Məhkəmə qərarları › İş №2-1(112)-259/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-259/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-259/2020 08.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, V.Əliyev küçəsi ev 62), cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, İ.Haciyev küçəsi döngə 3, ev 12; iş yeri və vəzifəsi: aparıcı məsləhətçisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iddiaçının işlədiyi müddətin nəzərə alınaraq qeyd olunan illərin sosial sığorta stajına əlavə edilərək yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 25 il ümumi iş stajının olmasını nəzərə alaraq əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinin üzərinə qoyulması”na dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana əsasən kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx xxxx 1955-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 06 sentyabr 1971-ci il tarixindən 01 oktyabr 1973-cü il tarixinədək “Ayaqqabıların fərdi tikişi və təmiri” fabrikində “ayaqqabıçı" vəzifəsində, 03 aprel 1974-cü il tarixindən 22 aprel 1974-cü il tarixinədək “Bakı Taxıl Kombinatında” sürücü vəzifəsində iş stajı olmuşdur. 02 may 1974-cü il tarixindən 08 may 1976-cı il tarixinədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra 21 iyun 1976-cı il tarixindən 29 noyabr 1976-cı il tarixindədək “Qlavmejkalxozun Orqtexkalxoz trestində 3-cü sinif sürücü vəzifəsində, 04 dekabr 1976- cı il tarixindən 24 fevral 1977-ci il tarixinədək "Bakı Ayaqqabı İstehsalat Birliyində" şagird və fəhlə vəzifəsində, 01 mart 1977ci il tarixindən 27 iyul 1977-ci il tarixinədək “Bakı rəngli metalların işlənməsi zavodunda” 2ci dərəcəli cilalayıcı vəzifəsində, 28 iyul 1977-ci il tarixindən 16 noyabr 1978-ci il tarixinədək “Azərbaycan SSR Nazirlər Şurası yanında Layihə-texnoloji tresti Qlavmejkalxozun Orqtexkalxoz trestində” 2-ci sinil sürücü vəzifəsində, 01 dekabr 1978-ci il tarixindən 01 aprel 1981-ci il tarixinədək “İnturist” Avtomobil Karvanında 2-ci sinif sürücii vəzifəsində, 01 aprel 1981-ci il tarixindən 27 aprel 1982-ci il tarixinədək “5 saylı Bakloksomotorniy parkında” 2-ci sinil sürücü vəzifəsində, 30 aprel 1982-ci il tarixindən 02 yanvar 1990-cı il tarixinədək “Azərbaycan SSR MAA nəqliyyat kontorunda” 2-ci sinif sürücü vəzifəsində, 03 sentyabr 1991-ci il tarixindən 01 avqust 1995-ci il tarixindədək “Bakı eksperimental içki zavodunda”sürücü vəzifəsində, 12 otyabr 1995-ci il tarixindən 25 dekabr 2000-ci il larixindək “X2” şirkətində 5-ci dərəcəli qaynaqçı vəzifəsində iş stajı olmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının verilməsi üçün aidiyyəti üzrə cavabdeh orqan tərəfindən müraciətinə cavab olaraq **********8 nömrəli 19 mart 2019-ci il tarixli məktubla bildirildi ki, “yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Belə ki, 1995- 2000-cı illərdə işlədiyi dövrün iş stajını təsdiq etmək mümkün olmadığından əmək pensiyası hüququ yaranmır." İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılan hesablamalara əsasən iddiaçının ümumilikdə 23 il 4 ay 15 gün sığorta stajı olduğu və qanunvericiliklə nəzərdə tutulmuş 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, vətəndaşların müraciətinə əsasən əmək pensiyalarının qanuvericiliyə uyğun olaraq təyin edilməsi və pensiya təyin olduğu zaman şəxsin iş stajının və ya pensiya kapitalının düzgün müəyyən edilə bilməsi, həmçinin gələcəkdə baş verə biləcək mübahisələrin aradan qaldırılması məqsədi ilə 1992-ci il tarixdən 2006-cı il tarixədək özəl müəssisələrin DSMF-a ümumi hesabatlar verməsi nəzərdə tutulmuşdur. Lakin, araşdırma zamanı iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək sürücü vəzifəsində işlədiyi “X2” şirkətinin öz işçiləri barədə müvafiq orqana hesabatlar təqdim etmədiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçının həqiqətən xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək “X2” şirkətində qaynaqçı vəzifələsində işləməsini və ya həmin şirkət tərəfindən işçilərinə görə müvafiq orqana sosial sığorta ödənişlərinin həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. Odur ki, iddiaçının sözügedən vəzifəsinin iş stajı kimi nəzərə alınması üçün heç bir əsas olmadığından, həmin iş dövrü sığorta stajı kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası “Sosial sığorta haqqında” Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəməsi olaraq verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək və hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək sığortaedənin vəzifələri sırasına daxildir. Həmçinin, məhkəmə prosesi zamanı iddiaçı məhkəmədən mübahisəli iş dövrünün nəzərə alınmadığı halda, təhsil aldığı dövrlərin iş stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin olunmasını bildirmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən 21.1-ci maddədə qeyd olunan müddətlərdən əlavə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti,müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti, işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət, zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət, şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığorta olunanın sığorta stajına daxil edilir. Göründüyü kimi təhsil dövrünün sığorta stajına daxil edilməsi kimi bir hal qanunvericilikdə nəzərdə tutulmamış və hansı müddətlərin şamil edilə biləcəyi maddələrdə aydın şəkildə öz əksini tapmışdır. Buna görə də, iddiaçının təhsil dövrü iş stajı kimi nəzərə alına bilməz. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, icraatızında olan iş ilə bağlı iddiaçı “X2" şirkətində işlədiyi dövrün iş stajı kimi müəyyən edilməsini əmək kitabçasına əsaslandırır və sübut olaraq əmək kitabçasını əsas gətirir. Lakin, hesab edirlər ki, mübahisənin həlli ilə bağlı məhkəmə iddiaçının əmək kitabçası ilə kifayətlənə bilməz. Buna görə də, iddiaçının tələbi mahiyyəti üzrə ətraflı şəkildə araşdırılmalı, məhkəmə tərəfindən iddiaçının öz tələbini əsaslandırması və sözügedən şirkətin mövcudluğu və ya iddiaçının həqiqətən həmin vəzifədə çalışması ilə bağlı əsaslı sübutlar tələb olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş 16 nömrəli Dövlət texniki-peşə məktəbinin 314 nömrəli xx.xx.1972-ci il tarixli Attestatına əsasən İddiaçı xx.xx.1969-cu il tarixdən xx.xx.1972-cil tarixədək “ayaqqabıçı” ixtisası üzrə təhsil almışdır. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş xx.xx.1971-ci il tarixli Əmək kitabçasına əsasən İddiaçı 06 sentyabr 1971-ci il tarixindən 01 oktyabr 1973-cü il tarixinədək “Ayaqqabıların fərdi tikişi və təmiri” fabrikində “ayaqqabıçı" vəzifəsində, 03 aprel 1974-cü il tarixindən 22 aprel 1974-cü il tarixinədək “Bakı Taxıl Kombinatında” sürücü vəzifəsində iş stajı olmuşdur. 02 may 1974-cü il tarixindən 08 may 1976-cı il tarixinədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra 21 iyun 1976-cı il tarixindən 29 noyabr 1976-cı il tarixindədək “Qlavmejkalxozun Orqtexkalxoz trestində 3-cü sinif sürücü vəzifəsində, 04 dekabr 1976- cı il tarixindən 24 fevral 1977-ci il tarixinədək "Bakı Ayaqqabı İstehsalat Birliyində" şagird və fəhlə vəzifəsində, 01 mart 1977-ci il tarixindən 27 iyul 1977-ci il tarixinədək “Bakı rəngli metalların işlənməsi zavodunda” 2-ci dərəcəli cilalayıcı vəzifəsində, 28 iyul 1977-ci il tarixindən 16 noyabr 1978-ci il tarixinədək “Azərbaycan SSR Nazirlər Şurası yanında Layihə-texnoloji tresti Qlavmejkalxozun Orqtexkalxoz trestində” 2ci sinif sürücü vəzifəsində, 01 dekabr 1978-ci il tarixindən 01 aprel 1981-ci il tarixinədək “İnturist” Avtomobil Karvanında 2-ci sinif sürücii vəzifəsində, 01 aprel 1981-ci il tarixindən 27 aprel 1982-ci il tarixinədək “5 saylı Bakloksomotorniy parkında” 2-ci sinil sürücü vəzifəsində, 30 aprel 1982-ci il tarixindən 02 yanvar 1990-cı il tarixinədək “Azərbaycan SSR MAA nəqliyyat kontorunda” 2-ci sinif sürücü vəzifəsində, 03 sentyabr 1991-ci il tarixindən 01 avqust 1995-ci il tarixindədək “Bakı eksperimental içki zavodunda”sürücü vəzifəsində, 12 otyabr 1995-ci il tarixindən 25 dekabr 2000-ci il larixindək “X2” şirkətində 5ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi məhkəmənin sorğusuna cavab olaraq “X2” adlı hüquqi şəxs barədə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində olan reyestrdə heç bir məlumatın aşkar olunmamasını bildirmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir: “yaşa görə əmək pensiyası almaq hüququnuz yoxdur. Belə ki, 1995-2000-ci illərdə işlədiyiniz dövrün iş stajını təsdiq etmək mümkün olmadığından əmək pensiyası hüququnuz yaranmır.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2-ci və 3.2.1-ci yarımbəndinə bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının həqiqətən xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək “X2” şirkətində qaynaqçı vəzifəsində işləməsini və ya həmin şirkət tərəfindən işçilərinə görə müvafiq orqana sosial sığorta ödənişlərinin həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqanın mübahisələndirdiyi dövr, yəni xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək olan dövr nəzərə alınmasa da belə, iddiaçının qanunvericiliklə tələb olunan iş stajı mövcuddur. Belə ki, iş materiallarında əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin notarial qaydada təsdiq edilmiş Attestatdan göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil müddəti də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 08 ay 29 gün) ümumi iş stajı mövcud olmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 7-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə pensiya 63 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh orqanın mübahisələndirdiyi dövr, yəni xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək olan dövr nəzərə alınmasa da belə, iddiaçının qanunvericiliklə tələb olunan, yəni 25 ildən artıq iş stajının olması (hərbi xidmət və təhsil müddətləri nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsalıdır və təmin olunmalıdır. Odur ki, məhkəmə cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 25 il ümumi iş stajının olmasını nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı 25 il ümumi iş stajının olması nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar