Məhkəmə qərarları › İş №2-1(112)-2572/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2572/2022

07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2572/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, pensiyanın azaldılmasına izah verilməsi ilə əlaqədar cavabdehə müraciət etdikdə cavabdehin izahında qeyd edilmişdir ki, 16.12.2010-31.03.2016-cı ilə kimi 8509,57 manat, 06.04.2021-30.06.2021-ci ilə kimi 2850,04 manat pul verilməli olduğu halda verilməmiş, 01.04.2016-cı ildən 05.04.2021-ci ilə kimi ona 9332,24 manat artıq pul verilmişdir. Lakin qeyd olunanlar barədə heç bir inzibati akt qəbul edilməmiş, bütün bu məsələlər mühasibatlıq səviyyəsində həll edilmişdir. Guya ki, 01.04.2016-cı il tarixdə həmin dövrdə işləmiş əməkdaşlar tərəfindən əmək pensiyası düzgün hesablanmamışdır. Lakin, bununla bağlı əsaslandırma aparılmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət ərzində yox, 2 ay müddətində müraciətə baxmış, nəticədə 2021-ci ilin aprel və may aylarında qulluq stajına görə pensiyaya əlavələr 50 faiz həcmində verilmiş, 2021-ci ilin iyun ayında pensiya qanunsuz azaldılaraq 2566,14 manat pensiya kartına köçürülmüş, yalnız müraciətdən sonra 3032,42 manat olmuş, lakin ödəniş 3048,38 formasında edilmişdir. Artıq 15,96 manat fərqlə bağlı maraqlanarkən müəyyən edilmişdir ki, müraciətə gec baxılması səbəbindən ödənilməmiş 2026,92 manat məbləğ alınmamış ayların sayına (127 ay) bölünərək pensiyanın üzərinə əlavə edilmişdir. Yəni, gecikmə 3 ay olmasına baxmayarq cavabdeh fərqi 10 ilə bölmüşdür. Bundan əlavə, fərq məbləği də düzgün hesablanmamışdır. Belə ki, pensiyanı tam almaq hüququ 05.04.2021-ci il tarixdən yarandığından, həmin ayın 5 günü çıxıldıqda ona hesablanmış pensiya 2021-ci ilin aprel ayında təxminən 2527 manat təşkil etməlidir. Sonrakı aylarda isə (2021-ci ilin may və iyun aylarında) pensiya tam həcmdə, yəni 3032,42 manat verilməli idi. Deməli, 05.04.2021- 2021-ci il iyul ayına kimi ona verilməli məbləğ 8591.84 manat olmuşdur. Lakin ona həmin aylarda müvafiq olaraq 1732,19 manat, 1732,19 manat və iyul ayında 2566,14 manat verilmişdir. Mənə verilməli olan məbləğ bu üç ayda verilməli olan məbləğdən çıxıldıqda 2561,32 manat edir. Cavabdehin mövqeyi onunla bağlı olmuşdur ki, iddiaçıya pensiya təyin edildiyi 16 dekabr 2010-cu il tarixdən hal-hazıradək müəyyən dövrdə əksik, müəyyən dövr üzrə artıq pul vəsaitləri ödənilmişdir. 6 aprel 2021-ci il tarixindən prokurorluq orqanlarından azad olunmağınız ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq 3032,42 manat məbləğ müəyyən edilmiş, iddiaçıya 06.04.2021-30.06.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8591,86 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 5741,82 manat ödənilmişdir. Əksik 2850,04 manat məbləğ keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki aylarının sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ümumilikdə isə, 2027,37 manat əskik pul vəsaiti mövcuddur ki, həmin məbləğ cari iliin iyul ayından etibarən hissə-hissə ödənilir. İddiaçı daha sonra, məhkəmə çıxışı formasında qeyd edilsə də faktiki ilkin iddia tələbinə münasibətdə dəqiqləşdirilmiş formada iddia tələbinə dəqiqləşmə barədə məhkəməyə müraciət edərək 01.04.2016-cı il tarixdə yenidən hesablanmış əmək pensiyasının bərpa olunmasına və ona uyğun ödənişlər aparılmasına dair cavabdehin üzərinə öhdəlik qoyulmasına, 2010-cu ilin dekabr ayından 2021-ci ilin aprel ayına kimi yaranmış 8509,57 manat əskiyin Mərkəzin səhlənkarlığı nəticəsində yarandığından bir dəfəyə ödənilməsinə və 2021-ci ilin aprel ayınının 5-dən 2021-ci ilin iyul ayına kimi ona verilməyən 2850,04 manatdan üç ay ərzində verilən məbləğ (2021-ci ilin iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları) hər aya 15,96 manat, cəmi 79,08 manat çıxılmaqla ümumilikdə 2770,96 manat pensiyada yaranan əskiyin birdəfəyə cavabdeh tərəfindən ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Qeyd olunur ki, məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı ilə dinlənilmiş məhkəmə izahatları nəticəsində məhkəmə tərəfindən iddiaçıya onun hüquqi marağına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə verərək 01.04.2016-cı il-05.04.2021ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş 9032,24 manat pul məbləğinin əskik ödənilmiş pensiya məbləğinin əvəzləşdirilməsinin qanunsuz hesab edilərək cavabdehə qadağan edilməsi və əskik ödənilmiş 8509,57 manat pul məbləğinin bir dəfəyə ödənilməsi və 06.04.2021-30.06.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel,may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından, o cümlədən iddia tələbi və ona verilmiş dəqiqləşmə barədə ərizədən göründüyü kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağı artıq ödənilmiş 9032,24 manat pul vəsaitinin əskik ödənilmiş məbləğlərlə əvəzləşdirilməməsi, yəni 9032,24 manat artıq ödəmənin heç bir halda ondan tələb edilməməsinə, əskik ödənilmiş 8509,57 manat pul məbləğinin isə cavabdehin öz günahı olduğundan birdəfəyə ödənilməsinə, cavabdehin müraciətə gec baxması səbəbindən yaranmış 2850,04 manat əskik pul vəsaitinin isə 3 dəfəyə ödənilməsi ilə bağlıdır. Məhkəmə, faktiki olaraq 3 hissədən ibarət olan iddia tələblərinin birinci hissəsi kimi 9032,24 manat pul vəsaitinin əskik ödənilmiş məbləğlərlə əvəzləşdirilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddianın göstərilən hissəsində haqlıdır, həmin məbləğin iddiaçıdan tutulmasına yönələn hərəkətlər, o cümlədən əskik məbləğlərlə əvəzləşdirilməsi qanunsuz və əsassızdır. Bu hissədə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir: “Əmək pensiyaları haqqında” Qanunun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir.Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyini tənzimləyən hüquqi normalar əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etməli idi. Lakin hazırkı halda iddiaçı iddia ərizəsi ilə müraciət edərək əvəzləşdirmənin qadağan edilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirdiyindən, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin iddiası olmadan belə, onun hərəkətlərinin qanuni və ya qanunsuz olmasına məhkəmə münasibət bildirməli, təkcə 39.1-ci maddəsinin tələbinin pozulmasından əlavə, həmçinin cavabdehin həmin məbləği əvəzləşdirməsi ilə bağlı hərəkətlərinə də qiymət verməlidir. Qeyd olunur ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının 01.04.2016-cı il tarixdə yenidən hesablanması barədə inzibati aktın (iş materiallarında olan pensiya miqdarının dəyişdirilməsi barədə sərəncamın) qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının yenidən hesablanması barədə inzibati aktın, o cümlədən inzibati orqan faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini və yenidən hesablama barədə inzibati aktın və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv hesablanması belə məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına və ya əvəzləşdirməyə əsas yarada bilməz. Belə ki, nə əmək pensiyasının yenidən hesablanması barədə inzibati aktda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə əmək pensiyasının yenidən hesablanan məbləğinin əsassızlığı mühasibatlıq səviyyəsində səhvlərdən asılılığı qeyd edilmişdir ki, bu zaman iddiaçının səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya hesablanması, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına və ya onun əvəzləşdirilməsinə əsas vermir. Belə ki, pensiya təyini və ya səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödəmələrin bu və ya digər formada həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiyanın yenidən hesablanması barədə inzibati aktın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Göründüyü kimi cavabdehin pensiya miqdarının dəyişdirilməsi barədə 01.04.2016cı il tarixli sərəncamının qanunsuz və ya qanuni olması iddiaçının etimad hüququna istinadı mövcud oludğundan əhəmiyyət daşımır. Cavabdeh pensiyanı yenidən hesablayarkən səhvə yol vermişdirsə də, bu səhv iddiaçıya artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə nəticələnməməlidir. Bu zaman iddiaçıya əskik ödəmələrin də olması səbəbindən də həmin məbləğlərin əvəzləşdirilməsindən də söhbət gedə bilməz. Mövcud inzibati məhkəmə praktikası əskik ödəməsi olmayan şəxslərə münasibətdə necə ki, onlara artıq ödəmələrin geri qaytarılmasına etimad hüququnun qorunması baxımından yol vermir, təbii haldır ki, əskik ödəmələrin olması səbəbindən-dövlət orqanının əməkdaşlarının təqsiri səbəbindən maddi vəziyyəti bir qədər çətinləşdirilmiş iddiaçı və onun kateqoriyasında olan şəxslərə münasibətdə də həmin tənzimləmə tətbiq edilməli və vəziyyəti daha da pisləşdirilmiş şəxslərlə bağlı da artıq ödəmənin bu və ya digər formada, eləcə də əvəzləşdirmə formasında ondan geri alınmasına yol verilməməlidir. Əks halda, əskik pul alan şəxs, ümumiyyətlə əskik pul olmayan şəxsə münasibətdə hüquqları daha da məhdudlaşdırılmış şəxs olar. Beləliklə, əmək pensiyasının yenidən hesablanması barədə sərəncam qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması pul məbləğinin əvəzləşdirilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv hesablansa belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. 06.04.2021-30.06.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel,may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsinə münasibətdə də məhkəmə hesab edir ki, iddiaçı haqlıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı 05.05.2021-ci il tarixli ərizə ilə 05 aprel 2021-ci il tarixli əmrlə qulluğuna xitam verilməsi nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin tələbləri də nəzərə alınmaqla ona pensiyasının tam ödənilməsini xahiş etmiş, həmin ərizə 07.05.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, Qanunun: 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 2.1. Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. 2.7. Pensiya təyin edilməsi barədə müraciət kağız üzərində edildikdə Şöbənin və ya İdarənin işçisi tərəfindən müraciət 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin” (bundan sonra – MEİS) X1 (bundan sonra PAS) daxil olunur və gücləndirilmiş elektron imza ilə təsdiq edilir. Bu barədə bildiriş (3 nömrəli Əlavə) Müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. 2.8. Şəxsin sosial sığorta üzrə məlumatları fərdi şəxsi hesabında tam əks olunduğu halda o, (güzəştli şərtlərlə pensiya hüququ qazananlar istisna olmaqla) pensiya təyinatı barədə elektron müraciət edə bilər. Şəxsin pensiya təyinatı barədə elektron müraciəti PASda dərhal qeydə alınır və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. 2.9. Şöbənin və ya İdarənin Pensiya üzrə komissiyası (bundan sonra Komissiya) 2 (iki) iş günü ərzində müraciətlə bağlı çatışmayan sənədlərin olduğunu müəyyən etdikdə bu barədə məlumatı PAS-a daxil edir, PAS tərəfindən hazırlanmış bildirişi (4 nömrəli Əlavə) gücləndirilmiş elektron imza ilə təsdiqləyərək, müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərir və ya bildirir. 2.10. Pensiyanın təyin olunması üçün çatışmayan sənədlər təqdim edildikdən sonra Şöbənin və ya İdarənin Pensiya təyinatı sektorunun işçisi 1 (bir) iş günü ərzində onu PASa daxil edir, sənədlər tam təqdim edildikdən sonra gücləndirilmiş elektron imzası ilə təsdiqləyir və bu barədə bildiriş (3 nömrəli Əlavə) müraciətdəki əks-əlaqə vasitələrindən birinə göndərilir və ya bildirilir. 2.11. Müraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 (doqquz) iş günü ərzində, elektron müraciət edildikdə isə 1 (bir) iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (5 və 6 nömrəli Əlavələr) qəbul edilir. 2.12. Gün ərzində Komissiya tərəfindən qəbul olunmuş qərarları özündə əks etdirən PAS tərəfindən hazırlanmış protokol (7 nömrəli Əlavə) Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 2.13. Müraciət edən şəxsin əmək pensiyası (əmək pensiyasının yenidən hesablanması və ya bir növündən başqa növünə keçirilməsi) hüququ olmadığı hallarda, Şöbə və ya İdarə pensiya təyin olunmasından imtina edilməsi barədə bildirişi (8 nömrəli Əlavə) 5 iş günü ərzində imtinanın səbəblərini göstərmək şərtilə müraciətdəki əks əlaqə vasitələrindən birinə göndərir və ya məlumat verir. 2.14. Bu Qaydalara uyğun olaraq əmək pensiyası təyin edilməsi və yaxud təyin edilməsindən imtina edilməsi barədə məlumatlar PAS-da saxlanılır. Göründüyü kimi iddiaçı Əmək pensiyasının yenidən hesablanmasını tələb etmək hüququna malik olan şəxs kimi işləməyə əmək pensiyaçı kateqoriyasına keçdiyi vaxtdan sonra cavabdehə müraciət etmiş, cavabdeh isə qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində yenidən hesablama barədə müraciətlə əlaqədar qərar qəbul etmək əvəzinə, həmin qərarın qəbulunu gecikdirmiş, iddiaçının almalı olduğu pensiya artımının gec alınmasına səbəb olmuşdur. Cavabdeh özü də 14 sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunan dövr ərzində 2850,04 əskik pul vəsaitinin qaldığını qəbul etmişdir. Lakin, heç bir hüquqi əsas olmadan həmin məbləğin 127-yə bölməklə ödənilməsi barədə mövqe nümayiş etdirmişdir. Halbuki, birbaşa həmin məsələləri tənzimləməsə də, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqi üçün hər hansı mane olmamışdır. Həmin Maddəyə əsasən Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı da həmin maddənin tətbiqinə etiraz etməmiş, 06.04.2021-30.06.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel,may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsini tələb etmişdir ki, məhkəmə hesab edir ki, həmin tələbdə də iddiaçı haqlıdır. Belə ki, müraciətin hər hansı səbəbdən gec baxılması, əskik pul vəsaitinin 127 kimi bir rəqəmə bölünməklə ödənilməsi üçün əsas qismində çıxış edə bilməz. Ən azından şəxs və dövlət maraqlarının tarazlanmasına xidmət edən bölgü, yəni Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində nəzərdə tutulan bölgü nəzərə alınmaqla həmin məbləğ ona ödənilmiş hər ay məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel,may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməlidir. Bu zaman, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq 2850,04 manat pul vəsaitindən ona hər ay cuzi məbləğ də olsa ödənilən məbləğin çıxılmaqla iddia tələbinin təmin edilməsinə dair iddia verməsində də haqlı olmuşdur. İddia tələbinin əskik ödənilmiş 8509,57 manat pul məbləğinin bir dəfəyə ödənilməsinə münasibətdə isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin 14 sentyabr 2021-ci il tarixli məktubundan da görünür ki, cavabdeh etiraf edir ki, həqiqətən də iddiaçıya 16.12.2010-cu il tarixdən-31.03.2016-cı il tarixədək ümumilikdə ödənilməli olan 8509,57 manat pul vəsaiti ödənilməmişdir. Həmin məbləğin əvəzləşdirilməsi ilə bağlı isə cavabdehin hərəkətlərinin qanunsuzluğuna məhkəmə iddia tələbinin digər hissəsinə baxarkən qiymət vermişdir. Lakin, hər nəqədər 8509,57 manat pul vəsaitinin iddiaçıya ödənilməli olması ilə bağlı tərəflər arasında ödəmənin həyata keçirilməli olmasına münasibətdə inzibati məhkəmə mübahisəsi olmasa da, ödəmənin hansı qaydada aparılmalı olmasına münasibətdə mübahisə mövcuddur. Belə ki, iddia tələbindən də görünür ki, iddiaçı həmin əskik məbləğin yaranmasının cavabdehin səhvi ucbatından yarandığını və həmin məbləğin birdəfəyə ödənilməsini tələb etmişdir. Göründüyü kimi 8509,57 manat məbləğin iddiaçıya ödənilməsi ilə bağlı mübahisə ödəmənin həyata keçirilib-keçirilməməsi ilə bağlı olmamış, ödəmənin birdəfəyə aparılıbaparılmaması ilə bağlı olmuşdur ki, məhkəmə hesab edir ki, göstərilən ödəmənin birdəfəyə həyata keçirilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulmadığından iddia həmin hissədə əsassızdır. Ödəmənin həyata keçirilməsi ilə bağlı oxşar norma isə Qanunun 32.1-1-ci maddəsində öz təsbitini tapmışdır ki, həmin normaya əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, oxşar münasibəti tənzimləyən həmin norma nəzərə alınmaqla ödəmənin fərdi və dövlət maraqlarının tarazlığı baxımından birdəfəlik ödənilməsi barədə iddia təmin edilməməlidir. Oxşarlıq isə onunla bağlıdır ki, istər əmək pensiyasının təyin edilməsi, istər yenidən hesablanması, istərsə də məbləğin əskik ödənilməsinin aşkar edilməsində ortaq cəhət əlavə yaranmış məbləğin iddiaçıya ödənilməsi ilə bağlıdır ki, həmin ödəmənin həyata keçirilməsində 32.1-1-ci maddənin tətbiqi yol veriləndir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 600/2021 saylı iş üzrə qəbul etdiyi 07.04.2021-ci il tarixli qərarında da qeyd edilmişdir ki, pensiya fərqinin birdəfəlik ödənilməsi barədə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələbləri nəzərə alınmalıdır. 2-1(102)-1318/2020 saylı iş üzrə 30 sentyabr 2020-ci il tarixli qərarda isə qeyd edilmişdir ki, iddia tələbinin yenidən hesablama nəticəsində yaranan fərqin qanunamüvafiq qaydada birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunda ötən dövr üçün hesablanan pensiyanın birdəfəlik ödənlməsini nəzərdə tutan norma yoxdur. Məhkəmə hesab edir ki, qanunvericiliyin və mövcud inzibati məhkəmə praktikasının xarakterik xüsusiyyətləri baxımından və dövlət və cəmiyyətin iqtisadı maraqlarının tarazlaşdırılması baxımından hazırda iddia olunan məbləğin də birdəfəyə ödənilməsi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. 01.04.2016-cı il-05.04.2021-ci il tarixləri arasındakı dövr ərzində iddiaçı İddiaçı ödənilmiş 9032,24 manat pul məbləğinin ona əskik ödənilmiş pensiya məbləği ilə əvəzləşdirilməsi qanunsuz hesab edilərək həmin 9032,24 manat pul məbləğinin İddiaçı əskik ödənilmiş pensiya məbləği əvəzləşdirilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilsin. 06.04.2021-30.06.2021-ci il tarixləri arasındakı dövr ərzində yaranmış 2850,04 manat əskik pul vəsaitindən iddiaçı İddiaçı hər ay ödənilmiş məbləğ çıxılmaqla yerdə qalan əskik pul vəsaitinin ödənişlərin edilmədiyi ayların (aprel,may, iyun) sayı nəzərə alınmaqla üç dəfəyə bölünərək 3 aya ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddiaçı ödənilməli olan əskik 8509,57 manat pul məbləğinin ona birdəfəlik ödənilməsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi hissəsində iddia təmin edilməsin Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar