Məhkəmə qərarları › İş №2-1(112)-2573/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2573/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2573/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarış və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına ümumi sahəsi 1633,7 kv.metr olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının faktiki olaraq yarımzirzəmi, dörd mərtəbə və mansard sahədən ibarət olması nəzərə alınaraq İddiaçı adına ümumi sahəsi 1633,7 kv.metr olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair reyestrdən çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası onun xüsusi mülkiyyətindədir. Həmin qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışa və texniki pasporta əsasən yarımzirzəmi, 3 mərtəbə və mansard sahəsindən ibarət olmaqla ümumi sahəsi 1353,3 kv metrdir. Lakin faktiki olaraq həmin qeyri-yaşayış binası yarımzirzəmi, 4 mərtəbə və mansard sahəsindən ibarətdir. Dördüncü mərtəbə çıxarış və texniki pasportda göstərilməmişdir. Dördüncü mərtəbənin ölçüsü 280.4 kv metrdən ibarətdir. Bununla əlaqədar olaraq tərtib olunmuş layihə müvafiq icra hakimiyyəti tərəfindən də təsdiq olunmuşdur. Müvafiq qaydada sənədləri toplayıb sözügedən qeyri-yaşayış sahəsinə dair çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh 29.10.2020-cı il tarixli məktubu ilə hüquqmüəyyənedici sənədlərin olmaması əsası ilə tikililərin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hesab etmişdir ki, cavabdehin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia etirazla qarşılanır. Məhkəmənin sərəncamının icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, əlavə tikililərlə bağlı olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa 29.10.2020-cu il tarixli, **********33 saylı cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya etriazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li, 31.01.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1353,3 kvm. olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,03149 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya reyestr nömrəsi **********50-06301 olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına verilmiş 30.01.2019-cu il tarixli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyri-yaşayış sahəsi yarımzirzəmi, 3 mərtəbə və mansardan ibarət olmaqla yarımzirzəminin sahəsi 231,7 kvm., 1-ci mərtəbənin sahəsi 280,4 kvm., 2-ci mərtəbənin sahəsi 280,4 kvm., 3-cü mərtəbənin sahəsi 280,4 kvm., mansardın sahəsi 280,4 kvm.-dən ibarət olmaqla ümumi sahə 1353,3 kvm-dir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 22.01.2021-ci il tarixli, **********75 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, 46 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 24.01.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X5 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1353,3 kvm. olan qeyri-yaşayış binasını və xüsusi mülkiyyətində olan 0,03149 ha torpaq sahəsini anası İddiaçı mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli, **********66 nömrəli məktubuna əlavə edilmiş Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 95 (25 A) saylı qeyri-yaşayış binasına dair müvafiq sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 25 A saylı qeyri-yaşayış binası 05.10.2013-cü ildə ümumi sahəsi 1353,3 kvm., 3 mərtəbə olmaqla ilkin olaraq X2 xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeydiyyat zamanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Nizami rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubu, tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqıda qəbul komissiyasının aktı, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 23.07.2009-cu ildə razılaşdırılmış eskiz layihəsi əsas götürülmüşdür. Eskiz layihədə qeyri-yaşayış binası zirzəmi və 4 mərtəbədən ibarətdir. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 25.12.2013-cü ildə təsdiq edilmiş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Bəkir Çobanzadə küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış obyektinin memarlıqplanlaşdırma həllinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sifarişçi X1 əsasında “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Bəkir Çobanzadə küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış obyektinin layihəsi hazırlanmışdır. Layihəyə əsasən qeyri-yaşayış binası zirzəmi, 4 mərtəbə və mansarddan ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********33 №-li, 29.10.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 05.09.2020-ci il tarixli, ********** nömərli ərizəsinə tərəflərində baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, əlavə tikililərlə ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 25 A saylı qeyri-yaşayış binası 05.10.2013-cü ildə ümumi sahəsi 1353,3 kvm., 3 mərtəbə olmaqla ilkin olaraq X2 xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, sonuncu mülkiyyətində olan qeyri-yaşayış binasını və onun yerləşdiyi torpaq sahəsini anası İddiaçı bağışlamışdır. Hazırda daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li, 31.01.2019-cu il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1353.3 kv.m olan qeyri-yaşayış binası və həmin binanın yerləşdiyi 0,03149 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 25 A saylı qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi adına qeydə alınan, həmin ünvana dair texniki pasporta tərtib edilən zaman Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 25.12.2013-cü ildə razılaşdırılmış qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həllinin nəzərə alınmamasını, qeyri-yaşayış binasının 4-cü mərtəbəsinin ümumi sahəyə daxil edilməməsini, fakitiki sahələrin nəzərə alınmasını əsas göstərərək ona həmin sahələr nəzərə alınmaqla yeni çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan əlavə tikililərlə ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlərin təqdim edilməməsini əsas göstərərək müraciəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.9-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. - 8.0.10-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 28 aprel 2015-ci il tarixli 1262-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilmişdir: - “80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1.400 kvadratmetrdən və tikinti sahəsi 1.000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 16 may 2017-ci il tarixli 673-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində 80.1-1-ci maddə ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Qeyri-yaşayış binasının hazırki vəziyyəti ilə bağlı memarlıq-planlaşdırma həlli müvafiq icra orqanı tərəfindən razılaşdırılmışdır. Bundan əlavə razılaşdırılmış layihəyə əsasən qeyri-yaşayış binası yarımzirzəmi, 4 mərtəbə və mansarddan ibarətdir. İddiaçının qeyri-yaşayış binası üzrə hüquqları qeydiyyata alınan zaman binanın 4-cü mərtəbəsi, yəni 280,4 kvm. ərazi nəzərə alınmamış, hansı əsaslarla nəzərə alınmaması ilə bağlı cavabdeh tərəfindən konkret dəlillər gətirilməmişdir. İddiaçının qeydi-yaşayış binasına dair mövcud qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərinin mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmışdır. Bundan əlavə mübahisəli daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsini istisna edən hallar müəyyən edilmədiyindən, bununla bağlı məhkəmə icraatında cavabdeh tərəfindən başqa sübutlar təqdim edilmədiyindən, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyatı qanuna zidd deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən, faktiki olaraq yarımzirzəmi, dörd mərtəbə və mansard sahədən ibarət olmaqla ümumi sahəsi 1633,7 kv.metr olan qeyriyaşayış binasına mülkiyyət hüquqları əldə etmişdir və onun müvafiq qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı və bu barədə reyestrdən çıxarış verilməli idi. Belə olan halda məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1633,7 kv.metr olan qeyri-yaşayış binasının (yarımzirzəmi, dörd mərtəbə və mansard sahə nəzərə alınmaqla) dövlət qeydiyyatına alınaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin qeyri-yaşayış binasına dair texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1633,7 kv.metr olan qeyri-yaşayış binasının (yarımzirzəmi, dörd mərtəbə və mansard sahə nəzərə alınmaqla) dövlət qeydiyyatına alınaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin qeyri-yaşayış binasına dair texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar