Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-259/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “təkrar şəhadətləndirmənin aparılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərardad ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyası ilə dəyişdirilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verilmiş və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilərək iddia tələbi “cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasından 1578 saylı 27 mart 2020-ci il tarixli və 10664 saylı 15 aprel 2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsini, 24 dekabr 2019-cu il tarixli əmrin ləğv edilməsini və xx.xx.2020-ci ildən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsinin, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunmasının isə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Daha sonra məhkəmənin 21 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasından 1578 saylı 27 mart 2020-ci il tarixli və 10664 saylı 15 aprel 2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi və 24 dekabr 2019-cu il tarixli əmrin ləğv edilməsi və xx.xx.2020-ci ildən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsinin, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunması Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” iddia tələbləri üzrə 2-1(112)-7499/2022 nömrəli inzibati iş üzrə icraatdan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qarşı 24 dekabr 2019-cu il tarixli əmrin ləğv edilməsi və xx.xx.2020-ci ildən istefaya buraxıldığı gündən itirilmiş xidmət müddətinin və itirilmiş gəlirlərin (pul məvacibinin) ödənilməsi, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsində əks kəşfiyyat Bölməsinin zabiti vəzifəsinə bərpa olunması Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddia tələbi üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasından 1578 saylı 27 mart 2020-ci il tarixli və 10664 saylı 15 aprel 2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi tələbinə dair icraat 2-1(112)- 7499/2022 nömrə ilə saxlanılması qərara alınmışdır. Göründüyü kimi hazırkı baxılan inzibati iş ötən ilki nömrəsi 2-1(112)-7499/2022 nömrə ilə saxlanılmış, cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı olan Komissiyanın 1578 saylı 27 mart 2020-ci il tarixli və 10664 saylı 15 aprel 2021-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi tələbinə dair inzibati işdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək yenidən şəhadətləndirilməsi öhdəliyinin cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır i, o, 2004-2020-ci illər ərzində 16 il 3 ay müddətində həqiqi hərbi xidmət keçmişdir. 15 may 2020-ci il tarixli əmrlə xəstəliyə görə ehtiyata buraxılmışdır. İstefaya buraxılma əsası kimi 27 mart 2020-ci il tarixli şəhadətnamədə qeyd edilmişdir ki, həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Həmin şəhadətnamə əsasında da heç bir əsas olmadan istefaya buraxılmışdır. Daha sonra vermiş olduğum şikayət əsasında Hərbi-Həkim Komissiyasının 15 aprel 2021-ci il tarixli şəhadətnaməsi əsasında da düzgün olmayan qərar qəbul edilmişdir. İkinci şəhadətnamədə qeyd edilmişdir ki, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Halbuki, o, özünü sağlam, gümrah hiss edir, dövlətə xalqa xidmət etmək istəyir, hərbi xidmətə yararlı olması qənaətindədir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, qəbul edilmiş şəhadətnamə qanuni və əsaslı olduğundan iddia əsassızdır. 15 aprel 2021-ci il tarixli şəhadətləndirmədə mövcud olan xəstəliklər əsasında onun hərbi xidmətə yararlılıq vəziyyəti yoxlanılmış və sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı olması barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının ilkin tələbi təkrar şəhadətləndirmənin aparılması ilə bağlı olmasa da məhkəmənin hüquqi yardımına uyğun olaraq cavabdehin diskresion səlahiyyətinə aid məsələlərin aydınlaşdırılması üçün məhkəmə icraatı gedişində təkrar şəhadətləndirmənin aparılması ilə bağlı cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir ki, iddia verilməzdən əvvəl həmin tələblə bağlı müraciətin cavabdehə olunmaması məhkəmə hesab edir ki, mümkünlük şərtinin ödənilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, məhkəmə icraatı gedişində cavabdeh təkrar şəhadətləndirmə məsələsinə iddiaçının müraciəti üzrə öz münasibətini bildirmiş, müraciətin təminindən imtina etmiş, hətta məhkəmənin aralıq inzibati aktı üzrə isə təkrar şəhadətləndirmənin olmasını zəruri hesab etmişdir ki, qeyd olunan hallar məhkəmə icraatı gedişində müraciət olunması və imtina edilməsi halı da nəzərə alınmaqla iddianın mümkünlüyünə əsas verir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən inzibati orqana müraciətin edilməsinin mümkünlüyü və həmin halın mümkünsüzlük əsası qismində çıxış etməməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-807/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında nümayiş etdirilmişdir. Hazırkı iş üzrə də cavabdehə müraciət edilmiş, həm də cavabdeh tərəfindən müraciətin təminindən imtina barədə mövqe nümayiş etdirilmişdir ki, məhkəmə hesab edir ki, həmin hal işə mahiyyəti üzrə baxılmasına imkan yaratmaqla, prosessual qənaət prinsipləri baxımından inzibati prosessual qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 27 mart 2020-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, qalxanvari vəzin papilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahı əməliyyatından və bir kurs radioaktiv yod terapiyasından sonrakı hal (diskogen mənşəli lubalgiya-remissiya mərhələsində) diaqnozu əsas götürülməklə Xəstəliklər cədvəlinin 8a maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən iddiaçı dinc və müharibə dövründə hərbi xidmətə yararsızdır. 07 aprel 2021-ci il tarixli hərbi hissənin Mərkəzi Hərbi Həkim Komissiyasına məktubundan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq istefada olan mayor İddiaçı hərbi xidmətə çağrılması ilə əlaqədar yenidən şəhadətləndirilməsini xahiş edilmişdir. 15 aprel 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamə qeyd edilmişdir ki, müayinə zamanı əsas xəstəliyin fəsadları aşkar edilməmişdir. Qalxanvarfi vəzin papilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahı əməliyyatından və bir kurs radioaktiv yod terapiyasından sonrakı böynun ön divarının bərkimiş dəri çağığı (diskogen mənşəli lubalgiya-remissiya mərhələsində) onda mövcuddur və bu Xəstəliklər cədvəlinin 8b maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız və müharibə dövründə yararlı hesab edilmə üçün əsasdır. Müşaiyətçiyə zərurət yoxdur. Həmin şəhadətnamədə, həmçinin qeyd edilmişdir ki, 27 mart 2020-ci il tarixli şəhadətnamə qüvvədən düşmüş hesab edilməlidir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçıda mövcud olan xəstəliklərə görə əlilliyin təyinindən imtina edilmişdir. 15 mart 2021-ci il tarixli Səhiyyə Nazirliyinin tabeliyində Milli Onkologiya Mərkəzinin müayinə kağızından görünür ki, iddiaçıda olan xəstəliklə residiv törəmə təyin edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Klinik Xəstəxanası tərəfindən verilmiş xəstəlik kağızından görünür ki, iddiaçıda qalxanavari vəzin hər iki payı operoktamiya olunub. Ətraf toxumalarda patoloji dəyişiklik izlənilmir və lima düyünləri böyüməmişdir. Məhkəmənin 13 fevral 2023-cü il tarixli qərardadı ilə aralıq inzibati akt qəbul edilmişdir. Cavabdehin həmin qərardadın icrası ilə bağlı məktubundan görünür ki, qərardadda qoyulmuş sualların aydınlaşdırılması üçün yenidən şəhadətləndirmə məqsədə uyğundur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı “dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı” hərbi qulluqçu kateqoriyasına aid olduğunu nəzərə alaraq təkrar şəhadətləndirilmədən keçmək arzusundadır.Lakin, cavabdeh həmin müraciətin təminindən məhkəmə icraatı gedişində vermiş olduğu cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Eyni zamanda məhkəmənin qərardadla qoymuş olduğu sualların cavablandırılması zamanı da həmin sualların cavablandırılmasının təkrar şəhadətləndirmə olduğu halda mümkün olması barədə mövqe nümayiş etdirmişdir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Cavabdeh inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda inzibati orqan iddiaçının müraciəti üzrə tam və hərtərəfli inzibati icraat aparmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, hərbi xidmətdə olan hərbi qulluqçu kimi iddiaçı xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Ehtiyata buraxılma səbəbi isə cavabdeh tərəfindən tərtib edilmiş xəstəlik haqqında şəhadətnamə-qərar olmuşdur. Həmin qərarla iddiaçı qalxanvari vəzin papilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahı əməliyyatından və bir kurs radioaktiv yod terapiyasından sonrakı hal (diskogen mənşəli lubalgiya-remissiya mərhələsində) diaqnozu əsas götürülməklə Xəstəliklər cədvəlinin 8a maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən iddiaçı dinc və müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”-nin müəyyən etdiyi Xəstəliklər cədvəlinin 8a maddəsinin İİİ qrafası, Bədxassəli yenitörəmələr (sinir sisteminin, limfoid, qanyaradıcı və onlarla həmcins toxumaların şişlərindən başqa): a) radikal kənaretmə mümkün olmadıqda və uzaq metastazlar olduqda yayılması və mərhələsindən asılı olmayaraq, sümüklərin və oynaq qığırdaqlarının bədxassəli yenitörəmələri-qeyri-radikal cərrahi müalicədən sonra və ya əvvəllər aparılmış müalicədən sonra xəstəliyin proqressivləşməsi ilə digər orqanların və yumşaq toxumaların uzaq metastazlarla müşayiət olunan bədxassəli yenitörəmələri, şişin mərhələsindən və yayılmasından asılı olmayaraq, bədxassəli yenitörəmənin müalicəsindən xəstənin imtina etməsi halları ilə bağlıdır. Lakin sonradan iddiaçı həmin şəhadətnamədən narazı qaldığından yenidən müraciət etmiş və 15 aprel 2021-ci il tarixli şəhadətnamə ilə isə müəyyən edilmişdir ki, Qalxanvarfi vəzin papilyar karsinomasına görə aparılmış total tireoidektomiya cərrahı əməliyyatından və bir kurs radioaktiv yod terapiyasından sonrakı böynun ön divarının bərkimiş dəri çağığı (diskogen mənşəli lubalgiya-remissiya mərhələsində) onda mövcuddur və bu Xəstəliklər cədvəlinin 8b maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən sülh dövründə hərbi xidmətə yararsız və müharibə dövründə yararlı hesab edilməlidir. Göründüyü kimi növbəti dəfə cavabdeh iddiaçı barəsində şəhadətnamə tərtib edərkən Xəstəliklər cədvəlinin 8b maddəsinin İİİ qrafasına istinad etmişdir ki, bu Bədxassəli yenitörəmələr (sinir sisteminin, limfoid, qanyaradıcı və onlarla həmcins toxumaların şişlərindən başqa): b) yerli metastazları olan ilkin şişin radikal kənar edilməsindən sonrakı hal, yəni alt dodağın və ya dərinin bədxassəli şişlərinin radikal müalicəsindən sonrakı çapıqlar, digər orqanların və sistemlərin (sümüklərdən və oynaq qığırdaqlarından başqa) bədxassəli yenitörəmələrinin, o cümlədən regional metastazları olan yenitörəmələrin radikal müalicəsindən sonrakı hallarına aiddir. Göründüyü kimi hər iki istinad şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasına təsir edən metastaz halı ilə bağlıdır. Son olaraq cavabdehin müəyyən etdiyi xəstəlik vəziyyəti isə yerli metastazları olan ilkin şişin radikal kənar edilməsindən sonrakı halla əlaqədardır İddiaçı isə mövcud olan tibbi sənədləri təqdim edərək həmin halların onda olmadığını istinad etməklə hərbi xidmətə yararlılıq kateqoriyasının olmadığına istinad edir. Cavabdehin 15 aprel 2021-ci il tarixli şəhadətnamənin tərtib edilməsinə əsas olmuş müayinə vərəqəsi və digər sənədlərlə də iddiaçıda metastazın mövcudluğuna əsas verə biləcək hallar tibbi biliklər tələb edilməsi nəzərə alınmaqla müəyyən edilə bilinməmişdir. Əksinə həmin müayinə vərəqi və ona əlavə edilmiş sənədlərdən olan Milli Onkologiya Mərkəzinin məlumat vərəqində limfa düyünlərinin aşkar edildiyi, qalxanabənzər vəzin proyeksiyasında düyün, qalıq toxuma, residiv törəmənin təyin edilməməsi öz əksini tapmışdır. Məhkəmə də həmin uyğunsuzluğun nə ilə bağlı olması ilə əlaqədar aralıq inzibati akt qəbul etmiş və cavabdeh qarşısında aşağıdakı sualların cavablandırılması tələb edilmişdir:
1. 27 mart 2020-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə olan xəstəliklər iddiaçıda həm indi, həm də şəhadətləndirmənin aparıldığı vaxt iddiaçıda müşahidə edilmişdirmi?
2. 15 aprel 2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə olan xəstəliklər iddiaçıda həm indi, həm də həmin şəhadətləndirmənin aparıldığı vaxt iddiaçıda müşahidə edilmişdirmi?
3. Xəstəliklər şəhadətləndirildiyi dövrdə mövcud olmuşdursa həmin xəstəliklər iddiaçının sağlamlığında patoloji dəyişikliklərə səbəb olmuşdurmu?
4. Xəstəliklər aşkar edilirsə bu zaman iddiaçının hərbi xidmətə şəhadətləndirildiyi vaxt və hazırkı vaxta yararlılıq kateqoriyası müəyyən edilsin və s Cavabdeh isə həmin sualların cavablandırılması ilə bağlı mütləq qaydada yenidən şəhadətləndirilməli olması ilə bağlı mövqe nümayiş etdirmiş, lakin iddiaçının təkrar şəhadətləndirmənin aparılması barədə müraciətini isə iş məhkəmədə olduğundan təmin etməmişdir. Odur ki, iddia tələbinə dəqiqləşmə verilərək həmin sualların aydınlaşdırılması ilə bağlı yenidən şəhadətləndirmənin aparılması zəruri hesab edilmişdir. Belə ki, cavabdehin də qeyd etdiyi kimi yararlılıq kateqoriyasının müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir. AR İPM-nin: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı iş üzrə də cavabdeh hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsinə münasibətdə diskresion səlahiyyətə malik olsa da, onun qanunvericiliklə müəyyən edilmiş hədlərinə əməl edilməsi vəziyyəti yoxlanılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş hədlər isə Xəstəliklər cədvəlinin istinad olunan maddəsində öz əksini tapmışdır. Belə ki, yararlılıq kateqoriyasının qeyd olunan şəhadətnamədə göstərilən formada, yəni dinc dövründə yararsız, müharibə dövründə yararlı olması üçün yerli metastazları olan ilkin şişin radikal kənar edilməsindən sonrakı halın mövcud olması mütləqdir. Hazırkı sənədlərlə isə metastazın mövcudluğu müəyyən edilə bilmir. Digər tibbi sənədlər isə metastazın olmaması istiqamətində məlumatları ehtiva edir. Diskresion səlahiyyətə malik qurum tərəfindən tərtib edilmiş aralıq inzibati akta cavab məktubunda isə həmin sualların təkrar şəhadətləndirmə nəticəsində müəyyən edilib-edilməyəcəyi barədə mövqe nümayiş etdirilir. Lakin iddiaçının müraciətinə isə müsbət cavab verilmir ki, bu səbəbdən də yuxarıda qeyd olunan sualların aydınlaşdırılması ilə bağlı təkrar şəhadətləndirmənin aparılması mütləqdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-183/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)- 2079/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-cı il tarixli qərarlarında əks olunan mövqeyi ilə bağlı qeyd olunmalıdır ki, həmin mübahisələr konkret olaraq hazırki mübahisə ilə oxşar tələbdə olmasa belə, nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsi hər bir halda inzibati orqanın səlahiyyətlərini və fəaliyyətlərini, inzibati icraatın düzgünlüyünün, aparılmış icraatda pozuntuya yol verilib-verilməməsinin müəyyən edilməsini zəruri hesab etmiş, müəyyən edilən nəticələrin isə bilavasitə iddianın həllində rol oynadığını təsbit etmişdir. Eyni zamanda Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının təkrar şəhadətləndirilməsini tələb etmək hüququnun olmadığı qənaətinə gəlsə də, iddiaçının bu hüquqa malik olması “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin müddəalarında öz əksini tapmışdır. Belə ki, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.3 Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi qulluqçuların; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; hərbi xidmət keçmiş vətəndaşların; d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi; 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Göründüyü kimi yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür. Göründüyü kimi təkrar şəhadətləndirmənin həyata keçirilməsi istər inzibati icraat haqqında qanunvericiliyin, həmçinin də hərbi xidmət keçməyə dair qanunvericiliyin tələbinə uyğundur. Hazırkı iş üzrə isə işin tam və obyektiv araşdırılması, iddiaçı barəsində qəbul edilmiş ehtiyata buraxılma barədə əmrin qanuniliyinin yoxlanılması və xidmətə bərpası, həmçinin də yenidən hərbi xidmətə qəbul edilməsi üçün təkrar şəhadətləndirmə zəruridir. Bununla bağlı isə qeyd edilməlidir ki, təkrar şəhadətləndirmə formal qaydada aparılmamalıdır. Belə ki, məhkəmə təkrar şəhadətləndirmənin aparılması barədə qərarın qəbul edilməsinin zəruriliyi aralıq inzibati aktda nəzərdə tutulmuş sualların cavablandırılmasıdır ki, iddiaçının həm şəhadətləndirildiyi dövrdə, həm indiki sağlamlıq vəziyyətinin yoxlanılması və s kimi həmin suallar nəinki yenidən hərbi xidmətə onun indiki vəziyyət üçün yararlılıq vəziyyətini müəyyən edir, həmçinin də şəhadətləndirilən vaxt üçün də yararlılıq kateqoriyasını müəyyən edəcəkdir. Bu səbəbdəndir ki, təkrar şəhadətləndirmə aparılan zaman iddiaçının həmin indiki sağlamlıq vəziyyəti və yararlılıq kateqoriyası, həmçinin də xidmətdən ehtiyata buraxılmasına əsas olmuş şəhadətnamələrin qəbul edildiyi vaxt üçün yararlılıq kateqoriyası ayrı-ayrılıqda müəyyən edilməlidir. Əks halda isə xidmətə bərpa edilmə və ya yenidən hərbi xidmətə qəbul edilmə hallarından hansına uyğun gəlinməsi halı öz həllini tapmayacaqdır. Halbuki, məhkəmənin hazırkı qərarı qəbul etməsinin zəruriliyi iddiaçının şəhadətləndirmə tərtib edilən və hal-hazırkı vəziyyətinin yoxlanılması, həqiqətən də Xəstəliklər cədvəlinin 8b maddəsinin İİİ qrafasında olan halın mövcud olub-olmaması, hazırda mövcud olmasa belə məhz xidmətdən ehtiyatdan buraxıldığı zaman olub-olmaması kimi halları ilə bağlıdır. Həmin suallara aydınlıq gətirilməməsi isə təkrar şəhadətləndirmənin mahiyyətinə və məqsədinə uyğun deyildir. Beləliklə, cavabdeh təkrar şəhadətləndirmənin aparılması təmin etməli, təkrar şəhadətləndirmə zamanı isə Xəstəliklər cədvəlinin 8b maddəsinin İİİ qrafasında olan halın hal-hazırda, həmçinin də şəhadətləndirmə aparıldığı dövrdə mövcud olub-olmadığını, hərbi xidmətə hazırkı dövrdə, həmçinin ehtiyata buraxıldığı dövrdə və şəhadətləndirmələrin aparıldığı dövrdə mövcud olub-olmadığını müəyyən etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov