Məhkəmə qərarları › İş №2-1(112)-2585/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2585/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2585/2020 05.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 12 noyabr 2019-cu il tarixindən, 52 yaşdan, “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1967-ci ildə Bakı şəhərində doğulmuş və hazırda Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsi, ev 68də yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra 01 sentyabr 1983-ci ildə 177 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 17 iyul 1986-cı ildə elektrik qaz qaynaqçısı" peşəsi üzrə tam kursu bitirmişdir. 31 oktyabr 1986 - 21 noyabr 1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 05 mart 1990-cı ildə Nəriman Nərimanov adına X5 İdarəsində Prokat-Təmir Sexində elektrik montyoru vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O vaxtdan hal-hazıradək idarə daxilində işlədiyi sexin müəyyən vaxtlarda müxtəlif cür adlandırılması nəzərə alınmaqla eyni vəzifədə əmək fəaliyyətini davam etdirməkdədir. Əmək fəaliyyəti dövründə üst-üstə 35 ildən çox ümumi, 21 ildən çox çox güzəştli iş stajı olmaqla, bu stajın 01 yanvar 2006-cı ilə qədər olan dövründə 21 ilə yaxın ümumi, 15 il 09 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajıdır. Güzəştli əmək stajı 05 mart 1990 - 01 yanvar 2006-cı il tarixlərində Nəriman Nərimanov adına X5 İdarəsində elektrik montyoru vəzifəsində topladığı iş stajıdır. 01 yanvar 2006-cı ilə qədər o, ümumilikdə 21 il ümumi, 15 il 09 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» üzrə pensiya təyin edilməsi üçün tələb olunan 52 yaşa çatdıqda, güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd edilən 1 Saylı Siyahıda 10.2-ci bölməsində onun işlədiyi vəzifənin şifrəsi 1100000a— 19861-dir. Lakin cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsassız olaraq onun 01 yanvar 2006-cı il tarixinə kimi əldə etdiyi pensiya hüququnu pozmuşdur. Cavabdeh hansı səbəblə onun ümumi iş stajının toplanmadığını izah etmədiyi üçün, o, belə hesab edir ki, cavabdeh onun 01 sentyabr 1983-ci ildə 177 nömrəli orta texniki peşə məktəbində təhsil almağı ümumi iş stajına daxil etməmişdir. Ona görə belə hesab edir ki, 01 yanvar 2006-cı ilə qədər onun təhsil müddəti hesablanmadıqda, ümumi iş stajı (hərbi xidmət dövrü nəzərə alınmaqla) 19 il 11 ay 24 gün təşkil edir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi (“Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) əmək stajı əvvəlki qanunun ”Vətəndaşların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13 maddəsinin (a) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), kişilər üçün pensiya yaşı 52, ümumi staj 20 il, xüsusi staj 10 il müəyyən edilmişdir. Lakin idarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyibdir. Məlum olmuşdur ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, ƏPQ-nin 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. ƏPQ-nin 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. İdarənin imtinası həm də ƏPQ-nin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanununun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 52 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 52 yaşının tamam olduğu 12 noyabr 2019-cu ildə, 64 il 6 ay olmuşdur. ƏPQ-nin 45-ci maddəsinə əsasən iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 294 aya (144 ay + 150 ay) bölünməlidir. 150 ay iddiaçının pensiya çıxmaq hüququnun yarandığını iddia etdiyi 52 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 64 il 6 ay arasındakı fərqdir (64 il 6 ay - 52 il = 12 il 6 ay). Beləliklə, iddiaçıya aid fərdi hesabdaki məbləği 294 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. Çünki əldə edilən məbləğ ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan və minimum pensiya təyin edilməsinə imkan vermir. İddiaçı xx xxxxxx 1967-cı il təvəllüdlüdür; yəni ƏPQ-nin 9.1-ci maddəsinə məlum dəyişikliyin edildiyi tarixədək güzəştli pensiya hüququ verən yaş həddinə çatmamışdır. Dolayısı ilə, iddiaçı pensiya hüququnu artıq həmin dəyişikliyə qədər əldə etdiyini də iddia edə bilməzdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus 614823 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 01.09.1983-cü ildən 17.07.1986-cı ilədək 177 №-li orta texniki peşə məktəbində təhsil almışdır. -İddiaçı məxsus NZ ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı oktyabr 1986-cı ildən 12 noyabr 1989-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 05.03.1990-cı ildən 01.05.1993-cü ilə qədər ET və EAKT sexində 3-cü dərəcəli elektrik montyoru, 16.11.2000ci ildən 01.12.2007-ci ilə qədər həmin sexdə 4-cü dərəcəli elektrik montyoru vəzifələrində, 01.12.2007-ci ildən hal-hazıradək Elektrik Təchizatı və Elektrik Avadanlıqları sahəsində 5ci dərəcəli elektrik montyoru işləyir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İB N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 10-61 №-li, 20.11.2019-cu il tarixli arayışıdan görünür ki, iddiaçı həqiqətəndə 05.03.1990-cı il tarixdən 01.01.2006-cı il tarixədək N.Nərimanov adına NQÇİnin Elektrik Təchizatı və X3 Təmir sexində Neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşqul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləyib və hal-hazırda həmin peşədə işləyir. İxtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-19861. Güzəştli staj ixtisasa əsasən 15 il 09 ay 26 gün. Arayışa əsasən 01.01.2006-cı il tarixinə güzəştli əmək stajı 15 il 09 ay 26 gün təşkil edir. Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır.AR NK-nin 12/Vİ-93-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır. Arayış işçinin əmək fəaliyyətini əks etdirən T-2 formalı kartoçka və əmrlər əsasında verilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 22.11.2019cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 29.11.2019-cu il tarixli, **********6 №-li məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ümümi iş stajının 20 ildən az təşkil etməklə yanaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsas gətirilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 01.10.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının 01.09.1983-cü ildən 17.07.1986-cı ilədək 177 №-li orta texniki peşə məktəbində təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının işlədiyi “elektrik montyoru” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li Siyahının X Bölməsinin 2-ci bəndinin 1100000a-19861 şifrinə uyğundur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan peşəyə uyğun olmaqla 01.01.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla 21 il 9 ay 24 gün ümumi və 15 il 09 ay 26 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 12.11.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair etirazı ilə bağlı qeyd edir ki, iddiaçının pensiya hüququ 01.01.2006-cı il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “yaranmış fərqin bir dəfəlik olaraq ödənilməsi hissəsində” rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda, pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 12 noyabr 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı 12 noyabr 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar