Məhkəmə qərarları › İş №2-1(112)-2587/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2587/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2587/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (arvadı) X3, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qiymətləndiriliyi xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əllillik təqaüdünün bərpası və kəsildiyi tarixdən aylıq əllillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildə açıq ürək əməliyyatı keçirdiyi üçün Tibbi-Sosial Ekspertiza Komissiyasının 88 №-li arayışı ilə əlillik dərəcəsi almışdır. Həmin ildən 2016-cı ilə kimi hər il komissiyadan keçərək əlilliyi təsdiqlənmiş və təqaüd almağa davam etmişdir. 2016-cı ildə Tibbi-Sosial Ekspertiza Komissiyası 5 illik 88 №-li arayış verdiyindən onda həmin dövrdə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün Penitensiar Xidmətin Müalicə müəssisəsində həkim komissiyasından keçərək yenidən növbəti komissiyaya kimi təqaüdünü almağa davam etmişdir. 2017-ci ildə həbsdən azad olunmuşdur, 2020-ci ildə yenidən həbs edilmişdir. 2021-ci il noyabr ayında komissiyanın 5 illik müddəti bitdiyindən təqaüdü dayandırılıb. 2022-ci ilin mart ayında növbəti 5 illik komissiyadan keçmək üçün Penitensiar Xidmətin Müalicə müəssisəsinə göndərilmiş, Komissiyanın rəyi Əmək və X5 Nazirliyinə göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixli **********0 nömrəli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubu ilə ona izah edilmişdir ki, “əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq elektron qiymətləndirilmə aparılır və onun göndərişində əlilliyin təyininə əsas verən ağırlaşmalar komputer tərəfindən aşkar edilmədiyindən əlillik əlaməti təyin edilmir barədə qərar verilmişdir.

3. İddiaçının nümayəndəsi (arvadı) tərəfindən təqdim edilən ərizə əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı əsasında iddia tələbinin “əlilliyin qiymətləndirildiyi 28 may 2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin (orqanizmin funksiyalarının 61-80% pozulması) təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Bakı ƏN Pentensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2015-ci il tarixli 4449003AAALJ saylı göndərişi əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => 125.1 - Ürəyin aterosklerotik xəstəliyi; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi, infarkdan sonrakı kardioskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) Virus mənşəli xroniki C hepatiti. subklinik forma xroniki kolkulyoz xolesistit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ürəyin xroniki işemik xəstəliyi. İnfarkdan sonrakı kardioskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) Virus mənşəli xroniki C hepatiti, ...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => 125.1 - Ürəyin aterosklerotik xəstəliyi; Diaqnozun mətni: Ürəyin xroniki işemik xəstəliyi. İnfarkdan sonrakı kardioskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) Virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki kolkulyoz xolesistit.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ürəyin xroniki işemik xəstəliyi. İnfarkdan sonrakı kardioskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) Virus mənşəli xroniki C hepatiti, ...” səbəbi 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı ƏN Pentensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2022-ci il tarixli 4449003AABRJ saylı göndərişi əsasında baxılmış və X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.9 - Ürəyin dəqiqləşdirilməmiş xroniki işemik xəstəliyi; Diaqnozun mətni: Əsas diaqnoz İ25 Ürəyin xroniki işemik xəstəliyi. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardıyası İİ f.s. İnfarkdan sonrakı kardioskleroz (2006). Aorta koronar şuntlama cərrahi əməliyyatından sonrakı vəziyyət (2006) Ağırlaşma 150 Ürək çatmamazlığı, Ürək çatmamazlığı İ f.s.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşmalar əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixli 4449003AABRJ saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin sentyabr ayında, yəni təxminən 4 ay sonra xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası“nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir.

5. Cavabdehin məhkəmə-tibb ekspertizasının təyin edilməsinə dair vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, işin konkret halına əsasən əlillik altsistemindən çıxarışlar cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətininin qiymətləndirilməsinin qanuniliyini müəyyən etmək üçün yetərlidir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (arvadı) dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

8. İddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

10. İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur.

11. Cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

12. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

13. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

15. İddiaçıda xəstəliyin başlanma tarixi 2006-cı ilə təsadüf edir. Xəstəliyin gedişi xroniki xarakter daşıyır.

16. Əlillik altsistemindən çıxarışa əsasən iddiaçıya xx.xx.2015-ci ildə (təkrar olmaqla) bir il müddətinə ürəyin xroniki işemik xəstəliyi, infarkdan sonra kardiskleroz (1996) Aortokoronar şuntlu transplantatın olması, (1996) virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki kolkulyoz xolesistit diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmiş; eyni diaqnozla xx.xx.2016-cı il tarixdə beş il müddətinə əlillik təyin edilmişdir.

17. Sonuncu dəfə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsas diaqnoz İ25 Ürəyin xroniki işemik xəstəliyi, ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokarsiyası. İİ f.s. İnfarkdan sonrakı kardioskleroz (2006). Aorta koronar şuntlama cərrahi əməliyyatdan sonrakı vəziyyət (2006). Ağırlaşması İ50 Ürək çatışmazlığı. Ürək çatışmazlığı İ f.s. diaqnozu ilə əlilliyin təyinindən diaqnoz və ağırlaşmaları əlillik əlaməti təyin etmir əsası ilə imtina edilmişdir.

18. İddiaçı qeyd edilən diaqnozla cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və – Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: diaqnoz və ağırlaşmalar əlillik əlaməti təyin etmir. Növbəti müddətə İİ dərəcə əlilliyin təyinatından imtina edilmişdir.

19. İddiaçının əlillik vəziyyəti qiymətləndirilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0);

20. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 4449003AABRJ nömrəli forma 88 arayışına əsasən: -status localis qrafasından görünür ki, iddiaçı məhkumdur, həbsxanada cəza çəkir. Deməsinə görə 2006-cı ildə miokard infarktı keçirmiş, aorta koronar şuntlama cərrahi əməliyyatı keçirmişdir. Hazırda vəziyyəti nisbi kafidir, dərman fonunda a/t 135/80 mm.cs nəbz 86 vurğu, aparılan müayinələrə əsasən ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardioskleroz (2006). Ürək çatışmazlığı İ f.s. diaqnozu müəyyən edilmişdir. - əsas diaqnoz İ25 Ürəyin işemik xəstəliyi, Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardioskleroz (2006). Aorta koronar şuntlama cərrahi əməliyyatdan sonrakı vəziyyət (2006). -ağırlaşma İ50 Ürək çatışmazlığı. Ürək çatışmazlığı İ f.s. -yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti. Sublkinik forma. Xroniki kalkulyoz xolesistit. -iddiaçının terapevt (müayinələrə əsasən İ25 Ürəyin xroniki işemik xəstəliyi müəyyən edilir. Stabil gərginlik stenokardiyası İİ f.s. İnfarktdan sonrakı kardioskleroz (2006) Aorta koronar şuntlama cərrahi əməliyyatdan sonrakı vəziyyət (2006), ürək çatışmazlığı diaqnozu müəyyən edilmişdir), kardioloq (terapevtlə eyni diaqnoz müəyyən edilmişdir), infeksionist (B18.2 Virus mənşəli xroniki C hepatiti), ümumi cərrah (K81.1. Kroniki xolesistit, müayinələrə əsasən xroniki kalkulyoz xolesistit diaqnozu müəyyən edilmişdir) və nevropotoloq tərəfindən əyani və köməkçi diaqnostik müayinə metodları ilə (EKQ (null, sinus ritmi, ÜEO sol mədəciyin hipertrofiyası, arxa divarda çapıq fonunda qan təchizatının pozulması), USM (null, qara ciyərin diffuz dəyişikliyi), Rentgenskopiya (null, köklər güclənib, ürək sola genişlənib, döş sümüyü üzərində cərrahi əməliyyatdan sonrakı tikiş izləri), ExoKQ (null, sol mədəciyin sistola diastolik ölçüləri böyümüşdür, sistolik funksiya azalmışdır (50%), diatolik funksiya psevdonormal. Seqmentar divar hərəkət qüsuru arxa bazal aritmikdir. Aorta kökü genişlənməyib. Perikard boşluğu təmiz İ dərəcə MÇ İ dərəcə PÇ), eləcə də laborator müayinə olunmuşdur.

21. Məhkəmə qeyd edir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 4449003AABRJ nömrəli forma 88 arayışı XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci və 2.4.1-ci maddəsinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə tibbi göstəriş olan xəstəlik və onun ağırlaşması göstərilməsinə (İ25 Ürəyin işemik xəstəliyi və İ50 Ürək çatışmazlığı) və həmin xəstəlikdən uzun müddət əziyyət çəkməsinə və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə (obyektiv müayinə və köməkçi diaqnostik müayinə metodları ilə (EKQ, USM, Rentgenskopiya, ExoKQ)) təsdiq olunmasına və göndərişdə köməkçi diaqnostik müayinə metodlarının nəticələri təfsilatlı şəkildə göstərilməsinə baxmayaraq, cavabdeh qurum hər hansı əsaslandırma aparmadan “diaqnoz əlillik əlaməti təyin etməməsi” qeydi ilə kifayətlənmiş və növbəti müddətə əlillik təyinatından imtina etmişdir.

22. Odur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə qiymətləndirildiyi tarixdən əlilliyin növbəti müddətə təyin olunmasından imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

24. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar