Məhkəmə qərarları › İş №2-1(112)-2591/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2591/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2591/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə paylı mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə paylı mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən evin 5/10 hissəsi 22 yanvar 1974-cü il tarixdə verilmiş 203 saylı kitabın 11399-cu səhifəsində qeyd edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışa əsasən iddiaçının adına qeydiyyatdan keçirilmişdir və ona bu barədə çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən evin 1/10 hissəsi Mİrzəyeva Sürayyə Balamirzə qızının, 4/10 hissəsi X4 mülkiyyətindədir. Həmin evin digər payçıları vəfat etmişdir. İddiaçının həmin şəxslərin vərəsələrinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Lakin iddiaçı xüsusi mülkiyyətində olan evə dair 22 yanvar 1974-cü il tarixdə verilmiş 203 saylı kitabın 11399-cu səhifəsində qeyd edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışının yeni, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsini istəyir. Digər payçılar vəfat etdiyindən, onların vərəsələri olmadığından çıxarışın dəyişdirilməsi və yeni çıxarışın verilməsi ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək imkanları yoxdur. İddiaçı bu barədə ərizə ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh tərəfindən 30 avqust 2021-ci il tarixli **********24 saylı imtina məktubu verilmişdir. Məktubda qeyd olunur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman fərdi yaşayış evinin paylı mülkiyyətdə olduğu, "B" tikilisinin bir hissəsinin ərizəçiyə, bir hissəsinin isə digər payçıya məxsus olduğu müəyyən edilmişdir. Odur ki, göstərilən daşınmaz əmlak vahid konstruktiv yükgötürən divarlara malik olmaqla, tək dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə naturada bölünə bilmədiyindən, qaldırılan məsələnin həllinin mümkün olmamışdır. Məktubda həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edilərək bildirilmişdir ki, əmlakın bölünməsi və payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Lakin məhkəmənin nəzərinə çatdırılır ki, cavabdeh onun müraciətinə mahiyyəti üzrə cavab verməmiş, müraciətini araşdırmadan, formal olaraq guya onun pay bölgüsü və ya payın naturada ayrılmasını istəməyi kimi məsələyə qiymət vermişdir. Lakin iddiaçı cavabdehə ünvanladığı ərizəsində də 22 yanvar 1974-cü il tarixdə verilmiş 203 saylı kitabın 11399-cu səhifəsində qeyd edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışının yeni, DƏDRX tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz edilməsini, ona yeni çıxarışın verilməsini xahiş etmişdir. İddiaçı 22 yanvar 1974-cü il tarixdə verilmiş 203 saylı kitabın 11399-cu səhifəsində qeyd edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışına əsasən mülkiyyət hüquqlarından istədiyi kimi istifadə edə və həmin ünvanda yerləşən evinə dair sərəncam verə bilmir. Bu isə, onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 12.1, 15.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanınınb müddəalarına, eləcə də İPM-in 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, ünvan 1 ünvanında yerləşən evin 5/10 hissəsinin İddiaçı adına 22 yanvar 1974-cü il tarixdə verilmiş 203 saylı kitabın 11399-cu səhifəsində qeyd edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışının yeni reyestrdən çıxarışla əvəzlənərək, iddiaçının adına həmin evin 5/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş 30 noyabr 2021-ci il tarixli məktubunda iddia ilə bağlı məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası etirazla qarşılanır. İddiaçının müvafiq tələblə bağlı 9 iyul 2021-ci il tarixli müraciəti DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı fərdi yaşayış evinin paylı mülkiyyətdə olduğu, “B” tikilisinin bir hissəsinin ərizəçiyə, bir hissəsinin isə digər payçılara məxsus olduğu müəyyən edilmişdir. Odur ki, göstərilən daşınmaz əmlak vahid konstruktiv yükgötürən divarlara malik olmaqla tək dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə naturada bölünə bilinmədiyindən, iddiaçının müraciətində qaldırdığı məsələnin həlli mümkün olmamışdır. İddiaçıya bu barədə 30 avqust 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4, 215.5-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 23-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı Şəhər Sovetinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 22 yanvar 1974-cü il tarixdə verilmiş Bakı Şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışa (kitab 203, səhifə 11399) əsasən Keşlə, Qurban-Sadıx küçəsi, dalan 2 ünvanında yerləşən ev –mülkü: 1) İddiaçı 5/10 pay, 2) X1 1/10 pay, 3) X7 4/10 pay olmaqla məxsusdur. İş materiallarından görünür ki, Bakı Şəhər Sovetinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən Qurban Sadıx küçəsi, dalan 2, ev 2 ünvanındakı evə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport” tərtib edilmişdir (tərtib olunma ili 1974-cü il). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar birbirinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş sənədlər sırasına aşağıdakılar da aiddir: 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001-ci il tarixədək tərtib olunmuş texniki pasport (texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 5.1-ci bəndinə əsasən hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda aşağıdakı məlumatlar göstərilir: (5.1.1) hüququ rəsmiləşdirilən şəxs - arayış verilən hüquq sahibi; (5.1.2) daşınmaz əmlakın adı (növü) - üzərində hüquq qeydiyyata alınan daşınmaz əmlak; (5.1.3) ünvanı (olduğu yer) - hüquq obyektinin ünvanı (olduğu yer); (5.1.4) daşınmaz əmlakın mülkiyyət növü; (5.1.5) daşınmaz əmlak üzərində hüququn növü - daşınmaz əmlak üzərində qeydiyyata alınan hüququn növü; (5.1.6) reyestr nömrəsi - üzərində hüquq qeydiyyata alınan daşınmaz əmlakın reyestr nömrəsi; (5.1.7) hüquq sahibləri bölməsində: hüquq sahibinin adı - daşınmaz əmlakın hüquq sahiblərinin (payçılarının) adları, paylar - hər bir hüquq sahibinin payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi - hər bir payçının daşınmaz əmlak üzərindəki hüququnun qeydiyyat nömrəsi və qeydiyyat tarixi; (5.1.8) “Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində (reyestr kitabının nömrəsi), nömrəli reyestr kitabının (reyestr kitabının səhifəsinin nömrəsi) nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır” yazısı. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, ünvan 2 ünvanında olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir və İddiaçı həmin evdə payı 5/10 təşkil edir. Əvvəlki qeydiyyat orqanı “Bakı Şəhər Sovetinin Texniki İnventarlaşdırma Bürosu” tərəfindən 22 yanvar 1974-cü il tarixdə Həmin əmlak onun və digər payçıların mülki kimi qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış və texniki pasport verilmişdir. İddiaçı ona verilən çıxarışın yenisi ilə, yəni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla əvəz olunması ilə bağlı müvafiq səlahiyyətə malik olan hazırkı cavabdeh DƏDRX 1 saylı Balı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını paylı mülkiyyətdə olan, vahid konstruktiv yükgötürən divarlara malik olmaqla tək dam örtüyündən ibarət həmin tikilinin bölünməsinin mümkün olmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iddiaçının tələbi ona məxsus daşınmaz əmlaka ayrıca ünvan deyil, daşınmaz əmlakın müvafiq hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarış verilməsi barədədir. Mövcud qanunvericilik normaları isə, paylı mülkiyyətdə olan əmlaka hüquqların qeydiyyatı üçün əsas mövcud olduğu halda, hansı ki, hazırkı mübahisə üzrə əvvəlki qeydiyyat orqanının müvafiq çıxarışı mövcuddur, reyestrdə yeni qeydiyyatı digər payçıların müraciətindən asılı saymır və hər bir payçının payının reyestrdə tarixi, ölçüsü və digər xüsusatları nəzərdə tutur. Bu isə son nəticədə belə qənaətə gəlməyə əsas verir ki, paylı mülkiyyətdə olan evin vahid konstruktiv yükgötürən divarlara malik olması, tək dam örtüyündən ibarət olmaqla bölünməsinin mümkünsüzlüyü, habelə digər payçıların və ya onların vərəsələrinin qeydiyyat orqanına iddiaçı ilə birlikdə və ya ayrılıqda müraciət etməməsi həmin daşınmaz əmlakda müvafiq paya malik iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasına maneə ola bilməz, eləcə də belə qeydiyyatdan imtinaya əsas sayıla bilməz. Odur ki, məhkəmə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını formal mülahizələrə əsaslanmış sayır və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirir. Odur ki, iddiaçının tələbi əsaslıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 1 ünvanında yerləşən evin 5/10 hissəsinin İddiaçı adına 22 yanvar 1974-cü il tarixdə verilmiş 203 saylı kitabın 11399-cu səhifəsində qeyd edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışının yeni reyestrdən çıxarışla əvəzlənərək, iddiaçının adına həmin evin 5/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən evin 5/10 hissəsinin İddiaçı adına 22 yanvar 1974-cü il tarixdə verilmiş 203 saylı kitabın 11399-cu səhifəsində qeyd edilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən çıxarışının yeni reyestrdən çıxarışla əvəzlənərək, iddiaçının adına həmin evin 5/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar