Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2584/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «pul vəsaitinin müvafiq bankların hesabından tutulması və ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «pul vəsaitinin müvafiq bankların hesabından tutulması və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşür. Elektron portaldan çıxarışdan məlum olur ki, dövlət büdcəsindən ona (iddiaçıya) 2.672,60 manat məbləğində kompensasiya ayrılmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1.10-cu yarımbəndində göstərilmişdir ki, kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla atrmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğdir. Maliyyə Bazarlarına Nəzarət Palatası iddiaçıya ödənilən kompensasiyanı, borcun azaldılması və güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması məqsədilə aşağıdakı proporsiya ilə bölgü aparmışdır: "xxxx" ASC-yə – 1.133,84 manat, "xxxx" KB ASC-yə – 352 manat, "xxxx" ASC-yə – 1.133,93 manat, "xxxx" ASC-yə – 52,82 manat, ümumilikdə 2.672,60 manat. Bunun müqabilində banklar tərəfindən borcun məbləği azaldılmamış, iddiaçı ilə güzəştli şərtlərlə yeni kredit müqavilələri bağlanmamışdır. Faktiki olaraq dövlət büdcəsindən iddiaçı üçün ayrılmış vəsait həmin banklar tərəfindən qanunsuz saxlanılmışdır. Belə ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 12 may 2023-cü il tarixli və "xxxx" KB ASC-nin 13 sentyabr 2022-ci il tarixli məktublarında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı iş üzrə 27 oktyabr 2014-cü il tarixli icra vərəqəsi əsasında "xxxx" KB ASC-nin xeyrinə 3.620,98 ABŞ dolları məbləğində pul vəsaitinin onun pensiyasından tutulması öz təsdiqini tapmışdır. Bu məbləğə daxildir: 3.144,23 ABŞ dolları əsas borc, 446,75 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları cərimə. Elektron portaldan çıxarışda "xxxx" KB ASC-yə qalıq borc 3.144,23 ABŞ dolları göstərilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun 3 mart 2023-cü il tarixli inkasso sərəncamı əsasında 261,44 manat, 28 mart 2023-cü il tarixli inkasso sərəncamı əsasında isə 329,86 manat "xxxx" ASC-nin xeyrinə onun pensiyasından "xxxx" ASC tərəfindən tutulmuşdur. İki halda da inkasso sərəncamının verilməsinə səbəb olaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3787/2014 saylı iş üzrə 29 dekabr 2014-cü il tarixli icra vərəqəsi göstərilmişdir. İcra vərəqəsində "xxxx" ASC-yə 3.808,7 manat məbləğində borc müəyyənləşdirilmişdir. Elektron portaldan çıxarışdan görünür ki, qalıq borc 2.086,07 manat təşkil edir. Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Qaydanın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır. İddiaçı 1999-cu ildə (44 yaşında) X1 səhhəti ilə əlaqədar pensiyaya çıxmışdır. 2019-cu ildə xroniki xəstəliyi aktiv fazada olmuş, yataq rejimində olmuşdur. Üzürlü səbəbdən borclu olduğu banklara müəyyən edilmiş müddətdə müraciət edə bilməmişdir. 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanmışdır. Mərkəzi Bankın 23 avqust 2023-cü il tarixli 6-1-26/2-M-0-8744/2023 nömrəli məktubunda (sonuncu abzasda) yazılmışdır ki, borclu olduğu banklar onun (iddiaçının) haqqında məlumatlar təqdim edildiyi andan aşağıdakı öhdəlikləri üzərlərinə götürmüşlər: kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi, kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi, illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt ili) müddətinə yeni kredit müqaviləsinin bağlanması. Banklar üzərlərinə götürdükləri öhdəlilkləri icra etməmişlər. Əsas olaraq, iddiaçının 31 dekabr 2019-cu il tarixədək müraciət etməməsi bildirilmişdir. Mərkəzi Bankın mövqeyi onun borclu olduğu bankların mövqeyi ilə üst-üstə düşür. Bankların hərəkətləri qanuni olduğu halda, 2020-ci ilin ilk iş günündə dövlət büdcəsindən ayrılmış vəsait iddiaçıya ödənilməli idi. Devalvasiya nəticəsində banklar deyil, iddiaçı zərər çəkmişdir. Kompensasiya zərərçəkənə verilir. Banklar tərəfindən dövlət büdcəsindən onun üçün ayrılmış 2.672,60 manat məbləğində kompensasiya qanunsuz olaraq verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İddiaçı 1 yanvar 2020-ci il tarixdən kreditor statusundadır. Artıq 45 aydır ki, "xxxx" KB ASC, "xxxx" ASC və "xxxx" ASC onun vəsaitini qanunsuz olaraq saxlamışlar, həmin vəsaitdən faydalanmışlar. İddiaçı 2022-ci ilin aprel ayından hal-hazıradək Mərkəzi Banka şikayət ərizələri ilə müraciət etmiş, dəfələrlə vəzifəli şəxslərin qəbulunda olmuşdur. Müraciətlərdə qaldırılan məsələ borclu olduğu bankların iddiaçı ilə güzəştli şərtlərlə yeni kredit müqavilələri bağlamasından və ya banklara yönəldilən kompensasiya məbləğlərinin ona ödənilməsindən ibarət olmuşdur. Mərkəzi Bankda sonuncu dəfə 25 avqust 2023-cü il tarixdə qəbulda olmuş və 4 sentyabr 2023-cü il həmin qurumdan yazılı cavab almışdır. Bütün hallarda cavablar birmənalı olmuşdur – 31 dekabr 2019-cu il tarixədək banklara müraciət olunmadığına görə yeni müqavilə bağlanması və kompensasiya ödənilməsi mümkün deyil. 4 may 2023-cü il tarixdə Mərkəzi Bank uçot dərəcəsini 9% müəyyən etmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddiaçıya vəsaitin ödənilməsi məqsədilə Mərkəzi Bankdakı "xxxx" ASC-nin hesabından 1.186,75 manat kompensasiya məbləğinin və 9% uçot dərəcəsi olmaqla 106,80 manat vəsaitin, "xxxx" ASC-nin hesabından 1.133,84 manat kompensasiya məbləğinin və 9% uçot dərəcəsi olmaqla 102,05 manat vəsaitin, "xxxx" KB ASC-nin hesabından 352 manat kompensasiya məbləğinin və 9% uçot dərəcəsi olmaqla 31,68 manat vəsaitin, ümumilikdə 2.912,98 manat məbləğində pul vəsaitinin silinməsi, həmin vəsaitin ödənilməsinin "xxxx" ASC-yə tapşırılması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 12 oktyabr 2023-cü il tarixli məktubunda bildirilir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" KB ASC arasında bağlanmış 6 dekabr 2013-cü il tarixli kredit müqaviləsi 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşmüş və iddiaçıya cəmi 2.672,60 manat kompensasiya hesablanmışdır. Bundan başqa, həmin Fərmanın qüvvəyə mindiyi günə – 1 mart 2019-cü il tarixinə İddiaçı "xxxx" ASC ilə bağlanmış 30 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3.220 manat və eyni tarixli kredit xətti müqaviləsi üzrə 150 manat, habelə "xxxx" ASC ilə bağlanmış 5 dekabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3.219,77 manat və "xxxx" KB ASC arasında bağlanmış 28 iyun 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə 999,58 manat ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olduğundan, hesablanmış bu kompensasiya sözügedən Fərmanın 2-ci hissəsinə əsasən proporsional qaydada (birinci müqavilə üzrə borca 1.133,93 manat, ikinci müqavilə üzrə borca 52,82 manat, üçüncü müqavilə üzrə borca 1.133,84 manat və dördüncü müqavilə üzrə borca isə 352,00 manat olmaqla) əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. Həmçinin qeyd edilir ki, kompensasiya məbləğlərinin yönəldiyi yuxarıda göstərilmiş kredit müqavilələrinin, həmçinin iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli digər kredit xətti müqaviləsinin (500 manat məbləğində) statusu 28 fevral 2019-cu il tarixli Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilələr üzrə 1 mart 2019-cu il tarixə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun həmin Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə Maliyyə Bazarlarına Nəzarət Palatası 28 fevral 2019-cu il tarixli Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərara alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (6-cı bənd) Banklara tövsiyə edilsin ki: (6.1) bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; (6.2) fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; (6.3) borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 7.1-ci bəndinin təsiri dairəsinə düşən müvafiq şəxslərə (cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçı artıq həmin siyahıya daxil edlmişdir) yeni güzəştli kredit müqaviləsinin bağlanması təkliflərinin verilməsi sözügedən Fərmanla banklara tövsiyə olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Mərkəzi Bankı arasında inzibati mübahisə mövcud deyil (həmin cavabdeh 28 fevral 2019-cu il tarixli Fərmanla ona aid edilmiş məsələni iddiaçıya münasibətdə müsbət həll etmişdir) və iddiada tələb olunan məsələ iddiaçı ilə müvafiq banklar arasında olan mülki mübahisənin predmeti kimi çıxış edə bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2584/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2584/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver