Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2579/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə (üçüncü şəxs: X8) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. 1117048896 qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evi İddiaçı (bundan sonra - İddiaçı) mülkiyyətindədir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ı xx.xx.1989-cu il təvəllüdlü X8 da xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evində qeydiyyatdadır.
3. İddiaçı Bakı şəhəri Xəzər rayonu Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək mülkiyyətindəki bağ evindən orada qeydiyyatda olan X6 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 055-16728Q-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
5. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-12555/2022 saylı qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, hazırda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evində qeydiyyatdadır. Həmin bağ evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, xx.xx.2017-ci il tarixli qeydiyyat tarixli ******* nömrəli Çıxarışına əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Onunla birlikdə keçmiş həyat yoldaşı X8 da orda qeydiyyatdadır. X8 ilə o, xx.xx.2017-ci il tarixində nikaha daxil olmuş və Xəzər Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2020-ci ildə nikahlarına xitam verilmişdir. Nikah 2017-ci ildə bağlandığından, 2020-ci ildə isə xitam verildiyindən keçmiş həyat yoldaşı Əliyeva Aygünün bağ evinə istifadə hüququ yaranmamışdır. Bağ evi birgə nikah dövründə əldə edilən əmlak deyil, nikahdan əvvəl mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Bundan əlavə, Aygün Əliyeva uşağa oturum izni almaq məqsədilə mediasiya prosesində iştirak etmək üçün ona təklif göndərmişdir. Bu da onun həmin ünvanda yaşamaq niyyətinin olmamasının göstəricisidir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. 10.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
11. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
13. İddia həm də əsaslıdır. İşdə olan ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evi X1 mülkiyyətində olmuşdur.
14. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “hədiyyə verən” X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanda yerləşən ümumi sahəsi 88,4 kv.metr olan 1007Q saylı bağ evinin və yerləşdiyi 0,12 ha torpaq (bağ) sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini “hədiyyə alan” İddiaçı mülkiyyətinə vermişdir.
15. 1117048896 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evinə İddiaçı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.
16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1742/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X8 və cavabdeh İddiaçı arasında 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində xx.xx.2017-ci il tarixdə 4332 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması qərara alınmışdır.
17. İşdə olan xx.xx.2021-ci il tarixli, AZ-l №385541 nömrəli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən üçüncü şəxslə iddiaçı arasında bağlanmış nikaha Xəzər rayon məhkəməsinin qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 179 nömrəli qeyd edilmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin **********62 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X6 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evinə istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
19. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 455 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evinə qəsəbə nümayəndəliyinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Keçirilən baxış zamanı məlum olmuşdur, ki hal-hazırda Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evi ünvanda vətəndaş X3 və İddiaçı yaşayırlar.
20. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsində göstərilmişdir ki, “Aygün Əliyeva ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olmuş İddiaçı arasında olan nikah münasibətlərinə xitam verilmiş, cavabdeh ilə arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır; eyni zamanda, iddiaçı maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən, həmçinin iş üzrə onun mülkiyyətində mənzilinin olduğu müəyyən edildiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər; hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilindən istifadə hüququ yaranmış olsa da, həmin mənzilin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra bu hüquq saxlanılmamışdır. Bu səbəblə də iddia tələbi rədd edilməlidir”.
21. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-294/2023 nömrəli, 07 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-294/2023 saylı (əvvəlki nömrə: 2(003)-3710/2022), xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.
22. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən olunur ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evinə mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə yaranmış, iddiaçı ilə üçüncü şəxs xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, iddiaçının ərizəsi əsasında üçüncü şəxs mübahisəli ünvana qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə iddiaçı ilə üçüncü şəxs X8 arasında olan nikaha xitam verilmişdir. Buna görə də iddiaçı hazırda üçüncü şəxsin ona məxsus evdə yaşamadığına və hüququnun olmadığına istinad edərək onun qeydiyyatdan çıxarılması barədə hazırkı iddianı qaldırmışdır.
23. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
24. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
25. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
27. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə qeydiyyata alınmış şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
28. Üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə əmlak hüququnun olması ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı məhkəmə qərarının 13-21-ci bəndlərində sadalananlardan müəyyən olunur ki, üçüncü şəxs A.Əliyeva iddiaçının keçmiş arvadı olmuş, onlar xx.xx.2017-ci ildə birgə nikaha daxil olmuşlar, iddaçı mübahisəli evi bu nikahdan əvvəl, yəni xx.xx.2017-ci ildə əldə etmiş və həmin yaşayış sahəsi nikah dövründə əldə edilmiş birgə mülkiyyətə daxil olmamışdır. Üçüncü şəxs həmin fərdi yaşayış evinə köçürülməsi üçün mülki mühakimə icratı qaydasında iddia qaldırmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun 1007Q saylı evə yaranmış hüququnun ailə münasibətlərinə xitam verildikdən sonra saxlanılmadığı müəyyən edilmiş və iddia rədd edilmişdir.
29. Həmçinin iş materialları ilə A.Əliyevanın mübahisəli yaşayış sahəsində yaşaması müəyyən edilmir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
31. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, üçüncü şəxsin 1007Q saylı evdən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcud olmuş, lakin cavabdeh əsassız olaraq iddiaçıya imtina cavabı vermişdir.
32. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxs xx.xx.1989-cu il təvəllüdlü X6 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1007Q saylı bağ evi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova