Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2593/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı Böyükağa oğlunun iştirakı ilə, İddiaçı Böyükağa oğlunun cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Böyükağa oğlu cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin onun Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması haqqında 16.04.2021-ci il tarixli raportunun təmin olunmamasında ifadə olunan hərəkətinin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi, onun 16.04.2021-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması, iddia ərizəsinin tərtib olunması və hüquqi yardıma görə ödədiyi 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Böyükağa oğlu izahatında bildirdi ki, o, 16.04.2021-ci il tarixdə komanda üzrə raportla müraciət edərək “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Onun raportu N №-li hərbi hissənin kargüzarlığında 16.04.2021-ci il tarixdə 873 nömrə ilə qeydiyyata alınmışdır. Onun raportu təmin edilmiş, raportu bilavasitə rəisi olan şöbə rəisi polkovnik E.Yusubov tərəfindən imzalanaraq instansiya üzrə idarə rəisinə göndərilmiş, idarə rəisi tərəfindən isə imzalanaraq Baş idarə rəisinə (N №-li hərbi hissə komandirinə) göndərilmiş, Baş idarə rəisi tərəfindən isə (N №-li hərbi hissə komandiri) raportunun üzərinə “baxılsın” dərkanarı qoymuşdur. Raportunun üzərinə müvafiq dərkənar qoyulduqdan sonra onunla “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 161-ci maddəsinin tələblərinə uyğun olaraq 2 dəfə söhbətləşmə aparılmış, 163-cü maddəsinin tələblərinə uyğun olaraq o, ehtiyata buraxılmadan əvvəl hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi üçün Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş və 3 aylıq növbəti məzuniyyətə göndərilmişdir. Bundan sonra onun barəsində tərtib edilmiş təqdimat isə instansiya üzrə xidmət etdiyi N №-li hərbi hissədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə göndərilmişdir. Lakin ehtiyata buraxılmaq haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri bu günədək verilməmişdir. Əmrin verilməməsinin (ehtiyata buraxılma haqqında təqdimatın təmin edilməməsinin) səbəbləri barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Lakin o, 3 aylıq növbəti məzuniyyətdə olarkən, təxminən 2021-ci ilin iyun ayının ortalarında N №-li hərbi hissənin kadrlar bölmə rəisi polkovnik-leytenant Fikrət Quliyev ona zəng edərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 125 №-li, 01.06.2016-cı il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş və hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 2 otaqlı xüsusi təyinatlı yaşayış sahəsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verməlidir. Yalnız bundan sonra onun ehtiyata buraxılması barədə müvafiq əmr veriləcəkdir. Polkovnik-leytenant Fikrət Quliyevin dediyinə görə, bu, göstəriş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən daxil olmuşdur. Onun ehtiyata buraxılmasının xidməti mənzili təhvil verməsi ilə şərtləndirilməsi qanunsuz və əsassızdır. O, 16.04.2021-ci il tarixli raportuna əsasən ehtiyata buraxılması üçün etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə 12.08.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə və N №-li hərbi hissə komandirinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi tərəfindən cavablandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi onun müraciətini 24.08.2021-ci il tarixli məktubla baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə göndərmişdir. Onun digər müraciət etdiyi qurumlar isə müraciətini bu günə qədər cavablandırmamışdır. Onun ehtiyata buraxılması haqqında raportunun təmin edilməməsi və hazırda onun ailəsi ilə (həyat yoldaşı və 2 azyaşlı uşaqla) birlikdə yaşadığı yaşayış sahəsinin təhvil verilməsinin tələb olunması qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 tərəfindən Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənova, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Şəxsi Heyət Baş İdarəsinin rəisinə, N №-li hərbi hissə komandirinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsinə ünvanlanmış şikayət ərizəsinin surətindən görünür ki, N №-li hərbi hissənin zabiti polkovnik-leytenant İddiaçı Böyükağa oğlunun 16.04.2021-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən 27.12.2021-ci il tarixli 11/6100 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin komandiri tərəfindən Hüquq İdarəsinin rəisinə ünvanlanmış 27.10.2021-ci il tarixli, 15/2875 saylı məktubda qeyd olunur: Bakı İnzibati Məhkəməsindən daxil olmuş 2-1(112)-10604/2021 nömrəli 21.09.2021-ci il tarixli sorğuya münasibət olaraq bildirmək istəyirəm ki, polkovnik-leytenant İddiaçı Böyükağa oğlu 16.04.2021-ci il tarixli 873 nömrəli raportla komandanlığa müraciət edərək «Hərbi Xidmətkeçmə Haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Raporta dərkənar qoyulduqdan sonra İddiaçı ilə 1-ci və 2-ci söhbətləşmələr aparılmış, daha sonra hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi məqsədi ilə şəhadətləndirilməsi üçün Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. İddiaçı şəhadətləndirildikdən sonra ehtiyata buraxılan hərbi qulluqçular üçün nəzərdə tutulmuş əlavə 45 günlük məzuniyyətə buraxılmışdır. Ehtiyata buraxılması ilə bağlı müvafiq qərarın qəbul edilməsi məqsədi ilə bütün toplanılmış sənədlər təqdimat ilə birlikdə 20.05.2021-ci il tarixdə müvafiq (məxfi) məktubla Şəxsi Heyət Baş idarəsinə göndərilmişdir. Təqdimat müvafiq sənədlərlə birgə 23.07.2021-ci il tarixdə müvafiq (məxfi) məktubla icra olunmadan N nömrəli hərbi hissəyə qaytarılmışdır. İş materiallarında olan 16.04.2021-ci il tarixli, 873 nömrə ilə qeydiyyatdan keçmiş raportun surətindən görünür ki, polkovnik-leytenant İddiaçı Böyükağa oğlu N nömrəli hərbi hissənin 3-cü idarəsinin 2-ci şöbəsinin rəisinə raportla müəraciət edərək, «Hərbi Xidmətkeçmə Haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, İddiaçı Böyükağa oğlunun raportu əsasında N nömrəli hərbi hissənin 3-cü idarəsinin 2-ci şöbəsinin rəisi N nömrəli hərbi hissənin 3-cü idarəsinin rəisinin, N nömrəli hərbi hissənin 3-cü idarəsinin rəisi isə N nömrəli hərbi hissənin komandirinin qarşısında vəsatət qaldırmışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin: 120-ci bəndinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına - müddətli həqiqi hərbi xidmət ərzində - bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına - hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara - hər təqvim ili üçün 35 gün; q) zabitlərə - hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. 156-cı bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. 160-cı bəndinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, ali zabit heyəti - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları vaxtından əvvəl (bu Əsasnamənin 15-ci maddəsi) səhhətlərinə görə - hərbi hissə komandiri, ona bərabər və ondan yuxarı olanlar tərəfindən, ailə vəziyyətlərinə görə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən; müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən; gizirlər və miçmanlar - Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən; zabitlər (ali rütbəli zabitlərdən başqa) - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. 163-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 8-ci abzasına əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun: 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Böyükağa oğlu 16.04.2021-ci il tarixdə N nömrəli hərbi hissənin 3-cü idarəsinin 2-ci şöbəsinin rəisinə raportla müəraciət edərək, «Hərbi Xidmətkeçmə Haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən, öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, İddiaçı Böyükağa oğlunun raportu əsasında N nömrəli hərbi hissənin 3-cü idarəsinin 2-ci şöbəsinin rəisi N nömrəli hərbi hissənin 3-cü idarəsinin rəisinin, N nömrəli hərbi hissənin 3-cü idarəsinin rəisi isə N nömrəli hərbi hissənin komandirinin qarşısında vəsatət qaldırmışdır. Bundan sonra iddiaçı ilə 1-ci və 2-ci söhbətləşmələr aparılmış, daha sonra hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi məqsədi ilə şəhadətləndirilməsi üçün Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmiş, iddiaçı şəhadətləndirildikdən sonra ehtiyata buraxılan hərbi qulluqçular üçün nəzərdə tutulmuş əlavə 45 günlük məzuniyyətə buraxılmışdır. Lakin buna baxmayaraq, iddiaçının ehtiyata buraxılması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Göründüyü kimi, iddiaçının öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə raportu əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır və bununla əlaqədar olaraq «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə əsasən onunla 2 dəfə fərdi söhbət aparılmış, o, hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi məqsədi ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və bundan sonra ehtiyata buraxılan hərbi qulluqçular üçün nəzərdə tutulmuş əlavə 45 günlük məzuniyyətə buraxılmışdır. Lakin iddiaçının ehtiyata buraxılması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir və cavabdeh inzibati orqan bunun səbəbləri barədə məhkəməyə məlumat və ya müvafiq sənədləri təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin «iddia ərizəsinin tərtib olunması və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzi isə hüquqi yardıma görə çəkilmiş xərci təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətsizliyi qanunsuz hesab edilsin və 16.04.2021-ci il tarixli raportuna əsasən İddiaçı Böyükağa oğlunun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2593/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2593/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver