Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-259/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçının digər vəzifəyə keçirilməsi və ehiyata buraxılması barədə cavabdehin əmrlərinin ləğv edilməsi, digər əsasla ehtiyata buraxılması və tibbi şəhadətləndirilməsi üçün göndəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j" bəndinin tələblərinə əsaslanaraq 17 iyul 2021-ci il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi tərəfindən müraciətə baxılmamış, müraciət nə şifahi, nə də ki, yazılı cavablandırılmamış, müraciətin mahiyyətinə zidd olaraq o, Müdafiə nazirinin 24 sentyabr 2021-ci il tarixli 01437 nömrəli əmri ilə N nömrəli hərbi hissənin komandiri vəzifəsinə təyin edilmişdir. Qeyd olunan vəzifəyə təyin olunması Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə əsasən “bərabər vəzifəyə” xidmət yerinin dəyişdirilməsi hesab edilsə də, yeni təyin olunduğu vəzifənin maaşında əhəmiyyətli dərəcədə fərq (azalma) baş vermişdir. Bundan sonra iddiaçı təkrar olaraq, 13 yanvar 2022-ci il tarixdə ehtiyata buraxılmağı haqqında komandanlığa müraciət etdikdə müraciətdə qeyd olunan hüququ təmin edilsə də, ehtiyata buraxılması ilə əlaqədar «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl edilməmiş, ehtiyata buraxılması ilə əlaqədar müvafiq tədbirlər (fərdi söhbətlər aparılmamış, hərbi həkim komissiyasında şəhadətləndirilməsi üçün müvafiq göndəriş verilməmiş) görülməmiş, onun tibbi müayinədən keçmək hüququ təmin edilməmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 yanvar 2022-ci il müvafiq əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən AR Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin 27 yanvar 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, ehtiyata buraxılma ilə bağlı ilkin müraciətə (17 iyul 2021-ci il tarixli) əsasən onun hüququ təmin edilməli, buna görə Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin komandiri vəzifəsinə təyin edilməsi haqqında 24 sentyabr 2021-ci il tarixli 01437 nömrəli əmri dəyişdirilərək əmrdə “ehtiyata buraxılma” göstərilməlidir. Bundan başqa, iddiaçı ehtiyata buraxılarkən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi – hərbi həkim komissiyasında şəhadətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını zəruri hesab edir. Qeyd olunan əmrlərin ləğv edilməsi (dəyişdirilməsi) və müvafiq öhdəliyin icrası ilə bağlı məktubla Müdafiə Nazirliyinə 2 fevral 2022-ci il tarixdə müraciət etsə də, Nazirlik tərəfindən ona ünvanlanmış 1 aprel 2022-ci il tarixli məktubda müraciətdə qaldırılan məsələnin həllindən imtina olunduğu göstərilmişdir. Cavabdehin hərəkətləri (hərəkətsziliyi), eləcə də cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt (əmr) qanunsuz və əsassız sayılmalıdır. İddiaçı 1996-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini “tankçı” ixtisası üzrə bitirmişdir, həmin ildən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə (tank bölüyün komandiri, əlahiddə tank tabor komandirinin maddi-texniki təminat üzrə müavini, komandir müavini, hərbi hissə komandiri, əməliyyat idarəsində bölmə, şöbə rəisi və s.) xidmət etmişdir. 2006 – 2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil almış, 2018-ci ilin may ayından 2021-ci ilin oktyabr ayınadək 193 saylı Hərbi hissənin döyüş hazırlığı şöbəsinin rəisi, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək 708 saylı Hərbi hissənin komandiri vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi dövrdə rəhbərlik etdiyi hərbi hissələr Silahlı Qüvvələrdə nümunəvi hərbi hissələr olmuş və buna görə də dəfələrlə mükafatlandırılmış, çoxlu sayda orden və medallarla təltif olunmuşdur. 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərdə aparılan 44 günlük Vətən müharibəsində iştirak etmiş, 3 oktyabr 2020-ci il tarixdə işğal olunmuş torpaqların azad edilməsi uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan atəş nəticəsində “üzün, boyunun və sağ diz oynağı nahiyəsinin çoxsaylı kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. Qısa müddət ərzində yenidən döyüş bölgəsinə qayıdaraq müxtəlif istiqamətlərdə tapşırıqları yerinə yetirmişdir. Hal-hazırda bədənində 4 qəlpə var, həmin qəlpələr bu gün də ona əziyyət verir. Qeyd edilən şəraitdə xəsarət almağı müvafiq sənədlərlə, o cümlədən 230 saylı Hərbi hissənin “zədələnmə ilə müraciət edən xəstələrin qeydiyyatı kitabı”ndan çıxarışla və 193 saylı Hərbi hissə komandirinin 23 noyabr 2020-ci il tarixli 4897 nömrəli “travma haqqında arayış”ı ilə təstiq edilir. Bundan əlavə, xidmət etdiyi müddətdə səhhətində müəyyən problemlər yaranmış, buna görə dəfələrlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında (SQ BKH) stasionar müalicədə olmuşdur. O, 16 may 2017-ci il tarixdən 1 iyun 2017-ci il tarixədək SQ-nin BKH-da “Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Hər iki gözün hipertonik retinopatiyası. Presbiopiyası. Vegetativ damar distoniyası. Qlükozaya qarşı tolerantlığın pozulması. Sağ əng cibində yad cism (plomb hissəciyi). Hepatosteatoz. İkincili hissəvi adentiya” diaqnozlu xəstəliklərlə əlaqədar stasionar müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının qərarı ilə (SQ BHK-nın 29 noyabr 2018-ci il tarixli 2300 nömrəli arayışı) onun səhhətində olan xəstəliklərlə bağlı “Xəstəliklər cədvəli”nin “43b” maddəsinin İİİ qrafasına və ƏTC-yə (AR Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömnəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə əlavə) əsasən “sıradankənar hərbi xidmətə yararlı” hesab edilmişdir. Əlavə olaraq, iddiaçı 23 yanvar 2020-ci il tarixdən 8 fevral 2020-ci il tarixlərdə SQ-nin BKH-da “hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Hər iki gözün hipertonik angiopatiyası. Xroniki boyun və beloma radikulitin kəskinləşməsi. Sağ əng cibinin retension kistası. Sağ əng cibində yad cism. Şəkərli diabet İİ tip, kompensasiya mərhələsində, ikincili hissəvi adentiya” diaqnozlu xəstəliklərlə stasionar müalicədə olmuşdur (SQ BKH-nın 536 nömrəli xəstəlik tarixinin çıxarış epikrizi). İddiaçı 193 saylı Hərbi hissənin əməliyyat şöbəsinin rəisi vəzifəsində xidmət edərkən səhhətində olan problemlərə görə Azərbaycan Respublikası Silahlı X1 “təkliflər, ərizələr və şikayətlər” haqqında V fəslində göstərilən qaydalara uyğun olaraq ehtiyata buraxılması haqqında 17 iyul 2021-ci il tarixdə yuxarı komandanlığa (3-cü Ordu Korpus komandirinə) yazılı raportla müraciət etmişdir. Onun öz arzu ilə ehtiyata buraxılmaq hüququ Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il 377-İQ №li Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsində təsbitini tapmışdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. O, Silahlı Qüvəllərdə 29 ildən artıq xidmət etdiyi üçün öz arzusu ilə ehtiyata buraxılmaq hüququ əldə etmişdir. İddiaçının bu haqda raportu 3-cü Ordu Korpusun kargüzarlığında olan “daxil olan sənədlər” kitabında 17 iyul 2021-ci il tarixli 4408 nömrəsi ilə qeydiyyata alınmış, lakin komandanlıq tərəfindən onun müraciətinə baxılmamış, müraciət nə şifahi, nə də ki, yazılı cavablandırılmamışdır. Bununla da, onun (iddiaçının) Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində göstərilən “müraciət etmək hüququ”m kobud şəkildə pozulmuşdur. Eyni zamanda, komandanlıq müraciətinə cavab verməməklə «Vətəndaşların müraciətləri haqqında» Qanunun 7-ci maddəsinin tələblərinə əməl etməmişdir. Səhhətində olan xəstəliklərin kəskinləşməsi səbəbindən iddiaçı 30 avqust 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixlərdə SQ-nin BKH-da “hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. PT(xx.xx.2020): Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması nəticəsində keçirilmiş QKBT, baş beyin silkələnməsinin ayrı-ayrı dağınıq ocaqlı, nevroloji nişanələr, vegetativ damar distoniyası və postravmatik ensefalopatiya şəklində nəticəsi ilə PT(xx.xx.2020): Keçirilmiş QKBT, baş beyin silkələnməsindən sonrakı astenonevrotik təzahürlər. Hər iki gözün hipertonik angiopatiyası, görmə itiliyi 1,0 olmaqla. Səthi qastrit. Hepatosteatoz. İnsulindən asılı olmayan şəkərli diabet tip 2. İkincili hissəvi adentiya. 13, 15, 16, 23, 25, 26, 46-cı dişlərin olmaması ilə. Sağ əng cibin yad cismi. Sağ əng cibin retension kistası. Üzün yumşaq toxumasında yad cism (metal qəlpələr)” diaqnozlu xəstəliklərlə stasionar müalicədə olmuşdur. Lakin bu dəfə də müalicənin sonunda o, hərbi-həkim komissiyasına təqdim olunmamışdır, buna görə hərbi xidmətə yararlılığının dərəcəsi müəyyən edilməmişdir. Həmin 5937 nömrəli xəstəlik tarixinin çıxarış epikrizində ona 1. Zərərəli vərdişlərdən uzaq olmağı; 2. Dərman müalicəsi, 3. Müvafiq sənədlərlə Hərbi həkim komissiyasına göndərilməsinin məsləhət edildiyi, 4. 7 gün müddətində xidməti vəzifələrdən tam azad edilməsi, 5. Bir ay sonra LOR həkimin təkrar baxışı tövsiyə edilmişdir. İddiaçı hospitaldan müalicədən qayıtdı, xidmət etdiyim hərbi hissəyə, lakin yuxarı komandanlıq tərəfindən ona epikrizdə tövsiyə edilən hərbi həkim komissiyasına göndəriş verilmədi, iddiaçı hərbi həkim komissiyasına təqdim edilməmişdir. Buna görə hərbi xidmətə yararlılığının dərəcəsi qanunamüvafiq qaydalara uyğun olaraq müəyyən edilmədi. Müdafiə Nazirliyi tərəfindən onun ehtiyata buraxılması haqqında müraciətinə baxılmamış, hərbi hospitaldan həkimlər tərəfindən verilmiş sənədlərdə göstərilən tövsiyələrə əməl etməmiş və səhhətində olan xəstəliklər nəzərə alınmadan «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə zidd olaraq 24 sentyabr 2021-ci il tarixli 01437 nömrəli əmrlə N nömrəli hərbi hissənin komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin vəzifəni qəbul edib müəyyən müddət xidmət etsə də, səhhətində olan problemlərə görə təkrar olaraq ehtiyata buraxılması haqqında komandanlığa 13 yanvar 2022-ci il tarixdə müraciət etmiş, bu dəfə müraciətə baxılsa da, ehtiyata buraxılma zamanı Müdafiə Nazirliyi tərəfindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 162-ci və 163-cü maddələrin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Əsasnamənin 163-cü maddəsində “Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər” göstərilmişdir. Əsasnamənin 162-ci maddəsində “Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovniklərlə - bilavasitə rəis, həmçinin korpus (diviziya) komandiri, Silahlı Qüvvələr (qoşun) növlərinin komandanları. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır” göstərilmişdir. Lakin, ehtiyata buraxılması zamanı Müdafiə Nazirliyi tərəfindən qeyd olunan tələblərin heç birinə əməl edilməmişdir. Belə ki, idduaçı 13 yanvar 2022-ci il tarixdə müraciət etdikdən sonra 14 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək 15 gün müddətində növbəti məzuniyyətə buraxılmış (14 yanvar 2022-ci il tarixli 151 nömrəli məzuniyyət bileti), məzuniyyətə buraxılmamışdan əvvəl və məzuniyyətdə olarkən ehtiyata buraxılması ilə əlaqədar onunla heç kim hər hansı fərdi söhbət aparılmamış, ehtiyata buraxılarkən hərbi-həkim komissiyasına təqdim edilməsinə zərurət olması barədə iddiaçıdan heç kim soruşmamış və maraqlanmamış, onun komissiyaya göndərilməməsi barədə hər hansı bir vəsatəti və xahişi olmamışdır. O, ehtiyata buraxıldıqdan sonra hərbi-həkim komissiyasında şəhadətləndirilməsi üçün göndəriş verilməsi barədə xahişlə Müdafiə Nazirliyinə məktubla müraciət etsə də, Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin cavab məktubunda həqiqətdə baş verməyən hallar göstərilmiş, güya 13 yanvar 2022-ci il tarixdə onunla fərdi söhbət aparıldığı, fərdi söhbət zamanı onun hərbihəkim komisisyasına şəhadətləndirilmək üçün göndərilməsinin zəruri olmadığını bildirdiyi göstərilmişdir. Lakin bu hal həqiqəti əks etdirmir. O (iddiaçı), dəfələrlə hərbi hospitalda stasionar müalicədə olmuş, hətta 2018-ci ildə “sıradankənar hərbi xidmətə yararlı” olması haqqında hərbi-həkim komissiyasının qərarı verilmiş, bundan sonrakı dövrdə səhhətində xəstəliklər daha da kəskinləşmişdir. Səhhətində ciddi problemlər olduğu halda ehtiyata buraxılmamışdan əvvəl hərbi-həkim komissiyasından şəhadətləndirilməsinə zərurət olmadığını bildirməsi haqda Müdafiə Nazirliyinin məlumatı heç bir məntiqə sığmır. İddiaçı vaxtında hərbi-həkim komissiyasına göndəriş ala bilsəydi, şəhadətləndirilərdi, onda olan xəstəliklərin kəskinləşməsi səbəbindən hərbi xidmətə yararsız dərəcəli olduğunu düşünür. Məhz bu səbəbdən də, ehtiyata buraxılarkən Müdafiə Nazirliyi tərəfindən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 157-ci maddəsinin “j” (öz arzusu ilə) deyil, V (xəstəliyə görə) görə əmr verilməli olardı. Bu səbəbdən tibbi komissayadan keçirilməsi, yəni şəhadətləndirilməsi zəruri hesab edilir. Lakin Müdafiə Nazirliyinin onun ehtiyata buraxıldığı zaman əsassız və qanunsuz olaraq bu hüququndan (tibbi şəhadətləndirmə) məhrum etməsi səbəbindən Azərbaycan Respublikası Konsitusiyasının 38 və 41-ci maddələrdə təsbit edilmiş “sosial təminat” və “sağlamlığın qorunması” hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçıya qarşı qərəzli yanaşılma nəticəsində onunla eyni statusda olan şəxslərlə onun arasında ayrı-seçkilik ortaya çıxır, hüquqları pozulur və bu hüququnun bərpası üçün səmərəli vasitələrə əlçatımlılılq imkanı da məhdudlaşdırılır. Bütün bu hallar ilk növbədə Konstitusiyamıza ziddir, hüquqi dövlət prinsipinə ziddir, bərabərlik hüququ dövlətin əsas xüsusiyyətlərindən sayılır. Göstərilənlərə əsaslanaraq, cavabdehin “iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında 27 yanvar 2022-ci il tarixli və “708 saylı hərbi hissənin komandiri vəzifəsinə təyin edilməsi haqqında” 01437 nömrəli 24 sentyabr 2021-ci il tarixli əmrlərinin ləğv edilməsi, iddiaçının 24 sentyabr 2021-ci il tarixdən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, yaxud həmin tarixdən ehtiyata buraxılmış sayılmasının təmin edilməsi barədə əmr (inzibati akt) qəbul edilməsi və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü maddəsi ilə nəzərdə tutulmuş hüququ – hərbi-həkim komissiyasında şəhadətləndirilməsi üçün göndəriş verilməsi öhdəliyinin cavabdehin üzəronı qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmrdə dəyişiklik edərək iddiaçının “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndi (xəstəliyə görə) ilə ehtiyata buraxılması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək 27 yanvar 2022-ci il tarixli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı, N nömrəli hərbi hissə komandiri vəzifəsinə təyin edilməyinə dair 24 sentyabr 2021-ci il tarixli əmrin ləğvi, 24 sentyabr 2021-cı il tarixdən ehtiyata buraxılmasına dair əmr verilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edilir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. İddiaçı 13 yanvar 2022-ci il tarixdə 051 nömrəli Hərbi hissə komandirinə rapotla müraciət edərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə müvafiq olaraq (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxan komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı ilə 13 yanvar 2022-ci il tarixdə ehtiyata buraxılması ilə əlaqədar fərdi söhbət aparılmışdır. Fərdi söhbət zamanı hərbi-həkim komissiyasına göndərilməsinin zəruri olduğu bildirilmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadılar idarəsinə daxil olmuş təqdimata əsasən İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə müvafiq olaraq (öz arzusu ilə) Azərbaycan Respublikası Müdafiə nazirinin 27 yanvar 2022-cı il tarixli müvafiq əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əsasnamənin 168-cı maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra, buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilmişdirsə, buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə dəyişikliyə yol verilmir. Odur ki, yuxarıda göstərilənlər nəzərə alınaraq, İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə etdi. O, qeyd etdi ki, söhbət vərəqəsini doldurmamışdır. O, 2022-ci ilin yanvar ayının 14-dən 29-dək məzuniyyətdə olmuşdur, söhbət vərəqəsi yanvar ayının 13-də tərtib olunmuşdur və həmin sənədi o, doldurmamışdır. Raportu yazmışdır. Hansı əsasla tərxis olunmasından asılı olmayaraq onunla söhbət aparılmalı idi və o, həkim komissiyasına göndərilməli idi. Lakin Müdafiə Nazirliyi həmin hərəkətlər aparılmamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Nəsimi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisələndirilən 27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmr cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qəbul edildiyindən, əmr iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habelə buraxılmış iddia müddəti bərpa edildiyindən, eləcə də işin iddianın mümkünlüyünü istisna edən başqa xüsusatı müəyyən edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: İş materiallarından (əmrdən çıxarışdan) görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, 708-ci Mexanikləşdirilmiş briqadanın (708 saylı hərbi hissə) komandiri polkovnik İddiaçı hərbi geyim formasını daşımaq hüququ ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsi Nazirliyə polkovnik İddiaçı barəsində təqdimat vermiş və təqdimatda İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının məqsədəuyğun hesab edilməsi bildirilmişdir. İddiaçı ilə iki dəfə söhbət vərəqəsi tərtib olunmuşdur. Məhkəmənin hazırkı iş üzrə 12 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - 13 yanvar 2022-ci il tarixli birinci “söhbət vərəqəsi”nin “söhbət aparılan şəxsin cavab və mülahizələri” hissəsinin əlyazma ilə olan sətirlərdəki məlumatlar (mətn), o cümlədən 6-cı bəndin cavab hissəsində olan “zəruri deyil” sözləri İddiaçı tərəfindən yazılmışdırmı? - Tarixi qeyd edilməyən ikinci “söhbət vərəqəsi”nin “söhbət aparılan şəxsin cavab və mülahizələri” hissəsinin əlyazma olan sətirlərdəki məlumatlar (mətn) İddiaçı tərəfindən yazılmışdırmı? - 13 yanvar 2022-ci il tarixli birinci və tarix göstərilməyən ikinci “söhbət vərəqələri”ndə İddiaçı ad, soyadının qarşısında olan imza onun tərəfindən imzalanmışdırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Mərkəzin ekspertinin həmin tarixli (ekspertizanın nömrəsi 4/1343) rəyində aşağıdakılar bildirilir: - Ekspertizaya təqdim edilmiş, 13 yanvar 2022-ci il tarixli birinci “söhbət vərəqəsi”nin aşağı hissəsində “polkovnik İddiaçı” qrafasındakı imza və tarixi qeyd edilməyən ikinci “söhbət vərəqəsi”nin aşağı hissəsində “polkovnik İddiaçı” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim edilmiş, 13 yanvar 2022-ci il tarixli birinci “söhbət vərəqəsi”ndə “Söhbət aparılan şəxsin cavab və mülahizələri” hissəsindəki əlyazmalar, həmçinin 6-cı qrafada “HHK-na göndərilməsi” hissəsi qarşısındakı “zəruri deyil” əlyazması və tarixi qeyd edilməyən ikinci “söhbət vərəqəsi”ndə “Söhbət aparılan şəxsin cavab və mülahizələri” hissəsindəki əlyazmalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 41-ci maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (41.0.1) xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); (41.0.2) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; (41.0.3) xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; (41.0.4) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.5) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; (41.0.6) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (41.0.7) Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); (41.0.8) törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; (41.0.9) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; (41.0.10) Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 1-ci maddəsinə görə bu Əsasnamə «Hərbi xidmət haqqında» Qanuna müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə — əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın — hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Qanunun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Həmin Əsasnamənin 164-cü maddəsinə görə həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Göründüyü, mövcud qanunvericiliyin hərbi xidmət keçilməsinin qaydasını müəyyən edən normaları ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsas olan halların dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “öz arzusu ilə ehtiyata buraxılma” zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət keçmə ilə şərtləndirilir. Hazırkı işin hallarına görə İddiaçı hərbi qulluqçu olaraq 10 ildən artıq zahit kimi hərbi xidmət keçdikdən sonra cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə öz arzusu ilə ehtiyata buraxılması barədə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həyata keçirdiyi inzibati icraatda İddiaçı ilə aparılmış söhbətlə bağlı iki dəfə “söhbət vərəqəsi” tərtib olunmuşdur. Məhkəmə icraatında iddiaçı həmin söhbət vərəqələrindəki imzaları və əlyazmaları mübahisələndirsə də, əldə olunmuş ekspertiza rəyi ilə onun söhbət vərəqəsini mübahisələndirmə üzrə dəlili “imza” hissəsində inkar olunmuşdur. Məhkəmə icraatında ekspert rəyi ilə razılaşmamaq üzrə xüsusat müəyyən edilmir. Bununla da, iddiaçının həmin dövrdə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması iradəsinin mövcud olduğu öz təsdiqini tapır. Xüsusilə də nəzərə alınmalıdır ki, iddiaçı hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılması barədə ərizəni imzalamasını və müvafiq qaydada təqdim etməsini mübahisələndirmir. MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apardığı inzibati icraat üzrə 27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmrinin əlverişsiz inzibati akt kimi qəbulunda «İnzibati icraat haqqında» Qanunun 11, 16, 17 və digər müvafiq maddələrinin tələbləri pozulmamışdır. Qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 yanvar 2022-ci il tarixli 0103 nömrəli əmri qanuna zidd sayıla bilməz və onun dəyişdirilməsi üçün əsas mövcud deyil. Odur ki, iddiaçının əmrin dəyişdirilməsi tələbi əsassızdır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-259/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-259/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver