Məhkəmə qərarları › İş №2-1(112)-2570/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2570/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2570/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, 20 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtiası-hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “Odessa Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “Odessa Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 bitirdikdən sonra 2016-cı ildə Ukrayna Respublikasının Odessa şəhərində yerləşən X7 Universitetinə daxil olmuşdur. Təhsil qiyabi formada həyata keçirilib. 2019-cu ildə həmin universitetin Menecment üzrə bakalavr dərəcəsini almışdır. Təhsil aldığı müddətdə universitetdə olmuş və bütün dərslərdə iştirak etmişdir. Universtet tərəfindən müəyyən edilmiş imtahanları verərək kursdan kursa keçmiş və dövlət imtahanını müvəffəqiyyətlə vermiş və Menecment üzrə Bakalavr dərəcəsi diplomunu almışdır. Odessa Dövlət Universitetinin müvafiq Diplomunu aldıqdan sonra aldığı xarici təhsil ixtisasının ölkəmizdə tanınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət etmiş və 20 avqust 2021-ci il tarixli NA00002388 nömrəli qərarla iddiaçının Odessa Dövlət Universitetində aldığı təhsil ixtisasının Azərbaycan Respublikasında tanınmasının və ekivalentlik haqqında şəhadətnamənin mümkün olmamasını bildirmişdir. Cababdeh imtina barədə Qərarını yalnız sərhəd Xidmətinin məlumatına əsaslanaraq belə müəyyən etmişdir ki, iddiaçı Odessa Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Bununla əlaqədar olaraq cavabdeh “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsinə (Qiymətləndirmə meyarları)və İzahedici Memorandumun 39 və 37-ci paraqraflarına əsaslanaraq elə hesab etmişdir ki, xaricdə əldə olunmuş ixtisasla həmin ixtisasa ekvivalent hesab edilən milli ixtisas arasında məzmun, profil, dərs yükü, keyfiyyət və təlim nəticələrinə münasibətdə əhəmiyyətli fərq aşkarlanmaması nəzərdə tutulduğu halda ,iddiaçının aldığı ixtisas üzrə təhsili yuxarıda göstərilən meyarlara uyğun gəlmir. Cavabdeh imtinasını əsaslandırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nin 3-cü bölməsinə (iddiaçının aldığı təhsil müddəti Azərbaycan Respublikasında ona ekvivalent olan ixtisas üzrə təhsilin müddətinə uyğun gəlməməsi) əsaslanmışdır. Cavabdeh qərarının əsas məğzi ondan ibarətdir ki, iddiaçı təhsil müddətində həmin Universitetdə müəyyən olunmuş müddətdən az olduğu üçün bu tədris proqramının mənimsənilməsi üçün kifayət hesab edilə bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir və müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür (İ il -15 gün, İİ il - 10 gün, İİİ il - 20 gün). Cavabdeh imtinanın qanuni və əsaslı olmasını bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 34.1-cü mаddəsinə əsаsən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia tələbi əsassızdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin, pasportunun, xx.xx.2019-cu il tarixli, В19 ******* nömrəli bakalavr diplomunun, Apostil və diploma əlavənin notarial təsdiqinin, iddiaçının AA seryalı 008829 nömrəli diplomunun, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın surətini və Ukrayna Təhsil və Elm Nazirliyi X7 Universitetinin xx.xx.2022-ci il tarixli xx-xx/2509 nömrəli məktubunu məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə, sərhədkeçmə məlumatların sorğulanması barədə elektron sistemdən çıxarış təqdim olunmuşdur. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsinə əsasən razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından göründüyü kimi, təhsilin məzmunu özündə aşağıdakıları ehtiva edir: Belə ki, “Təhsil haqqında” Qanunun 11.1.3-cü maddəsinə əsasən, təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün acıq və bərabər imkanlı olmasını təmin etməkdədir. Qanunun 11.1.4-cü maddəsinə görə, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq. “Təhsil haqqında” 11.1.5-ci maddəsinə əsasən, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialina tələbatının ödənilməsi üçün real zəmin yaratmaqdan ibarətdir. Qeyd edilən normalardan göründüyü kimi, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci maddəsinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Həmin qaydaların 3.2.3-cü maddəsinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin qaydaların 3.2.4-cü maddəsinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Həmin qaydaların 3.2.7-ci maddəsinə əsasən tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.7.1 auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; 3.2.7.2 auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; 3.2.7.3 təcrübələrdə iştirak etməsi; 3.2.7.4 laboratoriya işlərini yerinə yetirməsi; 3.2.7.5 kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi; 3.2.7.6 imtahanlara hazırlığı və imtahanları verməsi; 3.2.7.7 buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İşin faktiki hallarına əsasən iddiaçı Ukrayna Respublikası ərazisində qısa müddətdə (üç il ərzində cəmi 45 gün) olmuşdur, yəni cavabdehin etirazında göstərildiyi kimi təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” ilə müəyyən edilmiş normativdən az olmayan müddətdə X7 Universitetində təhsil aldığını sübuta yetirə bilməmişdir. Cavabdeh müəyyən etmişdir ki, iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmağı onun ali təhsil müəssisəsində aldığı ixtisasın mənimsənilməsini şübhə altına alınmasına əsas verir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya diplomun tanınması və ekvivalentliliyin müəyyən edilməsi haqqında imtinası üçün səbəb olan mənfi ekspert rəyi əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X1rşı “Odessa Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı “Odessa Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 224316 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar