Məhkəmə qərarları › İş №2-1(112)-2586/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2586/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2586/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, iddiaçı - İddiaçı cavabdehlər -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında 6 saylı şəhər Poliklinikasına 3-cü şəxslər -Azərbaycan Respublikası X1 və Azərbaycan Respublikası 1-ci vitseprezidenti X4 qarşı «hərəkətsizliyin qanunsuz hesab edilməsi, mənəvi ziyanın ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında 6 saylı şəhər Poliklinikasına qarşı (3-cü şəxslər Azərbaycan Respublikası X1 və Azərbaycan Respublikası 1-ci vitse-prezidenti X4) 6 saylı şəhər Poliklinikasının hərəkətsizliyinin qanunsuz hesab edilməsi, hərbi xidmət dövrü ilə əlaqədar yaranmış xəstəliyin nəticəsi olaraq 1 saylı X3 tərəfindən verilmiş epiqrizin TSEKə göndərilməsi öhdəliyinin 6 saylı şəhər Poliklinikasının üzərinə qoyulması, cavabdehlərdən ona vurulmuş mənəvi ziyana görə 14000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə məhkəmənin icraatına verilmişdir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək cavabdehin dəqiqləşdirilməsi, iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılan müvafiq iddia növünə uyğun dəqiqləşdirməsi, həmçinin dəqiqləşdirilmiş cavabdehə qarşı yönələn tələblə əvvəlcə inzibati orqana müraciət edilməsinə dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi öz izahatında məhkəmə tərəfindən iddiaçıya göndərilən hüquqi yardım haqqında məktubu aldığını və həmin məktuba cavab olaraq məhkəməyə ərizə göndərdiyini bildirmişdir. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirməmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia tələbi iki hissədən ibarətdir: - 6 saylı şəhər Poliklinikasının hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərbi xidmət dövrü ilə əlaqədar yaranmış xəstəliyin nəticəsi olaraq 1 saylı X3 tərəfindən verilmiş epiqrizin TSEK-ə göndərilməsi öhdəliyinin 6 saylı şəhər Poliklinikasının üzərinə qoyulması -cavabdehlərdən ona vurulmuş mənəvi ziyana görə 14000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyini və 6 saylı şəhər Poliklinikasını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Sabuçu Rayon İcra Hakimiyyətini, Bakı şəhəri Sabuçu rayonu İcra Hakimiyyətinin Maştağa qəsəbə Nümayəndəliyini, Sabunçu rayonu Maştağa bələdiyyəsini göstər sə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsalandıra bilməmişdir. Belə ki, İPM-nin 30.1-ci maddəsində deyilir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbinin birinci, yəni “6 saylı şəhər Poliklinikasının hərəkətsizliyinin qanunsuz hesab edilməsi və hərbi xidmət dövrü ilə əlaqədar yaranmış xəstəliyin nəticəsi olaraq 1 saylı X3 tərəfindən verilmiş epiqrizin TSEKə göndərilməsi öhdəliyinin 6 saylı şəhər Poliklinikasının üzərinə qoyulması” hissəsi 6 saylı şəhər Poliklinikasına qarşı yönəldilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, 6 saylı şəhər Poliklinikası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Odur ki, iddia tələbi bu hissədə mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin ikinci, yəni “cavabdehlərdən ona vurulmuş mənəvi ziyana görə 14000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb cavabdeh qismində götərilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və 6 saylı şəhər Poliklinikasına qarşı yönəldilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi, 6 saylı şəhər Poliklinikası inzibati orqan deyildir, odur ki, iddia tələbi ona qarşı yönəldilmiş bu tələb də mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin ikinci hissəsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı yönəldilməsi ilə bağlı qeyd edir ki, iddiaçının hazırkı tələblə əvvəlcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq ərizə ilə, yəni iddiaçıya dəymiş mənəvi ziyana görə 14000 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbi ilə əvvəlcə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciətinin olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “9.Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının “dəymiş mənəvi ziyana görə 14000 manat məbləğində pul vəsaitinin ödənilməsi” tələbi ilə əvvəlcə cavabdeh orqana müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi bu hissədə də mümkün sayılmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün müddət təyin edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirmədiyindən, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar