Məhkəmə qərarları › İş №2-1(112)-2581/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2581/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2581/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin gəlir vergisi üzrə 21 avqust 2024-cü il tarixli 3-21-2-3/2-74928/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023 gəlir vergisi üzrə 21 avqust 2024-cü il tarixli 3-21-2-3/2-74928/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində 87.113,49 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarı “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Belə ki, “İnzibati İcraat haqqında” Qanununun 20-ci maddəsinə əsasən inzibati orqana müraciət etmək hüququndan istifadə edərək, hüquq və qanuni maraqlarımıza bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququmuzun olduğunu bildirmişik. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətimizə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borclu idi. Yəni vergi orqanı tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən fərdi sahibkarın xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “Ərzaq mallarının market şəbəkələrində pərakəndə satışı”ndan ibarət olduğu, xx.xx.2022ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində “Vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 1200.1ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 1.608271,30 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 2043838,71 manat məbləğlə müqayisədə 435567,41 manat az göstərilmişdir” məzmunlu uygunsuzluq yaranmışdır. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********314500 nömrəli məktub göndərilərək müvafiq dəqiqləşdirilmiş bəyannamə və ya araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna əsaslamdırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023cü ilin gəlir vergisi üzrə vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinə 87113,49 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********508400 nömrəli Qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı tərəfindən təqdim olunmuş 2023-cü ilə aid gəlir vergi bəyannaməsindən görünür ki, o, ümumi gəlirin 1608271,30 manat, ümumi gəlirdən çıxılan xərcin 1602450,53 manat, vergiyə cəlb olunan gəlirin 5820,77 manat, buna gəlirə uyğun gəlir vergisinin isə 1164,15 manat olduğunu bəyan etmişdir. İddiaçı tərəfindən təqdim olunmuş gəlir vergi bəyannaməsinin 1 №-li əlavəsindən görünür ki, iddiaçı həmin il üzrə təqdim edilmişdir – 1531686,95 manat, silinmişdir – 256075,90, ləğv edilmişdir 256075,86 manat göstərmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-74928/2024 nömrəli qərarı ilə 2023-cü il gəlir vergisi üzrə 87.113,49 manat əlavə vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “İddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 1608271.30 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 N-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin ‘'Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 2043838.71 manat məbləğlə müqayisədə 435567.41 manat az göstərilmişdir.” Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticəsindən görünür ki: -Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik söğortası haqlarının hesablanması haqqında” 21 avqust 2024-cü il tarixli 3-21-2-3/2-74928/2024 nömrəli qərar ilə vergi ödəyicisinə əlavə hesablanmış gəlir vergisinin düzgünlüyü müəyyən olunmadı. Təqdim edilmiş iş materiallarında olan sənədlərə (e-qaimə fakturalara, kassa çeklərinə, çıxarışlara, bəyannamələrə və s.) əsasən isə vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə aşağıdakılar müəyyən olunur, o cümlədən: -İddiaçı 2023-cü il üzrə dövriyyəsi və ya gəliri 1.608.271,30 manat; -İddiaçı 2023-cü il üzrə gəlirdən çıxılmalı olan xərclərinin cəmi 1.602.450,53 manat. Həmçinin qeyd edilir ki, iş materiallarında olan sənədlərə (e-qaimə fakturalara, kassa çəklərinə, çıxarışlara, bəyannamələrə və s.) əsasən vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisi aşağıdakı kimi müəyyən olunur, o cümlədən: Gəlir vergisi üzrə: 2023-cü il üzrə: - Gəlir 1.608.271,30 manat; - Xərc 1.602.450,53 manat; - Vergiyə cəlb olunan mənfəət 5820,77 manat; - Mənfəət vergisi 1164,15 manat. Yuxarıda göstərilənlərə əsasən 2023-cü il ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 1164,15 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyişi tərəfindən dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği də 1164,15 manat bəyan olunmuşdur. Yəni, hazırkı tədqiqatla 2023-cü il üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış mənfəət vergisinin olması müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, vergi ödəyicisinin xərclərinin ayrı-ayrılıqda məbləğləri iş materiallarında olan bəyannamələrdə (vergi ödəyicisinin və vergi orqanının gəlir vergisi üzrə bəyannamələri) öz əksini tapmışdır. Bununla yanşı qeyd edilir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin xərcləri qəbul edilmişdir. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, vergi ödəyicisinin xərclərinin ayrı-ayrılıqda məbləğləri iş materiallarında olan bəyannamələrdə (vergi ödəyicisinin və vergi orqanının gəlir vergisi üzrə bəyannamələri) öz əksini tapmışdır. Həmçinin qeyd edilir ki, vergi orqanı tərəfindən də vergi ödəyicisinin xərcləri qəbul edilmişdir. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid sənədlər mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-74928/2024 nömrəli qərarın ləğv edilməsini tələb edir. Mübahisələndirilən qərara nəzər yetirildikdə görünür ki, həmin qərar – iddiaçının 2023-cü il dövrü üzrə gəlir vergisinin hesablanması ilə bağlı olmuşdur ki, kameral vergi yoxlaması nəticəsində iddiaçıya həmin dövr üzrə 87.113,49 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd edilməlidir ki, mövcud inzibati mübahisənin əsasını təşkil edən hüquqi vəziyyət, vergi orqanı ilə vergi ödəyicisi arasında gəlirdən çıxılan xərclərin (silinmələrin) həcmi və əsaslılığı ilə bağlı formalaşmış fikir ayrılığıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsinə əsasən, ümumi gəlir 1.608.271,30 manat, ümumi gəlirdən çıxılan xərclər 1.602.450,53 manat, nəticə etibarilə vergiyə cəlb olunan gəlir 5.820,77 manat (1.608.271,30 – 1.602.450,53) təşkil etmiş, bu məbləğə uyğun olaraq hesablanmış gəlir vergisi isə 1.164,15 manat olaraq bəyan edilmişdir. Məhkəmə iddianın təmin edilməyən hissəsinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən eyni bəyannamənin ayrılmaz tərkib hissəsi olan 1 №-li əlavənin 1.3-cü sətrində 2023-cü il üzrə təqdim edilmə məbləği 1.531.686,95 manat, silinmə məbləği 256.075,90 manat, ləğv edilmə məbləği isə 256.075,86 manat kimi göstərilmişdir. Bu isə onu göstərir ki, iddiaçı tərəfindən ümumi gəlir kimi bəyan edilmiş 1.608.271,30 manat məbləğ, gəlir vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.3-cü sətrində əks etdirilmiş göstəricilərin cəmi olan 2.043.838,71 manat məbləğlə müqayisədə 435.567,41 manat az göstərilmişdir. Göründüyü kimi təqdim olunan vergi bəyannaməsinin və onun ayrılmaz tərkib hissəsi olan əlavədə iddiaçının ümumi gəlir göstəriciləri arasında əhəmiyyətli uyğunsuzluqların mövcud olduğu aşkar olunur. Məhkəmə, göstərilən halın aydınlaşdırılması məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, ekspert qarşısında iddiaçının 2023-cü il üzrə dövriyyəsinin, ümumi gəlirinin, gəlirdən çıxılan xərclərin, həmin xərcləri təsdiq edən sənədlərin ciddi hesabat blankı olub-olmamasının, habelə mübahisələndirilən inzibati qərarın hesablamalar baxımından düzgünlüyünün müəyyən edilməsi ilə bağlı konkret suallar qoyulmuşdur. Ekspert rəyi iddiaçının xeyrinə olsa da, məhkəmə hesab edir ki, həmin rəy üzrə aparılmış tədqiqatlar iş materialları ilə tam uzlaşmır, mötəbərlik və inandırıcılıq meyarlarına cavab vermir və bu baxımdan iddianın təmin edilməsi üçün kifayət edən hüquqi əsas kimi qəbul edilə bilməz. Ekspert rəyinin mötəbərliyinə qiymət verməzdən əvvəl, məhkəmə hüquq normalarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyi hazırkı iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Bu qənaət, ilk növbədə, ekspert rəyinin tədqiqat hissəsinin kifayət qədər dolğun, ardıcıl və əsaslandırılmış şəkildə aparılmaması ilə şərtlənir. Belə ki, ekspert tərəfindən iddiaçının ümumi dövriyyəsi, ümumi gəliri və gəlirdən çıxılmalı olan xərclərin məbləği müəyyən edilərkən, yalnız iddiaçının gəlir vergisi bəyannaməsində göstərdiyi rəqəmlər əsas götürülmüş, həmin göstəricilərin mənbəyi və formalaşma mexanizmi ümumi olaraq göstərilmişdir. Eyni zamanda, ekspert tərəfindən aparılmış tədqiqat zamanı iddiaçının bəyan etdiyi xərclər üzrə silinmə və ya ləğvetmə əməliyyatlarının mövcud olub-olmaması, bu əməliyyatların maliyyə əsasları, habelə onların mühasibat uçotu və vergi uçotu baxımından düzgünlüyü araşdırma predmetinə çevrilməmişdir. Halbuki, mübahisənin mahiyyəti məhz gəlirdən çıxılan xərclərin əsaslılığı və bu xərclərin gəlir göstəricilərinə təsiri ilə bağlıdır. Daha əhəmiyyətli məqam ondan ibarətdir ki, ekspert rəyində gəlir vergisi bəyannaməsinin ayrılmaz tərkib hissəsi olan 1 №-li əlavənin 1.3-cü sətrində göstərilmiş 2.043.838,71 manat məbləğin iddiaçının faktiki gəliri kimi çıxış etməsinə baxmayaraq, iddiaçı tərəfindən ümumi gəlir kimi bəyan edilmiş 1.608.271,30 manat məbləğ ilə bu göstərici arasında mövcud olan 435.567,41 manat məbləğində riyazi uyğunsuzluğun səbəbləri ekspert tərəfindən araşdırılmamışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmə qərardadı ilə ekspert qarşısında qoyulmuş suallar konkret və aydın ifadə olunduğu halda, ekspertin əlavə izahat və əsaslandırma vermədən iddiaçının gəlirini 1.608.271,30 manat məbləğində qəbul etməsi, bu qənaətin hansı hesablamalara və sənədlərə əsaslandığının rəyin tədqiqat hissəsində əks etdirilməməsi, ekspert rəyini məhkəmə üçün inandırıcı və hüquqi baxımdan əsaslandırılmış sübut kimi qəbul etməyə imkan vermir. Bu səbəbdən, ekspert rəyi iş üzrə sübutların qiymətləndirilməsi zamanı sübut kimi nəzərə alınmır. Məhkəmə çəkişməsi zamanı tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı 2023-cü il üzrə ümumi gəlirinin 1.608.271,30 manat təşkil etdiyini, 256.075,90 manat məbləğin silinmə, 256.075,86 manat məbləğin isə ləğv edilmiş əməliyyatlar kimi uçota alındığını bildirmişdir. İddiaçı həmin silinmə və ləğv məbləğlərinin ərzaq məhsullarının xarab olması ilə əlaqədar yarandığını və bu səbəbdən qeyd olunan mallardan gəlir əldə etmədiyini əsaslandırmağa çalışmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə və vəkilinə xarab olduğu iddia edilən ərzaq məhsulları ilə bağlı müvafiq qaydada tərtib edilmiş aktların mövcud olub-olmaması, habelə həmin malların geri qaytarılmasını və ya dövriyyədən çıxarılmasını təsdiq edən hər hansı ilkin mühasibat və ya təsdiqedici sənədlərin olub-olmaması barədə suallar ünvanlanmış, lakin nə xarab olma faktını təsdiq edən akt, nə də malların geri qaytarılmasına və ya silinməsinə dair hər hansı rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı silinmə və ləğv edilmiş kimi göstərilən malların xarab olması səbəbindən geri qaytarıldığını və həmin mallar üzrə gəlir əldə etmədiyini bildirsə də, bu arqumentlərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu isə iddiaçının göstərilən məbləğlərin gəlirdən çıxılan xərc kimi tanınması üçün zəruri olan sübutetmə yükünü yerinə yetirmədiyini göstərir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində 2023-cü il üzrə ümumi gəlir 1.608.271,30 manat kimi göstərildiyi halda, həmin bəyannamənin ayrılmaz tərkib hissəsi olan 1 №-li əlavənin 1.3-cü sətrindən iddiaçının faktiki gəlirinin 2023-cü il üzrə 2.043.838,71 manat təşkil etdiyi müəyyən olunur. İddiaçı tərəfindən xarab olmuş mal kimi təqdim edilən məhsullara dair hər hansı təsdiqedici sənədlərin, o cümlədən müvafiq qaydada tərtib edilmiş aktların, malların geri qaytarılmasını təsdiq edən sənədlərin, habelə həmin malların dəyərinin başqa formada kompensasiya edilib-edilmədiyini (məsələn, sığorta ödənişi və ya digər əvəzləşdirmə mexanizmləri vasitəsilə) göstərən sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən, iddiaçının silinmə kimi göstərdiyi məbləğlərin faktiki olaraq gəlirdən çıxılan xərc kimi tanınması üçün hüquqi əsasların mövcudluğu sübuta yetirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının gəlir vergisi bəyannaməsinin 1 №-li əlavəsində əks etdirilmiş 2.043.838,71 manat məbləğində ümumi gəlirdən, iddiaçı tərəfindən sənədlərlə təsdiq edilən 1.602.450,53 manat məbləğində xərclər çıxıldıqdan sonra yaranan 441.388,18 manat məbləğində fərq də iddiaçının vergiyə cəlb olunan gəliri kimi qəbul edilməlidir. Məhkəmə əlavə olaraq bildirir ki, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər - vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti çərçivəsində gəlir əldə etmək məqsədilə apardığı iqtisadi əməliyyatlar nəticəsində formalaşan, qanunvericiliklə müəyyən olunmuş qaydada sənədləşdirilmiş və iqtisadi cəhətdən əsaslandırılmış pul və ya maddi məbləğlərdir. Gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərə verilən bu anlayış Vergi Məcəlləsinin 108-ci maddəsindən irəli gəlir. Həmin maddəyə əsasən vergi ödəyicisinin gəlirinin müəyyən edilməsi məqsədilə yalnız sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlı olan və gəlirin əldə olunması üçün çəkilmiş sənədlərlə təsdiq edilən xərclər gəlirdən çıxıla bilər. Bu isə o deməkdir ki, hər bir xərc iqtisadi mənada gəlir gətirən fəaliyyətin bir hissəsi olmalı və rəsmi mühasibat uçotu sənədlərində təsdiq edilməlidir. Gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər, əslində, sahibkarlıq subyektinin iqtisadi fəaliyyətini həyata keçirmək üçün daşıdığı risk və məsuliyyətin maliyyə ifadəsidir. Belə xərclərə, məsələn, istehsal üçün lazım olan xammal və materialların alınması, əməkhaqqı ödənişləri, sosial sığorta haqları, əsas vəsaitlərin amortizasiyası, nəqliyyat və rabitə xidmətlərinə görə ödənişlər, reklam və marketinq fəaliyyətlərinə ayrılmış vəsaitlər və sair aid edilə bilər. Bu xərclərin gəlirdən çıxılması imkanının verilməsi iqtisadi ədalət və fiskal neytrallıq prinsipinə əsaslanır. Çünki sahibkar yalnız xalis gəliri (real iqtisadi faydanı) vergiyə cəlb etməli, bu gəlirin formalaşması üçün çəkdiyi qanuni və iqtisadi cəhətdən əsaslandırılmış xərcləri isə vergi tutulan bazadan çıxmaq hüququna malik olmalıdır. Nəzəri cəhətdən isə gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər, iqtisadiyyatın “xalis gəlir” konsepsiyasına əsaslanır. Bu konsepsiyaya görə, vergi yalnız sahibkarın istifadə edə biləcəyi xalis resurslara tətbiq olunmalı, bu resursların formalaşması üçün çəkilmiş zəruri və qanuni xərclər isə vergi bazasından istisna edilməlidir. Nəticə etibarilə, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər – vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin ayrılmaz hissəsi olan, hüquqi və iqtisadi əsaslara söykənən və rəsmi sənədlərlə sübut olunan ödənişlərdir. Bu xərclərin gəlirdən çıxılması, həm vergi ədalətinin təmin edilməsi, həm də sahibkarın real maliyyə yükünün düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, əgər 441.388,18 manat məbləğində olan malların xarab olması və onun sahibkarlıq faəliyyəti ilə əlaqəli olması iş üzrə mötəbər sübutlarla təsdiqlənsəydi, bu zaman xarab olan malların dəyərinin xərcə daxil edilməsi mümkün olardı. İndiki halda bu halı təsdiq edən sənədlər olmadığından, həmin məbləğə münasibətdə cavabdehin gəlir vergisinin hesablaması əsaslı olmuşdur. Həmin məbləğ üzrə gəlir vergisinin hesablanması isə mübahisəli vergi dövründə qüvvədə olmuş vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, şərti rentabellik əsasında aparılmalıdır. Belə ki, mübahisəli məsələ yarandığı dövrdə qüvvə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə uyğun olaraq bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Hal-hazırda qüvvədə düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. Burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.2. vergi ödəyicisinin (idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi (mərc oyunlarının Operatoru) və bu oyunların keçirilməsində vasitəçi olan agent (mərc oyunları satıcısı) istisna olmaqla) fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 — vergi ödəyicisinin mənfəəti; X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə 441.388,18 manat məbləğində müəyyən edilmiş fərq iddiaçının vergiyə cəlb olunan gəliri kimi qəbul edilməli və həmin məbləğə münasibətdə gəlir vergisinin hesablanması məhz mübahisəli vergi dövründə qüvvədə olan yuxarıda göstərilən Qaydaların tələblərinə uyğun aparılmalıdır. Lakin cavabdeh inzibati orqan, bu məbləğə birbaşa 20 faiz tətbiq etməklə gəlir vergisinin 88.277,64 manat təşkil etməsi qənaətinə gəlmiş, bununla da Qaydalarda açıq şəkildə nəzərdə tutulmuş hesablama mexanizmini və müvafiq düsturun tətbiq edilməli olmasını nəzərə almamışdır. Halbuki, iş materiallarından göründüyü kimi, 441.388,18 manat məbləğ vergi ödəyicisinin fəaliyyəti nəticəsində əldə etdiyi gəlir kimi qiymətləndirildiyindən, Qaydaların 6.1.1-ci yarımbəndində təsbit edilmiş düstur tətbiq edilməlidir. Bu halda, şərti rentabellik normasının 20 faiz olduğu nəzərə alınmaqla, hesablamalar aşağıdakı ardıcıllıqla aparılır: 441.388,18 manat ÷ 120% × 20% = 73.564,70 manat. Beləliklə, iddiaçının fəaliyyətindən əldə etdiyi 441.388,18 manat gəlir üzrə şərti üsulla müəyyən edilmiş mənfəət 73.564,70 manat təşkil edir. Qaydaların 6.1.3-cü bəndi rəhbər tutulmaqla, həmin mənfəət məbləğinə münasibətdə gəlir vergisinin hesablanması zamanı mənfəətə tətbiq edilən 20 faizlik vergi dərəcəsi nəzərə alındıqda, gəlir vergisinin məbləği aşağıdakı kimi formalaşır: 73.564,70 manat × 20% = 14.712,94 manat. Beləliklə, məhkəmə qənaətə gəlir ki, Qaydaların tələblərinə uyğun olaraq aparılmış düzgün hesablamaya əsasən, iddiaçının fəaliyyəti nəticəsində əldə etdiyi 441.388,18 manat gəlir üzrə ödənilməli olan gəlir vergisi 14.712,94 manat təşkil edir. Bu isə cavabdeh tərəfindən kameral vergi yoxlaması zamanı aparılmış hesablamanın düzgün olmadığına dəlalət edir. Belə olan halda Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qismən – yəni, 14.712,94 manat hissədə istisna olmaqla digər hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, AR İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. İnzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin olunduğundan, ekspertiza xərcinin dəyəri müvafiq nisbətdə bölünməlidir. Belə ki, mübahisələndirilən qərar ilə əhatə olunan məbləğ 88.277,64 manat təşkil edir. Həmin qərar qismən ləğv olunduğundan yəni, 73564,7 manat hissədə (14712,94 manat hissəsi istisna olunmaqla) ləğv olunduğundan, ekspertiza xərci olaraq 100 manatın 83 manat (73564,7x100/88277,6) hissəsi cavabdeh tərəfindən, 17 manat hissəsi isə iddiaçı tərəfindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin gəlir vergisi üzrə 21 avqust 2024-cü il tarixli 3-21-2-3/2-74928/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən - 14712,94 manat hissəsi istisna olunmaqla digər hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz manat) manat məbləğində prosessual xərcin 17 manat hissəsi iddiaçı tərəfindən, 83 manat hissəsi isə cavabdeh tərəfindən X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar