Məhkəmə qərarları › İş №2-1(112)-2575/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2575/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2575/2021 10.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Baş Gömrük İdarəsinə qarşı rəsmiləşdirilmənin başa çatdırılması və malın sərbəst dövriyyə buraxılması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Bakı şəhəri Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ünvanına gəlmiş AMG-186-180 markalı 1784 ədəd ət çəkən maşının yazılı bildiriş verilməklə sərbəst dövriyyə gömrük proseduru altında rəsmiləşdirilmənin başa çatdırılması və malın sərəbəst dövriyyə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasındakı mübahisənin həll olunduğunu, cavabdehin rəsmiləşdirməni başa çatdırdığını, malın sərbəst dövriyyəyə buraxıldığını, bu səbəbdən də iddiaçının iddiasından imtina etdiyini, iddiadan imtinanın qəbul edilərək inzibati işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını, iş onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, mübahisələndirilən hal inzibati orqanın özü tərəfindən həll edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Baş Gömrük İdarəsinə qarşı rəsmiləşdirilmənin başa çatdırılması və malın sərbəst dövriyyə buraxılması tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar