13 noyabr 1998ci il 538-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Sazişdə nəzərdə tutulan kontrakt sahəsinə aid olub-olmamasının müəyyən edilməsi məqsədi ilə həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1000/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 10 mart 2023-cü il tarixli, 10/7797 nömrəli ekspert rəyində göstərilmişdir ki, bağ sahəsi sənəd üzrə 800,0 kv.metr olsa da, faktiki olaraq hasar daxili sahə 884,0 kv.metr təşkil edir. Bağ sahəsinin üzərinə 1 (bir) mərtəbəli bağ evi və köməkçi həyət tikililəri mövcuddur. Bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının Ayrıc Aktından kənarda yerləşir. Bundan əlavə olaraq ARDNŞ-nin “Qobustan Əməliyyat” şirkətinin ərazisi olması barədə qeyd mövcuddur. Bununla bağlı aidiyyəti təşkilatın rəyinin alınması məqsədəuyğundur. Məhkəmə tərəfindən müvafiq rəyin əldə edilməsi üçün təkrar Azərbaycan Dövlət Neft Şirkətinə sorğu ünvanlanmış, şirkət tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubda yenidən göstərilmişdir ki, sorğuda qeyd olunan torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olmaqla, Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «Qərbi Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, X9 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmişdir və həmin torpaq sahələri sənaye təyinatlı torpaq sahələrinə aiddir. Qeyd edilən səbəblərə görə həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivdə saxlanılan N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) “Dəniz neftçisi” bağçılıq yoldaşlıq birliyinin sənədləri arasında vətəndaş İddiaçı üzvlüyə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasına dair xx.xx.1999-cu il tarixli 37 nömrəli protokol, həmin protokola əlavə edilən siyahı, habelə vətəndaşa Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən ümumi sahəsi 0,08 ha olan olan 21 saylı bağ sahəsinin ayrılmasına əsas olmuş digər sənədlər (müqavilə, order, üzvlük kitabçası və s.) aşkar olunmamışdır. Göstərilənlərə əsasən, qeyd edilən torpaq sahəsinə dair üçüncü şəxslərin, o cümlədən İddiaçı mülkiyyət hüququnun qeydə alınmasına etiraz olunur. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Beləliklə, istinad olunan sənədlərlə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin həm ona torpaq ayıran quruma verilmiş torpaq sahəsindən kənarda yerləşməsi, həm də həmin sahənin Azərbaycan Respublikası Cənub-Qərbi Qobustan blokuna daxil olan üç sahənin («Şıxzəgirli», «Şeytanud», «Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi Hacıvəli», «Turağay», «Kənizədağ», «Qərbi Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının), kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Komonvels Qobustan Limited, X9 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 13 noyabr 1998-ci il 538-İQ nömrəli Qanunu ilə Qobustan Əməliyyat Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsi daxilində olması tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Məhkəmə istinad olunanlara və yuxarıda sadalanan normalara əsasən belə qənaətə gəlir ki, mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməli, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin olunmasın. Ekspert tədqiqatının dəyəri olan 50 (əlli) manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X3, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova