Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2570/2024 03.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “cizginin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən “Maştağa qəsəbəsi üzrə nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində, fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmış 400 kv.m torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisində istinadlar, məsafələr və peremetrik ölçülər qeyd edilmiş plan-sxeminin tərtib edilib təsdiq edilərək ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1998-ci ildə Maştağa qəsəbəsi Savalan yaşayış massivində yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılması haqqında ona 17 mart 1998-ci ildə Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından 03 saylı çıxarış verilmişdir. İddiaçı bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin İdarə ondan əlavə sənədlər tələb etmişdir. Həmin sənədləri əldə etmək üçün o, cavabdehə müraciət etsə də, onun müraciəti üzrə rəsmi cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətsizliyi onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatnaa daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2570/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3145/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2570/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş məhkəməyə qaytarıldıqdan sonra iş üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olan sənədlərin, o cümlədən torpaq sahəsinin ölçüsü və ünvanını göstərən sənədin (cizginin) təqdim edilməməsi təşkil etmişdir. -Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı qərarından çıxarışından görünür ki, həmin qərarla, "Vətəndaşlara fərdi yaşayış ev i tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 may 1991-ci il tarixli 123 saylı və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları əsasında - Bakı şəhər İcra Hakimiyyətinin Baş Planına uyğun olaraq sıralarında iddiaçının da olduğu vətəndaşlara, hər ailə üçün fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 400 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçıya verilən sözügedən vətəndaşlara ayrılan torpaq sahəsinin yerləşmə sxemi və Maştağa qəsəbəsinin baş plan-xəritəsindən çıxarışından görünür ki, sözügedən sxem boş qrafalardan ibarətdir, plan-xəritədə isə iddiaçının yeri göstərilməmiş, bu barədə xəritədə müvafiq qeyd mövcud deyil. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Faktiki sahəsi 408 kv.m təşkil edir. Üzərində fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Sabunçu rayon ərazi olmaqla Maştağa Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Beləliklə, işin faktiki hallarından görünür ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998-ci il tarixli, 03 saylı qərarından çıxarış ilə Bakı şəhər İcra Hakimiyyətinin Baş Planına uyğun olaraq sıralarında iddiaçının da olduğu vətəndaşlara, hər ailə üçün fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 400 m2 həyətyanı torpaq sahəsi ayrılmış, eyni zamanda cavabdeh tərəfindən “Yerləşmə sxemi” və “Maştağa qəsəbəsinin Baş Planından çıxarış” adlı sənədlər tərtib olunmuşdur. İddiaçı həmin sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata almaq istəsə də, onun müraciətinin təmin edilməsindən imtina olunmuş və torpaq sahəsinin naturada yerini müəyyən etmək üçün torpaq sahəsinin kadastr göstəricilərini əks etdirən sənədin təqdim olunması tələb olunmuşdur. İddiaçı bu sənədin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinə rəsmi cavab verməmişdir. Məhkəmə hazırki iddianın qanuni əsası ilə bağlı qeyd edir ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. -29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -56-cı maddəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). -57-ci maddəsinə əsasən, yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) -65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -65.8-ci maddəsinə əsasən, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. -68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -84.1-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə müəyyən edir ki, hüquqmüəyyənedici sənəd əsasında ayrılmış torpaq sahəsinin yerinin naturada müəyyən olunması üçün, həmin torpağın kadastr məlumatları ilə əks olunan müfəssəl sənəd təqdim olunmalıdır. Bu sənəd, torpaq sahəsinin ölçüləri, yerləşməsi, istinad nöqtələri və məsafələrini əhatə etməli, onun faktiki yerini müəyyən etməyə imkan yaratmalıdır. Ayrılmış torpaq sahəsinin yerinin dəqiq müəyyənləşdirilməsi üçün bu cür detallı məlumatların təqdim edilməsi zəruridir. Kadastr məlumatları, ayrılmanın dəqiqliyini və həmin torpaq sahəsinin sərhədlərinin tənzimlənməsini təmin edir. Nəticə etibarilə, müvafiq sənəd olmadan ayrılan torpaq sahəsinin real yerinin müəyyən edilməsi çətinləşir. Hazırkı işin faktiki hallarından görünən odur ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş və qüvvədə olan torpaq sahəsinin ayrılması barədə inzibati akt (Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı qərarı) ilə təmin olunub. Lakin həmin inzibati aktla bağlı olaraq, iddiaçıya torpaq sahəsinin texniki parametr göstəricilərini əks etdirən müvafiq sənəd təqdim edilməmişdir. İddiaçıya verilmiş yerləşmə sxemi və baş plandan çıxarış yalnız formal olaraq boş qrafalardan ibarət olub, torpaq sahəsinin yerini müəyyənləşdirməkdə heç bir mühüm məlumatı əks etdirmir. Nəzərə alınmalıdır ki, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək məqsədilə torpaq sahəsinin texniki parametrləri ilə bağlı sənəd olmadan bu hüquqlarını rəsmi qeydiyyatdan keçirə bilməz. İddiaçıya təqdim edilən sənədin bu cür qüsurlu olması, mülkiyyət hüququnun reyestrə alınmasını hüquqi cəhətdən mümkünsüz edir. Halbuki, torpaq sahəsinin mülkiyyət hüququnu qeydiyyata almaq üçün əks etdirilən sənədin tamlığı və hüquqi qüvvəsi şərtidir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi öz qərarında xüsusi ilə qeyd etmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsi AR Nazirlər Kabinetinin qeyd olunan qərarları əsasında, Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq vətəndaşlara bölüşdürülmüş torpaq sahələrindən biri də, məhz, iddiaçıya ayrılan həyətyanı torpaq sahəsidir. Həmin torpaq sahəsinə dair verilmiş sxem və plan-xəritə iddiaçının torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan vermir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının mübahisəli torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən sxemin və plan-xəritənin verilməməsi onun hüquqlarını pozur və onun həmin sənədləri əldə etməsi qeydiyyat üçün qanunla müəyyən olunan sənəd sayılır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən formalaşdırılan hüquqi mövqe ondan ibarətdir ki, faktiki olaraq, torpaq sahəsinin ayrılması barədə verilmiş qərar cavabdehə aid olmasına baxmayaraq, həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsaslanır. Apellyasiya məhkəməsi, torpaq sahəsinin ayrılmasına dair qərarın qanuniliyini və mötəbərliyini nəzərə alaraq, ayrılmış torpaq sahəsinin konkret yerləşmə yerini müəyyən etməyə imkan verən sxem və plan-xəritənin təqdim edilməməsinin iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu müəyyən etmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi, iddiaçının ayrılmış torpaq sahəsinin faktiki yerinin müəyyənləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməməsini, hüquqi pozuntu kimi qiymətləndirmişdir. Bu halda, ayrılan torpaq sahəsinin texniki parametrlərini və yerləşməsini dəqiq əks etdirən sənədin olmaması, iddiaçının hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. Məhkəmə, bu vəziyyəti hüquqi baxımdan qeyri-qanuni sayır və hesab edir ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində, fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmış 400 kv.m torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisində istinadlar, məsafələr və peremetrik ölçülər qeyd edilmiş plan-sxeminin tərtib edilib təsdiq edilərək iddiaçıya verilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Hazırki iddia əsaslı olduğundan, iddia tələbi təmin edilməlidir. «İnzibati icraat haqqında» Qanununun: 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Maştağa qəsəbəsi üzrə nümayəndəliyin Aparatının 17 mart 1998-ci il tarixli 03 saylı çıxarışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində, fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına ayrılmış 400 kv.m torpaq sahəsinin ölçüsü, yerləşmə cizgisində istinadlar, məsafələr və peremetrik ölçülər qeyd edilmiş plan-sxeminin tərtib edilib təsdiq edilərək ona verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2570/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2570/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver