Məhkəmə qərarları › İş №2-1(112)-2584/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2584/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2584/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun köhnə işlədiyi (AL HAADİ Enterprieses MMC VÖEN 1********) müəssisədə onunla bağlanılmış əmək müqaviləsinə xitam vermədiyləri üçün hər hansı bir müəssisədə əmək müqaviləsi bağlaya bilmir. İddiaçı 4 ay bundan əvvəl qeyd edilən müəssisə ilə əmək müqaviləsi bağlamışdır. Lakin pandemiya olduğu üçün müəssisə öz fəaliyyətini dayandırmışdır. Müəssisə fəaliyyəti dayandırdıqdan sonra iddiaçı ilə əmək müqaviləsinə xitam verməmişdir. Bu səbəbdən iddiaçı hər hansı bir iş yerində işləyə bilmir. “AL HAADİ Enterprieses MMC-nin rəhbəri Azərbaycan Respublikasını tərk etdiyi üçün, iddiaçı Əmək müfəttişliyinə müraciət etmişdir. Lakin əmək müfəttişliyi iddiaçının müraciətinin təmin etməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı ilə "xxxx" MMC arasında xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda iddiaçı ilk növbədə sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda, iddiaçı qeyd olunan mübahisə öz həllini tapmamış birbaşa inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyatı normalarını pozmuşdur. Bunula yanaşı əmək müqaviləsinə xitam verilməsi və ya əmək müqaviləsinin xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi kimi öhdəliklərinin xidmətin üzərinə qoyulması tələbi, qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçının da bildirdiyi kimi İddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlumdur. Həmin müqavilə işə götürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi iddiaçı ilə “AL HAADİ Enterprieses “MMC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi vəzifəsinin yanında X4 Xidmətinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında Əsasnamənin 1.1.-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.-ci bəndinə əsasən, bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək; 3.1.2. işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, onlardan istifadə olunmasına, eləcə də zərərli, ağır və yeraltı əmək şəraitində işləyənlərin müvafiq müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullarla pulsuz təmin olunmasına nəzarəti həyata keçirmək; 3.1.3. əmək məcəlləsinə uyğun olaraq əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının işəgötürənlər tərəfindən düzgün tətbiq edilməsinə və qanunvericiliyə müvafiq olaraq əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə gora işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərə güzəştlərin və ödənclərin verilməsinə nəzarəti həyata keçirmək; 3.1.3-1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, əməkçi miqrantların hüquqlarının işəgötürənlər tərəfindən təmin edilməsinə nəzarəti həyata keçirmək; 3.1.4. öz səlahiyyətləri daxilində istehsalatda baş verən bədbəxt hadisələrin istehsalatla bağlılığını araşdırmaq və uçotunu aparmaq; [ 3.1.5. əmək və əməyin mühafizəsi sahəsində işəgötürənlərin işçilər və həmkarlar ittifaqları təşkilatları ilə qarşılıqlı əməkdaşlığına köməklik göstərmək; 3.1.6. istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və ya yenidən qurulması zamanı öz səlahiyyətləri daxilində digər nəzarət orqanları ilə birlikdə əməyin mühafizəsi tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək; 3.1.7. öz səlahiyyətləri daxilində yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin istismara buraxılmasına razılığın verilməsi məsələsinə baxmaq; 3.1.8. öz səlahiyyətləri daxilində yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasport vermək; 3.1.9. müəssisələrdə əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyati üçün təhlükə törədən işi və ya istehsal vasitələrinin istismarını, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşanadək, qanunvericiliklə müəyyən edilmiş qaydada dayandırmaq; 3.1.10. öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq; 3.1.11. müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi barədə işəgötürənlərin müraciətlərinə baxmaq; 3.1.12. işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik göstərmək, zəruri hallarda seminarlar təşkil etmək; 3.1.13. vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək; 3.1.14. hər ilin yekununda kütləvi informasiya vasitələrində fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə Azərbaycan Respublikasında mövcud vəziyyət barədə məlumat dərc etdirmək, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X3 hesabatlar hazırlamaq; 3.1.15. qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.” Göründüyü kimi qanunverici əmək müqaviləsinə xitam verilməsi vəzifəsini cavabdehin səlahiyyətlərinə aid etməmişdir. İddia ərizəsindən göründüyü kimi iddia tələbi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287.-ci maddəsinə (fərdi əmək mübahisələri anlayışı) əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Əmək Məcəlləsinin 288.-ci ( fərdi əmək mübahisələrinin predmeti) maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır:a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Hazırki iş üzrə mübahisə işçi (İddiaçı) və işəgötürən ("xxxx" MMC) arasında bağlanmış əmək müqaviləsinin xitam verilməsi tələbindən irəli gəldiyi üçün inzibati icraat qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki icraat qaydasında rayon (ümumi) məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə” iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar