Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2586/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X9 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 054909 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil Abbasova (Məmmədova) Sahibə Qəşəm qızının (bundan sonra – İddiaçı) mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli ******* və ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlarına əsasən xx.xx.1993-cü il təvəllüdlü X9, xx.xx.1996-cı il təvəllüdlü X24, xx.xx.1993-cü il təvəllüdlü X11, xx.xx.1996-cı il təvəllüdlü X12, xx.xx.1975-ci il təvəllüdlü X5, xx.xx.2003-cü il təvəllüdlü X7, xx.xx.1961-ci il təvəllüdlü X10, xx.xx.1980-cı il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X3, X13, X11, X12, X5, X7, X20 və X6 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 073-35764A-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, həmin şəxslərin ona məxsus olan ünvandan pasport qeydiyyatından çıxarılmasının Sabunçu Rayon Polis İdarəsinin səlahiyyətləri daxilində olmadığını bildirmiş, vətəndaşa məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək tövsiyyə olunmuşdur.
5. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1, 37 saylı ünvandakı mənzildən X3, X13, X11, X12, X5, X7, X20 və X6 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-12567/2022 saylı qərardadı ilə X9, X24, X25, X26, X14, X7, X20 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ. Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1, 37 saylı ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq mənzilə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Belə ki, ona məxsus mənzildə yaşamayan X9, X24, X25, X26, X14, X7, X21 və X15 pasport qeydiyyatındadırlar. Hazırda mənzilində ondan və ailə üzvlərindən başqa heç kim yaşamır. Həmin şəxslərin onun mülkiyyətində olan evdə formal da olsa, qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını kobud surətdə pozur və onun həmin əmlak üzərində sərbəst sərəncam vermək hüquqlarının həyata keçirilməsinə mane olur.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəməyə göndərdiyi məktubda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
11. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
13. İddianın əsaslılığına gəldikdə məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən əsaslıdır.
14. İşdə olan MH seriyalı 054909 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə dair İddiaçının mülkiyyət hüququ qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.1996-cı il tarixdə 139 nömrəli Reyestr kitabında 20797, qeydəalma 30 N 32341 tarixində qeydiyyat aparılmışdır.
15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubundan görünür ki, üçüncü şəxslərin ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə dair istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.
16. İşdə olan Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 53 nömrəli Arayışında qeyd edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə iddiaçı ilə bərabər X1 (gəlini), X17 (nəvəsi), X18 (nəvəsi), X22 (nəvəsi), Abbasov Sabir (həyat yoldaşı), X4 (qohum) qeydiyyatda olmaqla yaşayırlar.
17. İddiaçı hazırda qızları X6, X5, nəvələri X3, X2, bacısı X10, bacısı qızları X13, X11, X12 uzun müddət onun mülkiyyətində olan 37 saylı mənzildə yaşamadıqlarını iddia edərək onların həmin mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş edir.
18. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
19. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
20. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
22. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
23. Məhkəmə üçüncü şəxslər X20, X24, X25 və X12 istifadə hüquqları ilə bağlı qeyd edir ki, iddiaçının izahatına əsasən aydın olur ki, Nurayə Coşqun onun bacısı, X24, X25 və X26 isə Nurayə Coşqunun qızlarıdır.
24. İşdə olan fərdi uçot kartoçkalarından və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X20 xx.xx.2017-ci il tarixədək ünvan 5 ünvanında qeydiyyatda olmuş və xx.xx.2017-ci il tarixdə, Huriyə Coşkun xx.xx.2017-ci il tarixdə, Nurgül Coşkun xx.xx.2017ci il tarixdə, Nurcan Coşkun xx.xx.2017-ci il tarixdə MH 054909 saylı, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında 37 saylı mənzilə qeydiyyata alınmışlar.
25. Həmin şəxslər iddiaçının ailə üzvü olmamışdır, onlar iddiaçının razılığı əsasında onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmışlar. Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 47 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023cü il tarixli, 53 nömrəli arayışına əsasən hazırda mübahisəli mənzildə yaşamırlar və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubuna əsasən həmin mənzilə qeydiyyata alınmış hər hansı bir hüquqları mövcud deyil.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilən halların hazırkı iş üzrə mövcud olmasını (mənzilə heç bir hüquqlarının olmamalarını və hazırda həmin mənzildə yaşamamalarını) nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi üçüncü şəxslər X20, X24, X25 və X19 münasibətdə əsaslıdır və təmin edilməlidir.
28. Digər üçüncü şəxslər X15, X14, X9 və X2 mübahisəli mənzilə istifadə hüquqlarına gəldikdə isə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, iş materialları və iddiaçının izahatına əsasən müəyyən olunur ki, X15 və X14 iddiaçının qızları, X9 və X7 isə iddiaçının nəvələri olmaqla, onun ailə üzvüdür.
29. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Mahirə Abbasova mübahisəli mənzilə xx.xx.2019-cu il tarixdə, Samirə Abbasova xx.xx.2011-ci il tarixdə, Türkan İdrisova xx.xx.2022-ci il tarixdə, Əlizaman İdrisov xx.xx.2019-cu il tarixdə MH seriyalı, 054909 saylı xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmışlar.
30. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.”
32. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.”
33. Beləliklə, məhkəmə istinad olunan normalara əsasən qeyd edir ki, iddiaçı ilə qızları arasında ailə əlaqələri mövcud olduğundan, onların yaşayış sahəsinə olan ehtiyacının mübahisəli mənzildən istifadə etməklə qarşılamasının əksini sübut edən sənəd təqdim edilmədiyindən, bu məsələlərin həll edilməsi (yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə) mülki məhkəmə icraatının predmeti olduğundan, nəvələrinin hüquqları isə iddiaçının qızlarının hüququndan törəmə olduğundan iddia tələbi X15, X14, X9 və X2 37 saylı mənzildən qeydiyyatdan çıxarılması hissəsində əsassızdır və bu səbəbdən təmin edilməməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı: İddia qismən təmin olunsun. xx.xx.1996-cı il təvəllüdlü X13, xx.xx.1993-cü il təvəllüdlü X11, xx.xx.1996-cı il təvəllüdlü X12 və xx.xx.1961-ci il təvəllüdlü X10 ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova