Məhkəmə qərarları › İş №2-1(112)-2575/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2575/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2575/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı3 və İddiaçı2 iştirakı ilə İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində qeyd edilir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 15 ildir Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ünvanında yaşayırlar. Onlar daha əvvəl Kürdəxanı qəsəbəsi, Sovetskiy küçəsi ünvanında qeydiyyatda olmuşlar. Lakin sonradan həmin fərdi yaşayış evi söküldükdən, sözügedən ünvandan qeydiyyatdan çıxarılmışlar. İddiaçı2 Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşməsinə baxmayaraq, həmin ünvandan da qeydiyyatdan çıxarılmışdır. Halhazırda onlar hər hansı bir ünvanda qeydiyyatda deyillər. Hazırda yaşadıqları yalnız qeydiyyatda olmadıqları Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ünvanına qeydiyyata alınması üçün cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişlər. Cavabdeh öz növbəsində 11 sentyabr 2021-ci il tarixli 073-32364Q nömrəli qərarı ilə onların Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ünvanına qeydiyyata alınmasından imtina etmişdir. Qeyd olunan məsələ ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi bildirilmişdir. İddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ünvanında 15 ildir qeydiyyatsız olaraq yaşayırlar və həmin evlə bağlı bütün kommunal xərclər iddiaçılardan birinin adınadır. Hazırda hər hansı bir ünvanda qeydiyyatda deyillər. Bu isə öz növbəsində onlar üçün bir sıra çətinliklər yaradır. Belə ki, sənədləşmə və digər orqanlara müraciətlə bağlı problemlər əmələ gəlir, ailənin digər üzvlərinin sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Həmçinin, bu yaxınlarda vaksinasiya olunmaq üçün poliklinikaya müraciət edilsə də, hazırda qeydiyyat yeri olmadığından, məsələnin həlli mümkün olmamışdır. İddiaçı3 qeydiyyat yeri olmadığından onun nikahın qeydiyyata alınması da mümkün olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, onlar üçün sözügedən ünvana qeydiyyata alınmaq böyük əhəmiyyət daşıyır. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5, 13-cü maddələrinə, İPM-in 12, 14-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 19, 22, 24-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, iddiaçıların Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ünvanına qeydiyyatına alınması öhdəliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı3 və İddiaçı2 gəlmişlər, digər iddiaçı və cavabdeh tərəf isə gəlməmişlər. Məhkəmə İPM-in 30.4, 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işn faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ünvanına dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etmədiyindən, cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin onların həmin evə qeydiyyata alınması üzrə müraciəti ilə bağlı hərəkətləri – imtinası qanuna zidd sayıla bilməz. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı «iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar