Məhkəmə qərarları › İş №2-1(112)-2581/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2581/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2581/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması öhdəliynin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə (bundan sonra mətndə- BDYPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “DAF FT XF 105” yük markalı, yəhərli dartıcı tipli XLRTE47MS0E891662 şassi nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı “DAF FT XF 105” yük markalı, yəhərli dartıcı tipli XLRTE47MS0E891662 şassi nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobili tanışı vasitəsi ilə Litva Respublikasından özü idarə etmək üçün gətizdirmişdir. 26 avqust 2022-ci il tarixdə həmin avtomobil Azərbaycan Respublikası gömrük qeydiyyatından keçmişdir. Avtomobil nəzərdən keçirilən zaman müəyyən edilmişdir ki, avtomobilin şassi nömrəsi qeyri zavod üsulu ilə vurulmuşdur. Avtomobili alan zaman qüsurlu olmasını bilməmişdir. Bu barədə DİN Baş istintaq və Təhqiqat İdarəsi bilavasitə tabe olan yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırılma aparılmış və 08 sentyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, avtomobilin şassi nömrəsinə müdaxilə edilərək kustar üsulla hazırlanmışdır. Avtomobilin quraşdırılmış ehtiyat hissəsinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən sübutlar aşkar edilməmiş və nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat aparılması Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən yerinə yetirilməsi izah edilmişdir. İddiaçı bu barədə Azərbaycan Respublikası DİN BDYPİ-yə müraciət etsə də, cavabdeh təşkilat bundan imtina etmiş və avtomobilə mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - iddiaçının “DAF FT XF 105” yük markalı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi barədə müraciətinə cavabdeh BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda “DAF FT XF 105” nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən həmin nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəyi halda mümkün ola biləcəyi bildirilmişdir. - AR DİN BDYPİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, AA № 00000 nömrəli qeydiyyat şəhadətnaməli, DAF yük markalı, Nl 677TR22 molelli, XLRTE47MS0E891662 şassi nömrəli, 2010-cu il buraxılışlı, rəngi qeyd olunmamış, nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - Beynəlxalq yük nəqliyyat qaiməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə “DAF FT XF 105” yük markalı, gömrük rəsmiləşdirilməsindən keçmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli məktubdan görünr ki, mətnindən görünür ki, VİN: XLRTE47MS0E8891662 olan, “DAF FT XF 105” markalı avtomobilin beynəlxalq axtarışda olması barədə məlumat yoxdur. - Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında adına sənədləşdirilmiş “DAF FT XF 105” yük markalı, 6707BJ tranzit nömrə nişanlı, XLRTE47MS0E891662 şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması ilə bağlı fakt üzrə araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığı (AR Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi) əsası ilə cinayət işi başlanması rədd edilmişdir. Aparılmış araşdırmaya dair qərarın surəti BDYPİ-yə göndərilmişdir. Məhkəmənin sorğusu ilə sözügedən nəqliyyat vasitəsinə dair araşdırma aparılması üçün iş materiallarına daxil olan sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: - iddiaçı tərəfindən Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədə iddiaçı bildirir ki, “Mən özümə avtomobil almaq istəyirdim. Bu məqsədlə də internet vasitəsi ilə satışda olan avtomobillərə baxırdım. Nəhayət Litva dövlətində satışda olan DAF FT XF 105» yiik markalı, yəhərli dartıcı tipli, XLRTE47MS0E891662 şassi nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobil mənim xoşuma gəldi və imkanım həmin avtomobili almağa çatdığı üçün avtomobili almaq barədə fikrimi dəqiqləşdirdim. Bundan sonra tanışım Litva dövlətinə gedib orada avtomobilə baxdı və özü də idarə etməklə Azərbaycan Respublikasına gətirdi. 26 avqust 2022-ci il tarixdə avtomobil Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçmişdir. Avtomobil nəzərdən keçirilən zamanı müəyyən edildi ki, avtomobilin şassi nömrəsi qeyri-zavod üsulu ilə vurulmuşdur. Avtomobili alan zamanı qüsurlu olmasını bilməmişəm. Avtomobil hazırda gömrük məntəqəsində saxlanılır. Bununla bağlı müvafiq araşdırma aparılmasını xahiş edirəm”. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 22/1005a №li tədqiqat haqqında arayışdan görünür ki, Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 005-20666-1222 №-li 06 sentyabr 2022-ci il tarixli təliqəsilə Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar idarəsinə «DAF FT XF 105» yük markalı, 6007BJ tranzit nömrə nişanlı avtomobil təqdim olunmuşdur. Tədqiqat qarşısında aşağıdakı sual qoyulmuşdur: 1. «DAF FT XF 105» yük markalı, 6007BJ tranzit nömrə nişanlı avtomobilin ban və mühərrik nömrələri hansı üsulla vurulmuşdur ? «DAF FT XF 105» yük markalı, 6007BJ tranzit nömrə nişanlı avtomobilə baxış Bakı şəhərində keçirildi. Avtomobilə baxış zamanı müəyyən edildi ki, o ağ boya ilə rənglənmişdir. Trasoloji tədqiqat qarşısında qoyulan suallara cavab vermək üçün avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissəsinə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «XLRTE47MS0E891662» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə sumbata kağızı (najdaçnaya bumaqa) vasitəsilə metal səthədək təmizləndi. Sonra həmin hissə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin hissədə həkk edilmiş şassi nömrəsində - «XLRTE47MS0E891662» olan hərf və rəqəmlərin yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, aralarında qeyri-bərabər məsafəyə görə və konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar kustar üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsinə diaqnostik güzgü və fonar vasitəsilə baxış keçirildi. Baxış zamanı həmin hissədə həkk edilmiş «A-045827» hərf və rəqəmləri aşkar edildi. Həmin hissə 7x dəfə böyüdücü linzanin vasitəsilə müayinə edildi. Müayinə zamanı həmin hissədə həkk edilmiş «A-045827» mühərrik nömrəsində olan hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə,formasına, vurulma dərinliyinə, Konfiqurasiyasına görə belə nəticəyə gəlmək olar ki, onlar zavod üsullu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsi vurulması nəzərdə tutulan hissəsinə baxış zamanı həmin hissədə iki ədəd tıxacla pərçimlənmiş birka aşkar edildi. Həmin zavod lövhəsinin üzərində avtomobilin şassi nömrəsini- «XLRTE47MS0E391662», mühərrik nömrəsini-«A-045827» göstərən hərf və rəqəmlər, həmçinin avtomobilin texniki göstəriciləri həkk edilmə üsulu ilə vurulmuşdur. Zavod lövhəsinin üzərində olan şassi - «XLRTE47MS0E891662» və mühərrik-«A-045827» nömrəsində olan hərf və rəqəmlər yerləşməsinə, ölçülərinə, formasına, vurulma dərinliyinə, konfiqurasiyasina görə belə nəticəyə gəlməK olar ki, onlar zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. «DAF FT XF 105» yük markalı, 6007BJ tranzit nömrə avtomobilə baxış gündüz vaxtı, təbii işıqda aparıldı. Beləliklə aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki: - «DAF FT XF 105» yük markalı, 6007BJ tranzit nömrə nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş- «+XLRTE47MS0E891662+» hərf və rəqəmləri kustar üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «A-045827» hərf və rəqəmləri zavod üsullu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsinin üzərində avtomobilin şassi nömrəsini- «XLRTE47MS0E891662», mühərrik nömrəsini-«A-045827» göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Arayışa fotocədvəl əlavə edilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarda aparılmış araşdırma ilə müəyyən edilənlərdən görünür ki, toplanmış material üzrə araşdırma aparılaraq bu nəticəyə gəlinmişdir ki, «DAF FT XF 105» yük markalı, 6007BJ tranzit nömrə nişanlı, yəhərli dartıcı tipli, XLRTE47MS0E891662 şassi nömrəli avtomobil 2010-cu il buraxılışlı olmaqla 12 ildir ki istismardadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 08 sentyabr 2022-ci il tarixli 22/1005a nömrəli tədqiqat haqqında arayışından görünür ki, «DAF FT XF105» yük markalı, 6007BJ tranzit nömrə nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «+XLRTE47MS0E891662+» hərf və rəqəmləri kustar üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «-A-045827-» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsinin üzərində avtomobilin şassi nömrəsini «XLRTE47MS0E891662», mühərrik nömrəsini «A-045827» göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. «DAF FT XF 105» yük markalı, 6007BJ tranzit nömrə nişanlı, «XLRTE47MS0E891662» şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobilin zavod istehsalı zamanı vurulmuş əsas və izlənilən detal göstəricisi olan şassi nömrəsinə müdaxilə edilmiş və şassi nömrəsinin hərf və rəqəmləri sonradan kustar üsulla həkk edilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq avtomobilin ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni, şassi nömrəsi üzrə kodlaşdırılma qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlığın, həmçinin avtomobilin istehsal edilməsi ili üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Göründüyü kimi “DAF FT XF 105” yük markalı, 6007BJ tranzit nömrə nişanlı, «XLRTE47MS0E891662» şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobilin əsas göstəricisi olan şassi nömrəsinə müdaxilə edilərək sonradan kustar üsulla həkk edilmişdir. Araşdırma zamanı qeyd edilən avtomobilin, həmçinin avtomobilin ehtiyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dəlalət edən sübutlar aşkar edilməmişdir. Odur ki, toplanmış materialda cinayət tərkibi olmadığından fakt üzrə cinayət işi başlanılması rədd edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı “DAF FT XF 105” yük markalı, 6007BJ tranzit nömrə nişanlı, «XLRTE47MS0E891662» şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasını əsas gətirərək imtina etmişdir. İddiaçı bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın əsassız olmasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinin 18-i və 21-ci bəndlərinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələrinə daxildir. - 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - 27-ci maddəsinin V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - 27-ci maddəsinin V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - 27-ci maddənin XV hissəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 39 №li Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. Həmin Əsasnamənin 2.9-cu bəndinə görə, nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: istehsalçı zavodun, yaxud nəqliyyat vasitəsinə xüsusi avadanlıq quraşdırmış zavodun təhvil-təslim aktı və nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi. Təhvil-təslim aktı itirildikdə aşağıda sadalanan sənədlərdən biri təqdim edilə bilər; nəqliyyat vasitəsinin həmin müəssisəyə daşınması barədə dəmir yolunun verdiyi qaimə, istehsalçı zavod tərəfindən verilmiş (nəqliyyat vasitəsinin şassisinin, banının nömrələri yazılmış) arayış, pasport, istehsalçı zavodun sertifikatı. Əsasnamənin 10-cu bəndinə əsasən, dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Əsasnamənin 13-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Əsasnamə ilə nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Əsasnamənin 14-cü bəndinə əsasən, qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə tələb şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulduğu müəyyən edilmiş nəqliyyat vasitəsi üzərində iddiaçının adına qeydiyyat hərəkətlərinin aparılmasından ibarətdir. Məhkəmə bildirir ki, yuxarıda istinad olunan normalardan göründüyü kimi müvafiq qanunvericilik nəqliyyat vasitəsinin dövlət qeydiyyatını nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitəsinə dair dair təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildiyi təqdirdə qeyd olunan çatışmazlıqların aradan qaldırılmasından sonra aparılmalı olması ilə şərtləndirir və dövlət qeydiyyatının məqsədlərini müəyyən edir. Başqa sözlə, qanunvericilik dövlət qeydiyyatının aparılması üçün şərtlərdən biri kimi həm də nəqliyyat vasitəsinin ban və şassi nömrələrinin dəyişdirilməməsini tələb edir. Hazırkı mübahisədə isə iddiaçının qeydiyyat hərəkətlərinin aparılmasını istədiyi “DAF FT XF 105” yük markalı, 6007BJ tranzit nömrə nişanlı, «XLRTE47MS0E891662» şassi nömrəli, 2010-cu il buraxılışlı avtomobilin əsas göstəricisi olan şassi nömrəsinə müdaxilə edilərək qeyri-zavod üsulu ilə, başqa sözlə kustar üsulla həkk edildiyi müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması ilə bağlı qanuni şərtlər ödənilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda avtomobilin, həmçinin avtomobilin quraşdırılmış ehtiyat hissələrinin cinayət yolu ilə əldə edilməsinə dair sübutlar aşkar edilmədiyi əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə nəticəyə gəlinmişdir. Yəni avtomobilin cinayətin predmeti olması ilə bağlı dəlilin müəyyən edilməməsi ilə bağlı məsələyə hüquqi qiymət verilmişdir. Hazırkı mübahisə isə nəqliyyat vasitəsinin cinayət yolu ilə əldə edilmiş əmlak olması ilə deyil, cavabdeh BDYPİ tərəfindən həmin nəqliyyat vasitəsi üzərində qeydiyyat hərəkətlərinin aparılmasından imtinanın qanuni yaxud qanunazidd olması ilə bağlıdır. İş materialları ilə iddiaçıya məxsus avtomobilin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması müəyyən edilmişdir. İddiaçı özü də bu halı təkzib etmir. Odur ki, məhkəmənin qənaətinə əsasən hazırkı məsələdə cinayət işinin başlanılmasının rədd edilməsi halının mövcudluğu qeyd olunan avtonəqliyyat vasitəsi üzərində müvafiq qeydiyyat hərəkətlərinin aparılmalı olmasına dəlalət etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin imtinası qanunauyğun olmuş və “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması məqsədlərinə xidmət edir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə görə inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, İddiaçı küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar