Məhkəmə qərarları › İş №2-1(112)-2588/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2588/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2588/2023 03.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006cı il təvəllüdlü övladı X5 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və hazırda ailəsi ilə birlikdə müvəqqəti olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayır. 2004-cü ildə Bakı şəhəri sakini X7 ilə ailə həyatı qurmuşdur. Birgə nigahlarından iki övladı olmuşdur. Ailə başçısı kimi övladları iddaçının himayəsindədir. Sadıqzadə Selcan xx.xx.2006-cı il tarixdə anadan olmuş və ona aid doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətini məcburi köçkün kimi qeydiyyata alınmaq üçün Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon İcra Hakimiyyətinin şəhər icra nümayandəliyinə göndərmişdir. 2006-cı ildən hal-hazırkı dövrədək qızı Selcan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün olan vahid aylıq müavinatı alır. Övladının 16 yaşının tamam olmasını nəzərə alaraq məcburi köçkün vəsiqəsi almaq üçün sənədlərini toplayıb Sabunçu rayon İcra Hakimiyyətinin Qaçqınlar və Məcburi köçkünlərlə iş üzrə şöbəsinə təqdim etmişdir. Şöbədən bildirilmişdir ki, həyat yoldaşı Bakı şəhərində qeydiyyatda olduğundan övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqəsi verilə bilməz. Cavabdeh iddiaçının ərizəsinə xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı münasibətdə bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Odur ki, iddiaçının anası X1 qeydiyyatı ünvan 1 ünvanına olduğu üçün müraciətin müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli, 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. Beləliklə, X3 anası X1 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, X5 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmənin diqqətinə çatdırılır ki, X3 yetkinlik yaşına çatanadək “məcburi köçkün” statusuna malik şəxsin himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda da elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün" statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusu olan şəxsin himayəsində olduğundan güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə "məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş edilmişdir. Sonradan iddiaçı tərəf məhkəmənin dəftərxanası vasitəsi ilə iddiaçı qismində X3 göstərildiyi, onun özü və qanuni nümayəndəsi tərəfindən imzalanmış iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə əlavə ərizə təqdim etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş və İddiaçı əsl iddiaçı X8 ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddianı müdafə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçılar arzuladıqları inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01/4807 saylı məktubundan görünür ki, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən anası X1 qeydiyyatının ünvan 2 ünvanında olmasına görə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilərək imtina edilmişdir. - Sabunçu rayon Polis İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-cı il tarixdə ünvan 3 ünvanıdır. - ASAN 4 tərəfindən verilmiş AZE seriyalı №16103087 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Sabunçu rayonu, VVADQ tərəfindən verilmiş AZ-İ№127052 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X7 (nikahdan sonra Sadıqova) arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. - Bakı şəhəri Sabunçu VVADQ tərəfindən verilmiş AZ-İ №742622 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə X8 doğulmuşdur. Atası- İddiaçı, anası- X2r. - Elektron məhkəmə sistemindən əldə edilən məlumatlardan görünür ki, xx.xx.2022ci il tarixdə ASAN 4 tərəfindən verilən AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X8 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 4 ünvanıdır. - Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AA seriyalı, 420395 saylı məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. - Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 1247№li arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 5 ünvanda qeydiyyatdadır. 1993-cü il tarixdə Kəlbəcər rayonundan köçmüşdür. Ailə üzvləri aşağıdakı tərkibdədir: 1979-cu il təvəllüdlü X6, 2006cı il təvəllüdlü X8, 2010-cu il təvəllüdlü X4. - Məhkəmənin sorğusuna cavab olaraq Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinət təyin olunduğu müddətdən hal-hazıradək həmin müavinət ödənilir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - Həmin Qanunun 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - Həmin Qanunun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - Həmin Qanunun 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin (Komitənin) qərarı əsasında verilir. Bu statusun verilməsi üçün şəxs Komitədə qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X3 atası İddiaçı 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Məcburi köçkün statusuna və vəsiqəsinə malikdir. Hazırda Bakı şəhəri, Bakıxanov qəsəbəsi, E.Xəlilov ünvanda ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışlar. Məcburi köçkün kimi özü və övladları vahid aylıq müavinət alır. İddiaçı hazırkı tələblə bağlı Komitəyə müraciət etsə də, sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Həmin Təlimatın: - 1.2-ci bəndinə əsasən, işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş siyahılarını hazırlayıb təsdiq edir və Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. - Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (əlavə olunmuş 1 №-li formaya uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. - 1.3. Məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasında həyata keçirilir... - 1.4. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən ərazisi işğal olunmuş rayon icra hakimiyyəti başçısı tam məsuliyyət daşıyırlar. - 1.5. Dövlətqaçqınkom əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən hər ayın 20-dək məcburi köçkünlərin sayına dair rəsmi təsdiq edilmiş arayışa uyğun olaraq, tələb olunan aylıq müavinətin məbləğini müəyyənləşdirir və vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir. - 1.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yemək xərclərinin ayrılmasına dair təqdim olunmuş sifariş əsasında vəsaiti əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin xəzinə hesabına köçürür. - 1.7. Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri 1-2 gün müddətində daxil olunmuş vəsaitin BUS Bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Dövlətqaçqınkoma rəsmi məlumat verir. - 2.1. Məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda BUS Bankın idarə və filiallarına (sonradan filial adlanacaq) 2 №-li forma əsasında (forma əlavə olunur) təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün” statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Göründüyü kimi, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutulmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İddiaçının anasının məcburi köçkün olmaması işin mübahisəsiz haldır. Buna baxmayaraq iddiaçı X3 hazırda məcburi köçkün üçün müavinət alması cavabdehin özü tərəfindən ona sonradan qəbul edilən aktları tətbiq etmədiyini, xx.xx.2002-ci il tarixli Təlimata əsasən yemək xərci ödədiyini göstərir. Əks halda cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarına istinad edərək iddiaçıya müavinət ödənilməsini dayandırmalı idi. Məhkəmə imtinanın “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, bəhs olunan Qaydalar sonradan qəbul edilmiş və iddiaçıların vəziyyətini ağırlaşdırmışdır. İddiaçıların doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı xx.xx.2006-cı il təvəllüdlü X5 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnizbati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. İPM-in: - 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X5 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar