Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2594/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 119a – 120 a saylı 1000 kv.m sahədən ibarət olan bağ sahəsi üzərində torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci il tarixli 20/396 saylı Bakı şəhər X8 İcraiyyə Komitəsinin qərarına əsasən bağçılıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. xx.xx.1988-ci il tarixli akta əsasən ayrılmış torpaq sahəsinin cizgisi hazırlanmış və təsdiq edilmişdir. xx.xx.1989-cu il tarixli, 9 saylı qərarına əsasən “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı qeydiyyata alınmışdır. xx.xx.1997-ci il tarixli, 7 saylı protokoldan çıxarışa əsasən X7 üzvlüyə qəbul ediolərək 119a-120 a saylı kitabça verilmişdir. Ayrılmış torpaq sahəsinin sxemi, üzlərinin siyahısından çıxarışı və torpaq sahəsinin təsdiq edilmiş yerləşmə sxemi verilmişdir. Yuxarıda qeyd olunan sənədlərə və xx.xx.1997-ci il tarixli, 7 saylı protokoldan çıxarışa əsasən İddiaçı ayrılmış torpaq sahəsinə dair hüquqların qeydiyyata alınmasını və buna dair çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 05 iyul 2024-cü il tarixli məktubla imitna edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixli, **********06 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı və bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kəanrda, Abşeron rayon inzibati ərazi sərhədləri daxilində yerləşir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətindən təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-C-0155/02-8/2024 **********06 nömrəli imtina edilmişdir.
9. İş materiallarına Bakı şəhər X8 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 nömrəli qərarı, xx.xx.1988-ci il tarixli cizgi-çertoj, Əzizbəyov Rayon X8 İcraiyyə Komitəsinin “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının qeydiyyata alınması barədə xx.xx.1989-cu il tarixli, 9 saylı qərarı əlavə edilmişdir.
10. Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 07 saylı, 13 noyabr 1997-ci il tarixli protokolundan çıxarışa əsasən “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatının, texniki saxlanılan təsərrüfat anbarına ehtiyacı olmadığı üçün ayrılmış sahəni hər biri 500 kv.m olmaqla sahələrə ayırıb təsərrüfata üzv olmaq məqsədi ilə ərizə vermiş təhsil işçilərinə verilmiş, “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə daxil olmaq məqsədi ilə İdarə Heyətinə ərizə ilə müraciət etmiş, 281 saylı məktəin müəllimi, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli A/B yaşayış sahəsi, ev 117 B, mənzil 4-də yaşayan İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatına üzvlüyə qəbul olunmuş, İddiaçı “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatından 1000 kv.m bağçılıq sahəsi ayrılmışdır. Torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-44436/2024 **********36 nömrəli məktubla “Müəllim” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-32/2-9623/2025 nömrəli məktubla bildirilmişdir ki, müayinə olunan torapq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə 0.02 ha hissəsi Bakı şəhərinə verilmiş torpaq sahəsinin hüdudları daxilində, 0.0815 ha torpaq sahəsi isə Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı olmaqla keçmiş X6 hüdudları daxilində yerləşir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-50991/2025 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.1 ha olsa da, faktiki olaraq hasardaxili 0.1015 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Bağ sahəsinin nömrəsi bağçılıq-yoldaşlığın bölgü sxemində əks olunmayıb. Həmçinin, bağ sahəsi bağçılıq-yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyatı barədə bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə sahənin böyük hissəsi Abşeron rayon İnzibati Ərazi Vahidinin hüdudları daxilində yerləşir. İdarənin arxivində mövcud olan “Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı və bağçılıq-yoldaşlığın bölgü sxemi aşkar edilməmişdir.
14. Məhkəmənin sorğusuna əsasən avabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-55810/2025 nömrəli məktubla vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən bağ sahəsinin qonşuluğunda yerləşən **********20 (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Müəllim” b/y-nin 1-2 saylı bağ sahəsi), **********59 (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Müəllim” b/y-nin 03 saylı bağ sahəsi) və **********59 (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Müəllim” b/y-nin 04 saylı bağ sahəsi) reyestr nömrəli daşınmaz əmlakların dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin təsdiq edilmiş surətini və ortofoto görüntüsü təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. İşin hallarından göründüyü kimi, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən “Müəllim” bağçılıq təsərrüfatı üçün torapq saəsi ayrılmışdır. xx.xx.1988-ci il tarixli akta əsasən ayrılmış torpaq sahəsinin cizgisi hazırlanmış və təsdiq edilmişdir. Əzizbəyov Rayon X8 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 9 saylı qərara əsasən “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı qeydiyyata alınmışdır. Sözügedən bağçılıq yoldaşlıq təsərrüfatından xx.xx.1997-ci il tarixli protokoldan çıxarış əsasında bağçılığın nəzdində 1000 kv.m bağ sahəsi ayrılmışdır. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən İdarənin arxivində mövcud olan “Müəllim” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı və bağçılıq-yoldaşlığın bölgü sxeminin aşkar edilməməsinə, elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kəanrda, Abşeron rayon inzibati ərazi sərhədləri daxilində yerləşməsinə istinad edilməklə imtina edilmişdir.
25. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İlk öncə cavabdeh tərəfindən iddiaçının adının Müəllim” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında aşkar edilmədiyinə istinad edilsə də, iş materiallarında olan sənədlərdən göründüyü kimi, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Azərbaycan Təhsil İşçiləri X10 Suraxanı rayon Komitəsi nəzdində “Müəllim” bağçılıq təsərrüfatı üzvlərinin ümumi yığıncağının 07 saylı, 13 noyabr 1997-ci il tarixli protokolundan çıxarışı mövcuddur ki, sözügedən hüquqmüəyyənedici sənəd hazırki Qərarın 23-cü bəndində sadalanan qanunvericiliyin normalarına əsasən bağçılıq təsərrüfatı üzvlərinin siyahısında adın olub-olmamasından asılı olmayaraq daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması üçün əsasdır. - Məhkəmə cavabdehin digər dəlillərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri “Müəllim” bağçılıq yoldaşlıq təsərrüfatı üzvləri olan fiziki şəxslərin adına ayrılmışdır və həmin torpaq sahələri sözügedən şəxlərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da, cavabdeh tərəfindən eyni mühim faktiki və hüquqi hallara söykənən işlər üzrə iddiaçıya münasibətdə fərqli hüquqi mövqe sərgilənməsi (torpaq sahəsinin dövlət mülkiyyətində olmasının iddia edilməsi) əsas konstitusion hüquqlardan olan bərabərlik hüququnun və ona əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. O cümlədən, gazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.
26. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.
27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, X1 torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
30. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən sahəsi 1000 kv.m olan, 119a – 120 a saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva