Məhkəmə qərarları › İş №2-1(112)-2579/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2579/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2579/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X3) qarşı “ölüm haqqında akt qeydləri kitabında şəxsin adında düzəliş edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək mərhum babası X5 ölümünün qeydə alınmasına dair “Ölüm haqqında akt qeydləri kitabf’nda 1998-ci ilin 5-ci ayının 19-cu günündə 401 №-lə qeyd edilmiş qeyddə dəyişiklik (düzəliş) edilərək, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölmüş şəxsin adının “Ağarza”dan “Rza”ya düzəliş edilməsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçının mərhum atası X6 xx.xx.2023-cü ildə vəfat etmişdir. İddiaçı atasından qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində 1 saylı ASAN xidmət mərkəzində yerləşən Notariat ofisinə müraciət etmişdir. Lakin iddiaçının mərhum babasının (X9) atasının adının onun ölüm haqqında şəhadətnaməsində “Ağarza”, iddiaçının atasının (həmçinin əmisinin də) doğum haqqında şəhadətnaməsində isə “Rza” olaraq qeyd edilməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur və bu sənədlərə düzəliş olunması, eyniliyinin təmin edilməsi üçün Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət edilməsi bildirilmişdir. İddiaçı bu məqsədlə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, “Ağarza” və “Rza” adlarının fərqli adlar olduğuna əsaslanıb şəxsə aid istinad ediləcəyi ikinci bir sənəd olmadığı təqdirdə bu formada düzəlişə dair qərarın birbaşa onlar tərəfindən verilə bilməyəcəyini bildirdilər. Buna görə də iddiaçı babasının doğum haqqında şəhadətnaməsinin sorğulanması məqsədilə, Milli Arxiv İdarəsinin Bakı şəhəri və Xızı Rayonu üzrə bölməsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi rayon Qeydiyyat Şöbəsi imtina məktubu əsassız və qanunsuz olaraq iddiaçının hüquqlarını pozmuşdur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

4. AZ-İİ 397152 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü il tarixə beyin odemi səbəbilə ölmüşdür.

5. İ-İE 369449 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X6 xx.xx.1957-ci il tarixdə doğulmuşdur. X1r.

6. V-JQ 320218 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X4 xx.xx.1998-ci il tarixdə ölmüşdür.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, VVA avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən xx.xx.1998-ci ildə vəfat etmiş xx.xx.1927- ci il təvəllüldü X2 adına Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.1998-ci il tarixli 401 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Digər qeydlər barədə heç bir məlumat aşkar edilməmişdir.

8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, atasının ölümündən sonra vərəsəlik hüququnun tanınması ilə bağlı ilkin olaraq notariusa müraciət etmişdir. Lakin notariusda bildirilmişdir ki, iddiaçının atasının doğum haqqında şəhadətnaməsində atasının (iddiaçının babasının) adı “Rza” kimi qeyd olunsa da, iddiaçının babasının ölüm haqqında şəhadətnaməsində adı “Ağarza” kimi qeyd olunmuşdur. Belə olan təqdirdə Qeydiyyat Şöbəsinə müraciət edərək ölüm haqqında şəhadətnamədə düzəliş edilməsini tələb etməyim bildirilmişdir. Binəqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət etdiksə isə yalnız hərfi düzəlişlərin edildiyini, iddiaçının tələbinin mümkün olmadığı bildirilmişdir.

II. İddianın mümkünlüyü

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

11. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

12. Məhkəmə müəyyən edir ki, İddiaçı babası X2 (V-JQ 320218 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən) ata adının “Rza” olaraq dəyişdirilməsini tələb edir.

13. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində birbaşa özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır və İddiaçı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə olan təqdirdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

14. Belə ki, iddiaçı məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, atasının ölümündən sonra vərəsəlik hüququnun tanınması ilə bağlı ilkin olaraq notariusa müraciət etmişdir. Lakin notariusda bildirilmişdir ki, iddiaçının atasının doğum haqqında şəhadətnaməsində atasının (iddiaçının babasının) adı “Rza” kimi qeyd olunsa da, iddiaçının babasının ölüm haqqında şəhadətnaməsində adı “Ağarza” kimi qeyd olunmuşdur. Belə olan təqdirdə Qeydiyyat Şöbəsinə müraciət edərək ölüm haqqında şəhadətnamədə düzəliş edilməsini tələb etməyi bildirilmişdir. Binəqədi Rayon Qeydiyyat Şöbəsinə müraciət etdiksə isə yalnız hərfi düzəlişlərin edildiyini, iddiaçının tələbinin mümkün olmadığı bildirilmişdir.

15. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda yekun məqsədi vərəsəlik hüququnun tanınmasıdır və iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüququ müdafiə vasitəsi “vərəsəlik hüququnun tanınmaması ilə bağlı notariusun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbi ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir.

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı Qərarından:

8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

17. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar