Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2578/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının “İcbari Tibbi Sığorta haqqında Qanunu”nu əldə rəhbər tutaraq, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının “İcbari tibbi sığorta haqqında” Qanununu və vətəndaş hüquqlarının təminatı ilə bağlı digər qanunların aliliyini rəhbər tutaraq ona dəymiş 773 (yeddi yüz yetmiş üç) manat maddi və 2000 (iki min) manat mənəvi ziyanın birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 iyul 2021-ci ildə 9 saylı BŞX-nin Poliklinika Şöbəsi “kəskin kalkulyoz xolesistit” diaqnozu ilə ona 3 saylı ŞKX-yə göndəriş vermiş, lakin 3 saylı ŞKX onu əməliyyat etməkdən imtina etmişdir. 06 iyul 2021-ci ildə 9 saylı BŞX-nin Poliklinika Şöbəsi yenidən eyni diaqnozla ona Akademik M.Topçubaşov adına ECM-ə göndəriş vermiş, lakin adıçəkilən ECM-də onu əməliyyat etməkdən imtina etmişdir. 07 iyul 2021-ci ildə də həmin ECM-də fiziki və mənəvi sarsıntı keçirmişdir. 08 iyul 2021-ci ildə 9 saylı BŞX-nin Poliklinika Şöbəsi ona sayca 3-cü göndərişi 19 saylı BŞX-yə vermiş, lakin adıçəkilən BŞX də onu cərrahi əməliyyat etməkdən imtina etmişdir. Ağrıları şiddət etdiyindən və dövlət xəstəxanalarından əlini üzdüyündən 09 iyul 2021-ci ildə özəl klinikaya Xəzər Klinikasına müraciət etmiş və elə həmin gün şəxsi vəsaitilə təcili əməliyyat olunmuşdur. 07 iyul 2021-ci ildə Davinçi Hospitalda KT müayinəsindən keçmək üçün 173 (yüz yetmiş üç) manat, 09 iyul 2021-ci ildə Xəzər Klinikasına cərrahi əməliyyata görə 600 (altı yüz) manat (ümumilikdə 773 manat) nağd pul ödəmişdir. Ona dəymiş maddi və mənəvi ziyanı ödənilməsi tələbi ilə 22 iyul 2021-ci ildə İcbari Tibbi Sığorta üzrə X2 Heyətinin sədri şəxsən Zaur Əliyevə ünvanladığı şikayət ərizəsinə bu günədək cavab verilməyib. Təəssüf ki, müraciətilə əlaqədar heç bir cavab almamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışıdır ki, iddiaçının iddiası əsassızdır və təmin edilə bilməz. Ölkədə icbari tibbi sığorta çərçivəsində tibb müəssisəsində tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə yazılı göstərişi - göndəriş vərəqəsi əsasında vətəndaşlar tibbi xidmət almaq imkanına malikdirlər. Bu imkanın təmin edilməsindən ötrü İcbari Tibbi Sığorta üzrə X2 Heyətinin 25.12.2020-ci il tarixli, 29 nömrəli Qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qərarla “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” ilə əhatə olunan tibbi xidmətlərlə təmin edilməsi məqsədi ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtləri müəyyən edilmişdir. Qeyd edilən Qaydalara 02.07.2021-ci il tarixində edilmiş əlavələrdəki tələblərə görə dövlət tibb müəssisələrində dar ixtisaslı həkim müayinəsinin və (və ya) yardımçı-diaqnostik müayinələrin aparılması mümkün olmadıqda, bu xidmətlər Agentliklə müqavilə bağlamış özəl tibb müəssisəsində göndəriş vərəqəsi əsasmda həyata keçirilir. Həmçinin həmin Əlavələrin 7.4-cü bəndinə görə Qaydaların 5.5-1 və 5.6-1-ci bəndləri nəzərə alınmaqla, sığortaolunan göndəriş olmadan tibb müəssisələrinə müraciət etdikdə, ona göstərilən tibbi xidmətə görə Agentlik tərəfindən sığorta ödənişi edilmir. İddiaçının ilk olaraq müraciət etdiyi 9 saylı BŞX tərəfindən ona kəskin kalkulyoz xolesistit diaqnozu qoyularaq ona əməliyyat edilməsindən ötrü 3 saylı şəhər Kliniki Xəstəxanasına (hazırda “X7” Publik hüquqi şəxsi) göndəriş vermişdir. Həmin xəstəxanada ona yalnız açıq üsulla əməliyyat edə biləcəklərini bildirmişlər, lakin xəstə məhz laporoskopik yolla əməliyyat edilməsini istdəyindən xidmətdən imtina etmişdir. Daha sonra ona təkrarən göndəriş verilərək “X5”nə getməsi bildirilmişdir. Lakin oradan verilən məlumata görə xəstə həmin mərkəzdə qeydiyyatdan keçməmiş və bu səbəbdən heç bir həkimə yönləndirilməmişdir. Bundan sonra vətəndaş yenidən müraciət edərək ona yeni göndəriş verilməsini istəmiş, bu səbəbdən ona yeni göndəriş verilərək 19 saylı BŞX-ya (hazırda X6) yönləndirilmişdir. Lakin həmin müəssisədə də lazımi tibbi cihaz və mütəxəssis olmadığı səbəbindən onun əməliyyat edilməsi qeyrimümkün olmuşdur. Qaydalara görə özəl tibb müəssisəsindən xidmət alınması üçün vətəndaş göndəriş almalı olduğu təqdirdə bunun üçün müraciət etməmişdir. Halbuki onun əməliyyatı planlı olub və onun göndəriş almadan təcili özəl xəstəxanaya müraciət etməsi üçün təxirəsalınmaz bir hal da mövcud olmamışdır. Bütün bunlar onu deməyə əsas vermişdir ki, vətəndaş özəl tibb müəssisəsinə göndəriş alınması üçün müraciət etmədən və göndəriş almadan Agentlik ilə müqaviləsi olmayan tibb müəssisəsinə müraciət edərək tibbi xidmət almışdır. Yuxarıda qeyd edilən qaydaların tələblərinə görə isə bu qəbuledilməz haldır və belə olan təqdirdə ona göstərilən tibbi xidmətə görə Agentlik tərəfindən sığorta ödənişinin edilməsi qeyri-qanunidir. Şərh edilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, səhhətində yaranmış ciddi problemlərlə əlaqədar 17 iyun 2021-ci ildə 5 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etmişdir. Qastreontologiya şöbəsində Ezofaqoqastrobulboskopiya, USM və digər müayinələrdən keçmişdir. Müayinələr nəticəsində səhhətində yaranmış problemin öd kisəsilə bağlı olduğu aşkarlandı. Belə ki, USM müayinəsi zamanı öd kisəsinin dib nahiyyəsində 1,9 x 1,1 sm., boyun nahiyyəsində 1,4x 1 sm. (sonradan KT müayinəsi zamanı bu daşların daha böyük ölçüdə: birinin 2,5 sm., digərinin 3 sm. olduğu məlum oldu) daş olduğunu deyən həkim-qastreontoloq bildirdi ki, təcili əməliyyata getməlidir. Müayinənin nəticəsi və həkimin qərarı onun üçün gözlənilməz olduğundan, psixoloji cəhətdən buna hazır olmadığını bildirmişdir. Bunu nəzərə alan həkim əməliyyata qədər vəziyyətinin ağırlaşmamasından ötrü ona müalicə yazmış, lakin əməliyyatı gecikdirməməyi də təkid etmişdir. İki həftədən artıq müddətdə müalicə alsa da, həzm orqanlarındakı şiddətli ağrılar azalmamışdır. Məcbur qalaraq 05 iyul 2021-ci ildə qeydiyyatında olduğu 9 saylı BŞX-nin Poliklinika Şöbəsinə müracət etmişdir. Elə həmin gün adıçəkilən Poliklinika Şöbəsi "kəskin kalkulyoz xolesistit" diaqnozu ilə ona 3 saylı ŞKX-yə göndəriş vermişdit. 05 iyul 2021-ci idə 3 saylı ŞKX-yə getmiş və göndərişini təqdim etmişdir, lakin sözügedən xəstəxanada laparoskopik aparatın işləmədiyini əsas gətirərək onu əməliyyat etməkdən imtina etmişlər. 06 iyul 2021-ci ildə 9 saylı BŞX-nin Poliklinika Şöbəsi ona yenidən eyni diaqnozla Akademik M.Topçubaşov adına ECM-ə göndəriş vermişdir. 06 və 07 iyul 2021-ci il tarixlərində iki gün dalbadal adıçəkilən ECM-ə getmişdir. Həmin iki gün ərzində həm qeydiyyat şöbəsinin əməkdaşlarının laqeyd münasibəti, həm də qəbulunda olduğu həkimlərin qeyri-insani davranışları səhhətini daha da pisləşdirmişdir. İki günlük süründürməçilikdən sonra burada da onu əməliyyat etməkdən imtina etmişlər. 08 iyul 2021-ci ildə 9 saylı BŞX-nin Poliklinika Şöbəsi ona sayca 3-cü göndərişi 19 saylı BŞX-yə vermişdir. Yuxanda adları çəkilən xəstəxanalarda olduğu kimi bu xəstəxanada da icbari tibbi sığortanın vəsaiti (əslində özünün həmin agentliyin balansına ödədiyi pullarla) hesabına əməliyyat olunmaq istəyi dəlilik əlaməti kimi qarşılanmışdır. Belə ki, bu xəstəxanada da onu əməliyyat etməkdən imtina etmişlər. Yayın istisi, ağrılardan çəkdiyi əziyyət, dövlət xəstəxanalarında üzləşdiyi haqsızlıq və keçirdiyi mənəvi sarsıntı artıq onu usandırmışdır. Vəziyyətinin günbəgün pisləşdiyini görən ailə üzvləri məcburiyyət qarşısında qalaraq 09 iyul 2021-ci ildə onu Xəzər Klinikasına aparmışlar. Təcili əməliyyata göstəriş olduğunu nəzərə alan Xəzər Klinikasının həkimləri “Kəskin kalkulyoz xolesistit” diaqnozu ilə onu əməliyyat etmişlər. 07 iyul 2021-ci ildə Davinçi Hospitalda KT müayinəsindən keçmək üçün 173 (yüz yetmiş üç) manat, 09 iyul 2021-ci ildə cərrahi əməliyyata görə Xəzər Klinikasına 600 (altı yüz) manat olmaqla, şəxsi vəsaiti hesabına ümumilikdə 773 (yeddi yüz yetmiş üç) manat nağd pul ödəmişdir. 05-08 iyul 2021-ci il tarixlərində yuxarıda adları çəkilən dövlət xəstəxanalarında üzləşdiyi xoşagəlməz münasibətlərə görə ona dəymiş mənəvi ziyanı isə heç bir məbləğ kompensasiya edə bilməz. Lakin qanunun verdiyi hüquqdan yararlanaraq, cavabdeh tərəfdən ona dəymiş maddi ziyana görə 773 (yeddi yüz yetmiş üç) manat, mənəvi ziyana görə 2000 (iki min) manat pul tələb edir. Cavabdeh tərəfin nümayəndəsinin Akademik M.Topçubaşov adına ECM-ə müraciət etmədiyinə dair söylədikləri əsassızdır. 9 saylı BŞXnin Poliklinika Şöbəsinin 06.07.2021-ci il tarixli göndərişinin və 23.07.2021-ci il tarixli “Ambulator kitabçadan çıxarış”ının təqdim etdiyi surətləri, eyni zamanda 01.02.2022-ci ildə Akademik M.Topçubaşov adına ECM-in qeydiyyat şöbəsinin əməkdaşları ilə telefonla danışığının səsyazısı adıçəkilən ECM-ə müraciət etdiyini təsdiqləyən danılmaz sübutlardır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Yardımlı rayonu, Tahirli kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 9 №-li B.Ş.X Poliklinika şöbəsi tərəfindən 3 saylı K.Ş.X-na göndərilmiş TQS 027 №-li, 05.07.2021-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı “kəskin kalkulyoz xolesistit” diaqnozu qoyulmuşdur. Xəstəliyin başlanma tarixi 2019-cu il qeyd olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 9 №-li B.Ş.X Poliklinika şöbəsi tərəfindən Akad.M.Topçubaşov adına ECM-nə göndərilmiş TQS 027 №-li, 06.07.2021-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı “kəskin kalkulyoz xolesistit” diaqnozu qoyulmuşdur. Diaqnozun müəyyən edilmə tarixi 2019-cu il qeyd olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 9 №-li B.Ş.X Poliklinika şöbəsi tərəfindən 19 saylı B.Ş.X-na göndərilmiş TQS 027 №-li, 08.07.2021-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı “kəskin kalkulyoz xolesistit” diaqnozu qoyulmuşdur. Xəstəliyin başlanma tarixi 2019-cu il qeyd olunmuşdur. Həmin çıxarışda “Hal-hazırda 19 №-li BŞX-da həmin xəstənin cərrahi əməliyyatı üçün müvafiq şərait yoxdur. Xəstənin başqa klinik xəstəxanalardan birinə göndərilməsi məsləhət görülür” qeydi aparılmışdır. - Xəzər Klinikası tərəfindən verilmiş 78 №-li, 14.07.2021-ci il tarixli arayışın surətindən görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı 09.07.2021-ci il tarixində Xəzər klinikasında “Kəskin kalkulyoz xolesistit” diaqnozu ilə “Laparoskopik xolesistektomiya” cərrahi əməliyyatı keçirilmişdir. Göstərilən xidmətə görə 600 manat təşkil olunan məbləğ klinikaya köçürülmüşdür. - Davinçi Hospital tərəfindən verillmiş qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən 07.07.2021-ci il tarixdə cəmi 173 manat (55 manat+110 manat+ 8 manat) pul ödənilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 9 №-li B.Ş.X-nın Poliklinika Şöbəsi tərəfindən İcbari Sığorta üzrə Dövlət Agentliyinə ünvanlamış 23.07.2021-ci il tarixli, 453 №-li ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, İddiaçı 05.07.2021-ci il tarixində 3 saylı Ş.H.X-yə göndərilmiş və laporaskopik aparat işləmədiyinə görə xəstə əməliyyat oluna bilməmişdir. 06.07.2021-ci il tarixində Akad.M.Topçubaşov adına ECM-ə göndərilmiş, orada da laporoskopik aparatı işləmədiyi deyilmişdir. 08.07.2021-ci il tarixində 19 saylı B.Ş.X-na göndərilmiş verilmiş və xəstəxana tərəfində əməliyyatdan imtina olunmuşdur. 09.07.2021-10.07.2021-ci il tarixlərində xəstə öz hesabına “Xəzər Klinikasında” “kalkulyoz xolisistit” diaqnozu ilə əməliyyat olunmuşdur. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 12 iyul 2021-ci il tarixli ərizənin surətindən görünür ki, müayinə üçün Davinçi Hospitala ödədiyi 173 manatın, əməliyyat üçün Xəzər klinkasına ödədiyi 600 manatın, ümumilikdə 773 manat maddi ziyanın ona ödənilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış PHŞ/1-2-2021-25337 №-li, 13.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığı müalicəsi üçün Davinçi Hospital və Xəzər Klinkasına ödədiyi məbləğin geri qaytarılmasına köməklik göstərilməsi haqqında müraciətinə Agentlikdə aidiyyəti üzrə baxılmışdır. Müraciətində qeyd etdiyi məsələnin araşdırılması üçün Agentlik tərəfindən bir sıra əlavə məlumatların əldə edilməsinə zərurət yaranmış, X7, X6 və Akademik M.A.Topçubaşov adına X3 sorğu göndərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müraciətinizə baxılmanın müddəti uzadılmışdır. Müraciətinə baxılmanın nəticəsinə dair ona əlavə məlumat veriləcəkdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Tibbi siğorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.7-ci maddəsinə əsasən sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir. - 1.0.8-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə icbari tibbi sığortaya münasibətdə xidmətlər zərfinə və tariflərə, könüllü tibbi sığortaya münasibətdə isə könüllü tibbi sığorta müqaviləsinə uyğun olaraq bu Qanunla nəzərdə tutulmuş qaydada tibb müəssisəsinə və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxsə ödənilən maliyyə vəsaitidir. - 1.0.10-cu maddəsinə əsasən sığorta hadisəsi – bu Qanuna əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas olan hadisə və ya yaranan haldır (o cümlədən profilaktik tədbirlər). - 1-1.2-ci maddəsinə əsasən tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. - 1-1.3-cü maddəsinin tələbinə görə icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. - 2-1-ci maddəsinə əsasən tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalılar, sığortaçılar və tibb müəssisələridir. - 15-1.0-ci maddəsinə əsasən icbari tibbi sığortanın əsas prinsipləri əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi; sığortalıların icbari tibbi sığorta münasibətlərində həmrəylik prinsipinə əsaslanaraq iştirakının təmin edilməsi; sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi; sığorta ödənişlərinin sığorta haqlarına mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması; sığorta haqlarının müntəzəm ödənilməsinin məcburiliyi; icbari tibbi sığortanın iştirakçılarının hüquqi bərabərliyidir. - 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. - 15-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. - 15-3.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır. - 15-4.1-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığortaolunanların bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək; göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsidən tələb etmək; “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkim sirri təşkil edən məlumatların gizli saxlanmasını tələb etmək; tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsidən tələb etmək; icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət etmək; xeyrinə ödənilmiş sığorta ödənişləri barədə məlumat almaq; sığortaçıdan icbari tibbi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; onları icbari tibbi sığorta etməyi, habelə sığorta haqqının tam həcmdə və vaxtında ödənilməsini sığortalıdan tələb etmək hüquqları vardır. - 15-16.0-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilməsindən imtina edir: xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərin göstərilməsi ilə bağlı olduqda; tələb mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; sığortaolunanın özü tərəfindən bilavasitə ödənilməli olduğu halda sığorta haqqının bu Qanunda nəzərdə tutulan qaydada hər hansı bir hissəsi ödənilməmiş olduğu təqdirdə; sığorta limiti tam olaraq istifadə olunduqda. - 15-28.1-ci maddəsinə əsasən xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. - 15-28.2-ci maddəsinə əsasən sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. İcbari Tibbi Sığorta üzrə X2 Heyətinin 25 dekabr 2020-ci il tarixli, 29 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(ləri)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən göndəriş vərəqəsi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15.3.3-cü maddəsinə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra Agentlik) ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibbi müəssisələrinə verilə bilər. - 4.5-ci bəndinə əsasən dövlət tibb müəssisələrində dar ixtisaslı həkim müayinəsinin və (və ya) yardımçı-diaqnostik müayinələrin aparılması mümkün olmadıqda bu xidmətlər Agentliklə müqavilə bağlamış özəl tibb müəssisəsində göndəriş vərəqəsi əsasında həyata keçirilir. - 5.1-ci bəndinə əsasən tibbi göstəriş olduğu hallarda ilkin səhiyyə xidməti və (və ya) dar ixtisaslı həkim tərəfindən stasionar tibbi xidmətin gödtərilməsi üçün sığortaolunana göndəriş vərəqəsi verilir. Bu Qaydanın 5.4-cü bəndinin şərtləri nəzərə alınmaqla ilkin səhiyyə xidməti və (və ya) dar ixtisaslı həkim göndəriş vərəqəsini onlarıın aid olduqları inzibati ərazi vahidində (rayon, şəhər rayonu və ya şəhər) yerləşən dövlət tibb müəssisəsinə verə bilərlər. - 5.2-ci bəndinə əsasən stasionar tibbi xidmətin bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmadığı təqdirdə, ilkin səhiyyə xidməti və (və ya) dar ixtisaslı həkim aid olduqları tibbi ərazi bölməsinə daxil olan və müvafiq tibbi xidməti göstərmək imkanına malik olan tibb müəssisəsinə göndəriş vərəqəsinin verilməsini təmin edir. - 5.5-1-ci bəndinə əsasən dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə tibbi yardım göstərilə bilmədikdə müəssisə bu barədə Agentliyə rəsmi məktub vasitəsilə ilə müraciət edə bilər. Agentlik göstərilən xidmətin icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir (bu halda göndəriş bilavasitə Agentlik tərəfindən verilir) və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir. - 5.6-1-ci bəndinə əsasən Agentlik ilə müqavilə bağlamış özəl tibb müəssisələrində sığortaolunana göndəriş olmadan stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətlə əlaqədar həmin özəl tibb müəssisəsi tərəfindən Agentliyin elektron ünvanına müraciət edə bilər. Agentlik göstərilən xidmətin icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir. - 7.4-cü bəndinə əsasən bu Qaydanın 5.5-1-ci və 5.6-1-ci bəndləri nəzərə alınmaqla, sığortaolunan göndəriş olmadan özəl tibb müəssisələrinə müraciət etdikdə, ona göstərilən tibbi xidmətə görə Agentlik tərəfindən sığorta ödənişi verilmir. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Abbasəli oğluna qeydiyyatda olduğu 9 №-li Bakı Şəhər Xəstəxanasının Poliklinika şöbəsi tərəfindən “kəskin kalkulyoz xolesistit” diaqnozu ilə əməliyyat edilməsindən ötrü 05.07.2021-ci il tarixdə 3 saylı şəhər Kliniki Xəstəxanasına, 06.07.2021-ci il tarixdə Akad. M.Topçubaşov adına X8, 08.07.2021-ci il tarixdə 19 saylı BŞX-na qaydaların tələblərinə uyğun göndəriş vərəqələri verilsə də İddiaçı həmin müalicə müəssisələrində xəstəliyi ilə bağlı əməliyyat oluna bilməmiş, 09.07.2021-ci il tarixində özəl tibb müəssisəsi olan Xəzər klinikasında “Kəskin kalkulyoz xolesistit” diaqnozu ilə “Laparoskopik xolesistektomiya” cərrahi əməliyyatı keçirmişdir. Hazırda İddiaçı əməliyyatı ilə bağlı Davinçi Hospitalın və Xəzər Klinkasına ödədiyi 773 manatı maddi ziyanın və 2000 manat mənəvi ziyanın cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi tərəfindən ona ödənilməsini tələb edir. Yuxarıda qeyd olunan normaların tələblərindən göründüyü kimi icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksionaldiaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir. Sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişinə əsasən yol verilir. Göndəriş vərəqəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibbi müəssisələrinə verilə bilər. Dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə tibbi yardım göstərilə bilmədikdə müəssisə bu barədə Agentliyə rəsmi məktub vasitəsilə ilə müraciət edə bilər. Agentlik ilə müqavilə bağlamış özəl tibb müəssisələrində sığortaolunana göndəriş olmadan stasionar şəraitdə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətlə əlaqədar xidmətin icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olubolmadığını nəzərə almaqla tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir. Sığortaolunan göndəriş olmadan və Agentlik ilə müqaviləsi olmayan özəl tibb müəssisələrinə müraciət etdikdə, ona göstərilən tibbi xidmətə görə Agentlik tərəfindən sığorta ödənişi verilmir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən yuxarıda qeyd olunan normaların tələblərinə əməl edilmədiyindən, yəni müvafiq göndəriş vərəqəsi olmadan və Agentlik ilə müqavilə bağlamamış özəl tibb müəssisəsində əməliyyat olunduğundan ona göstərilən tibbi xidmətə görə ödədiyi 773 manat məbləğində pul vəsaitinin sığorta ödənişi olaraq verilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin cavabdeh tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyindən məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbinin də əsaslı olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2578/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2578/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver