Məhkəmə qərarları › İş №2-1(112)-2574/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2574/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2574/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “əmək haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh 2007-ci ildə mart ayında “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət, eləcə də, həmin il üzrə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan hər il müalicə üçün iki aylıq əmək haqqı məbləğində 2140,50 manat müavinəti (cəmi 3210,75 manat); 2008-ci ildə “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət və “01 oktyabr prokurorluqun peşə bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət, eləcə də, həmin il üzrə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan müalicə üçün iki aylıq əmək haqqı məbləğində 2140,50 manat müavinəti (cəmi 4281 manat); 2009-cu ildə hər il mart ayında ödənildiyi, “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət, məzuniyyətdən istifadə etmədiyimə görə 1070.25 manat məzuniyyət pulu və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublkası Qanunun 20.8-ci, 20.9-cü və 21.4-cü maddələrində nəzərdə tutulan müavinətlərin hamısı hesablanıb (cəmi 7491,75 manat), ümumi 14983,5 manat məbləğində vəsaitin dənilməsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, prokurorluq orqanlarında təxminən 30 il, yəni 12 oktyabr 1981-ci ildən 01 iyun 2009-cu il tarixədək xidmət edib. Azərbaycan Respublikasına 1989-cu ilin aprel ayının 19-dan keçmiş SSRİ Baş Prokurorluğundan köçürmə yolu ilə gəlib və həmin vaxtdan 01.06.2009-cu il tarixədək Azərbaycan Respublikasının Prokururluq orqanlarında, o cümlədən Azərbaycan Respublikası Baş Prokurorluğunda, Bakı şəhəri Xətai və Sabunçu, eləcə də, Abşeron rayon prokurorluqlarında müvafiq olaraq baş müstəntiq, prokurorun böyük köməkçisi, rayon prokurorun müavini və Baş Prokurorluğunun İdarə prokuroru vəzifələrində xidmət etmişəm. Bu barədə əmək kitabçamda müvafiq qeydlər vardır. Azərbaycan Respublikasında xidmət etdiyi 20 il ərzində (1989-2009) o, cəmi 6 dəfə, yəni 1998-ci, 2004-2008 illərdə məzuniyyətə gedib. Qalan illərdə isə, məzuniyyət hüququndan istifadə etməyib. 01.06.2009-cu il tarixdə onunla əmək müqaviləsinə xitam verilərkən, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndinin tələblərini ciddi pozaraq, həmin iş ili üzrə mənə məzuniyyət verməmiş və “Prokurorluq orqanalırında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsində nəzərdə tutulan “prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara ikiqat əmək haqqı məbləğində pul vəsaiti” də verməmişdir. Əksinə, 2009-ci ildə 5 ay müddətində işlədiyi və əmək haqqı aldığı halda, bilərəkdən yanlış hesablama aparmış, barəsində cəmi 3 gün məzuniyyət günü müəyyən etmiş və onun əvəzini ona ödəmişdir. Bundan əlavə, əmək, məzuniyyət və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunvericiliyində nəzərdə tutulan, eləcə də, Baş Prokurorun müvafiq Əmrləri ilə verilməli olan aşağıdakı müavinətləri də, cavabdeh ona ödəməmişdir. Belə ki, 2007-ci ilin mart ayında, Baş Prokurorun Əmri ilə hər il ödənildiyi, “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət, eləcə də, həmin ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan “müalicə üçün iki aylıq əmək haqqı məbləğində 2140,50 manat müavinət ona ödənilməmişdir. Bundan əlavə, 2008-ci ildə də, hər il mart ayında ödənildiyi, “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət və Baş Prokurorun müvafiq Əmr ilə hər il ödənildiyi prokurorluq əməkdaşlarının peşə bayramı “01 oktyabr prokurorluq günü” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət ona ödənilməmişdir. Bundan əlavə, 2008-ci ildə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.9-cu maddəsində nəzərdə tutulan müalicə üçün iki aylıq əmək haqqı məbləğində 2140.50 manat məbləğində müavinət də, mənə ödənilməmişdir. Bundan başqa, 2009-cu ildə hər il mart ayında ödənildiyi, “Novruz Bayramı” münasibəti ilə bir aylıq əmək haqqı həcmində olan 1070,25 manat məbləğində müavinət ona ödənilməmişdir. Bundan əlavə, 2009-cu ildə, hər il prokurorluq əməkdaşlarına ödənildiyi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun 20.8., 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan hər maddə üzrə müvafiq olaraq ikiqat əmək haqqı məbləğində olan 2140.50 manat müavinətlərin hamısı mənə ödənilməmişdir. Bildirir ki, bu müavinətlərdən 2009-cü ildə ona yalnız “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun bir maddəsi, 21.4-cü maddələrində nəzərdə tutulan müavinətin yarısı (yəni 2140.50 manatdan 1070.25 manat məbləğində) müavinət ödənilmişdir. Eyni zamanda, həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulan digər müavinətlər isə, ödənilməmişdir. Göstərdiyi bu müvinətlərin ona ödənilməməsi cavabdeh Baş Prokurorluğun özünün rəhbərliyi tərəfindən tərtib olunmuş və ona verilmiş 25 iyul 2018-ci il tarixli, 17/529 saylı məktubdan (əmək cədvəlindən), müavinətlərin ödənilməsinə dair 31.07.2018-ci il tarixli, 17/548 saylı məktubundan, 2009-cu ildə barəmdə aparılmış son haqq-hesablama arayışından, ödəmə qəbzindən, 2007-2009-cu illər ərzində “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunla nəzərdə tutulan müavinətlərin ödənilməsinə dair 13.04.2021-ci il tarixli, 20/379 saylı arayışından və digər rəsmi mühasibat sənədlərdən açıq-aydın görünür. Qeyd etdiyi bu müavinətlərin ona ödənilməməsi səbəbindən, ona prokuror işçisi kimi, həddindən çox az məbləğdə (yəni cəmi 1600 manat məbləğində) pensiya dəyəri müəyyən edilmişdir. Ona görə də qeyd etdiyi bu müavinətlərin ona ödənilməsi və pensiyasının yenidən hesablanması məqsədilə Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün müvafiq arayışın mənə verilməsi ilə bağlı onun tərəfindən Baş Prokurorluğa 01.06.2021-ci il, 30.06.2021-ci il, 01.07.2021-ci il, 22.07.2021-ci il, 26.07.2021-ci il tarixlərdə “xəbərnaməli” qaydasında poçt vasitəsilə rəsmi müraciətlər göndərilməsinə, bundan əlavə, onu qəbul etmək üçün 3 dəfə (05.07.2021-ci İ, 09.07.2021-ci il və 16.07.2021-ci il tarixlərdə) teleqramlar da, vurmasına baxmayaraq, Baş Prokurorluqdan ona həmin məktubların daxil olması haqqında formal bildirişlər və 09.07.2021-ci il tarixli, 20/703 saylı, 14.07.2021-ci il tarixli, 20/714 saylı formal cavab verilmişdir. Sonuncu dəfə 22.07.2021-ci il və 26.07.2021-ci il tarixlərdə göndərdiyi müraciətlərinə isə, cavab verilməmişdir. Verilmiş formal cavablarda isə, göstərilmişdir ki, guya onun tələb etdiyi məsələlər üzrə hazırda Bakı Apellyasiya Məhkəməsində işə baxılır. Əslində, Bakı Apellyasiya Məhkəməsində hazırda baxılan iş üzrə qoyduğu tələb, hazırki tələb deyildir. Həmin işdə onun tərəfindən Baş Prokurorluğa qarşı verdiyi başqa tələb, yəni 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək sərəncamda olduğu müddətdə əmək haqqının və diqər müavinətlərin mənə ödənilməməsi kimi, iddia tələbi üzrə olmuşdur. İddia tələbinin hüquqi əsasları aşağıdakı kimidir: Məlum olduğu kimi, əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 143-cü maddəsinin 1-ci bəndinin tələblərinə əsasən “müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Həmin Məcəllənin 143-cü maddəsinin 2-ci bəndinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Eləcə də, məlum olduğu kimi, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən “prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir”. Həmin Qanunun 20.9 maddəsinə əsasən ’’prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Bundan əlavə, həmin Qanunun 21.4 maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Bunlardan əlavə, Baş Prokurorun 28.09.2000-ci il tarixli,03/507-K saylı Əmri ilə “01 oktyabr Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibəti ilə”, eləcə də, həmin vaxtı verilmiş digər müvafiq Əmri ilə hər il “Novruz bayramı” münasibəti ilə Respublika prokurorluğu orqanlarında bütün işçilərinin bir aylıq vəzifə maaşları məbləğində pul mükafatların verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Baş Prokurorun 22.12.2000-ci il tarixli,03/683-K saylı Əmri ilə “31 dekabr- Dünya Azərbaycanlıların həmrəyliyi günü” və “Yeni il” münasibəti ilə prokurorluq işçilərinin bütün əməkdaşlarına 2 aylıq maaşları məbləğində pul mükafatların verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, Baş Prokurorluğun rəhbərliyi trərəfindən verilmiş 31.07.2018-ci il tarixli, 17/548 saylı məktubundan da açıq-aydın görünür ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq əməkdaşlarına onların əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Baş Prokurorunun ümumi Əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumillikdə 3 dəfə maddi yardım verilir. (Yəni Qanunda 2 dəfədən az verilməsi göstərilib, 3 dəfə verilir). Qeyd edilənlərdən əlavə, məlum olduğu kimi, məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. «Ödənişli illik məzuniyyətlər haqqında» X2 1936-cı ildə qəbul edilmiş 52 saylı Konvensiyanın 3-cü maddəsinə görə, məzuniyyətə gedən hər bir şəxs məzuniyyətin bütün dövründə milli qanunlarla və qaydalarla təsbit olunmuş üsullarla hesablanmış, əgər onun natura ilə haqqının pul ekvivalenti varsa, onu da əlavə etməklə ya özünün adi haqqını və ya kollektiv müqavilə ilə müəyyən edilmiş haqqını almalıdır. «Ödənişli məzuniyyətlər haqqında» X2 1970-ci ildə qəbul etdiyi 30 iyun 1973-cü ildən qüvvədə olan 132 saylı Konvensiyanın 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir. Sadaladığı bu Qanun və Normativ aktlardan göründüyü kimi, 2009-cu ildə onunla əmək münasibətlərinə xitam verilərkən, məzuniyyətə çıxmaq hüququ, onunla bərabər “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8-ci maddəsində nəzərdə tutulan “prokurorluq işçilərinin məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatını almaq”, bunlardan əlavə, həmin Qanunun 20.9 və 21.4-cü maddələrindən nəzərdə tutulan kompensasiyalar almaq, habelə, “Novruz bayramı” və “Prokurorluğun peşə bayramı” münasibətləri ilə hər il ödənilən müavinətlərin alması hüququm yaranmışdır. Lakın cavabdeh tərəfindən qeyd edilən bu Qanun və Normaların tələbləri ciddi pozulmuş, 2009-cu ildə onunla əmək münasibətləri xitam verilərkən, ona bilərəkdən məzuniyyət verilməmiş, bununla bərabər “Prokurorluq orqanalırında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsində nəzərdə tutulan “prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki qat əmək haqqı məbləğində pul vəsaiti” verilməmişdir. 2009-ci ildə 5 ay müddətində işlədiyi və əmək haqqı aldığı halda, bilərəkdən yanlış hesablama aparıb, cəmi 3 gün məzuniyyət günü müəyyən etmiş və onun əvəzini mənə ödəmişdir. Eləcə də, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.9 və 21.4- cü maddələrində nəzərdə tutulan müavinətlər və hər il ödənilən yuxarıda qeyd etdiyim digər kompensasiyalar da, son haqq-hesabla zamanı ödənilməmişdir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının işlədiyi dövrdə xidmət illəri və tutduğu vəzifəyə uyğun olaraq əmək haqları ödənilib. Həmin dövrdə həyata keçirilmiş ödənişlərlə bağlı sənədlər məhv edildiyi üçün məhkəməyə təqdim edilməsi mümkün deyildir. Bununla bağlı akt məhkəməyə təqdim edilmişdir.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

6. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

7. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X4rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X5rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

8. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

9. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

10. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən:

11. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

12. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

13. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

14. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir. İddiaçı tərəfindən verilmiş vəsatətlər (onun təmini) iddianın mümkünlüyünü istisna etmir. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar