Məhkəmə qərarları › İş №2-1(112)-258/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-258/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-258/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı X1 inkişafı və istismarı birliyi tərəfindən xx xxxx 2006-cı ildə onunla bağlanmış 37753 nömrəli müqavilə ilə onun istifadəsinə verilmiş 258e nömrəli bağın plan və ölçülərinin tərtib edilməsi, sxematik xəritədə uyğunsuzluğun aradan qaldırılması, faktiki yerləşdiyi koordinatlara uyğunlaşdırılması, nömrə və dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 0,1044 ha olan 258e saylı bağ sahəsini sxematik xəritəyə uyğunlaşdırmaqla həmin bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Aparatının Bağlar təsərüffatının inkişafı və istismarı birliyi ilə xx xxxx 2006-cı ildə Goradil ərazisindəki 258e nömrəli bağın onun istifadəsinə verilməsi haqqında 37753 saylı müqavilə bağlamış və həmin müqavilə ilə Binəqədi rayonunun Goradil ərazisində 1200 kv/m torpaq sahəsi onun istifadəsinə verilmişdir. Həmin bağ sahəsini mişar daşı ilə hasarlayıb dəmir darvaza qoymuşdur. Torpaq bu günə qədər onun istifadəsində olmuşdur. Müqavilə məhkəmə qaydasında ləğv edilməmiş, etibarsız sayılmamış, hal-hazırda qüvvədədir. Son illərdə Novxanı, Pirşağı avtomobil yolunun çəkilişi ilə əlaqədar onun bağ sahəsinin 156 kv.m sahəsi yolun çəkilişi zamanı dövlət ehtiyacları üçün alındı və o, məhkəməyə müraciət edərək kompensasiya tələb etmiş, iddiası təmin edildi və Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən də qüvvədə saxlanıldı. O, bağ sahəsinin qalan hissəsinin dəqiqləşdirilməsi, bağ sahəsinə dair plan və ölçüsünün tərtib edilməsi, dövlət reyestirindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu ildə 1 saylı Bakı ərazi idarəsinə müraciət etmişdir. Həmin İdarənin xx.xx.2019-cu il tarixli ona ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, sorğu edilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, 258 nömrəsi ilə başlayan bağlar gösdərilən sahədən aralıda yerləşir, həm də ərazi idarəsinin məhkəməyə cəlb edilməməsi və məhkəmənin qanuni qüvvəyə minmiş son qərarının olmaması qeyd edilir. Halbuki son qərar Ali Məhkəmə tərəfindən onun xeyrinə qəbul edilmişdir. 1 saylı Bakı ərazi idarəsində qəbulda olarkən onun həmin bu bağ sənədlərinə baxılıb idarənin işçiləri tərəfindən müzakirə ediləndən sonra ona şifahi olaraq bildirildi ki, 258e nömrəli bağ xəritəyə əsasən 271v nömrəsinə düşür, buna görə də isdifadəsində olan bağ sahəsini mülkiyyətinə keçirə bilmir. 1 saylı Ərazi İdarəsindən sonuncu aldığı cavabda da uyğunsuzluğun aradan qaldırılmasının və çıxarışın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, İddiaçı Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 258e saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsi İdarəyə daxil olmuşdur. Həmin bağ nömrəsi sxematik xəritəyə əsasən qonşu bağ nömrələri ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, göstərilən sahənin hasarları yeni çəkilməkdə olan yol tikinti işləri ilə əlaqədar sökülmüşdür. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bu barədə iddiaçıya məktub ünvanlanmışdır. Həmin bağ sahəsinə texniki baxış keçirilmişdir. Bağ sahəsinin hasarları faktiki uçurulmuş vəziyyətdədir. Üzərində tikili yoxdur. 258e saylı bağ sahənin mövcud olmuş əvvəlki hasar daxilində ərazisi 1174,0 kv.m təşkil edib. Faktiki vəziyyətdə həmin sahənin 156,0 kv.m hissəsi yeni çəkilən Novxanı-Pirşağı avtomobil yolunun təmir-tikinti zonasına düşüb. 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza xəritəsində yeni çəkilən Novxanı-Pirşağı avtomobil yolunun mühafizəsi barədə məlumat olmadığı üçün sahənin qalan 1018,0 kv.m-nin yolun mühafizəsinə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyildir. İddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi, ünvanında yerləşən 258E saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizəsi daxil olmuşdur. Sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 258E saylı bağ nömrəsi sxematik xəritədə yoxdur. Həmçinin 258 nömrəsi ilə başlayan bağlar göstərilən sahədən aralıda yerləşir. Bundan əlavə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-565/2018 saylı inzibati işi üzrə idarə tərəf kimi cəlb edilməmiş və həmin iş üzrə qanuni güvvəyə minmiş yekun məhkəmə qərarı barədə məlumat yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. Həmçinin texniki inventarlaşdırmanın aparılması zamanı göstərilən ərazinin ümumi sahəsi sənəd üzrə 1200.0 kv.m təşkil etsə də, faktiki olaraq 950.0 kv.metr olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış 37753 saylı, xx xxxx 2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 258e nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********64 saylı imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvanında yerləşən 258E saylı bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, 258E saylı bağ nömrəsi sxematik xəritədə yoxdur. Həmçinin 258 nömrəsi ilə başlayan bağlar göstərilən sahədən aralıda yerləşir. Bundan əlavə 1 saylı BİİM-nin 2-1(81)-565/2018 saylı inzibati işi üzrə İdarə tərəf kimi cəlb edilməmiş və həmin iş üzrə qanuni güvvəyə minmiş yekun məhkəmə qərarı barədə məlumat yoxdur. Qeyd edilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********26 saylı məktubla məhkəməyə təqdim edilmiş sxematik xəritənin surətindən görünür ki, 258e saylı bağ sahəsi həmin sxematik xəritədə göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********78 nömrəli məktubda qeyd olunur: Tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Göstərilən 950 kv.m sahənin sərhədlərinə 4-5 daş hündürlüyündə mişar daşı düzülərək şərti sərhədlənmişdir. 258e saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritədə 258e saylı bağın faktiki yerləşdiyi ərazidə bağ nömrələri göstərilməyib. Sxematik xəritədə 258-in müxtəlif hərflərlə identifikasiya edilmiş bağları göstərilən sahədən təqribən 350-500 metr cənub hissədə yerləşir. Bu ərazidə isə faktiki vəziyyətdə bağ sahələrinin hasarlanma işləri və istifadə vəziyyəti bağların bölgüsünə dair sxematik plana uyğun aparılmadığından vətəndaşın iddia etdiyi 258e saylı bağ sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan 2-1(81)-565/2018 saylı iş materiallarından çıxarışlardan görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)- 565/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı Şəhər İcra Hakimiyyəti X1 inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli, 37753 saylı müqaviləsi əsasında istifadəsində olan Binəqədi rayonu Goradil ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən tikinti altına düşən 156 kv.m sahənin hər bir kv.m-nə görə 40 (qırx) manat olmaqla, cəmi 6.240 (altı min iki yüz qırx) manat məbləğində kompensasiyanın cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə (11.760 manatın ödənilməsi hissəsində) təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)- 2116/2018 saylı qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilən apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-565/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)-2766/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-2116/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/3169 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivindəki 258e saylı bağ kimi iddia etdiyi və naturada göstərdiyi 950,0 m2 torpaq sahəsinin sərhədlərinə 4-5 daş hündürlüyündə mişar daşı düzülərək şərti sərhədlənmişdir və sahədə tikili yoxdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 258e saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil edir: sxematik xəritədə 258e saylı bağın faktiki yerləşdiyi ərazidə bağ nömrələri göstərilməmişdir. Sxematik xəritədə 258-in müxtəlif hərflərlə identifikasiya edilmiş bağları göstərilən sahədən təqribən 350-500 metr cənub hissədə yerləşir. Bu ərazidə isə faktiki vəziyyətdə bağ sahələrinin hasarlanma işləri və istifadə vəziyyəti bağların bölgüsünə dair sxematik plana uyğun aparılmadığından vətəndaşın iddia etdiyi 258e saylı bağ sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Qeyd olunanlar nəzərə alınmaqla, mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında imzalanmış 37753 saylı, xx xxxx 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Goradil ərazisində 0,12 hektar torpaq sahəsi olan 258e nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli imtina məktubunda cavabdeh 258e saylı bağ mövrəsinin sxematik xəritədə olmamasını bildirsə də, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********26 saylı məktubla məhkəməyə təqdim edilmiş sxematik xəritənin surətindən görünür ki, 258e saylı bağ sahəsi həmin sxematik xəritədə göstərilmişdir. Hazırda cavabdeh 258e saylı bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən naturada yerləşmə vəziyyəti ilə uyğunsuzluq təşkil etdiyini bildirir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil. Əksinə, qeyd olunan məsələ cavabdehin vəzifələrinə daxildir. Bundan başqa, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-565/2018 saylı qərarı ilə qeyd olunan torpaq sahəsinin iddiaçının istifadəsində olması müəyyən edilmiş və həmin torpaq sahəsindən tikinti altına düşən 156 kv.m sahənin hər bir kv.m-nə görə 40 (qırx) manat olmaqla, cəmi 6.240 (altı min iki yüz qırx) manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilməsi qərara alınmış və həmin qərar qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçı istifadəsində olan həmin torpaq sahəsinə görə kompensasiya məbləği də almışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən ümumi sahəsi 0,1044 ha olan 258e saylı bağ sahəsini sxematik xaritəyə uyğunlaşdırmaqla həmin bağ sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar