Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2586/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli imtina məktubunda göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinədək 24 il 1 ay sığorta stajı olmaqla tələb olunan müddətdən (25 il) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X5 və araşdırmalar şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək iddiaçının işlədiyi Nəsimi MKTB nəzdində olan Mexanizasiya və Nəqliyyat sahəsinin əmək haqqı cədvəllərinin sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Eyni zamanda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi bildirilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi MKTB nəzdində olan Mexanizasiya və Nəqliyyat Sahəsində mühasib vəzifəsində xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarxinədək işlədiyi dövrün sosial sığorta stajına əlavə edilməklə ona pensiyanın təyin edilməsi və pensiya hüququ yaranan tarixdən hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbinin ona yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması kimi müəyyən edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müəssisədə onun işə daxil olması və işdən çıxması barədə əmrlər mövcuddur. Əmək kitabçasında bu barədə qeydlər aparılaraq təsdiq edilmişdir. Həmin təşkilatın arxiv sənədlərini saxlamaq onun vəzifəsinə aid deyildir və sənədlərin əldə edilməməsi onun hüquqlarının pozulması üçün əsas ola bilməz. Cavabdeh orqanın iddiaçının həmin müddətdə qeyd edilən təşkilatda çalışmasını təkzib edən sübut mövcud deyildir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********9 saylı iddiaya etirazında bildirmişdir ki, iddiaçıya məxsus xx.xx.1976-cı il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasına müvafiq olaraq iddiaçının ümumilikdə 24 il 01 ay sosial sığorta stajı olmaqla qanunla tələb edilən müddətdən (25 il) azdır, eyni zamanda fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1997-xx.xx.2000ci illər ərzində işlədiyi əmək kitabçasında qeyd edilsə də, Nəsimi MKTB nəzdində olan Mexanizasiya və Nəqliyyat sahəsinin əmək haqqı cədvəllərinin saxlandığı ünvan məlum olmadığından sözügedən dövrün araşdırılaraq sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Milli Arxiv İdarəsinə və Bakı Filialına 15 oktyabr 2021-ci il tarixdə sorğular ilə müraciət edilmiş və Milli Arxiv İdarəsinin 25 oktyabr 2021-ci il tarixli 4/2086 nömrəli cavab məktubunda Nəsimi MKTB nəzdində olan Mexanizasiya və Nəqliyyat sahəsinin arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Həmçinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə 15 oktyabr 2021-ci il tarixdə sorğu ilə müraciət edilmiş və Birlik tərəfindən 25 noyabr 2021-ci il tarixli cavab məktubunda iddiaçının işə qəbul, işdən çıxma, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma barədə əmrlərinin surəti göndərilsə də, onun əmək haqqı barədə sənədlərinin Nəsimi rayon MKTB-nə təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçının sosial sığorta stajına münasibətdə pensiya kapitalı indeksləşdirilmiş və iddiaçının 24 il 01 ay sosial sığorta stajına münasibətdə 23455 manat pensiya kapitalı olduğu qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Onun inzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının yaşayış yeri və cavabdehin olduğu yer Bakı şəhəri olduğundan iddia ərizəsi düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci yarımbəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: 1 iyul 2020 – 30 iyun 2021-ci il – 62 yaş. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2020 – 30 iyun 2021-ci il üzrə qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 62 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan iddiaçıya məxsus xx.xx.2016-ci il tarixdə verilmiş AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur, xx.xx.2021-ci il tarixdə onun 62 yaşı tamam olmuşdur. Deməli, iddiaçı tələb olunan ilkin şərti – yaş tələbini ödəyir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra əmək fəaliyyəti olmamış, pensiya kapitalı toplanmamışdır. ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Cavabdehin etirazda göstərdiklərinə əsasən qeyd olunan maddəyə uyğun olaraq iddiaçının xx.xx.2006-cı il tarixədək əmək stajının pensiya kapitalına çevrilməsi nəticəsində alınan məbləğ 23455 manat olmuşdur, hansı ki bu məbləğ əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən pensiya təyin edilməsi üçün onun həmin tarixə azı 25 il sığorta stajı olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan xx.xx.1987-ci il tarixli, KT № 713954 nömrəli Diplomun surətindən görünür ki, iddiaçı 1984-cü ildə Xarkov maşınqayırma texnikumuna daxil olmuş, xx.xx.1987-ci ildə avadanlığın istismarı və proqramlaşdırılması ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan xx.xx.1976-cı il tarixli, ИТ-İ №0834758 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdə Zərgərlik məmulatı pərakəndə satışı idarəsinə kiçik satıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü ildə satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1984-xx.xx.1997ci illərdə Sumqayıt Kompressorlar Zavodunda texnik, mühəndis, mühasib vəzifələrində işləmiş, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Nəsimi rayon Mexanizasiya və Nəqliyyat sahəsində mühasib vəzifəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi isə Azərbaycan Beynəlxalq Bankının Binəqədi filialının təqaüd və müavinətlərin paylanması üzrə mütəxəssisi vəzifəsində işləmişdir. İşdə olan cavabdehin Hüquq, Daxili Nəzarət və Monitorinq Departamentinin Monitorinq və araşdırma şöbəsinin aparıcı mütəxəssisi Z.G.Baxşıyev, E.H.Əliyev və Nəsimi MKTB-nin baş mühasibi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının 1997-2000-ci illərdə Nəsimi rayon MKTB-nin nəzdində olan Mexanizasiya və Nəqliyyat sahəsində işləməsi faktı onlar tərəfindən qarşılıqlı araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1997-ci ildə (əmr №15, xx.xx.1997-ci il) Nəsimi rayon MKTB-nin nəzdində olan Mexanizasiya və Nəqliyyat sahəsinə mühasib vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci ildə (əmr №03, xx.xx.2000-ci il) öz xahişi ilə işdən azad edilmişdir. Araşdırma əmrlər kitabına əsasən aparılmışdır. Əmək haqqı cədvəlləri saxlanılmamışdır. Həmin şöbənin aparıcı mütəxəssisi X7 və X8 və Nəsimi MKTB-nin kadrlar üzrə mütəxəssisi X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçının 1997-2000-ci illərdə Nəsimi rayon MKTB-nin nəzdində olan Mexanizasiya və Nəqliyyat sahəsində işləməsi faktı Nəsimi rayon MKTB-də araşdırılmış və müəyyən olunmuşdur ki, Nəsimi rayon MKTB-nin nəzdində olan Mexanizasiya və Nəqliyyat sahəsinin arxiv sənədləri Nəsimi rayon MKTB-nin arxivində saxlanılmadığı üçün həmin dövrlərin sığorta stajını araşdırmaq mümkün olmamışdır. İşdə olan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının mütəxəssislərinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də texnik, mühasib peşələrində işləmiş, işlədiyi müddət ərzində öz hesabına məzuniyyətdə olmamışdır. Göründüyü kimi, iddiaçının əmək kitabçasına və cavabdehin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktlara əsasən İddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 26 il 6 ay 18 gün əmək stajı mövcud olmuşdur (iddiaçı qiyabi təhsil almış və onun təhsil aldığı dövr işlədiyi dövrlə üst-üstə düşdüyündən həmin dövrlərdən biri hesaba alınmışdır). Lakin cavabdeh iddiaçının işlədiyi bütün dövrləri nəzərə almamış, xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qərarı ilə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, bu zaman qərarı ƏPQ-nin 7-ci maddəsinə uyğun olaraq 25 il sığora stajı və fərdi hesabın sığorta hissəsində (xx.xx.2018-ci ilə) qeydə alınmış pensiya kapitalının olmaması ilə əsaslandırmışdır (xx.xx.1997-xx.xx.2000-ci illər ə/h cədvəlləri saxlanmadığı üçün). Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixədək Nəsimi MKTB nəzdində olan Mexanizasiya və Nəqliyyat sahəsində işlədiyi zaman aldığı əmək haqqı cədvəllərinin saxlanılmamasına görə onun 25 il sığorta stajının olmaması qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadəsinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İşdə olan aktlardan da görünür ki, cavabdeh əmək kitabçasındakı qeydləri araşdırmış və iddiaçının işləməsi yerində yoxlama ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh bununla kifayətlənməmiş, iddiaçının işlədiyi dövrlərə dair əmək haqqı cədvəllərinin olmasını da tələb etmiş, bu zaman həmin sənədləri hansı əsasla tələb etməsini əsaslandırmamışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən və yerində araşdırma ilə öz təsdiqini tapdığından, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən həmin inzibati orqanın bu imtinası əsaslı sayıla bilməz. Bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2021-ci il tarixdə 62 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən çox sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2586/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2586/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver