Məhkəmə qərarları › İş №2-1(112)-2588/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2588/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2588/2022 19.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçı X5, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10 və Bakı şəhəri Binəqədi rayon icra şöbəsi) «qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və həmin əmlaka dair reyestrdə aparılımış qeydiyyatın ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı X12 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyriyaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və həmin əmlaka dair reyestrdə aparılmış qeydiyyatın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı X12 ilə mərhum X13 ilə arasında yaranmış uzun müddətli məhkəmə çəkişmələri nəticəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3841/2016 saylı 11 avqust 2016-cı il tarixli icra sənədi əsasında iddiaçının alqı-satqı yolu ilə əldə etdiyi Bakı şəhəri, A.Nemətulla küçəsində yerləşən 45 saylı saylı qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,01165 hektar torpaq sahəsinin satılmasına dair Bakı şəhəri 9 saylı notarat kontoru tərəfindən təsdiq edilmiş X13 ilə onun arasında bağlanmış 6 iyun 2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və iddiaçının adına cavabdeh tərəfindən verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. Eyni zamanda, həmin icra sənədi əsasında 6 iyun 2013cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən X11 verilmiş 200.000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3841/2016 saylı 11 avqust 2016-cı il tarixli icra sənədinin icra edilməsi üçün 25 may 2018-ci il tarixli məktubla Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilməsinə baxmayaraq, 200.000 manat məbləğində pulun hazırkı iddiaçının xeyrinə ödənilməsi barədə hissənin bu günədək icrası təmin edilməmişdir. Eyni zamanda, mərhum X4 olarkən icra məmurunun 8 ay müddətində onuq borcunu könüllü şəkildə ödənilməsini təmin etməməsi sual doğurur. Bundan əlavə, X13 ilə məhkəmə çəkişmələri prosesində müxtəlif qanunsuz yollardan istifadə edəilrək əmlak barədə mübahisə davam edərkən sözügedən Bakı şəhəri, A.Nemətulla küçəsində yerləşən 45 saylı saylı qeyri-yaşayış binasını özgəninkiləşdirmişdir. Lakin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Göründüyü kimi, cavabdeh təşkilat məhkəmədən mübahisə barədə bildirişin daxil olmasına baxmayaraq qanunsuz olaraq mübahisəli əmlakı X2 adına rəsmiləşdirmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 11 dekabr 2018-ci il tarixdə ********** nömrəli qeydiyyat aparmışdır. Hesab olunur ki, mübahisəli əmlakın cavabdeh tərəfindən X2 adına rəsmiləşdirilməsi və bu barədə reyestrdə 11 dekabr 2018-ci il tarixdə qeydiyyatın aparılması onun (iddiaçının) qanunla qorunan hüquqlarını pozmaqla yanaşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3841/2016 saylı 11 avqust 2016-cı il tarixli icra sənədinin icrasını mümkünsüz edir. Göstərilənlərə və Azərbycan Respublikası Konstitusiyasının 25, 26, 60, 62-ci maddələrinə, İPM-in 2.1, 2.2.2, 11, 12. 15, 33, 69ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, A.Nemətulla küçəsində yerləşən 45 saylı saylı qeyri-yaşayış binasına iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və daşınmaz əmlakın dövlət reyestrində həmin əmlaka dair 11 dekabr 2018-ci il tarixdə ********** nömrə ilə aparılmış aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 28, 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin qərardadı ilə X10 və Bakı şəhəri Binəqədi rayon icra şöbəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və məhkəmə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməklə cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 noyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, iddiaçı X5 iddiası etirazla qarşılanır. Fatma Yolçuyeva iddia tələbi ilə bağlı 23 sentyabr 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olur ki, Nərimanov rayon İcra və Probasiya şöbəsinin 12 iyun 2018-ci il tarixli e131401/2018-15-4 saylı bildirişi ilə Nərimanov Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli 2(005)-3841/2016 saylı icra vərəqəsi 22 iyun 2018-ci il tarixdə İdarəyə daxil olmuşdur. Nərimanov Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli 2(005)- 384l/2016 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən 45 saylı qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 0,01165 ha torpaq sahəsinin satılmasına dair Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən X13 və İddiaçı arasında bağlanmış 6 iyun 2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, 6 iyun 2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən X7 verilmiş 200.000 manat məbləğində pulun X3 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən icra vərəqəsi notariusun 22 iyun 2018-ci il tarixli 1340 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə məktubu nəzərə alınaraq icra edilmiş, İddiaçı adına verilmiş çıxarış ********** nömrəsi ilə 6 iyul 2018-ci il tarixdə ləğv edilmiş, X11 ********** qeydiyyat nömrəsi ilə 17 sentyabr 2018-ci il tarixli çıxarış verilmişdir. Daha sonra, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası söküldüyü üçün qeydiyyatın ləğv edilməsi ilə bağlı X8 etibarnamə üzrə nümayəndəsi olan X6 notarial qaydada təsdiq edilmiş ərizəsi və qeyri-yaşayış binasına dair X8 adına aparılmış qeydiyyat ********** nömrəsi ilə ləğv edilmiş və inşa edilmiş qeyriyaşayış binasına dair təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ünvan 3 ünvanında yerləşən sahəsi 473.7 kv.m olan qeyri-yaşayış binası üzərində ********** nömrəsi ilə 28 noyabr 2018-ci il tarixdə X8 mülkiyyət hüquqlarının ilkin qeydiyyatı aparılmışdır. X13 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 45 saylı qeyri-yaşayış binasını 7 dekabr 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirmişdir. Qeyri-yaşayış binası ilə bağlı X13 ilə İddiaçı arasında davam edən məhkəmə mübahisələrinə aid hər hansı məhkəmə bildirişi və ya aktı İdarəyə rəsmi qaydada daxil olmadığından, daşınmaz əmlak üzərində heç bir qeyd aparılmamış, buna görə də qeyri-yaşayış binası qanunamüvafiq qaydada X2 xüsusi mülkiyyətinə keçirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 45 saylı qeyri-yaşayış binası üzərinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1450/2019 nömrəli 12 aprel 2019-cu il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2021/2020 nömrəli 10 fevral 2020-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 7 oktyabr 2021-ci il tarixli MXMT(112)-262/2021 saylı qərardadları ilə həbs qoyulmuş, Bakı Apellyasiya Məhkəməsi 8(103)- 338/2019 saylı bildirişi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Göstərilənlər və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Hazırkı məhkəmə icraatında iddiaçı X12 əvvəllər onun mülkiyyətində olmuş qeyri-yaşayış binasına dair daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına mövcud olan qeydiyyatı mübahisələndirir və onun özünün adına aparılmış qeydiyyatın bərpa olunmasını tələb edir. Məhkəmə hazırkı iş üzrə müəyyən edilən bu xüsusatı diqqətə çəkir ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyri-yaşayış binası hazırda X2 mülkiyyəti kimi qeydiyyata alınmışdır və bu qeydiyyat notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırda müvafiq qeyri-yaşayış binasına dair mövcud qeydiyyatı inzibati məhkəmə icraatı qaydasında deyil, alqı-satqı müqaviləsi ilə birlikdə mülki məhkəmə icraatı qaydasında mübahsələndirməli və sonradan həmin mübahisə onun xeyrinə yekunlaşdığı hada mülkiyyət hüququnun bərpasını tələb etməlidir. Nə qədər ki, həmin daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına aparılmış qeydiyyat ləğv edilməmişdir və qüvvədədir, iddiaçının mülkiyyət hüququnun bərpası mümkünsüzdür. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, iddiaçı X5 hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz, odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar